Kəlbəcərlilərin göz yaşları yenə də Tərtər kimi çağladı
…Bu günlərdə İbrahim Məşədi Kazım oğlu da gözünün ağı-qarası olmuş Arazına qovuşdu. Bu xəbəri alınca elə bildim ki, dağ-daş uçdu, qaldım altında. Necə də şimşək kimi çaxdı bu dağdan ağır xəbər. Az qaldım o xəbəri dilinə gətərinə qarğayım. Kimin dili gələrdi desin ki?..


Qara bir nağıl başlamaq istəyirəm, qəhrəmanı isə bir dastanlıqdır. Haqqında bir dastanlıq danışa bilsəm də, ikicə kəlmə yazmamışam və yenə də qələm əlimdə əsim-əsim əsir, sözlər məndən küsür. Şəninə dastan yaza bilmədim. Yazacaqlarımdan qorxmuşam. Gözə gətirə biləcəyimdən ehtiyatlanmışam.
Adını Araz qoyanda atası İbrahim dayı azərbaycanlıların o taylı-bu taylı Vətən ayrılığına son qoymaq istədi. Elə bildi ki, onun bu dünyaya gəlişiylə həmin həsrətə son qoyuldu. Bir gənclik ömrü yazıldı alnına. Qismətinə yazılanları oxumağa imkanı olmadı…
Araz Kəlbəcərdə doğulmadı, amma ata yurduna bağlılığını dəfələrlə təsdiqlədi. Heç deməzdin ki, Bakıda, keçmiş məşhur «sovetski» küçəsində doğulmayıb. Lap elə bil ki, ata yurdu Dərəqışlaqda, Dikyurdda, Şirinbulaqda, Çatımda, Xəndəklərdə yıxılıb-durub. O yerlərdə yolları yorub. Dişgöynədən bulaqlardan ötrü həmişə sinəsi pörşülənib. Elə bax bu həsrətdən göyərən dərdin qucağında da «yuxuladı»…, «dərin bir yuxuya getdi» Araz… 2011-ci ilin «Novruz» bayramı Kəlbəcərə gəlmədiyi kimi, Arazın da ömrünə qənim kəsildi «Axırçərşənbə»…
Araz uzaq bir səfərə çıxdı. Qayıdacağını bir kimsəyə deməyib. Anası Həyat xalanın ömrü-günü düyüldü bir boxçaya. İbrahim dayı qəlbinin ağrılarını azaldan iynə-dərmandan imtina elədi. Tək balasının dərdini alıb çiyinlərinə, ona görə də beli bükülüb. Necə də ağır olurmuş bala dərdi. Özü də tək balanın dərdi daha ağır imiş.
Bahar gəlmədi dağlara, çünki yağı tapdağındadır. Bahar bütün könüllərə də gələ bilmədi, çünki Araz kimi neçələri ata-ananı oğulsuz qoydu.
İki böyük, sayılıb-seçilən nəslin yetişdirdiyi tək oğul idi. Araz xarakterində də özü kirmi tək idi. Dostcanlı, qohumcanlılığı ilə ürəklərə yol açmışdı. Çalışdığı kollektivdə başına and içirdilər. «Azəryolservis» ASC-nin 67 saylı yol istismar müəssisəsinin baş mühasibi, demək, döyünən ürəyi idi. İşinə, vəzifəsinə məsuliyyəti nəinki rəhbərliyin, elə kollektivin də gözünü onu ucaltmışdı.
Yox, yox, mən onun təkcə işi, vəzifəsi barədə danışa bilmərəm. Araz bütöv bir şəxsiyyət kimi təkcə qohumların deyil, dostlarının yaddaşında ucalıb. Qoy ucalığında qalsın, biz onun ömür yoluna düşüb dünəninə yollanaq.
Araz İbrahim oğlu Cabbarov…
Ehh!.. Tərcümeyihalınımı yazacağam?! Rəsmiyyətdən daim uzaq olan Araz adını şərəflə daşıdığı çay kimi, gah aşıb-daşar, gah da sərin suya dönüb könüllərə axardı. Axdı, axdı, amma qovuşduğu dəniz olmadı, bir yoxluğa, dəryaya qarışdı. Onun yoxluğundan axan göz yaşları bir ümmana çevrildi.
