Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair AY Bəniz Əliyarın “Vətən andı” adlı yeni kitabı işıq üzü görüb.
Kitab müəllifin öz oxucuları ilə sayca doqquzuncu görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, şeir, sənət aşiqləri tərəfindən maraqla qarşılanacağına, dərin oxucu rəğbətini qazanacağına ümid edirik.
“Vətən andı” kitabında şair AY Bəniz Əliyarın bir poeması və bir pyesi təqdim olunur.
“Zəfər yazanlar” adlı poema sətirlərlə Qarabağ adlı tarixi faciəmizin xronoloji günlüyü kimi davam edir, birinci və ikinci Qarabağ savaşı, Aprel döyüşləri və bu savaşlarda, döyüşlərdə Azərbaycan əsgərinin şücaəti, Azərbaycan xalqının, Ali Baş Komandanın cəsarəti naminə qazanılan Qələbəmiz şairə xas şeir diliylə təsvir olunur.
“Xarıbülbül” pyesində Hikmət adlı nişanlı bir gəncin döyüş yolu və nişanlısının timsalında Azərbaycan qadının Vətənə sədaqəti əks olunur. Pyesdə yetişməkdə olan gəncliyə aşılanan haqq savaşımızdakı uğurlarımız və birliyimizin sonucundakı qazandığımız böyük Zəfər öz əksini tapır.
Tanınmış ədəbi-tənqidçi Zakir Məmmədin yazdığı “Müharibə, sevgi, insan.” adlı ön sözə diqqət edək.
“44 günlük döyüş hərb cəbhəsində səngisə də, ədəbiyyatda davam edir və etməlidir. Vətən uğrunda gedən bütün davalarda olduğu kimi. Bu savaşın ədəbi silahdaşlarından Ay Bəniz xanımın üzərinə düşən vəzifələr də vardı və şair bunun öhdəsindən gəlməyi bacarır. Ön cəbhədə hərbin, ədəbiyyat cəbhəsində sənətin üsulları ilə işləməyin nəticəsi torpağın işğaldan azad edilməsi oldu. Hər bir istedadlı sənət adamı da yazdıqları ilə fikri, düşüncəni “işğaldan” azad etmiş olur. Vətənin millət halında bütövlükdə dərki vətənin və sənətin qələbəsinə səbəb olmalıdır”.