Süleyman Rəhimov Azərbaycan epopiyasının yaranması və inkişafında xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. Xalq şairi Səməd Vurğun yazıçını Azərbaycan nəsrinin yaddaşlarda qalan “uzaqgörən topu” hesab edərək demişdir: S.Rəhimov geniş müşahidə qabiliyyətinə, zəngin təcrübəyə, epik yazı manerasına malik olan böyük sənətkarın əsərlərində kənd həyatının təsviri əsas mövzulardan biri kimi geniş yer tutur. Onun əsərlərində iki cür kənd görürük, birincisi miskin görünüşə malik, haqsızlıqlarla dolu köhnə kənd, ikincisi isə inkişaf etmiş mədəni görkəmə iqtisadiyyata, yüksək ideyalar uğrunda mübarizə aparan insanlara, güclü texnikaya malik olan gur işıqlı kolxoz kəndini təsəvvürümüzdə canlandırırıq. Süleyman Rəhimov realist bir yazıçı kimi kənddə gedən sinfi mübarizəni, azadlıq mübarizəsini inandırıcı şəkildə təsvir etmişdir. Zülm və işgəncədən cana doymuş, mənlikləri alçaldılmış, təhqir edilmiş yoxsullar əl-ələ verərək işğalçılara qarşı mübarizə etmişlər. “Şamo”, “Ata və oğul”, “Aynalı” əsərlərində, “Ötən günlər dəftərindən” adlı hekayələr kitabında köhnə kəndin təsviri geniş şəkildə qələmə alınmışdır. “Şamo” dakı Şehli kəndinin təsvirində varlılarla kasıblar arasında ziddiyət aydın görürünür. Bu kənddə yaşayan varlılar dəbdəbəli həyat sürürlər, onlar ehtiyyacın nə olduğunu bilmədən yaşayırlar. Başqa bir tərəfdə isə yoxsulların qaranlıq daxmaları öz varlığından utanırmış kimi dərələrin küncünə, təpələrin yamacına sığınır. Bu yastı-yapalaq daxmalarda yaşayan insanlar bir parça çörəyə möhtac olurlar, onlar etiraz səslərini ucaltdıqda, söyülür, döyülür, təhqir edilirlər. Bu baxımdan müəllifin “Üzsüz qonaq”, “Muzdur əhvalatı”, “Mozalan kəndi”, “Xoruzlu dəsmal”, “Su ərizəsi” kimi hekayələri daha qabarıq şəkildə qələmə alınmışdır.
Yazıçı “Saçlı” romanında bu mübarizənin davamını, köhnə ictimai quruluşun tör-töküntüləri olan Zülmət və onun bandit dəstəsi, rayon icraiyyə komitəsi sədri kimi yüksək vəzifə tutan sinfi düşmən Qəşəm Sübhanverdizadə kimi ünsürlər azad kənd uğrunda mübarizəyə qarşı çıxırlar.Yeni qüvvələrin birgə səyi mübarizəsi nəticəsində Zülmət və Qəşəm kimiləri məhv edərək azad və mədəni kənd uğrunda apardıqları mübarizəyə nail olurlar. Uğrunda mübarizə apardıqları yeni kəndin gözəl və firavan həyatı inqilabdan əvvəlki kənddən fərqləndiyi kimi, onun insanları da hüquqsuz kəndlilərdən fərqlənirlər. Onlar cəmiyyət üçün insanların rifahı naminə xeyirxah işlərlə məşğul olurlar. Bu baxımdan ədibin “Yanan buludlar” adlı hekayə-oçerki xüsusilə diqqəti cəlb edir. Əsərdə Sovet hakimiyyəti illərində xalqımızın daim artan mədəni tələblərindən bəhs olunur. Hekayənin qəhrəmanı Nəbi kişi inkişafı düzgün başa düşən bir surət kimi verilmişdir. Nəbi kişi böyük bir kolxoza başçılıq edirdi. Onun sədr olduğu kolxoz zəngin həyatın canlı bir