“Poetik qiraət” rubrikasında bu dəfə sizlərə şair Əkbər Qoşalının yeni yazdığı şeiri təqdim edirik. İctimai motivli bir şeirə üstünlük verib Əkbər bəy, adətən lirikaya meyillənsə də.
Eşitdim ki, mən yaşayan şəhərdə
nə zamanmış belə inanc varıymış.
O inancla evlər tikib adamlar –
səksən olub, doxsan olub,
yüzü görən olmayıb…
Kainatın cilvəsidir elə bil:
Olmur, cənnət sınaşıqla olmayır… –
Amma yenə o inancın işığı
ev tikdirib adamlara,
ev tikdirir bu gün də… –
Əgər kimsə,
bilə-bilə yalan danışıbsa da,
Yenə kimsə, o yalanı bu şəhərdə yayıbsa,
cənnət olsun məqamı!
Mənim gözəl şəhərimdə
ayrı bir inanc da var –
Deyərlər ki,
“Bir ev yıxan
cəhənnəmi
bu dünyada satın alıb
elə bil”…
Gəl görəlim, yenə evlər yıxılır…
Cəhənnəmi satın alır gözgörəsi
tanıdığmız adamlar…
O qaranlıq
niyə çəkir adamları? – bilmirəm…
Görən, onlar özlərini
aldadırlar nə ilə?..
Yenə evlər tikilir,
Yenə yıxılır evlər…
Tikin, qardaşlar, tikin,
Bəlkə yüzə çatmadınız,
cənnət görmədiniz bəlkə…
Amma
evyıxanlar
cəhənnəmdəsə,
Demək,
evtikənləri
unutmayıb Yaradan…
Eviniz yıxılmasın…
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)