Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Adəti üzrə məktəbdən çıxan kimi dayanacağa tərəf tələsdi. Yenə də fikirli idi. Çatılmış qaşlarının tən ortasındakı düyün üzünə çox ciddi bir görkəm verirdi. Kənardan baxanlar bu qızın çiynində ağır bir dərd yükü daşıdığını asanlıqla hiss edirdilər. Arxasınca qarabaqara gəzən Rəvan da onun çəkdiyi bu ağrı-acıdan çoxdan xəbərdar idi. Qonşu idilər Nərgizlə. Qibtə ediləsi ziyalı bir ailənin övladı olsa da, qonşu qızın həyatı, taleyi Rəvanı çox üzürdü. Bacarsa idi, Nərgizə yaxından kömək edər, onu uşaqlıq illərindən bəri içindən yeyən sıxıntılardan qurtarardı. Amma necə? Qıza yaxınlaşmağa belə cürəti çatmırdı. Qəribəsi də bu idi ki, məhəllədə müəyyən bayram günləri ilə əlaqədar keçirilən şənliklərdə Nərgizlə olub-keçənlərdən danışır, amma kənarda ona yaxınlaşmağa çürət etmirdi. Nə desin, nəyi bəhanə edib yaxınlaşsın? “Nərgiz, olar sizi məktəbdən evə qədər ötürüm? Ya da bu gün hava yaxşıdır, mən də institutdan tez çıxacağam. Bəlkə, dərsdən sonra bir az gəzək? Nərgiz, səndə maraqlı kitablar var? Məndə də kitablar çoxdur. Bəlkə, dəyişib növbə ilə oxuyaq, dünyada baş verənləri müzakirə edək?” Bütün bu suallarla hər gün özünü yorsa da, sonda yenə susur, təsəllisi qızı kənardan izləmək olurdu. Evdəkilər də onun hərəkətlərindəki dəyişikliyi hiss etmişdilər. Anası Məqbulə gülə-gülə dedi: – Bax hələ, dəridən qabıqdan çıxdı bu uşaq. Gör pəncərədən necə pusur?. Sərdar kişi açıq söz-söhbətləri sevmədiyi üçün onun sözlərini ciddi qarşılayıb təmkinlə cavab verdi:
– Burada pis heç nə görmürəm. Evlənən vaxtıdır: seçimini özü etsin. Nərgiz də yaxşı qızdır, gözümüzün qabağında böyüyüb zavallı. Mən Yaqubla danışaram, görüm bu işə necə baxır?
Rəvanın gözləri qarşı binanın pəncərəsindən çəkilmirdi. Duyurdu ki, Nərgiz də onun baxışlarındakı mənanı anlayır, amma nədənsə çox etinasızdır və bu etinasızlıq qorxudurdu onu. Ailədəki ciddi problemlərin Nərgizi kədər libasına bürüdüyünü də yaxşı bilirdi. Buna görə də etinasızlığı təbii sayır, nə vaxtsa onun qəlbinə yol tapacağına inanırdı.
