“Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

AFAQ MƏSUDUN HEKAYƏLƏRİNDƏ EKZİSTENSİALİZM

EXISTENTIALISM IN AFAQ MASUD’S STORIES

Zəhra Həsimova Elman

Azərbaycan Dillər Universiteti, Magistratura şöbəsi

0009-0004-7758-8073

ABSTACT

The concept of human self-development, accepting the meaninglessness of life and addressing issues related to human spirituality are presented by existential philosophy. Afaq Masud’s stories touch on these issues. Existential fiction themes include the purpose of existence, the inner life of man, spirituality, and the relationship between life and death.

Each story shows a person’s introspection, sense of meaninglessness, triumph, sadness, and the decisions and experiences they face. When these topics are discussed more widely, it becomes clear that Afaq Masud explores existentialist issues in his writings and emphasizes the need for people to face both the material and spiritual world in which they live.

The basic principles of existentialism are the establishment of a person’s self and existence, self-awareness and the search for meaninglessness. Afaq Masud’s stories explain the theory of the relationship between a person’s inner world and the external world in which they exist, and show the tendency of a person to care about himself.

The text delves into a number of important themes, including an exploration of the relationship between the spiritual and material worlds, the futility of human self-formation, and choices and freedoms. By describing these concerns in the works of Afag Masud, the importance of literature in human life and the enrichment of human existence are emphasized.

Afaq Masud’s writings thus explain the basic tenets and concepts of existentialism and demonstrate the value of literature as a vital resource for the study of the human condition and the meaning of existence. These stories provide an interesting framework for analyzing these themes, as they highlight the intricacies and challenges of both one’s inner world and the outer world.

Key word: Afaq Masud, Existentialism, Azerbaijani literature.

GİRİŞ

           “Bəzən mənə elə gəlir ki, nə isə, ayrı bir işlə məşğul oluram. Bəlkə də bu, heç ədəbiyyat deyil”. Azərbaycan ədəbiyyatının yazıçı və ədəbiyyatşünas ailəsində dünyaya göz açmış yazıçı-dramaturq və görkəmli nəsr ustalarından olan Afaq Məsud müsahibələrindən birində “Niyə məhz ədəbiyyat?” sualına yuxarıdakı cavabı verərək əslində ədəbiyyatın insanın ucsuz-bucaqsız dərinliyinə nüfuz edən əvəzsiz vasitə olduğunu açıq şəkildə ifadə etmişdir. Tələbəlik illərindən etibarən yazmağa başladığı hekayələrində insan , onun taleyi, daxili-mənəvi aləmi, yaşam və ölüm arasındakı incə xətti kiçik detallarla bəzəyən Afaq Məsudun “II İohan” , “Müdir”, “Alman kilsəsi”, “Gecə” , “Qonaqlıq”, “Bekar”, “ Çovğun” “Telefonda işıq”, “Can üstə”, “Üçüncü mərtəbədə”, “Oğru”, “Ədalət”, “Tək”, “Uydurma”, “Sərçələr”, “Dovşanın ölümü”, “Su” və s hekayələrində “insan və cəmiyyət” arasındakı münasibətlər fonunda insanın ekzistensial dəyərlərini ayrı- ayrı problemlər müstəvisində təsvir olunur. Bundan başqa qeyd etmək lazımdır ki, yazıçının hekayələrində “həyat–ölüm”, “insan mahiyyəti” kimi dialektik məfhumlar da ehtiva edilmişdir.

Ekzistensializm 19-cu əsrin ortalarında dominant sistematik fəlsəfəyə qarşı reaksiya olaraq yaranmışdır. Sören Kyerkeqor özü heç vaxt bu termindən istifadə etməməsinə baxmayaraq, ilk ekzistensialist filosof kimi qəbul edilir. Ekzistensialistlər, düşüncələrini dolaysız olaraq öz şəxsi həyatının bir aspektini aydınladan romanlar, dramalar və gündəliklər ilə təsvir edirlər. Ekzistensializmə görə, hər şey insanın özü ilə başlayır və bitir. İnsan situasiyaya görə deyil,

situasiya insana görə dəyişməlidir. Bu fərqli situasiyalarda isə insanların öz duyğu və davranışlarına görə mövqe və düşüncələri izah edilir. Azərbaycan ədəbiyyatında da bu Qərb fəlsəfəsinin təsirinə sonrakı dövrlərdə rast gəlinməyə başlamışdır. Qəhrəmanın ölüm qorxusu, pessimist ruhu , ətraf aləmə özgələşməsi və bu özgələşmədən doğan tənhalıq, azadlığa meyillilik, ətrafındakıları önəmsəməməsi ədəbiyyatımızda ekzistensial elementlərin səciyyəsini müəyyənləşdirir.