Arazı toyunda tərifləyən az olmamışdı. Tanrıdan onu ata-anasına, həyat yoldaşına əmanətləmişdilər. Dilək dilənmişdi ki, qolu-budaqlı nəslin bir pöhrəsisən, Tanrı səni də qocaman palıd kimi böyütsün, kölgənin altına el-oba sığışsın, əmin oğlanları kimi…Lakin tərifə ehtiyacı olmayan Araz o təriflərdən çox-çox ucada idi.
Kəlbəcərin Dalqılınclı ellərini imam-peyğəmbər övladı adlandırardılar, biz orada olanda. Doğrudan da bu beş para kənddən çıxıb cəmiyyətə qovuşanlar özlərinin ziyalılıqları ilə tez bir vaxtda məşhurlaşırdılar. Arazın ata-babasıgil də cəmiyyətə ziyalılar tərbiyə edən Məşədi Kazımlardandır. Atası İbrahim Kazım oğlu Cabbarov, onun qardaşı İsmayıl Cabbarov təkcə beş para kənddə deyil, Kəlbəcərdə sayılıb-seçilən el ağsaqqalına çevrilmişdi: övladlarını oxudub ali təhsilli mütəxəssis kimi yetişdirdiyinə, el-obasının dərd-sərinə qaldığına, uzun müddət Kalinin adına kolxozun sədri vəzifəsində olduğu müddətdə kimsəyə bir qəpik rüşvət vermədiyinə, əksinə, cammatı torpaqla təmin edib, onların güzəranına kömək etdiyinə görə. Kəlbəcərsizlik illərində isə İbrahim dayı qardaşı oğlanlarının respublika miqyasında tanındıqlarına görə qürur duyur, fəxr edir, Arazın tək olmadığını görüb, sevincini bəzən gizlədə bilmirdi: Musa müəllim ailimliyi, Xəqani müəllim kəlbəcərlilərə və digər neçə-neçə imkansız ailəyə çörək verdiyinə görə. Qardaşı uşaqlarının savab qazandığını yaxşı bilirdi.
Arazı daha yaxından tanıdığım vaxtlardan qəlbimə yazdırdı adını. Arazı xalqımızın həsrət çayı adlandırması qəlbini incidirdi, hətta belə olsa da belə. Arazı dağa bənzətdim, ona görə də Murova, Kəpəzə, Dəlidağa. Araz çayı onun qəlbindən və ruhundan qaynadığını düşünürdüm.
Fikrim yenə də uçdu dağlara. Bizim beş kənd qılınclıların arasından çıxan və şəxsiyyətə çevrilənlər, nədənsə, qısaömürlü olublar. Mən onlara, doğrudan da peyğəmbər ömrü yaşadıqlarına – kimsənin «toyuğuna kiş demədiyinə» görə, imam övladları kimi baxmışam. Son 30-40 ildə onların arasından say-seçmələri itirmişik: Hacıbaba Mehtiyev («Axır çərşənbə» gecəsi yatıb «yuxuda qalmışdı»), Nizami və Məhsəti Abbasovlar, Tahir Mehtiyev, Famil Heydər oğlu, Mirzəli Yəhya oğlunun itkinliyi, Şamo Bəşir oğlunun qəfil gedişi, Araz Cabbarov, ötən il isə anası Cəmilə xanımın ruhən oğluna qovuşması….
Dərdlərimiz seyrəlmir, sıralanır sanki…
Əlli illik ömür yoluma dostlarım, tanışlarım, qohumlarım, məni yaxın-uzaq tanıyanlar ürək sözlərini yazıb verirdilər. Bir gün zarafatyana qayıtdı ki:
-Nərimanoğlu, qələm adamı olmayanlar söz yaza bilmirlər? Səni kənardakı dostlarından çox biz qohumlar yaxşı tanıyırıq. Eşitmişəm ki, haqqında kitab hazırlanır. Orda yəqin ki, bizə yer ayırmazsan.
Bu fikri bir batman balla həzm eləmək olmazdı. Xatirini çox istədiyimi özü yaxşı bilirdi. Yarızarafat-yarıgerçək cavab verdim:

  • Mən kiməsə haqqımda söz deməyi özümə ar bilərəm. Heç kimə də deməmişəm (Bir nəfərdən savayı. Bilərəkdən də həmin sıradan bir nəfərin adını burada çəkmirəm) ki, mənim barəmdə nə isə yazsın – tərifli söz. Əgər məni olduğum kimi duyursansa, əlbəttə, yazdıqlarını qəlbimə köçürərdim…
    Aradan bir-iki gün keçmiş, zəngləşdik və o, bir vərəqlik yazını mənə verdi. Ötən il nəşr olunan «Məhəmməd Nərimanoğlu: Ömrüm kitab ömrü»nün 100-cü səhifəsindəki «50 yaşın işığı ikinci əlliyə düşsün» məqaləsini indi həyacansız oxuya bilmirəm. Mənə elə gəlir ki, nəfəsi, ruhu həmin yazıya hopub Arazın. Baxışlarımızla danışırıq.
