Çapıb budaqlarını
Qabığını soyma sən.
Çox yemisən barını,
O ağaca qıyma sən.
Çiçəyini qoxlayıb
Çox batmısan ətrinə.
Amandır belə vaxtda
Belə dəymə xətrinə.
Baharda çiçəkləyib
Gülməsi yadındamı?
Zənbil-zənbil dərdiyin
Meyvəsi yadındamı?
Yadındamı balalar
Kölgəsinə qaçardı
Quşlar da səhər-səhər
O tərəfə uçardı?
Dünənki əhdi bu gün
Daşa çalmaq düzdümü?
Qocalıb, qarğıyanı
Gözdən salmaq düzdümü?
Bəlkə nəyəsə möhtac,
Bəlkə su üçün acdır?!
Barlı-barsız həyatda
Ağac yenə ağacdır.
05.X.88 Ağstafa