Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri


Üşütmədi şaxta məni, qar məni,
Düşmən etdin hər kəsə aşkar məni,
Yıxılmadım satanda dostlar məni,
Sən kənarda durdun deyə ağladım.

Dayaz dedin, dərinlikdə üzmədik,
Nə illahsa dərdimizi çözmədik,
Beş on günlük çətinliyə dözmədik,
Ayrılaqmı sordun deyə ağladım.

Qürür etdim, nə edirsən et dedim,
Bir dedinsə cavabında cüt dedim,
Mən axmağam, tutaq sənə get dedim,
Körpüləri qırdın deyə ağladım.

Olmaz belə, bizimki də zülümdür,
Yanıb bitdim gördüklərin külümdür.
Bu eşq deyil, hər nəfəsi ölümdür,
Vücudumu sardın deyə ağladım.

Gözü qara gecələrdə yuxumdun,
Çox istədin, çox apardın, çox umdun.
Sən ki mənim ürəyimə yaxındın,
Ən yaxından vurdun deyə ağladım.


Heç olmadı bu dünyada bir kimim,
Çözülmədi alın yazım sirr kimi.
Yer olmadı mənə uzaq yer kimi,
Göy olmadı mənə yaxın göy qədər.

Buxar oldu toxunduğum hər nə var,
Duman oldu, yelə getdi arzular.
Sübhə qədər kirimədi kaman-tar,
Sızlatmadı ürəyimi ney qədər.

Nəyin qalıb qəmdən başqa bəridə?
Yadlar çətin gözlərini kiridə.
Ulduzların arasında biri də
Bənzəmədi gül üzünə ay qədər.

Yol görmədim sənə gələn yol kimi,
Boyun əydim yoxluğuna qul kimi.
Bal olmadı damağımda bal kimi
Dodağından qopardığım pay qədər.