Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Cənubumun gecələri dözülməz..
Bir ay çıxar pəncərənə-baxarsan.
Kimsəyə dərd danışmazsan ölüncə,
Gün doğana ulduz kimi axarsan..
Cənubumun gecələri dözülməz..
Ürəyini ağladarsan gülüncə.
Boğazında nəfəsini sıxarsan
Allah sənə yeni nəfəs verincə.
Cənubumun gecələri çəkilməz
arzuların əllərindən gedincə.
Tələsərsən, gecikərsən yoluna
Qollarını vaxt çiynindən söküncə.
Cənubumun gecələri dözülməz
Bu dünyanı öz dünyanda sıxarsan.
Öldürərsən ümidləri yolunda,
Həyatından günlər, aylar çıxarsan.
Cənubumun gecələri dözülməz..
Baxışında gülüşlərin sönüncə.
Yağış kimi ağlamağa başlarsan
Bir sevənin yer altına köçüncə.