Hər sözün, hər işin var öz dövranı,
Çətin ayırasan yaxşı-yamanı.
Yazıçı ömrünün iki vaxtı var –
Yaşamaq zamanı, yazmaq zamanı.
Qələmim yoruldu, yolundan azdı,
Dünyanın dərdi çox, sevinci azdı.
Tale acısını alnıma yazdı
Yaşamaq zamanı, yazmaq zamanı.
Həyat çərçivəsi nə yaman darmış,
Uzun illərin də bir sonu varmış.
Yaşamaq zamanı bitmiş, qurtarmış,
Çatmış yaşamaqdan yazmaq zamanı.