nümunəsidir. O, istəyir ki, insanlar daha çox işlərə qadir olsun, məhsul bolluğu yaratmaq uğrunda mübarizənin ön sırasında getsinlər. Müasir kənd mövzusunda yazılmış “Ağbulaq dağlarında” romanında yeni həyat, yeni ictimai münasibətlər xüsusi yer tutur. Əsərin qəhrəmanı Şiraslan Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş atası kimi xeyirxah işlər görmək, xalqa xidmət etmək arzusu ilə yaşayır. “Qardaş qəbri”, “Mehman”, “Ana abidəsi” və bu kimi başqa əsərlərində Süleyman Rəhimov kənd həyatından sonuz bir məhəbbətlə söhbət açır. Süleyman Rəhimovun xalq həyatı ilə yaxından bağlılığı və yaratdığı obrazlar sözün həqiqi mənasında onun kənd həyatı ilə bağlılığından irəli gəlir. Geniş xalq həyatını, Azərbaycan zəhmətkeşlərinin xoşbəxt həyat uğrunda mübarizəsini inqilab illərində və quruculuq dövründə keçdiyi həyat yolunu göstərən bədii əsərlərimiz çoxluq təşkil edir. Ancaq xalq həyatının vüsəti, əzəməti və inkişafı haqqında danışanda Süleyman Rəhimovun əsərləri ön sırada gəlir. Onun əsərlərində xalq həyatını dərindən, istedadla, böyük yaradıcılıq əzmi ilə qələmə aldığını müşahidə edirik. Süleyman Rəhimov öz yaradıcılıq işini həmişə geniş ictimai fəaliyyətlə əlaqələndirmiş, bir yazıçı və vətəndaş kimi xalqımızın və partiyamızın qarşıya qoyduğu vəzifələri, sədaqətlə yerinə yetirmişdir. O, belə hesab etmişdir ki, “yazıçı harada, hansı şəraitdə olursa-olsun onun ürəyi yaradıcı sənətkar ürəyi olaraq çırpınmalıdır. Bu çırpıntı olaraq qalmamalı, ötüb keçməməlidir. O, əməklə, qələmlə, kağızla birləşməli, yüksək bədii məhsulunu verməlidir”! Yaradıcılıq işini ictimai fəaliyyətdən ayrı təsəvvür etməyən sənətkarın zəhməti qəlb çırpıntıları öz bəhrəsini vermişdir. Sosialist Əməyi Qəhrəmanı adı Süleyman Rəhimovun və bütünlükdə Azərbaycan sovet ədəbiyyatının bədii nailiyyətlərinin yüksək qiymətləndirilməsi, yaradıcı zəhmətin şöhrətidir. Onun bir sənətkar kimi qələmi həmişə nurlu olmuşdur. (Teymur Əhmədov)
Yazıçı sənətin və sənətkarın yaradıcısı olan xalqı tanımaq, xalqın qüdrətini, ləyaqətini dərk etməyi, ona arxalanmağı əsərlərində, sadə insanların təsvirində müvəffəq olmuşdur. Ədib xalqa onun qatı düşmənlərini tanıtdırmaqda, müxtəlif əks-inqilabçı qüvvələrin cəhalətin, meşşanların, məsləksizlərin iç üzünü açmaqda bir inqilabçı yazıçı kimi xalq arasında tanınmışdır. Süleyman Rəhimovun əsərlərində əks olunan böyük həyat həqiqətlərindən biri də sovet xalqları arasındakı sarsılmaz beynəlmiləl birliyinin tarixi kökləri və bu qardaşlığın böyük həyatı gücü ilə yeni məzmun kəsb etməsidir. Humanizim, xalqalar dostluğu ideyası tarix boyu ədəbiyyatda, incəsənətdə bəşəri bir arzu kimi təbliğ edilmişdir. Bu həqiqət S.Rəhimovun yaratdığı obrazlarda müxtəlif millətlərdən olan inqilabçı qəhrəmanlarda, onların məslək, əqidə birliyində çoxmənalı ifadəsini tapmışdır.
