Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru
Özün tapa bilərsən bəxt adlı şirin payı, Zəhmətin külüng çalsa, sal daşın sərt üstünə. Həsrətlər bitən yerdə duyğular dilə gələr, Könüllər gül bitirər ovqatın pərt üstünə. Durnalar qayıdanda salama lələk salar, Saralan yarpaqları budaqdan külək salar. Can qürbətdə can versə, niyyəti dilək salar Ruhu uçub gətirər, son anda yurd üstünə. Qönçələnən güllərdi sənətkarın tər sözü, Gözlərinlə oxşa, öp, şeh üstündə dər sözü. Misraları qan süzər, od ələyər hər sözü, Şair yazsa sözünü qəzəbin dərd üstünə. Həsrətində ütülüb, arzusunda bitməyən, Ocaq olar içində dodaqlarda ötməyən; Yeri əli tutmayan, göyə ünü yetməyən, Ümidini götürüb üz tutar mərd üstünə. Savaş açdı ruhumuz, çıxdı can qorxusundan, Yatağanı dil çaldı türkün qan qoxusundan. Qalxdı qaraçuxamız illərin yuxusundan; Axır ki, taleyimiz uladı qurd üstünə. Bu dünyanın üzündə xeyirlər var, şərlər var… Qaranlığı, işığı dolandıran pərlər var. Talelər oyununda qoşalanmış zərlər var, Hərənin öz məramı atılar nərd üstünə. Zirvədə məkan tutub Xələfli heyrət gəzər, Cılızlar yetə bilməz, qalxmağa qeyrət gəzər; Qarğa-quzğun cəm olub didməyə fürsət gəzər, Qorxusu yox qartalın, gəlsələr fərd üstünə. 07.09.2010