“Valideynlər bilməli” adlı bu əsər uşaq tərbiyəsində qarşıya çıxan çətinlikləri anlamaq və həll etmək, sağlam ailə mühiti yaratmaq istəyən hər kəs üçün çox gözəl və sadə dildə yazılmış bir mənbə ola bilər. Müəllif Eldar İlqaroğlu kitabında psixoloji araşdırmaları, şəxsi, pedaqoji təcrübələri və dini mənbələrdən gələn tövsiyələri bir araya gətirərək valideynliklə bağlı ən mühüm, ən əsas məsələlərə diqqət çəkməyə çalışıb. Bu kitabda təkcə nəzəri məlumatlara deyil, eyni zamanda praktiki tövsiyyələrə də yer ayrılır. Həmçinin kitab müəllifin öz qələmi ilə yazdığı hekayələrlə, bu hekayələrdəki ibrətamiz mesajlarla zənginləşib. Bundan əlavə, valideynlər üçün uşaqlar tərəfindən verilən ironik, düşündürücü suallar valideynləri uşaqlarının dünyasına daha yaxından baxmağa təşviq edir. Qeyd edək ki, “Valideynlər bilməli” müəllifin sayca 5-ci kitabıdır. Bundan əvvəl “Hamı təkdir bu dünyada” şeir və hekayələr, “Boladi Şəhidləri” oçerki, “Qızlar oxumasın” romanı və “Şəhidnamə” adlı esseler kitabları nəşr olunmuşdur.Eldar ilqaroğlu yaşadığı Lənkəran rayonunda 14 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğuldur.