OZAN OLDUM, OZANLARA QARIŞDIM

Tale məni bir söz üstə köklədi,

Ozan oldum, ozanlara qarışdım.

Bir çiçəyi vaxtsız solan görəndə,

Xəzəl oldum, xəzanlara qarışdım.

Yaxınıma buraxmadım qərəzi,

Qərəz qəlbin xəstəliyi, mərəzi.

İçərimdə qurdum mizan-tərəzi,

Qurğulara, mizanlara qarışdım.

Aylar gəldi, illər keçdi aradan,

Ağ üstünə xəttim düşdü qaradan.

Bir qələm də mənə verdi Yaradan,

Yazı yazdım, yazanlara qarışdım.

Bir kök üstə şaxələndim, min oldum,

Bir sünbülün taleyində dən oldum.

İnsaf oldum, iman oldum, din oldum,

Dualara, əzanlara qarışdım.

YATIR

Gecə keçmiş gecədən, büsbütün şəhər yatır,

Şəhərin qucağında xeyir yatır, şər yatır.

Yatmasa dincələrmi insan oğlu həyatda?

Sığınıb qaranlığa bu boyda şəhər yatır.

Xoşbəxtin gözlərində xoş duyğular uyuyur,

Bədbəxtin gözlərində qəm yatır, kədər yatır.

Dünya hazırlıq görür sabaha qovuşmağa,

Səsi səhər çıxacaq nə qədər xəbər yatır.