Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış “Aşıq, bağrına bas sədəfli sazı” kitabı işıq üzü görüb. Bu antoloji nəşrdə aşıqların və şairlərin saz-söz sənətinə, ustad sənətkarların el-oba içindəki hörmət və nüfuzuna, onların yaratdıqları dastanlara, saz havalarına, aşıq şeirlərinə sonrakı nəsillərin saz-söz ehtiramını əks etdirən seçmə poetik nümunələr yer alıb.
Bu barədə AZƏRTAC-a məlumat verən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirilib ki, oxucular bu topluda aşıqların və yazılı ədəbiyyat nümayəndələrinin saza və aşıq sənətinə, eləcə də bu sənətin azman nümayəndələri – ustad aşıqlara həsr etdikləri şeir və poemaları ilə tanış ola biləcəklər.
Onun sözlərinə görə, bütövlükdə toplu qərinələr və əsrlər boyu aşıq və şairlərin saza və aşıq sənətinə həsr etdikləri çoxsaylı şeir və poemaları özündə cəmləşdirir. Burada orta çağlardan üzü bəri söz-sənət adamlarının qopuz-saz alətinin sakrallığına, ustad aşıqların müqqəddəsliyinə, toxunulmazlığına, haqq aşıqlarının öncəgörməliyinə, gələcəkdən övliya kimi xəbər gətirməsinə, ustad saz-söz sahiblərinin öyüd-örnək dolu kəlamlarına, onların haqq-ədalət mücadiləsinə həsr edilmiş poetik nümunələr xronoloji ardıcıllıq və çeşidli təsnifatlar əsasında sıralanıb.
Musa Nəbioğlu deyib ki, Dədə Qorqud boylarında, aşıq dastanlarında, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Molla Cuma, Hüseyn Bozalqanlı, Nəbi Faxralı, Aşıq Şəmşir, Hüseyn Saraçlı, Mikayıl Azaflı, Ədalət Nəsibov kimi görkəmli aşıqların saza və aşığa həsr etdikləri şeirlərlə yanaşı, sonrakı dönəmdə onların özlərinə həsr edilmiş çoxsaylı şeirlər də topluda geniş yer alıb.
Kitabda diqqətçəkən məqamlardan biri də odur ki, ustad aşıqlara ithaf olunmuş şeirlər əsasən XX yüzillikdə daha çox olub. Bu sırada Dədə Qorquda, Aşıq Ələsgərə, Aşıq Şəmşirə, Mikayıl Azaflıya, Ədalət Nəsibova, Hüseyn Saraçlı və Kamandar Əfəndiyevə ithaflar xüsusilə diqqəti çəkir.
Topluda, həmçinin saza-sözə böyük məhəbbəti olan görkəmli qələm ustadlarımızın, xüsusən də Osman Sarıvəlli, Hüseyn Arif və Zəlimxan Yaqub kimi Xalq şairləri və digər böyük söz ustadlarının şeirləri ilə yanaşı, ustad aşıqlara, onların saz-söz dünyasına həsr etdikləri poemaların ən dəyərli parçaları da nəşrin uyğun bölməsinə yeləşdirilib.
Antoloji nəşrin bir özəlliyi də ondan ibarətdir ki, burada aşıq sənəti və saza, eləcə də sazbəndlik və usta sazbəndlərə həsr olunmuş şeirlərlə yanaşı, aşıq və şairlərin saz havalarına həsr etdikləri qoşma və gəraylıların da mühüm bir qismi yer alıb.
“Aşıq, bağrına bas sədəfli sazı” saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi kimi, qopuza-saza verilən tarixi dəyər, eləcə də aşıq sənətinin bədii-estetik və fəlsəfi mahiyyətini görkəmli şair və aşıqların dilindən təqdim edən bir qədirşünaslıq örnəyidir”,-deyə Musa Nəbioğlu bildirib.
Qeyd edək ki, toplunun elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.
Antoloji nəşr geniş saz-söz ictimaiyyəti, aşıqlar, tələbə və doktorantlar, bütövlükdə folklor araşdırıcıları üçün nəzərdə tutulub.
Mənbə: https://azertag.az/