Anamı yuxuda görmüşəm dünən,
Yuxuda bir ömür sürmüşəm dünən
Anam evimizə dönmək istəyir,
Görünmək istəyir, görmək istəyir,
İpək kəlağayı salıb başına
Qayıdıb gəlinlik, qızlıq yaşına
Bəzənib elə bil, o, toya gəlib
Mənim ad günümdə Poyluya gəlib.
Analar unutmur balalarını,
Tanrım, anaların dualarını,
Bizim üstümüzdən əskik eləmə,
Qadın kəsik olur, kəsik eləmə.
Anam gördüyünə məəttəl qalıb
Nə ocaq yeri var, nə çəpər qalıb,
Nə qapı bacadan əsər əlamət,
Kimdən soruşsun ki, kimindi həyət
Qalxıb pəncərədən baxır yuxarı
Nə ev var, nə evin köhnə şeyləri.
Sənəyi var idi götürübdülər,
Su daşı var idi itiribdilər,
Divardan gəvəni qoparıbdılar
Söküb taxtımızı aparıbdılar
Üstü müşəmbəli çörək stolu
O da gözə dəymir yerində yoxdur
Deyirəm ay ana, ev bizimkidir,
Divarlar bir idi, indi ikidir,
Mebel alıbdılar təzə, qət-təzə,
Parket döşəyiblər kənd evimizə
Kran çəkibdilər təzə su gəlir,
Dağların kəndlərə havası gəlir.
Bir az aralıda bizim doqqaza
Qızılgül əkiblər bizim doqqaza.
Anam evini tanıya bilmir,
Anam yolu-izi tanıya bilmir.
Yol onu tanıyıb gətirib evə
Tale talesizi tanıya bilmir
Evinin yerində evini gəzir
Mən onu gəzirəm, o məni gəzir
Anam baxa-baxa qayıdıb gedir
Məni də yuxudan ayıldıb gedir…