Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru
Xələfli səni görür
Əsəd Cahangirin 55 yaşına məktub
Cahangirlik eşqinə düşən Əsəd Cahangir,
Bilirsənmi bu yolun küləklərdən keçəcək?
Özünü üyüdəcək bu dünya dəyirmanı,
Sözün də zaman-zaman ələklərdən keçəcək.
Uluların adına bağlanan qoca sözün,
Siqlətində, yükündə yaraşar taca sözün,
Qəlbinin atəşindən od alan uca sözün
Sürünən cılızlardan, böcəklərdən keçəcək.
Sən “Nəhcül-Bəlağə”sən , soraqdı Əsəd adın,
İnadın, inamınla cahangirlik bünyadın.
İlahi güc eşqindən xəbər verən soyadın
Bükülməyən dizlərdən, biləklərdən keçəcək.
Yaşayarsan hikmətin Sədilik “Büstan”ında,
Ölməz sözün, sənətin əbədi dastanında;
Bitəcək hər bir sözün vətən gülüstanında,
Çöllərdən, çəmənlərdən, çiçəklərdən keçəcək.
Zamanın nəbzi vurur sözünün ahəngində,
Ziddiyyətlər, təzadlar hərəsi öz rəngində,
Xeyirlərin, şərlərin qanlı savaş cəngində,
Sənin adın, ünvanın diləklərdən keçəcək.
Əlli beş il avansdı ömüründə, yaşında,
Vətənin öz ruhusan, torpağında, daşında.
Sənətin yaşayacaq tarixin yaddaşında,
Fikirdən, düşüncədən, ürəklərdən keçəcək.
Xələfli səni görür səma kitablarında,
Avesta, Dədə-Qorqud, Tövrat, İncil, Quranda.
Allahın hüzuruna yetişərsən son anda,
Yol üstə imtahanın mələklərdən keçəcək.
09.09.2021