Müasir ədəbiyyatımızın şöhrətlənməsində, müxtəlif millətlərdən geniş oxucu kütləsi cəlb etməsində onun əsərlərinin təsiri çox güclü olmuşdur. Xalqımızın gözəl mənəvi keyfiyyətlərini, qəhrəmanlıq ənənələrini igid babaların ağ günlər üçün fədakarlığını söz sənətində yaşatdığına, əbədiləşdirdiyinə görə Süleyman Rəhimov sevilərək oxunan yazıçılardan olmuşdur.
Məhşur ədib E.Heminquey həqiqi yazıçını məmbəyi çox dərinliklərdə olan sərin sulu kəhrizə bənzədir. Əgər bu kəhriz mənşəyini başı qarlı uca dağların yeraltı laylarından alırsa, heç zaman bitib tükənmir, dayanmır, qurumur, daim axır, ana yurdun göllərinə, çəmənlərinə, ucsuz-bucaqsız tarlalarına gözəllik və bərəkət çiləyir. Süleyman Rəhimov bitib tükənməyən kəhriz kimi milyonlarla insanların ürəklərinə əsərləri vasitəsiilə sərin su çiləyir. Bu ilham bulağı inqilabi keçmişimizə üz tutaraq xalqın yeni ideyalarla silahlanıb hakimiyyəti ələ alması onun əsərlərində təkraredilməz lövhələrlə verimişdir. Yazıçı müharibədən əvvəlki yeni həyatın necə çətin və mürəkkəb şəraitdə qurulmasından, Böyük Vətən müharibəsində xalqımızın nailiyyətlərindən bəhs edən üçcildlik “Saçlı”, romanı yaradıcı ziyalılarımızın zəhmətindən danışan “Ana abidəsi”, təbii sərvətlərin insan səadətinə tabe olmasından bəhs edən “Ağbulaq dağlarında” əsərləri xalqımızın tarixinə şərəfli və ləyaqətli səhifələr yazan qəhrəman Həcər və Nəbinin əfsanəvi igidliyindən danışan “Qafqaz qartalı”, müasir dövrümüzün mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edən “Qoşqar qızı”, C.Məmmədquluzadəyə həsr olunmuş “Uğundu” romanlarını yaratmışdır. Bu ilham bulağından məkdəbdən, maarifdən bəhs edən “Ata və oğul”, hüquq işçilərinin həyatından canlı lövhələr yaradan “Mehman” əsəri onun səmərəli yaradıcılıq axtarışlarının nəticəsi idi. Bu görkəmli realist sənətkarın əsərlərində xalqın tərəqqisinə maneçilik törədən qüvvələr, mənfi tiplər çox böyük ustalıqla qələmə alınmışdır. Ədib bədii yaradıcılığa başladığı ilk vaxtlardan bu məsələyə xüsusi əhəmiyyət vermiş, qabaqcıl cəmiyyətdə mütərəqqi qüvvələrin mənafeyinə xidmət edənlərlə daha çox maraqlanmışdır. Cəsarətlə demək olar ki, əsərdən-əsərə onun müsbət qəhrəmanları qüvvətlənmiş, canlılıq və gerçəklik kəsb etmişdir. Görkəmli alim Məmməd Arif müasirlik probleminə toxunaraq yazırdı: “Müasir mövzu dediyimiz zaman bəziləri bunu sadəcə bugünkü gündən yazmaq mənasında başa düşürdülər. Lakin unutmamalıdırlar ki, sovet yazıçısı üçün müasir mövzu, sovet həyatının həqiqi simasını, onun əsas nailiyyət və çətinliklərini, insanlarının yaradıcılığını, mənəvi aləmini, sevinc və kədərini təsvir etmək deməkdir. Müasir mövzu deyərkən həyatımızın səciyyəvi adamlarını və hadisələrini, fikrini və ruhunu nəzərdə tutmalıyıq. Bu, hər zaman belə olub, bizdə də belə olmalıdır”.
