“Ədəbiyyat və incəsənət” portalı Namiq Hacıheydərlinin şeirlərini təqdim edir. Bu dəfəki şeirlərin leytmotivi sevgidir, insanın təbiət və ilahi qüvvələr barədə düşüncələridir. Namiq Hacıheydərli bacarıqla qəzəl də yazır, onun bir qəzəli də sizlərin diqqətinizə çatdırılacaq.

SƏN…

Sən eşqin bağında bitən çiçəksən,

Eşq ilə yanmayan dərməsin səni.

Qaranlıq ürəkli, donuq baxışlı,

Sevgidən uzaq göz görməsin səni.

Adını çəkməsin; adını çəkən,

Adında bal kimi dadı duymasa;

Gəzməsin bu qutsal torpağın üstə,

Özünü ən mutlu bəndə saymasa.

Cismiylə yerləri nura bələyib,

Mələklə göylərdə yaşıyanımsan.

Türküstan çölünün, Tanrı dağının

Ətrini ruhunda daşıyanımsan.

DEDİ

Əllərimdən tutmasan,

Bu yollarda azaram.

Dedim: qoyma darıxım,

Dedi: tez-tez yazaram.

Dedim: incitsəm səni,

əfv edərmisən məni?!

Dedi: acı kəlməni

mən yaxşıya yozaram.

Dedim: qoyma baş qatam,

Kədər gölündə batam…

Dedi: sənə üz tutan

Dərdə quyu qazaram…

Ah çəkdim yana-yana;

“Mən atayam, sən ana…”

Dedi: hər şey bir yana,

Taleyimi pozaram.

Dedim: dərd oldum sənə…  

Dedi: eşqsiz yaşam nə?    

Ya yurd ollam eşqinə,

Ya da sənə məzaram.

OLAR

Ömrü yellərə vermək

Aqillərə ar olar.

Bir mürşid yanılarsa,

Min-min mürid xar olar.

Könüllərdə qalanlar;

Dünyada iz salanlar.

Var ikən yox olanlar,

Yoxkən necə var olar?!

Ulus, yurd nədi bilməz,

Canda varsa yad nəfəs.

Özgədən süd əmən kəs

Özgələrə yar olar.

Bədbəxt kimdi; yol əyən,

Qazancını yeməyən.

Haqqı görüb deməyən

Kor olar, həm kar olar.

(Söz demə almayana,

Tanrıdan dolmayana).

Könlü tox olmayana

Geniş yer də dar olar.

Yox! – deyib batma yasa,

Var! – söylə – var, hardasa;

Üç-beş yaxşı olmasa,

Yaşamaq çox zor olar.

BƏYAN

Külli aləm zülmət idi, biz o zaman gündüz idik,

Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.

O biz idik, Mudan çıxıb işıq yaydıq planetə,

Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.

Oxuyub səcdə etdiyin ayələri nazil edən,

4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.

“Var ol!” dedik, oldu aləm, bir nöqtədən doğdu nə var,

Əzəldən öncə var olan, sondan sonra ölməz idik.

Söyləyən biz, söylədən biz, endirən, həm enən bizdik,

Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.

İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq,

Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.

Bizə dindən bəhs eyləmə, biz endirdik o dinləri,

Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.

Əski yunanda Zevs olduq, misirlilər Amon dedi,

Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.

Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin,

İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)

Mənbə: https://edebiyyatveincesenet.az/