Qafqaz Əvəzoğlu

Qubadlının işqalından 20 il ötür

“Doğma yurd-yuva həsrəti” silsiləsindən

SIZILDAŞIRMI

Görən o yerlərdə yenə, ay Allah,
Şimşəklər oynaşıb şaqqıldaşırmı?!
Buludlar sıxanda kirpiklərini,
Sellər dərələrdə aşıb-daşırmı?!

Zümrüd bulaqların xoş nəğmələri,
Yenə oxşayırmı gen dərələri?!
Kükrəyən Bərgüşad, coşan Həkəri,
Çırpılıb daşlara qıjıldaşırmı?!

Şahinlər, şonqarlar ucalıqlarda,
Durnalar, turaclar ovalıqlarda,
Xınalı kəkliklər qayalıqlarda,
Veribən səs-səsə qaqqıldaşırmı?!

Səhərlər əsdikcə sərin küləklər,
Gəlintək nazlanan al biçənəklər,
Meşədə xəzəllər, çöldə çiçəklər,
Göllərdə lilparlar pıçıldaşırmı?!..