Əyyami-bahar gəldi, yenə fəsli-xəzan getdi,
Çıx seyrə könül, bağu gülüstanda çiçək bitdi.
Bülbül sevinib şura gəlib ney kimi dilləndi,
Solmuş bu bağın guşəsi min şövq ilə gülləndi.
Don geydi çəmən rəngi yaşıl, nəqşi al-əlvan gül,
Verməkdə nigarın sənə çün şadlığı əylən, gül.
Bundan belə tut könlünü xoş, eyləmə dərdü qəm,
Eşq əhli yetib vəslə, bahar çağı olar xürrəm.
Topraq oyanıb, çöldə xəfif yaz küləyi vardır,
Canlanmış ağaclarda da növbər diləyi vardır.
Novruz bəzəmiş süfrəmizi, zövqü səfa vermiş,
Şükr eylə bu naz-neməti ey can ki, Xuda vermiş.
Ey Mehri, sevin, ki yenə bayramdır, üzün gülsün.
Könlün çiçək açsın, həyat eşqiylə gözün gülsün!