Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Yaman sənsizləşdim yenə bu axşam,
Yaza həsrət qalan çiçəklər kimi.
Ömür baharımız geriyə dönə,
düzülək gül üstə ləçəklər kimi.
Yaman sənsizləşdim, bilmədim nədən,
həsrət baxışımı küsülü sandım,
sıxılmaq istədim köksünə birdən,
əksini köksümə sıxıb dayandım.
Xəyal dünyasında dolaşıb, itdim,
sızladı ürəyim, axdı göz yaşım,
Bir anlıq sinəndə yuxuya getdim,
Baxdım ki, şəklinə söykənib başım.