Nərgiz həmişəki kimi dərslərini hazırlayandan sonra mətbəxə keçdi. Bulaşıq qab-qacaq onu gözləyirdi. Atası hələ gəlməmişdi, kiçik qardaşı və bacısı isə dərslə məşğul idilər. Anaları bu evi tərk edib getdiyi gündən ev işlərinin bütün ağırlığı Nərgizin üzərində idi. O, ev işləri ilə bərabər ailədəki ağrı-acınının da bütün yükünü çiyninə almış, uşaqların üzülməsini istəməmişdi. Atası hər gün səhər evdən gedir, axşam qayıdırdı. Zeynəb evi tərk edib gedən gündən bəri Yaqub uşaqlarını korluq çəkməyə qoymasa da, onlara mənəvi dayaq ola bilmirdi. Onun fikrinə görə, əgər evdə soyuducu ağzına qədər dolu idisə, demək, hər şey qaydasında idi. Üst-başından gələn zərif qadın ətirlərinin qoxusu, köynəyindəki rəngli dodaq boyalarının izi Yaqubun yaxşı “həyat” sürməsindən xəbər verirdi. Nərgiz əvvəllər bunu qəbul edə bilmir, otağına çəkilib saatlarla ağlayırdı.Amma zaman keçdikcə hər şey dəyişdi, yaşından tez böyüdü, tez aqilləşdi: övladlarını ögey ana əlinə verməyən atası ilə təsəlli tapdı Nərgiz. O, yaxşı bilirdi ki, anası qayıtmayacaq və qayıtsa belə, yenidən ailənin bir üzvü kimi qəbul edilməyəcək. Anasının ailəni niyə tərk etiyini, hara getdiyini atasından soruşmağa cəsarəti çatmırdı. Qonşu qadınların dedi-qodularına, anasının yad bir kişiyə qoşularaq evi tərk etməsinə inana bilmirdi. Hamı kimi o da anasını sevirdi, gözəl siması gözlərinin önündən bir an da olsa, çəkilmirdi. Gecələr əllərini ana kimi bacı-qardaşının saçlarına çəkərək qayğı göstərirdi, amma özünün sığal görməyən saçları da bu qayğıya möhtac idi. O başa düşürdü ki, gec-tez dünyasını dəyişən anaların yoxluğunu qəbul etmək çox çətindir, amma evini, uşaqlarını atıb-gedən ananın hərəkətini həzm etmək mümkün deyil. Məktəbdə ana haqqında şeirlər söylənəndə, inşa yazılanda baxışlarını gizlətməyə yer tapmır, xəcalət çəkir, anasının bağışlanmaz günahının əzabını yaşayır, hər gün ölüb-dirilirdi Nərgiz.
Uşaqlıqdan bəri çəkdiyi acılar beynində yükə çevrilirdi. Bəzən bu yük neçə dəqiqə davam edən güclü baş ağrılarına səbəb olur, əlləri ilə başını tutur, bu ağrıların keçib getməyini gözləyirdi. Şiddətli ağrılar keçəndən sonra dərindən nəfəs alırdı. Əvvəllər bu ağrlar beş-on dəqiqə davam edirdisə, getdikcə dəqiqələrin sayı çoxalır, onu daha kəskin ağrılar narahat edirdi. Amma Nərgiz nə vaxtsa anası ilə qovuşacağı günü gözləyir, bu ağrıların da keçib gedəcəyinə inanırdı.
-Salam Nərgiz, – nəhayət, Rəvan anası ilə söhbətdən sonra özündə güc tapıb ona yaxınlaşdı. Nərgiz dönüb baxsa da, üzündəki ifadə dəyişmədi. Dilucu salamı aldı. – Dediklərim əhvalını , bəlkə də, dəyişməyəcək. Amma istəyirəm, biləsən ki…
- Nə? Nəyi bilim? Məndən xoşun gəldiyini? Mənimlə əylənmək istədiyini? Mən heç kəsi bu fürsətdən istifadə etməyə qoymaram. Başa düşürsən? İmkan vermərəm. Axı anamın həyatının mənim həyatımla nə əlaqəsi? Ölüb! Ölüb o insan. Yoxdur. Bunu birdəfəlik anlayın, – Nərgiz özündən ixtiyarsız çığırdı. Rəvan söz tapa bilmədi, amma eşitdikləri ona cəsarət verdi:
- Sən nə danışırsan? Bu nə söhbətdi? Gözləməzdim səndən.
- Bu söhbətləri tələbə dostlarınla edərsən. Dərsə geçikirəm, – deyib Nərgiz yoluna davam etdi. Elə bu vaxt Rəvanın arxadan dediyi sözlər qulağında cingildədi:
- Anamla atam axşam sizə gələcəklər.
Axşam qapını döyən qonaqları Nərgiz hörmətlə qarşıladı. Bir azdan Yaqub da gəldi. Xeyli söhbətdən sonra qonşular mehribanlıqla sağollaşdılar. İndi Nərgiz atasının ona nə deyəcəyini gözləyirdi. Atası məsələni açarkən Nərgiz çəkinmədən dedi: - Axı mən indi o halda deyiləm, ata. Həm də məktəbi bitirməmişəm. Bir az vaxt ver mənə, düşünməliyəm.
