“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Açıb, bağladıqca kitab ömrümü,
Varaqlar günah tək əlimdən keçir.
Gecələr gündüzü sayaqlayıram,
Yuxumdan süzülüb, dilimdən keçir.
Daha dada çatmır “simurq tükləri”,
Daha aşmaq olmur çətinlikləri…
Həyatın ən ağır, qəliz yükləri,
Belimə yüklənir, belimdən keçir.
Ruhumu ən zərif kəlmə oxşayır,
Ən zərif kəlmə də zülmə oxşayır…
Həyatım ağ-qara filmə oxşayır,
Hər kadr ayımdan, ilimdən keçir.
Sonunda “ölüm” var deyə, qorxum ki?!
Bu sadə, bu adi şeyə qorxum ki?
Axı mən ölümdən niyə qorxum ki?
Onsuz, bütün yollar ölümdən keçir.
12.02.2021