Keşiyində bir ömür ayıq və sayıq olam,
Qoruyam öz yurdumu, canıma tən saxlayam.
Gərək gözümün üstə, şanına layiq olan
Azərbaycan adında ana Vətən saxlayam.
Bayraq üçün axmasa damarda qan, qan deyil,
Torpaqçün əsirgənən can gərəkli can deyil,
Yurdsuz-yuvasız insan heç bütöv insan deyil,
Qanadı qırıq quşdur -dil-dil ötən, saxlayam.
Yerlə göyün arası ən mübarək bağdılar,
Qəlbimizdə ucalan zirvədilər, dağdılar.
Şəhidlərin hər biri bizdən daha sağdılar,
Sağ olan şəhidimə niyə matəm saxlayam?!
Düşüb ardınca gedəm ulduzundan ta Aya,
Yalvaram səmalara, Haqq yetə bu haraya.
Nə ola yumruq ola millət, keçəm o taya,
Bu taydan çağıranda səsə yetən saxlayam…
Mənim son nəfəsədək haqqa inamım qalıb,
Bütövlük eşqidir ki, ruhumu məndən çalıb,
Ən çətin məqamda da ölümü gözə alıb,
Vətən, sənin köksünə gül tək bitən saxlayam.