Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı məşhur yazıçı Artur Konan Doylun anım günü ilə əlaqədar “Dünya şöhrətli yazıçı” adlı virtual sərgi hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, virtual sərgi kitabxananın sosial hesablarında oxuculara təqdim olunub.
Qeyd edək ki, detektiv ədəbiyyatı janrının ən parlaq nümayəndələrindən biri və Şerlok Holms, professor Çellincer kimi maraqlı obrazların müəllifi olan dünya şöhrətli yazıçı Artur Konan Doyl 1859-cu ildə Böyük Britaniyada anadan olub.
Yazıçıya uğur gətirən ilk hekayəsi 1887-ci ildə “Beeton’s Christmas Annual” jurnalında çap olunan “Qırmızı Fayl” adlı hekayədir. 1891-ci ildən yeni nəşrə başlayan “Strend” dərgisi onun Şerlok Holmsın macəralarını hissə-hissə çap etməyə başladı. Konan Doylun universitet müəllimi Jozef Bellin simasında qələmə aldığı ağıllı, bacarıqlı və qəzəbli şəxsi detektiv oxucuya viktorian dövrünün məftunluq əzəmətini yaşatdı. O, Holmsdan bəhs edən 24 əhvalat yazdı, nəhayət, ondan bezən yazıçı “Şerlok Holmsın son işi” (1893) hekayəsində qəhrəmanını öldürdü.
Artur Konan Doyl 1930-cu il iyulun 7-də infarktdan dünyasını dəyişib.
Mənbə: https://azertag.az/