Hər bir millətin çağdaş nəsrində, bədii mətnlərində dünya ədəbiyyatının minilliklər boyu keçdiyi hadisələr, rastlaşdığı təbəddülatlar zaman keçdikcə bir daha qarşıya çıxır, özünü qabarıq bir şəkildə yansıdır. Avropa ədəbiyyatında XIX əsrin ortalarında yaranan, ədəbiyyatımıza isə müstəqillik illərində nüfuz etməyi bacarmış ekzistensial dəyərlər Afaq Məsudun qəhrəmanlarını da əhatə edir. Ekzistensializm – Azərbaycan ədəbiyyatında qərar tutmayan, Avropa ədəbiyyatı üçün isə doğma sayılan və yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasional, subyektiv, idealist, ədəbi-fəlsəhi cərəyandır. Məlumdur ki, ekzistensial dəyərlər şəxsi varlıqdan başlayır. Afaq Məsudun qəhrəmanları da bu dəyərlər çərçivəsində hərəkət edirlər. İnsanın varlıq ilə yoxluq arasında həqiqət arayışındakı bir “mən” , dünyanın isə bizi Allahdan ayıran sədd deyil, ona qovuşduran körpü olması kimi fikirlər obrazların daxili dünyasının əsasını təşkil edir. ( 2. Səh 29)

Yazıçının “II İohan” hekayəsində artıq varlıq və ölüm arasındakı insan həyatının mahiyyətini dərk edən Papa və hələ də öz “MƏN” inin axtarışında olan iki dost obrazı təsvir edilir. Yaşı ötmüş, ayaqda dura bilməyən Papanın ömrünün son çağlarında adı çəkilməyən və xristianlıq ilə heç bir əlaqəsi olmayan ölkəyə gələrək məhz bu ölkədə dünya müsəlmanları və xristianlarına müraciət etmək istəyini onun varlığın əbədiyyətinin dərk etməsi ilə əlaqələndirmək olar. Dini ekzistensializmə görə, insan ruh və bədənin, əbədiyyət və sonun, müvəqqəti və qalıcının, azadlıq və zərurinin bir sintezidir ( 3. Səh 45 ). Buna görə də, insan

tamamlanmış bir varlıq deyil. İnsanın tamamlanması isə tanrıya qovuşmaqdır, başqa bir deyimlə, “mən” ini tapmaqdır. Papa hər ikinin nümayəndələrinə müraciət edərək bu dinlərin birləşməsini xoşbəxtliyə — “həqiqət” ə çatmağın yeganə yolu olduğunu qeyd edir. Hekayədə ,eyni zaman, çərçivəsində “bədənlə ruh”, “gizli ilə aşkar” , “şüur və duyğu” kimi əks qütbləri xarakterizə edən iki dost obrazı oxucuya müxtəlif nöqteyi-nəzərdən baxmağa imkan yaradır. Bu məqamda ekzistensializmin “azadlıq və ümidsizlik” elementlərinin sanki bir qarşıdurmasını görürük. Ümidsizlik insanın azadlıq elementi ilə bağlıdır. Insanlar azad olduğundan, onlar daimi bir seçim ilə qarşılaşırlar. Varlıq prosesində insanlar “mən” olmaq istəyirlər və ya “mən” olmağın məsuliyyətindən çəkinirlər. Əgər insan “mən” ,başqa bir sözlə, özü olmaq istəsə, mütləq öz məhdudiyyətləri ilə qarşılaşacaq və ümidsizliyə düşəcəkdir. Əksinə, bir şəxs özü olmağı qəbul etmirsə, özündən başqası olmağa çalışacaq və bunun nəticəsində daha çox ümidsizliyə düçar olacaq ( 4. Səh 35 ). Havasız və əşyalarla dolu olan salonlara aludə olub monoton həyat tərzi sürən qəhrəmanın bu mərhələyə qədərki keşməkeşli yaşayışı , əzabları və daxili-mənəvi aləmi ilə arasındakı divarlar onun əvvəllər yazdığı şeirlərdəki sözlərin yarada biləcəyi duyğulardan — onu keçmiş həyatına bağlayan “mən”indən qaçmasına gətirib çıxarır. Qısaca, insanın bir sistem və ya məfhuma bağlılığı onu bir çox gerçəkliyi görməzdən gəlməyə vadar edir. Yazıçı həmçinin divarlarla əhatələnməyən insanın fərqində olmadan içərisindəki xislətinə də işarə etmiş, ona edilən, mənəvi dünyasını itirməsinə səbəb ola biləcək təklifə duyulan bir anlıq məmnunluğu vurğulamışdır.