- Bu, təbiidir. Sən gec-tez ailə qurmalısan. Rəvan yaxşı oğlandır. Əminəm ki, sənin qayğına qalacaq,- deyib Yaqub yazıq görkəm aldı, nə qədər sevinsə də, gözlərindəki kədəri gizlədə bilmədi.
-Yaxşı, bir söz demirəm. Amma, o gəlsin, sonra… – Nərgiz sözünü bitirmədən ağladı. - O gəlməyəcək. Gəlsə də, mən qəbul etməyəcəyəm. Bu qədər. Gecən xeyrə qalsın.
Nərgiz bilirdi ki, anası gəlməyəcək. Amma nədənsə onun geriyə – ailəyə dönəcəyi günü gözləyirdi. Otağına keçib pəncərəni açdı. Gözləri yenə də Rəvanın baxışları ilə toqquşdu. Dərhal pəncərəni bağlayıb pərdəni çəkdi və növbəti şiddətli ağrı ilə baş-başa qaldı. “Yox, belə olmaz. Atama ağrılarım barədə nə isə deməliyəm. Niyə? Axı niyə deyim? Bilsə, dərhal məni həkimə aparacaq. Mən isə istəmirəm, istəmirəm. Yaşamaq istəmirəm”,- pıçıldayaraq üzü üstə yatağa uzanıb ağladı. Son zəng tədbiri bitəndən bir neçə gün sonra Nərgizə nişan taxıldı. Qara buludlar bu nişan şamlarının şölələri ilə birgə ailənin başı üzərindən uzaqlaşdı. Qonşular ehtiramla hal-əhval tutdular, əvvəlki günlər tamamilə unuduldu. Qohumların da ayağı yenidən tanış evin kandarına dəydi. Toya hazırlaq gedir, ailə məsələləri müzakirə olunurdu. Nərgiz bu bir neçə gündə dəyişmiş, elə bil böyümüş, daha da gözəllşmişdi. Övladlarının acısını çəkən, hər gecə onların gələcək həyatı barədə narahat olub düşünən Yaqubun da qırışları açılmışdı. Rəvan tez-tez Nərgizlə birgə gəzintiyə çıxır, hər ikisi xoş anlar yaşayırdı. Rəvan onu ömrü boyu sevəcəyinə, anasız keçirdiyi o acı günləri unutduracağına söz vermişdi. Nərgizin ağrıları artanda isə Rəvan bunun yaxşı bir əlamət olmadığını duydu, qızın tez-tez özündən getməsini evdəkilərə danışdı. Söz-söhbət Yaquba da çatdı.
Nərgiz ciddi həkim nəzarəti altınla saxlanılmalı, müalicə olunmalı idi. Lakin bir səhər həkimin qoyduğu diaqnoz ailənin bütün xoşbəxtliyinə son qoydu. Sərdar həkim kövrələrək: – Vəziyyəti çox ağırdır, xəstənin ürəyinə xal salmayın. Qoy son günlərini xoşbəxt yaşasın barı, – dedi. Nərgizdən başqa hər kəs bu ağır xəstəliyin adını bilirdi. Rəvan özündən çox bu bəxtsiz sevgilisinə ağlayır, yanından bir an belə çəkilmir, onu ümidləndirirdi. Nərgiz isə nə danışır, nə də deyilən sözlərə reaksiya verirdi. Ancaq bir nöqtəyə baxb durur, onu dərdə salan insanı arzulayırdı. O bu arzu ilə də Rəvanın qolları arasında həyatını bitirdi. Toya hazırlaşan bütün qohumlar dəfndə iştirak etdi. Nərgizi gül-çiçək dəstələri ilə torpağın qoynuna gəlin köçürdülər. Rəvan uzun müddət özünə qapandı. Sevdiyi insanın yoxluğunu qəbul edə bilmədi. Onun istəyi ilə Nərgizin qara mərmərdən olan baş daşına “Nişanlı məzar. Nişanlısı Rəvandan əbədi xatirə” sözləri həkk edildi. O, tez-tez gəlib məzarı ziyarət edir, göz yaşı axıdaraq təskinlik tapırdı. Doğmaları gələndə elə bil mərmərdən boylanan şəkil də gülümsəyirdi.