    Sanki səsi gəlir qulaqlarıma: «Məhəmməd Nərimanoğlunu dağ çayına bənzədirəm: hərdən coşub-daşır və birdən də elə sakit-sakit danışır ki, inanmırsan bir dəqiqə əvvəlki adamdır. Başa düşmək çətin deyil. Sinəsində o qədər deyilməli və yazılmalı sözlər var ki… axı, ömür qısa bir yoldur, kimsə gedib sona çatır, kimlərsə onu başa vura bilmir. Yəqin ondandır ki, tələsir…».
    Arazın mənim barəmdə, özü demişkən, elədiyi «cızma-qaradan» onun qəlbinin dərinliklərində saxladığı və çoxlarına açmadığı fəlsəfi duyğularını duymaq o qədər də çətin deyildi. Bir səhifəlik yazıda o, bir insan ömrünün 50 illik yoluna işıq salır. Bu, o qədər də asan deyil. Əlinə ilk dəfə qələm alıb belə bir mövzuda özünü «imtahana çəkən» Araz Cabbarovun təəssüf ki, həmin yazını kitabda oxumağa ömrü çatmadı. Kitabın nəşr məsələsi gecikdikcə onun məni tələsdirməsini indi anlayıram. Nəhayət, kitab 2010-cu ildə işıq üzü gördü. Kitabı Araza çatdırmaq üçün dəfələrlə iş yerinə baş çəkdim, qismətdən bir-biri görə bilmədik. Qohumların birinin toyunda üstüörtülü şəkildə bildirdi gileyini:
    -Kitabının şirinliyini vermək mənə nəsib olmayacaq? Niyə mənə də kitabdan vermədin, axı, əvvəlkilərini hamıdan qabaq verirdin?
    Mən də öz narazılığımı gizlətmədim:
    -Mən piyada ola-ola dəfələrlə «Çermetə», iş yerinə gəlmişəm. Soruşa bilərsən. Hər dəfə iş otağının qapısnı bağlı görəndə peşman qayıtmışam…
    Beləliklə, Araz öz əli ilə qələmə aldığı yazını kitabda oxuya bilmədi. Görünür, onun barəsində mən söz açmalı və yana-yana danışmalıymışam, necə ki, illərdir bu ağrıları yaşayır və danışır, alışıb yanıram.
    Araz İbrahim oğlu mənim üçün, sadəcə, bu dünyaya sakitcə gəlib, öz missiyasını yerinə yetirib, gəldiyi kimi də çəkilib haqqa qovuşanlardan biri deyil. Bu sakitliyin arxasındakı təlatümü isə onu dərindən duyanlar oldu. Arazın dostları qohumlardan daha çox ağrını yaşayırlar. Dəfndə onların düşdüyü vəziyyəti, sadəcə, seyr etmək lazım deyildi, duymaq, onların içindəki lal harayları oxumaq gərək idi. Baxışlarda donmuş ağrıları kimsə azalda bilməzdi, Arazdan savayı…
    Təkcə Xəqani Kazımov, Musa müəllim, İsmət, Haqverdi, Hüseyn, Həşim, Fərman, Azər, Sənan, Ramin… göz yaşları ilə islatdılar məzarını.
    Arazın dayısı Vaqif müəllim, xalası Şəfiqə ilə xalaoğlusu Kamandar Arazın bu qəfil ayrılığına yana-yana qaldılar. Hamı o gün Arazın bacı-qardaşına çevrilmişdilər, çünki, Araz anadan tək olmuş, bu müvəqqəti dünyadan isə ömrünün qalan səhifələrini özü ilə götürüb getmişdi. Getmişdi ki, arxada gözüyolda qalanları daha çox yandırıb-yaxsın? Yox! O, buna qəti razı olmazdı. Nə qədər dərdli olsa da. Onu qəmli görmək mümkün deyildi. Elə bu gizli ağrıların qoynunda qıvrıla-qıvrıla da getdi Araz, qohumları, dostları incitməsin deyə. Şamo kimi, içindəki ağrıları gizlətdi. Dərdini. ağrısını azaltmayan və sağaltmayan dərmanlara göz götürüb baxmadı Araz. Arazın yuyub apara bilməyəcəyi bir dərdi bizlərə qoyub getdi.
