Son vaxtlar ədəbiyyatımızda bir canlanma müşahidə olunur. Baş verənlərə çaxnaşma, qaynama da demək olar. Təəssüf ki, bütün bunlar ədəbi müstəvidə yox, şəxsi münasibətlər çərçivəsində cərəyan edir.
Bu hərəkətlilik Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı öncəsi bəlkə də təbii sayıla bilər. Özünü ədəbiyyat adamı sayan bir çoxları özünü bu hadisələrin mərkəzində görməyə can atır. Ağrılı haldır ki, çoxu da bunu ədəbi əsərləri ilə yox, mübahisələrlə və kimlərisə qınaq obyektinə çevirməklə etməyə çalışır.
Amma bu kortəbii tozanaq və qarğaşalardan, deyişmə-didişmələrdən uzaq olub sırf ədəbi yaradıcılıqla məşğul olanlar da var Onlar çoxluq təşkil eləsələr də nəsə ortalarda görünmürlər. Yəqin bu da ondan irəli gəlir ki, onlar bu davanın ədəbiyyat naminə aparılan dava oçadığını, “yorğan davası” olduğunu anlayırlar.
Başını aşağı salıb işini görən belə yazarların çoxu əyalətdə yaşayan söz, ədəbiyyat adamlarıdır. Bu gün onlardan biri ilə söhbətləşəcəyik. O, istedadlı şair, AYB üzvü Əlirza Həsrətdir.
– Əlirza bəy, sizcə, ədəbiyyatımızda nə baş verir? AYB ilə Azad Yazarlar Ocağı arasında “savaş” bitməmiş AYB-çilər və Bakı Slavyan Universitetinin yaradıcılıq fakütəsinin yazarları başladılar. Bu olub-bitənlər əyalətdən necə görünür?
– Əslində mənim üçün AYO deyilən bir şey yoxdur. AYB-AYO qarşıdurmasına gəlincə isə düşünürəm ki, AYO AYB-də nə eyib axtarıbsa, güzgüdə özlərində gördüklərindən başqa bir şey görə bilməyib. O da həqiqətdir ki, AYB-də qınamalı şeylər də çoxdur. Hər il bir neçə insana təqaüd verirlər. Bu məsələdə yanlışlıqlar çoxdur. Görünən budur ki, təqaüdlərin verilməsində ədəbi meyarlar önə çəkilmir. Sanki heç maraqlanan yoxdur ki, bu adamın ədəbi fəaliyyəti buna imkan verir, yoxsa yox. Yəqin ki, o təqaüdçülərin hamısı üçün xahiş olunmur ki… Lap elə olsun. Həmin prezident təqaüdü alanlardan ilin sonunda yaradıcılıq hesabatı tələb olunmalıdır. Bu məsələlərə görə məsuliyyət daşıyan kimsə olmalıdır. Bax, məhz o kimsə gözə görsənmir! Mənsə AYB-nin ögey və qərib balasıyam. Qürbətdən hər halda AYB üçün isti bir şey deyə bilərəm. O ki qaldı AYB-çilər və yaradıcılıq fakütəsinin yazarlarına, bu haqda onu deyə bilərəm ki, iki qurumun rəhbərləri ədəbiyyatda sözün demiş yazarlardır. Məncə, ədəbiyyatdan başı çıxan hər kəs Anar müəllimi dəyərləndirməlidir.
– Çıxış yolunu nədə görürsünüz?
– Kiminsə tələbəsi inşafason bir şey yazır. Səhərisi gün də olur AYB-nin üzvü. Sonra da olur prezident təqaüdçüsü. Bəs AYB-nin çox sevdiyimiz rəhbərliyi bunları görmürmü? “Natəvan klubu”nda nə qədər dəyərsiz söz yığını ilə məşğul olanların kitab təqdimatı keçirilir. Onlara niyə bir irad tutan tapılmır?! Yazıq gənclik də elə bilir ki, müasir Azərbaycan ədəbiyyatı elə belə də olmalıdır. Bu neqativ halların həlli üçün köklü dəyişikliklər lazımdır.
– Ədəbi cərəyan və qruplar yaranır. Hər biri də iddialıdır. Bu iddiaların sonunda isə ədəbi maraqlardan çox şəxsi maraqların olduğu görünmürmü?
– Ədəbi qrupların yaranması yaxşı haldır. Amma əgər ədəbiyyata xidmət edəcəksə. AYO bir neçə il əvvəl çox fəal idi. AYO yaxşı yazıb şöhrətlənmək əvəzinə AYB-ni söyməklə, gərəksiz təhqirlərlə özünü əsl ədəbi ictimaiyyətin gözündən saldı.
– AYB- də gənc yazarlara münasibət heç də pis deyil axı…
– AYB yalançı gəncləşməyə doğru yox, həqiqi kamilləşməyə doğru addımlamalıdır ki, əvvəlki nüfuzunu qaytara bilsin.
Tural Balabəyli
Virtualaz.org