Böyük Vətən müharibəsinin qızğın günlərində otuzuncu illərin hadisələrinə müraciət edən ədib bu məqsədlə, ədəbiyyatımıza “Mehman” povesti kimi qiymətli bir əsər ərsəyə gətirmişdir. Vətən müharibəsinin ağır illərindən insanlarımızın qəhrəmanlıqlarından, dostluqlarından, vətənpərvərliklərindən bəhs edən “Medalyon”, “Qardaş qəbri”, “Torpağın səsi”, insanların saflığından söhbət açan “Gəlin qayası”, mənəvi sərvətimiz olan durna gözlü göllərimizdən söhbət açan “Gəlin qayası”, “Güzgü göl”, qəzəbli ata məhəbbəti ilə damğalanan “Kəsilməyən kişnərti”, həqiqət və azadlıq uğrunda düşünən insanların ürək döyüntüsünü tərənnüm edən, şöhrət və mülkiyyət əsiri olan adamları damğalayan “Məhtaban”, məhəbbətin əbədiliyindən bəhs edən “Bəhram və Zərəfşan” və s. kimi mənalı, gözəl povestlər, həmçinin “Pəri çınqılı”, “Gülən balıq”, “Gülsabah”, “Su ərizəsi”, “Minnətsiz çörək” kimi qiymətli hekayələr də böyük sənətkarın ilham çeşməsinin məhsuludur. Heç də tam olmayan bu siyahıdan aydın görünür ki, yazıçının mövzu dairəsi son dərəcə geniş və rəngarəngdir. Xalqımızın bir əsrdən artıq dövrünü əhatə edən Süleyman Rəhimov sözün həqiqi mənasında qüdrətli qələm sahibi, unudulmaz xarakterlər yaratmaq, xalq dilinə, ruhuna hakim olmaq, onun keçmişində işıqlı cəhətləri müasir baxışla süzgəcdən keçirib bugünün oxucusuna çatdıran böyük sənətkardır. Yazıçını həmişə ön cəbhədə olan, sarsılmayan, mərd, vüqarlı bir əsgərə bənzətmək olar. Azərbaycan sovet ədəbiyyatının beşiyi başında ayıq-sayıq dayanan bu mərd ürəkli, fəhlə hünərli əsgərin dizləri heç zaman qatlanmamışdır. O, xalqa sıx ideyalarla bağlanmışdır. Ədibin özü demişdir: “Mən hər dəfə əlimə qələm alanda elə bil silah götürüb səngərə girirəm. Ədəbiyyat ən böyük səngərdir. Əlbəttə burada atəş açılmır, toplar, tanklar, təyyarələr vuruşmur, hisslər, fikirlər, düşüncələr vuruşur, dünya görüşləri çarpışır. Yazıçı öz əsərləri vasitəsiilə oxucularının qəlbinin dərinliklərinə nüfuz edir. Onun öz sözləri ilə desək, həqiqi yazıçı bu mənada əlinə qələm alan gündən son nəfəsinə qədər səfərbər olmalıdır”.
