İsmayılova Nərgiz Rəfail qızı (Nargis) 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olub. Ailəlidir, bir oğlu, bir qızı var. 1993-cü ildə Zaqatala rayonunda orta məktəbə daxil olub, Ordubad Türk liseyində təhsilini davam etdirib. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirib.
2012-ci ildə Gəncə Dövlət Universitetinin “Xarici ölkə xalqaları ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirib.
2012-ci il dekabr ayının 1-dən Azərbaycan MEA-nın Naxçıvan Bölməsində Ədəbiyyat və İncəsənət İnstitutunun Ədəbiyyatşünaslıq Şöbəsində laborant, kiçik elmi işçi, elmi işçi, hazırda isə böyük elmi işçi vəzifəsində çalışır.
“XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya işi müdafiə edib. “Azərbaycan ədəbiyyatı” və “Dünya ədəbiyyatı” ixtisasları üzrə filologiya üzrə fəlsəfə doktorudur. Dosentdir.
60 elmi, 400-dən çox qəzet məqaləsinin müəllifidir. 6 bədii nəsr, 6 tərcümə əsərinin, 2 monoqrafiyanın müəllifidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin doktorantıdır. “İtaliya ədəbiyyatında postmodernizm və Azərbaycan bədii nəsri” sahəsində elmi tədqiqat işi aparır.
“İçimdəki Merilin”, “Qardələn”, “Müqəddəs məkan-Naxçıvan”, “Beklenen Dolunay”, “Qayıtmalısan”, “Əcəmi” adlı nəsr kitablarının müəllifidir. Həmçinin “İçimdəki Merilin” Türkiyədə, “Qardələn” İranda da nəşr olunaraq oxucu auditoriyasına çatdırılıb.
Bir neçə bədii və elmi kitabları, o cümlədən Elxan Yurdoğlu ilə birlikdə Türkiyəli yazıçı-şair Kahraman Tazeoğlunun bestsellerə çevrilmiş “Bukre” romanını türkcədən dilimizə çevirib.
Azərbaycan Yazıçılar, Jurnalistlər və Dünya Gənc Türk Yazarlar birliklərinin üzvü, gənc yazar kimi Prezident təqaüdçüsüdür. Maraq doğuran yazılarına və uğurlarına görə 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüb, muxtar respublikada “İlin yazıçısı”, “İlin jurnalisti” seçilib. AMEA Naxçıvan Bölməsinin “İlin alimi” fəxri diplomu ilə təltif edilib.
Ekspertlərin fikrincə, Nargisin sirli-sehirlı yazıları kvalifikasiyaya görə mifoloji fentezidir, postmodern nümunəsidir, endikcə dərinliklərə enir, təfəkkürün ən dərin qatlarında əbədi sual kimi qalmış cavabsızlıqlara cavab tapmaq çabası gösrərir. Məhz fərqlilik axtaranlar üçün onu mütaliə etmək çox maraqlıdır.