Hər nə qədər fərdi yaradıcılıq məhsulu olsa da, yazıçının hekayələrində yaşadığı dövrün mənəvi-əxlaqi dəyərləri , cəmiyyət və mövcud şərtlərin təsiri də aydın şəkildə təsvir olunur. Yazıçının “Müdir” hekayəsində iki fərqli “mən” arasında qalmış qəhrəmanının güclü psixoloji təməllərə əsaslanan hadisələr fonunda “həqiqət” axtarışı təsvir olunur. Ekzistential və sürrealist ideyalarla işlənmiş qəhrəmanın daxili aləmi ilə çarpışmaları simvolik çalarlarla oxucuya

təqdim edilir. Sürrealizmə xas olan sayıqlama, yuxu və gerçəklik arasındakı sərhədlərin aradan qalxması faktları hekayədə diqqət çəkən məqamlardandır. İşdə tanış olduğu “Müdir” i ilə yuxularında görüşən obraz ailəsi ilə arasına sədd çəkir, hətta həyat yoldaşını öldürməyi belə düşünür. Nitsşenin “əxlaq” konsepsiyası mövqeyindən çıxış etsək , düşüncənin mərkəzində insanın yerləşdiyini görərik. Ekzistensializmə görə, insan seçimləri ilə, özünü formalaşdırmaqla azadlığı əldə edə bilər. İnsan ömür boyu mövcudluğuna nəyin yaxşı, nəyin pis təsir etdiyini müəyyən etməyə çalışır. Əgər bir fərd özü üçün zərərli olanı seçirsə və ya üstünlük verirsə, bu zaman “əxlaq” elementindən kənara çıxmış olur (5.Səh 15). Hekayənin qəhrəman bu qarşıdurmalar vəziyyətində daxili “mən” i ilə əlaqəsini itirmir, daim “bəlkə”lərdən istifadə edərək mübarizə edir. Sonda isə arvadının gözlərində absurd həyatının yansımasını görür. İnsanın ətraf aləmə , hətta ailəsinə yadlaşması prosesinə “Çovğun” hekayəsində də rast gəlirik. Səkinə və Qafar obrazlarının bir- birinə olan münasibəti bunun bariz nümunəsidir. Hər iki obraz keçmişdən gələn narahatlıqları bir-birləri ilə paylaşmayaraq bu yadlaşmanın təməlini əks etdirirlər. Onların gün ərzində görüləcək işlərin çox olmasına sevinmələri mühitin insanın daxili aləminə təsir edərək fiziki deyil, mənəvi uzaqlığın necə yaratdığını göstərir. “Çovğun” hekayəsində Qafar kişinin ahıl yaşında təmtərağın mənasızlığını dərk etməsi “II İohan” dakı Papa II İohan Paveli yadımıza salır. O da gəldiyi ölkədə iqamətgahdan imtina etmişdi. Belə məqamda, “üst insan” anlayışını xatırlamaq lazım gəlir. İnsanın seçimləri özünə məxsusdur. İnsan qorxaq və ya cəsur, ağıllı və ya axmaq olmağı seçə bildiyi kimi , maddiyyatla mənəviyyat arasında seçim etməkdə də azaddır. Həmin seçimlər azad fərdin təbiətini təşkil edir ( 8. Səh 35 ). Bu, hər iki obrazın maddi dünyadan əl çəkib həqiqət axtarışı ilə mənəvi dünyaya yönəlməsini göstərir. Mənəvi aləmə yüksəlib Tanrı qatına çatmaq ideyası Qərb fəlsəfəsində Nitsşenin “ali insan” (7. Səh 8 ) ,Şərq fəlsəfəsində isə “kamil insan” olma yolundakı anlayışları Afaq Məsudun hekayələrində özünü açıq şəkildə göstərir. Unutmaq olmaz ki, insan həmişə özü düşündüyündən artıqdır və hər bir insan özünü aşıb ali və ya kamil insan zirvəsinə çatmaq üçün çalışmalıdır.

