“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Hərdən öz-özümə danışıram… Sonra da öz əlimlə öz ağzımı yumuram ki, özümü bezdirməyim… Xülasə, ÖZ olmaq çətin məsələdi…
Bu gün də qurbağaların şəkillərinə baxa-baxa qaldım, ən azı, on dəqiqə… Elə bilməyin ki, qurbağaları sevmirəm, yaxud əlimə almaqdan qorxuram. Uşaqlıqda o qədər çömçəquyruq tutmuşam arxdan… Divarların nəm küncündən boz-qəhvəyi qurbağaları əlimlə çəkib çıxartdığım da az olmayıb. Nağıllardakı, cizgi filmlərindəki bütün qurbağaları sevirəm. Onlar həmişə yolgöstərən və müdrik olurlar…
Amma heç vaxt qurbağa haqqında nəsə yazmaq istəməmişəm. Ağlımın ucundan da keçməyib. Heç bu gün də qurbağalardan danışmayacağam: mən dura-dura qurbağanın yazımda nə işi var?!
Qurbağa şəkillərini nə masamın üstünə, nə də kompyuterimin ekranına qoyub baxıram, həmin o üç şəkil facebookdadır. Neçə gündür ki, eyni səhifəyə girib eyni şəkillərə baxıram, elə bil facebook
a daxil olan kimi onlara olan borcumu ödəməliyəm… Gərək vaxt ayıram, arada öz-özümdən soruşam görəm, niyə mən o qurbağa şəkillərinə baxmağa borcluyam? Bu borcu haçan verdim özüm-özümə? Yoxsa, facebook`a borcluyam?
…Facebookda çox vaxt keçirənlər tənha, həyatında heç kimi görmək istəməyən, ümidsiz, həyatı bir az da boş verən insanlardı. Normal adamların profillərinə baxanda görünür ki, ən tez üç günə bir status yazırlar. Belə də ki, nə yaxşı, facebook var! Adam tənha olmur. Hətta kiminsə statusunu “like” edəndə belə, adam özünü gərəkli sayır bəzən.
Elə-belə yazdım bunu. “Like” eləməsəniz də olar. Çünki neçə kilometr uzaqlıqda mənə nəsə olan kimi hiss edib, zəng vuran adam telefonda səsimin ölgünlüyünü görüb: “Necəsən?”-demədi. Telefonu keçirdi. Mən də “sağ ol” sözünü elə dedim ki, elə bil, sələmə pul verdim.
Özümdən soruşduğum suallar o qədərdir ki… Bir “Necəsən?” sualını öz-özümə ünvanlaya bilməyəcəyəmmi?! Oh… Bir bilən ola ha, bu sualın cavabını özümə verəndə necə səmimi oluram…
…Niyə insanlar ağlarkən “gülürəm” deyir? Gülərkən də göz yaşları kimi bir buluda sarılırlar? “Çünkisi” çox asan tapılır əslində… VAR olmaq üçün! Və sadəcə ÖZÜ kimi olmamaq xətrinə… Guya özləri kimi görünsələr, onlara da mənim kimi DƏLİ deyəcəklər…
Sonunu düşünmədən atdığımız bütün addımların zamanla səhv kimi üzümüzə çırpılmaması üçün yeganə çıxış yolu ürəyimizin səsinə qulaq asmaqdır. Bəzən bir ürəyin içində illərlə püskürməyə fürsət gözləyən vulkan da yata bilir, ya da sakit-sakit əsməyiylə ehtirasları söndürə bilən bahar nəsimi. Hər halda bütün bunların ahəngində keçir insan həyatı. Başdan-başa əməllərimizlə yazılan ömür kitabının elə epizodları var ki, orada etdiyimiz səhvlərdən nə proloqda, nə də epiloqda danışılır. Bütünlükdə isə yaşam romanımız elə bu səhvin üstündə qurulur bəzən. Sanki əvvəlindən axırına kimi bir notu kədərli, bir notu sevincli nəğmədir insan həyatı. Hayqırırıq, üsyan edirik taleyimizin verdiklərinə qarşı. Amma Çingiz Aytmatov demişkən, hərdən susmaq da lazımdır. Bəzi mətləbləri ürəyimizdə sirli saxlamağımız həyatı maraqlı edir. Axı bütün insanlar özü haqda olanları bütünlüklə açıb danışsa, onda tədqiqatçılara və yazıçılara ehtiyac qalmazdı ki… Yaxud da, bir ömür boyu axtarılan gizli həqiqətlər olmaz, həyatın dəyəri itərdi. Bu gün də önümüzə açılan həyat kitabının növbəti səhifəsində bir az könlümüzdə pünhan saxlayaq ki, sabahında oxuduğumuzda fikirləşməyə nə isə olsun.
