Qoy bu şeir də təbiəti qorumaq,
onun nazını çəkmək istəyən bütün dünya insanlarının
“ÇAĞIRIŞ MARŞI” olsun

Həzindən həzindi, kövrəkdən kövrək,
Qışında qar istə, yazında çiçək,
Adi böcəyin də nazını çəkək,
Hər şeydən baş sayaq bu ülfəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Yeraltı, yerüstü varı bizimki,
Min cürə bəhrəsi, barı bizimki,
Alması, heyvası, narı bizimki,
Daha da bol edək bu sərvəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Ürəyin atəşi, közüdü elə,
İnsanın zehnidi, gözüdü elə,
Təbiət cənnətin özüdü elə,
Yaradaq, yaşadaq bu cənnəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Qayğı var, yerinə can verəndi o,
Arzuya, murada yetirəndi o,
Daşda da gül-çiçək bitirəndi o,
Ondan pay almışıq məhəbbəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Hər yarpaq bir udum nəfəsdi bizə,
Hər budaq ilhamdı, həvəsdi bizə,
Ağacsız bu dünya qəfəsdi bizə, –
Car çəkək dünyaya həqiqəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Hərəyə bir ağac əkək, sevinək,
Sonra qayğısını çəkək, sevinək,
Gülsün üzümüzə çiçək, sevinək,
Qəlblərə köçürək hərarəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Bu gündən sabaha inam daşıyar,
Su çıxar, sevgiylə, inan daşı yar.
İnsan gözəlliklə gözəl yaşayar,
Dildə şüar edək bu hikməti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Yüksəliş yoludur yolu Türkümün,
Bizlərik qanadı, qolu Türkümün,
Bizə əmanəti Ulu Türkümün,
Vətəndir – hifz edək əmanəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Dərin hörmət və sayğılarla,
Rafiq ODAY,
şair, publisist, Respublikanın Əməkdar jurnalisti