    Yaza bilmirəm, Araz, anan Həyat xalanın hələ də donuq baxışları ilə səni necə axtarmasını… Hələ yenicə ata-ananın kim olduğunu anlamağa çalışan balalarını nə ilə ovunduracağını mən də bilmirəm. Onlar da gözlərini öz analarına dikiblər. Hamı bir-birinə baxır. Kimsə dillənib, bir daha qayıtmayacağını balalarına deyə bilmir. İbrahim dayı yana-yana qalmasın neyləsin? Sən onun qəlbinin ağrılarını azaltmaq istərkən ona dərd verib getdin. İndi qalıb iki qoşa dərdin, ağrının arasında. Öz ağrılarını unudub, sənin dərdini çəkir, amma, nə faydası…

Yaza bilmirəm burdan sonra nə yazım? İbrahim əmiyə toxdaqlıq vermək sizə asan gəlməsin. Necə ki, mən bacarmadım. Bu ötən arxada qalan illər ərzində Arazına qovuşmaq üüçün dəfələrlə özünə qəsd eləmək fikrinə düşəndə yuxularında tək madarının ondan küsdüyünü görüb və “Arazın cüt oğul balasını bizə verən Yaradana asilik mənə yaraşmaz, Araz bizim ailənin yox, elin-obanın, xalqın, onlarda öncə isə Yaradanın idi. Bizə qonaq gəlmişdi və getdi. Hər birimiz müvəqqəti, gəldi-gedər qonağıq bu dünyada…”
Bütün bunlar İbrahim əmiyə sanki təsəlli olmuşdu. Amma DƏRD ürəyi paralayırsa, onun calamaq… nə yamanmış. Mümkün olmurmuş.
3 gün öncə bu acı xəbəri alanda gözlərimiz qaraldı. Araz atası İbrahim əmidən illər öncə dünyasını dəyişəndə Dərdin ağırlığından beli bükülən İbrahim əmi məzar üstündə əyilib balasına etdiyi “gilieyi” yaxından mən eşitmişdim: ”Ay etibarsız oğul, bəs mən kimin çiynində gləcəm bura?! Niyə sən atanı bu son mənzilə yola salmadın?! Dərdimin ağırlığından qorxdun, yoxsa anan Həyata başbilənlik etməkdən?! Sən ki, qorxan oğul deyildin. Mənə arxa-dayaq, dostlarına sədaqətinlə sevilirdin!”
Bu ağını isə sonralar mənə pıçıldamışdı İbrahim Məşədi Kazım oğlu Cabbarov.
Yamanca dolubdu, qara buludtək,
Vədəsiz baharım, yazım ağlayır.
Sızım-sızım sızıldayır sinəmdə,
Köklənmir, zillənmir, sazım ağlayır.
Arazımı fələk alıb aparıb,
Ürəyimi öz yerindən qoparıb.
Dözüm-dəyanəti, tabı qurtarıb,
Çoxunu itirib, azım ağlayır.
Kəlbəcər dərdliyəm, sinə yaralı,
Bağçam güllər açmaz, bağım saralı.
İbrahim Arazdan düşüb aralı,
Şeirim, bayatım, yazım ağlayır!
İbrahim əmi tək balası Arazdan fərqli getdi bu dünyadan. Araz görmədi, bilmədi, canından da əziz bildiyi ata-baba yurdunun azadlığını görmədi, niskilli getdi. Atasına, anasına həm özünün, həm də Kəlbəcərinin dərdini qoyub, sanki canını götürüb getdi. İbrahim əmi isə Arazına qovuşdu. Buna tələsirmiş kimi getdi. Heç kimlə görüşmədən, son kəlməsinin Araz olduğunu duydurmadan getdi. Getdi ki, Arazınndan xəbər bilsin. Axı, illərdir ki, görüşmürdülər. Ürəklərini daim bir-birinə ata-bala kimi yox, dostcasına açan istəkli dostlar kimi açan ata-balanın görüşü ziyarət imiş kimi getdi İbrahim əmi.
Yerin behişt olsun, elimizin ağsaqqalı!
Məhəmməd Nərimanoğlu
Bakı, 23 yanvar 2023-cü il