İnsan və mövcudluğu izah etməkdə ədəbi dilin zənginliklərindən məharətlə istifadə etməyi bacaran Afaq Məsud ekzistensial simvolizmin müxtəlif çalarlarları ilə süslədiyi “Gecə” hekayəsində yuxu, külək arxetipi, imitasiya kimi mifoloji ünsürlərə yer verməklə folklor elementlərini daxili-mənəvi aləmi əks etdirən ayna kimi göstərmişdir. Yuxu hekayədə mənəviyyata açılan qapını, ölümdən sonrakı ölümsüzlüyü simvolizə edir. Hekayənin qəhrəmanı Talıb kişinin yuxuda gördüyü ağ saqqallı və ağ geyimli kişi bizə folklordakı Xızır obrazını xatırladır. Tədqiqatlarda «suyun külək və havanın himayəçisi» kimi təqdim olunan Xızır dastanlarımızda aşiq və məşuqun yuxusuna girərək onlara eşq badəsi içirdir , yalnız bundan sonra dastan qəhrəmanı haqq aşığına çevrilir. Talıb kişinin yuxusunda onu ucsuz-bucaqsız ağ səhraya aparan və qeybə çəkilən bu nurani obrazını haqqa və həqiqətə məhz Xızırın köməyi ilə çatmaq motivi ilə müqayisə etsək, ruh və bədənin sintezi olan insanın maddi – mənəvi aləm ortasında sadəcə bir vasitə olduğunu görmüş oluruq. Hekayədə diqqəti cəlb edən məqamlardan biri də külək arxetipidir. Külək dünyanın yaranmasında nizamlayıcı, təkan verici funksiya daşıması ilə bilinir. Əsərdə külək ölümü simvolizə edir. “Külək nəsə istəyir” cümləsi və Talıb kişinin ölümündən sonra çovğunun bitməsi bunu açıq şəkildə göstərir. Ölümün dünyanın axarını, onun nizamını təşkil etməsi və Talıb kişinin həmin küləyin uğultusunu yuxu ilə gerçəklik anlarında eşitməsini obrazın mövcudluq ilə ölüm arasındakı imitasiyası adlandırmağa imkan verir. Hekayənin qəhrəmanın ölümü ilə yox, yazın gəlib yağışın yağması ilə bitməsi obrazın maddi və mənəvi aləm arasındakı imitasiyası ideyasını bir daha təsdiqləmiş olur. Bunun üçün xüsusilə yaz ayının seçilməsi də təsadüfi görünmür. Yaz ayı mifoloji tədqiqatlarda təkanverici qüvvə kimi həyatın yenilənməsi, keçid dövrü kimi xarakterizə olunur.

Nəticə etibarilə, Azərbaycan ədəbiyyatının görkəmli nəsr ustalarından olan Afaq Məsudun hekayələri istər ümumi məzmunu, istərsə də ən xırda detalları ilə “maddiyyat ilə mənəviyyat”, “yaşam ilə ölüm”, “varlıq və heçlik” kimi

ekzistensial dəyərləri oxucuya çatdırmağa, onların insanın daxili aləmi, düşüncənin davranışlar ilə ziddiyyət və bağlılıqları haqqında fikrə yiyələnmələrinə nail olmuşdur. Ekzistensializmin formalaşması ilə birlikdə insan narahatlıq, qorxu, qayğı və seçimləriylə mövcudluğu tamamlamağa çalışan azad varlığa çevrilmişdir. Sonda isə bizi maraqlandıran bir sual meydana çıxır : “ Bəs əsl azadlıq varmı?”. Əgər “azad insan” konsepsiyasına fərdin fiziki davranışlarından asılı olaraq deyil, mənəvi duyğu və düşüncələrin nəzdində baxsaq, yazıçı-dramaturq Afaq Məsudun hekayələrindəki qəhrəmanların “mən” ən məhbus olduğunu görmüş olarıq ki, bu da Nitsşe fəlsəfəsinin “mən” içində “mən” ideyasını ağıllara gətirir. Hər halda, əgər insan nə olduğu barədə biliyə malik olduğunu hesab etsəydi, ekzistensialist fəlsəfə dərhal məhv olmuş olardı.

Ədəbiyyat siyahısı

  1. Afaq Məsud Seçilmiş əsərləri 2 cilddə 1-ci cild, Bakı , “Elm və Təhsil”, 2012, 592 s.
  2. Nurəddin Topçu “Varoluş Fəlsəfəsi – Hərəkət Fəlsəfəsi” , “Dərgah Yayınları” , Dekabr- 2010 , 64 s.
  3. Vədat Çələbi. “Kyerkeqor və Yaspersin varoluş fəlsəfəsində ağıl , din və iman ilişkisi”. Erciyes Üniversitesi Felsefe Bölümü. 2015, 123 s.
  4. Vədat Çələbi. “S. Kyerkeqor və J.P.Sartrın varoluş anlayışlarının qarşılaşdırılması”. Pamukkale Universiteti, Sosial Bilimler Institutu, Dənizli – 2008, 615 s.
  5. Fridrix Nitsşe “Dəccal” , Xan nəşriyyatı Bakı-2016, səh 120.
  6. Azad Nəbiyev “Filklorda fasiləsiz transfer və yuxu paradiqmaları” Bakı , “Elm və Təhsil” – 2011, 341 s.
  7. Fridrix Nitsşe “Zərdüşt belə deyirdi” Azərbaycan, “Qanun nəşriyyatı” 2016, 434 s.
  8. Əli Şəriəti “Özü olmayan adam” , Türkiyə , “Fecr Yayınları” Fevral 2012, 400 s.
  9.  Afaq Məsud rəsmi saytı , hekayələr, “Müdir” hekayəsi . https://www.afaqmesud.az/az/posts/category:10