Süleyman Rəhimovun yaratdığı surətlərin çoxu onunla bir cəmiyyətdə yaşayan, müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar olmuşdur. Yazıçının istedadını yüksək qiymətləndirən Səməd Vurğun yazmışdır: “Süleyman nadir simalardandır. O, çox cürətli adamdır. Məhz buna görə də mən ona bağlıyam. O, Azərbaycan ədəbiyyatının ağır artileriyasıdır. Hər hansı bir sözü Rəhimov istədiyi şəkilə salmaq gücünə malikdir. Lakin onun qələmi nə qədər müti vəziyyətə düşsə də, əsas bir məqsədə, surətin daxili aləmini, psixologiyasını, ictimai-siyasi baxışlarını açmağa xidmət edir. Maraqlıdır ki, onun yaratdığı yüzlərlə surət danışıq tərzi, xarakteri, cəmiyyətdəki yeri, mövqeyi ilə seçilir, yadda qalır. Yazıçı bu müxtəlif xarakterli, müxtəlif səviyyəli surətləri bacarıqla bir sırada birləşdirir. Onun üslubunu surətlərin sayından və xarakterindən asılı olaraq çox səsli musiqi alətinə bənzətmək olar. Bu kimi məziyyətlər onu xalq ruhunun incəliklərinə, adət-ənənəsinə, dilinə bələd olan bir sənətkar kimi tanımaq imkanı verir. Yazıçının yaradıcılığında sağlam və sərt realizm, xalq müdrikliyi və yumoru üzvi surətdə birləşir, eyni zamanda bu birləşmədə xalq həyatının və insanların münasibətlərindəki təsvirin həyatiliyi dərin ictimai-tarixi ümumiləşdirmə yolu ilə göstərilir. Həmçinin xalq arasındakı satirik nağılların süjet və surətlərin ədib tərəfindən məhəbbətlə işlənməsi yazıçının üslubunda və xarakterində öz əksini tapır”.
Süleyman Rəhimov əlli ildən artıq həvəs və məhəbbətlə, enerjisini əsirgəmədən yazıb-yaratmış, zəhməti sayəsində necə möcüzələrə qadir olduğunu yazdığı əsərləri vasitəsilə sübut etmişdir. O, özünü Azərbaycan xalqının və ədəbiyyatının “əli qələm tutan fəhləsi” adlandırır və bununla fəxr edir. O zamankı partiya və hökumətimiz onun əməyini qiymətləndirmiş, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri ad vermişdir.
Sənətdə müasirlik geniş anlayışdır. Onu ancaq günün hadisələrindən yazmaq mənasında başa düşmək birtərəfli olardı. Müasirlik ruhu mövzudan daha artıq, müəllifin qələmə aldığı hadisələrə münasibətindən, mövqeyindən asılıdır. Yazıçı daima orijinal istedad, axtaran böyük sənətkardır. Ədib haqqında yazan azərbaycan və rus tənqidçiləri onun qüdrətli söz ustası olduğunu dəfələrlə qeyd etmişdilər. Görkəmli sənətkarın kitablarında respublikamızın təxminən bir əsrlik tarixinin bədii salnaməsi yaradılmışdır. Onun roman və povestlərində, hekayə və xatirələrində XIX əsrin ikinci yarısından başlayaraq, xalqımızın azadlıq və sosializm uğrunda mübarizəsinin parlaq səhifələri, kəskin sinfi toqquşmaların geniş lövhəsi, adamların dünyabaxışı və əxlaqında baş vermiş mühüm dəyişikliklər öz əksini tapmışdır.
Xalq yazıçısı Süleyman Rəhimov böyük ictimai-siyasi və maarifçilik fəaliyyəti ilə ədəbi yaradıcılıq işini ustalıqla əlaqələndirib, onlarca dəyərli romanlar, povestlər, hekayələrlə yanaşı elmi və publisistik məqalələr də yazmışdır. Azərbaycan sovet nəsrinin və pedoqoji fikrinin inkişafında mühüm mərhələ təşkil edən zəngin irsdə Azərbaycan xalqının həyat yolu, inqilabi mübarizəsi, keçmişi və gələcəyi ilə bağlı vacib məsələlər, digər tərəfdən gənc nəslin təlim-tərbiyə məsələləri son dərəcə parlaq və inandırıcı şəkildə təsvir olunmuşdur. Hələ gənc yaşlarında xeyli müddət müəllim işləmiş bu böyük sənətkarın elə bir əsəri tapılmaz ki, orada xalq maarifinə, məktəbə, müəllimə bir sözlə mühüm pedaqoji məsələlərə öz dəyərli fikirlərini çatdırmamış olsun. Müəllimlik müqəddəs sənətdir. Körpə balalara təlim-tərbiyə vermək, onları yetişdirib boya-başa çatdırmaq, gələcək üçün faydalı vətəndaşlar hazırlamaq vacib və gərəklidir. Bütün bu deyilənlərlə yanaşı S.Rəhimov öz məqalələrinin birində yazmışdır: “Sənətkar üçün daha mən zirvəyə çatdım” demək ən qorxulu və dəhşətli xəstəlikdir. Sənətkar özünə qarşı daima tələbkar olmalıdır.
