Yaman pis dərddir sənsizlik…
Nə dərmanı var,nə də bir əlacı…
Elə çarəsizliyi sıxıb bağrıma
Göz dağı verirəm ümidlərimə…
Coşub,çağlamaq olmaz!
Küsüb,ağlamaq olmaz!
Ruhumu çarəsizliyə sürgün edən
Bir ömrün qurbanı oldum…
Asıldım kələfindən sənə dair fikirlərin…
Yoxluğunun bilinməyən
baharından boylandım
Sənsizlikdən viran qalmış
Bu qocaman şəhərə…
Gedişinin sərt rüzgarlarına
Tab gətirə bilmədi
Payız qoxulu bu şəhərin
Xəzan olmuş arzuları…
Yellər sovurdu ordan-ora,
Burdan-bura
Bəlkə də tapdadığın
O sonuncu xəzan yarpağının altında
Can verdi bir qadının sevərək
Əzizləyib,ərköyüncə böyütdüyü
Sevgiyə dair olan xəyalları…
Sən indi başqa bir şəhərin baharına sarılıb
Çiçək açdırırsan başqa bir sevginin ümidlərinə…
Eybi yox mən onsuz da
Sevgisini rüzgarlara təslim edən
Bu şəhərin payızında
çoxdan xəzan olmuşam…
Payızı sevməyən adam…

Qəmər Sözay