…Uzaqdan, çox uzaqdan bir səs gələr, elə bilərsən, kimsə səni çağırır. Dönüb baxarsan geriyə, baxışlarına dəyən öz uşaqlıq şəklin olar. Orda, o şəkildə anasının ovuclarında oturmuş, boynunu düz saxlaya bilməyən bir oyuncağabənzər körpə görərsən. Üzünü döndərib qaçmaq, uzaqlaşmaq istəyərsən. Birdən körpənin səsi daha da cırlaşar… Körpə dil açar, çağırar:
-Eyyy…Şə-fa Və-li!
Darıxarsan, sadəcə, “ikinci qız” çağırıldığın zamanlar üçün… O zamanlar ki, heç xatırlaya da bilmirsən…
…Heç vaxt imkan verməyin ki, özünüz öz əlinizlə öz yaşam bağınızı qırasınız. Yenə həyat davam edəcək, amma içinizdə ölən ümidlərin yasını saxlamaq əvəzinə o yasla günə başlamağı öyrənmək məcburiyyətində qalırsınız…
Heç kimin ÖZÜ olmadığı dünyada varlığı ilə özümüzü döydüyümüz bircə ünvan var… Hərdən qurbağa şəkillərinə baxa-baxa ona üz tuturam və deyirəm:
-Bir könül xəstəsinə bu dünyadan getməyə kömək etməkçün əlində zəhər tutan həsrət ixtisaslı vicdan həkimi… Bir sənsən, bir sənsən olduğu kimi…
Üzr istəyirəm, telefonuma zəng gəlib illərin o üzündəki özümdən… Açmasam, inciyər, görüm nə deyir:
-Alo?
-Dur gəl bizə…Ortalıqda bir ovuc kül var, tökək bir-birimizin başına…
-Kimin ocağının külüdü o elə?
-BİZim…
-BİZim ocaq var idi?
-Hə…Məmmərzə qalamışdı dağların o üzündə…
-Külü burda nə gəzir?
-Yiyəsiz ocağın külünü külək daşıyar…
-Küləyə denən özünü yığışdırsın!!!!
-Hara?
-…Ürəyimə…Həkimlər deyir ürəyinin damarlarında tromb var…
-Külək neyniyəcək?
-Qanımı daşıyacaq…
-Allah Şəfanı versin…
…İnsanlar anlamırlar ki, öz uydurduqları yalanla özlərindən başqa kimisə aldada bilmirlər bəzən. Bəzənlərin çox olduğu yerdə uzaqları yaxın etmək çətin gəlir bizə. Düşünürəm ki, nə vaxtsa sonunu bildiyim bir yola çıxınca, niyə dönüş üçün o yolu təmir edə-edə getmişəm? Sonunda divar olduğunu ürəyim söyləyirdi. Sənə vaxtında qulaq asmadığım üçün bağışla məni, ürəyim. Vallah, bu baş sənin qulundu bundan sonra. Ayaqlar da başın. Apar, hara istəsən…
P.S: Qurbağalar eşitməsin, ayıbdı; o yolu yaxşı ki, təmir etmişəm…
Şəfa Vəli (2019)