Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanın əsas nümayəndəsi, milli romantik şeir və mənzum faciənin banisi böyük mütəfəkkir Hüseyn Cavid yaradıcılığında 1932-ci ildə-Firdovsinin 1000 illik yubileyi ərəfəsində yazdığı beş pərdəli faciəsi olan “Səyavuş “ əsəri mühüm yer tutur. Müəllif istər şeir, istərsə də dram əsərlərində ideyalarını obrazlar arasındakı dialoqlarda və onların daxili aləmində açıq şəkildə göstərmişdir.
Əsərdə əsas ideya xeyirlə şərin mübarizəsidir. Bu mübarizə atəşpərəstliyin təməli olan Zərdüştün “Avesta” sını xatırladır. Bu kitabdakı mübarizə çalarlarını “Səyavuş” əsərində də görmək mümkündür. Avestada xeyir və şərin üç dövrünü əhatə edən hadisələri Səyavuşun həyat mübarizəsi konteksində təhlil etsək, , onun hələ saraya gəlməmişdən əvvəlki gözəl həyatını sadəcə xeyirin hökm sürdüyü , sarayda gördüyü ikiüzlülük, yalan , zalım və yaltaqlıqları, Səyavuşun onlara olan münasibətini bu iki dilemma arasındakı mübarizə dövrü kimi səciyyələndirmək olar Bu zaman bir sual meydana çıxır. “Avesta” nın sonundakı xeyirin qələbə çaldığı mərhələni Səyavuşun faciəli sonu ilə necə əlaqələndirmək olar ? . Bu faciə ilk öncə Keykavus kimi cəlladlarım , şər niyyətli insanların qələbəsi kimi görünsə də , xeyirin mənəvi qələbəsi kimi qiymətləndirilir. Səyavuş nə qədər hökmdar oğlu da olsa , gördüyü pisliklərin onu əqidəsindən çevirməyinə icazə vermir, hətta bunlara qarşı dimdik durur. Şərqin Avestasından doğaraq qərb fəlsəfəsinin mərkəzi hissəsini təşkil edən bu motiv əsər boyu müqayisəli şəkildə özünü əks etdirir.
“Səyavuş” əsərini digərlərindən fərqləndirən cəhət proloqa bənzər “Başlanğıc” hissənin olmasıdır. Bu hissə bir növ xeyrin rəqibsiz olduğu zamanı əks etdirir – Səyavuş dostu, təlimçisi Zal Rüstəmlə bərabər əhalisi ədalətli, xeyirxah olan Zabilistanda təlimlər keçir, xoşbəxt həyat sürürlər. Xeyirlə şərin mübarizəsi atası Keykavusun onu saraya çağırması ilə başlayır. Xeyir ideyasını daşıyan Səyavuşun birdən-birə şər qaynağı olan saray mühitinə düşməsi və burada gördükləri konfiliktin əsasını təşkil edir. Cavidin əsərdə qoyduğu digər ideya qəhrəmanın faciəsidir. Bu iki ideya müəllif tərəfindən əlaqəli şəkildə verilmişdir. Belə ki, Səyavuş saraydakı əxlaqsızlıq, yaltaqlıq və buna göz yumanları gördükdən sonra onun bu aləmə aid olmadığını, mənən tək olduğunu görürük. Qəhrəmanın faciəsi və yeni ideya – müharibə və sülh məsələsi də elə burada başlayır. Kənddən çıxarkən yaşlı bir qadının ona dediyi
… Şən saraylar məğrur etməsin səni,
Düşün daim yoxsulların dərdini. (1.122)
misraları hər zaman Səyavuşu düşündürür. Səyavuş, həmçinin sülh elçisidir. O, Turan-Iran müharibəsində döyüşlərin əbəs olduğunu düşünür və dayısı Əfrasiyabın vəziri Piranla sülh bağlayır.
Bunca xalqı əzib bitirmək neçin?
Hər tərəfdən çəlik qollar seçilsin. (1.167)
Onun bu aləmə yadlığını ilk dəfə atası tərəfindən satqın adlandırıldığı zaman görürük. Bütün gördükləri, analığı olan Südabənin ona atdığı şər və s. onu məvəvi cəhətdən yorur, yeni bir cəmiyyət axtarışına sövq edir. Bu axtarışın nəticəsi isə onu dayısı Əfrasiyabın yanına gətirib çıxarır. Burada gördüyü xoş rəftar, dayısı qızı Firəngizlə evlənməsi Səyavuşa axtardığı xoşbəxtliyi tapdığını zənn etdirsə də, tezliklə gerçəkləri görür. Cavid burada Iranın türklərin düşməni olan Çin dövləti ilə birləşməsini böyük ustalıqla təsvir etmişdir. Səyavuşun Çin valisi ilə söhbəti bunu açıq şəkildə göstərir. Səyavuşun faciəsinin əsasını onu əhatə edən mühit qoyur. Çünki o, dünyadakı bütün eybəcərlikləri gördükləri halda qəbul edənlərə qarşı çıxır. Səyavuş əsərdə çoxlu insanlarla əhatə olunmuş yalqızdır. Elə faciəsinin səbəbi də yalqızlığıdır. Iran dövlətini-atasının sarayını tərk etməklə, şərdən yaxa qurtardığını düşünən Səyavuş yanılır. Südabənin intiqam hissi Səyavuşa-şər xeyrə qalib gəlir. Adından atasına yazılan məktub Səyavuşun sonu olur.
Keykavus bir cəllad, sən də bir cəllad. (1.253)
Bu misra ilə Səyavuş ilk hərəkəti ilə anlamadan onu satqın elan edən atasını və dayısını eyniləşdirir, cəllad adlandırır, həmçinin bu sözləri Kərşivəz onu arxadan vurduqdan sonra son sözləri kimi deyir. Son sözlərində belə cəlladlara baş əyməyən Səyavuş cismən ölsə də, mənən qalibdir, çünki o, öz əqidəsi yolunda ölmüşdür.
Düşünmək olar ki, Cavid “nə qədər ki, dünyada belə eybəcərliklər və bu eybəcərliklərə boyun əyənlər var, xeyrin də şərə qalib gəlməsi mümkün deyil” (2.216) -ideyası ilə insanlara dərs vermək, onları pisliklərdən çəkindirməyə çalışmışdır. Səyavuş öldükdən sonra Iran-Turan müharibəsinin yenidən kəskinləşməsi isə şərin artıq qalib gəldiyini açıq olaraq göstərir.
Cavid dühası bizə, sadəcə bir əsər ilə bir neçə ideyanın necə məna kəsb etdiyini öyrədir.
Ədəbiyyat
- Cavid H. Seçilmiş əsərləri. V cilddə, IVcild. Bakı: Lider nəşriyyat, 2005, 256 s.
- Sadiq Ş. Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası. Bakı: Hədəf nəşrləri, 2011, 369 s.