Süleyman Rəhimovun yaradıcılıq gücü nədədir? Nə üçün görkəmli ədəbiyyatşünaslar onu bu dərəcədə yüksək qiymətləndirmişlər?
Ədibin əsərləri haqqında yazmış müəlliflərin siyahısı çox genişdir. Onların arasında akademik Məmməd Arif, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü M.Cəfər, filologiya elmlər doktoru professor Cəfər Xəndan, Ağamusa Axundov, Qulu Xəlilov, Məsud Əlioğlu, Pənah Xəlilov, Musa Adilov kimi tanınmış alimlər vardır. Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal, Əli Vəliyev kimi görkəmli söz ustaları öz qələm yoldaşları haqqında yüksək fikir söyləmişlər. Rus yazıçı və ədəbiyyatşünaslarından Y.Libedinski, K.Simoniv, K.Zelinski, Z.Kedrina, A.Adalis, Q.Lomidze, N.Vorobeyeva, S.Xitarova və başqaları ədibin yaradıcılığı ilə maraqlanmış, əhəmiyyətli mülahizələr irəli sürmüşlər.
Yuxarıda adları çəkilən tənqidçi və ədəbiyyatşünaslar Süleyman Rəhimovun yaradıcılığını, sənətkarlıq xüsusiyyətlərini yüksək qiymətləndirmişlər!
Köksündə min əsər yaşadır hər gün,
Günəşdən od alır hər bir əsərin.
Sənətlə ölçülür sənətkar ömrün,
Sənə haqqımız var sənətkar deyək.
***
Fatehlər susdurub sənətkar səsi,
Qartal qanadlısan zirvələrdə gəz!
Öz eli ucalda bilməyən kəsi,
Bəşər də yığılsa ucalda bilməz.
***
Sənin ömrün bu həyata bənzəyir,
Muganı da mil düzü də var onun.
Ömr yolun kainata bənzəyir,
Qartal qanadlısan zirvələrdə gəz!
***
Bədii yaradıcılıq qocalmaq bilməyən sənətdir. Yazıçı həyat həqiqəti ilə bədii həqiqətin uyğunluğuna daha ciddi diqqət verir. Əsərlərində yüz illik həyatı yaşadan, ədəbiyyatımızı zənginləşdirən belə sənətkarlara ehtiyyacımız daha çoxdur. Süleyman Rəhimovun yaradıcılığından, onun mənalı həyatından söz açmaq, yarım əsrdən artıq mürəkkəb bir dövrün mübarizələrlə dolu səhifələrini varaqlamaq deməkdir. Mənalı və məhsuldar həyatının ən yüksək zirvələrinə çatmış, sənətkarımızın keçdiyi həyat yolu ədəbi gəncliyimiz üçün vətənə sədaqət nümunəsidir.
Əminik ki, ədibin sevə-sevə yaratdığı, öz müasirliyini saxlayan əsərləri heç vaxt qiymətini itirməyəcək, nəsillər dəyişdikcə sevilərək oxunacaq.
AMEA Nizami Gəncəvi adına ədəbiyyat insitutunun XX əsr şöbəsinin əməkdaşı
08.08.2024 Ədalət Rəsulova