M.C.Paşayevin 115 illiyinə
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin zamanüstü yaradıcılığı milli ədəbiyyatımızın tarixinə işıq salan müdrik qoca, çağdaş dövrümüzdən gələcəyə salam verən gəncidir.
Sözsüz ki, böyük ədibin zəngin yaradıcılığına işıq tutan çoxsaylı yazılar mövcuddur. Lakin, Mir Cəlal Paşayev yaradıcılığı elə bir zəngin xəzinədir ki, nə qədər çox yazılsa da, yenə də yazılmağa, tədqiq edilməyə ehtiyac duyulur.
Bir gündə dörd fəslin gözəlliyini yaşayan böyük ədibin qəlbi təbiət, həyat, zaman kimi dərin fəlsəfi mövzuların geniş üfüqlərinə açılırdı. Onun əsərlərinin həyatla bağlı mövzularında köhnəliklə yeniliyin, kamilliklə cəhalətin, xeyirlə şərin, həqiqətlə yalanın, ədalətlə zülmün mübarizəsi ilə yanaşı milli ruhumuzun da vətəndaş mövqeyində açıq və cəsarətli şəkildə əks olunması xüsusi yer tuturdu.
Böyük ədibin yaradıcılıq ziyası ədəbiyyatın hər növ dili ilə cəmiyyətin qaranlıq tərəflərinə işıq salırdı. O, roman, povest, hekayə, oçerk, novella, publisist yazılar və saysız elmi məqalələri ilə ömrünü yazı masası arxasında mərhələ-mərhələ xalqın, cəmiyyətin inkişafına paylamışdır.
Yazıçının məhsuldar ömrünün elə bir günü olmamışdır ki, bir əli qələmdə xalqdan, vətəndən yazarkən, o biri əli milli dəyərlərin nəbzində olmasın. Zəngin yaradıcılığı ilə öz əsərinin adı ilə desək, ədəbiyyatımızda “Təzə şəhər” salırdı.
O, “Bir gəncin manifesti” romanındakı “İtə ataram, yada satmaram” ifadəsi ilə tarixin, dövrünün adından gələcəyin milli baxış düsturunu yaratmışdır. O düstur ki, onun əhəmiyyəti milli ruhun inkişafında bir körpənin böyüməsində ana südünün dəyəri qədər önəmli idi. Onun toxunduğu bütün mövzuların libası altında milli ürək döyünürdü. Milli dəyərlərə olan sevgisi meyvə üçün çiçək açan ağacın bahara olan sevgisi qədər əzəmətli idi. O, bütün ruhunu saran bu əzəmətə ömrü boyu sadiq qaldı.
Böyük ədibin “İki rəssam” əsərindəki rumlu rəssamın çəkdiyi misilsiz mənzərəni çinli rəssamın seyqəl üsulu ilə divarda güzgü yaradıb əks elətdirdiyi kimi özü də sanki güzgü misalı xalqın milli ruhunu əsərlərində cilalamışdı.
“İstifadə” hekayəsində isə bu xətt başqa bir formada daha qabarıq şəkildə üzə çıxır. O, əsərdə məktəbi barlı-bəhrəli, güllü- çiçəkli bağla müqayisə edərək xalq və onun ideoloji əsasları barədə müəllimin dili ilə sadə şəkildə çox incə mətləblərə toxunmuşdur. Bağçada müəllim xəyalən “yazda səhərin açılması ilə, dənizin içindən qalxan günəşin üfüqdə yaratdığı gül rəngi ilə, may paltarı geymiş meyvə ağaclarının yaylıq oynatması ilə, səslərində yerə gümüş pul səpən quşlarla” – bir sözlə, təbiətin füsunkar gözəlliyi ilə iç-içə olarkən məktəbin zəngi çalınır. Müəllim təəssüflə “heyif ki, zəng tez çalındı”, –deyə düşünür. Bu zaman “çantasını qoltuğuna vuran, yuxuya qalıb, yaxmac gəvələyə-gəvələyə, yaxası açıq məktəbə tələsən uşaqlar sinfə doluşurlar”.
Bağçadan tez sinfə qayıdan müəllim uşaqları görəndə gözəllikdən ayrılmağının təəssüfü bir anda yoxa çıxır. Yerini uşaqların gələcəyi ilə bağlı milli, taleyüklü arzular tutur. Müəllim gözü uşaqlarda, fikri onların gələcəyində ürəyində özü ilə danışmağa başlayır:
“Bura, bu sinif bağdan, bağçadan əskikmidir? Budur, bu bağçanın baharı gəlir! Buranın kiçik günəşləri var! Bütün təbiət – günəş, hava, yerlər, sular, şəhərin bir başından o başına qədər düzülmüş idarələr, hamı, mən də onların içində bu günəşləri bəsləyir, böyüdürük. Bu bağın quşları səsləndimi, o biri quşlar nə lazım? Onların saf, bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı, şeirlərin ən gözəl şeri, dünyanın ən dadlı musiqisidir”.
Müəllif hekayədə gələcəyimiz hesab olunan uşaqlarımızın milli dəyərlərə sədaqət hissi ilə böyüməsinin əsasının hələ məktəbdə ikən qoyulmasını göstərməklə, o zamankı ideologiyamızın gələcəklə danışan milli dili olmuşdur. Müəllif gələcəyimizin milli dəyərlərə sahib çıxması ilə yanaşı, həm də geniş dünyagörüşünə malik, müasir dünyanın önündə gedən savadlı, elmli bir nəsil kimi yetişməsini arzulayırdı :
“…Dərs başlanır.
Sabirin yaradıcılığı!
Mən bu böyük insanı uşaqlara tanıtmalıyam…”
Əsərdə müəllimin dərsə xalqın dərdlərini şeirlərində yana-yana ifadə edən böyük Sabirlə başlaması, uşaqlara Sabiri tanıtmaqla bərabər həm də xalqın dərdlərini tanıdırdı.
Daha sonra dərsin davamı olaraq müəllimin uşaqların hər birini bir Sabir, bir Puşkin, bir Axundov kimi görmək istəyi təsadüfi seçilməmişdi. Çünki onun bu istəyi simvolik olaraq başlanğıcda M. Ə. Sabirlə başlayıb, dünyagörüşünə A. S. Puşkinlə davam etdirərək, sonda M. F. Axundovla tamamlaması həm də milləti öyrənib ona sahib çıxmağın və dünyanı tanıyıb onunla olmağın müdrik üsulu idi. Onun həm uşaqlara gələcəyin gözü ilə baxması, həm də onları gələcəyin gözü kimi hazırlaması millətə xidmətin ən gözəl nümunəsi idi. Böyük ədib Mir Cəlal Paşayevin gələcəyimiz olan uşaqlara həssas münasibəti, eyni zamanda, xalqın ürəyinə köklənən ideoloji yolumuzun o zamankı üfüqündə bugünkü üçrəngli bayrağımızın göy rənginin ifadəsi idi. O bu ədəbi üsulu milli ruhumuzun qorunmasında ideoloji naxışa çevirmişdi. O milli ruh ki, onun başı üzərindəki qara buludların yağışından, qarından qorunmaq üçün qələmini çətir etmişdi.
Mənbə: http://: https://ayb.az/