Azərbaycan Respublikasının əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğlu bu dəfə oxucuların görüşünə yeni janrlı bir əsərlə gəlmişdir. Qələmini ədəbiyyatın müxtəlif ədəbi növlərində sınayan və həmişə uğur qazanan Rafiq Yusifoğlunun yeni kitabı “Xiffət” adlanır. Bu əsər şairin ilk romanıdır.
İlin əvvəlində oxucuların görüşünə qələbəmizin poetik salnaməsi sayılan sanballı “Zəfər dastanı” şeirlər kitabı ilə gələn Rafiq Yusifoğlunun ilk romanının da əsas mövzusu Qarabağ hadisələridir. Müəllif bir ailənin taleyi timsalında müharibənin insan həyatına vurduğu silinməz izlərdən söhbət açır. Əsərin mərkəzində qoyulan əsas hadisə həyatdan qaynaqlansa da, müəllif onu öz sənətkar təxəyyülü ilə daha da zənginləşdirmiş, ümumiləşdirmiş, çətinliklərdən, ağrılardan, əzablardan keçən zəfər yolumuzun dolğun mənzərəsini ustalıqla yarada bilmişdir.
Müəllifin şairliyi və alimliyi romanın strukturuna, üslubuna əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Belə ki, əsərdə tarixi faktlardan, görkəmli şair və yazıçıların, filosofların, siyasət adamlarının fikir və mülahizələrindən yeri gəldikcə istifadə olunmuşdur. Bu, hadisələrin mahiyyətini daha dərindən anlamağa, onun tarixi köklərini açmağa, bu günün hadisələrinin məhz haradan qaynaqlandığını göstərməyə yardımçı olmuşdur. Müəllifin hadisələri, tarixi faktları poetik dillə mənalandırma ustalığı əsərin məziyyətlərini qat-qat artıran bir vasitəyə çevrilmişdir.
“Xiffət” romanını oxuyanda Qarabağ hadislərinin başlanğıcından, Xocalı faciəsindən, torpaqlarımızın işğalından tutmuş müqəddəs yurd yerlərimizin
müzəffər Azərbaycan ordusu tərəfindən azad etməsinə, zəfər günümüzə qədər olan hadisələrin mənzərələri göz önündə canlanır. Qlobal məsələlərin, xalqın keşməkeşli ömür yolunun qəhrəmanların fərdi taleyi ilə vəhdətdə təsviri pomanın əsas məziyyətlərindən biri hesab oluna bilər.
Müəllif təxəyyülünün məhsulu olan Ümid, Şəlalə, İntiqam kimi obrazların həyatda yaşayan, qəhrəmanlıq göstərən konkret insanlarla, döyüşçülərlə ünsiyyəti, onların hərəkət və davranışlarına verdikləri qiymət haqq işi uğrunda mübarizə fonunda təsvir olunmuşdur.
Əsər boyu xiffət-nastalgiya əsas fikrin, müəllif qayəsini açılması üçün maraqlı, səciyyəvi bir bədii vasitəyə çevrilir. Qəhrəmanların ağrılı-əzablı ötən günləri xatırlamaları fonunda həm keçmiş hadisələr xatırlanır, həm də bu düşüncələr vasitəsi ilə obrazların hiss və həyəcanları təsvir olunur, onların xarakteri açılır. Keçmiş, indi və gələcəyin vəhdəti haqqında düşüncələr hadisələrin mahiyyətini daha dərindən anlamağa yardımçı olur.
ADPU nəşriyyatında nəfis şəkildə çap olunan “Xiffət” romanının redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəssamları isə İlqar Tofiqoğlu və Kübra Əkbərovadır.
Ümid edirik ki, Rafiq Yusifoğlunun digər əsərləri kimi onun “Xiffət” romanını da oxucular maraqla qarşılayacaqlar.
Günel Hüseynova,
Filologiya üzrə fəlsəfə doktoru
Mənbə: https://manevr.az/