XX əsr Azərərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri də Xalidə Hasilovadır. Görkəmli yazıçı, dramaturq, nüfuzlu dövlət və ictimai xadim olan X.Hasilova 1920-ci ilin 19 aprelində Azərbaycanın səfalı yerlərindən olan Zaqatalada anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirən Xalidə Zaqatala Pedaqoji Texnikumunda təhsil almışdır. Texnikumu qurtardıqdan sonra bir müddət Qımır kəndində ibtidai sinif müəllimi işləmişdir. Təhsilini davam etdirmək arzusu Xalidə xanımı Leninqrad (indiki S.Peterburq) Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1939-1941-ci illərdə orada təhsil aldığı müddətdə Böyük Vətən müharibəsi başlandılğı üçün o Bakıya qayıdaraq Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir. Xalidə xanım müəllimə işləməklə bərabər ictimai işlərlə də yaxından məşğul olmuşdur. O, Birinci Azərbaycan Qurultayının nümayəndəsi kimi “Şərq qadını” jurnalının 1938-ci il sayında “Kəndimizin mədəni həyatda yüksəlməsinə çalışacağam” adlı məqaləsi ilə publisistik fəaliyyətə başlamışdır. Sonralar yazıçının “Kiçik hekayələr”, “Yaşıl ayna” kitabları məktəb yaşlı uşaqların həyatından bəhs olunmuşdur. Onun “Sular durulur”, “Onun taleyi”, “Unutmaram”, “Xatirə”, “Xatirənin sorağı ilə” kitablarındakı hekayə və povestlərində; “Nəğmali könül”, “Həsrət”, “Hamı doğmadır mənə” və s. pyeslərində müasir insanların mənəvi aləmindən bəhs etmişdir. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunmuşdur. O, “Bir sahilin adamları” pyesinə görə Dövlət mükafatına layiq görülmüşdür. Tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş Xlidə xanım qiymətli tərcümələri ilə ədəbiyyatımıza zəngin əsərlər bəxş etmişdir. Bu baxımdan onun N.Nosovun “Şən ailə”, N.Tixonovun “İgid partizan”, İlda Pereranın “Zənci balası Atolo”, Ə.Nesinin “İndiki uşaqlar möcüzədir”, qardaş türk yazıçısı Melih Bayramın “Günəş gözlü Mustafa Kamal” tərcümə etdiyi əsərləri nümunə göstərmək olar. Yazıçı uşaq ədəbiyyatı problemlərinə həsr olunan “Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında”, “Gözəl duyğular”, “Uşaqlara yüksək keyfiyyətli əsərlər verək”, “Ədəbiyyat və tərbiyə” və s. kimi əsərlərin müəllifidir.
Xalidə Hasilova 1966-1972-ci illərdə “Göyərçin” jurnalının 1972-ci ildən isə ömrünün sonuna qədər “Azərbaycan qadını” jurnalının baş redaktoru olmuşdur. Onun zəngin fəaliyyəti bilavasitə Azərbaycan qadınlarının problemləri ilə bağlı olmuşdur. Uzun müddət Azərbaycan Qadınlar Şurası Rəyasət heyyətinin üzvü kimi qadın hüquqlarının müdafiəsi uğrunda mübarizə aparmışdır. Dəvət olunduğu xarici ölkələrdə nümayəndə heyyətinin tərkibində Macarıstan, Almaniya, İsveçrə, İran, Yaponiyada səfərlərdə olmuşdur.
Xalidə Hasilova həm xalqın, həm də dövlətin dəyərləndirdiyi, qiymətləndirdiyi nasirlərimizdən olmuşdur. Ötən əsrin 70-ci illərində 50 illik yubleyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edən Ümummilli lider Heydər Əliyev Xalidə Hasilovanın ünvanına xoş sözlər söyləyərək onu “Azərbaycan qadın yazıçılarının ən fəallarından biri kimi təqdim edərək onu “Şərəf nişanı” ordeninə layiq görmüşdür. Ulu öndərin qayğısı ilə 1980-ci ildə “Qırmızı əmək bayrağı” ordeninə layiq görülmüşdür.
1990-cı ildə ölkədə baş verən qanlı hadisələr Xalidə Hasilovanı dərindən sarsıdır. O, ağlar səsi ilə “Heydər Əliyevin yeri görünür”… deyərək dolmuş gözlərini uzaqlara dikir.
Qeyd etmək lazımdır ki, teatr rejisorları da tez-tez Xalidə xanımın yaradıcılığına müraciət etmişlər. Müəllifin “Həsrət”, “Həyat özü bir nəğmədir”, “Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli könül” pyesləri müxtəlif teatrların səhnələrində tamaşaya qoyulmuşdur. Onun “Bir sahilin adamları” əsəri Gənc Tamaşaçılar Teatrının, “Nəğməli könül” əsəri isə Musiqili Dram Teatrının səhnələrində tamaşaçıların rəğbətini qazanmışdır. Yaradıcı insanın şəxsiyyəti, insani keyfiyyətləri onun sənətkar taleində də özünü göstərir… Yazıçının keçdiyi həyat yolu asan olmayıb. Qazandığı, əldə etdiyi nə varsa, hamısı ağır zəhmət bahasına başa gəlmişdir. Aşıb-daşan yazıb-yaratmaq eşqi onu bu çətinliklərdən qalib çıxardıb. Müxtəlif çətinliklərə sinə gərən yazıçının qələmə aldığı qəhrəmanları da özü kimi çətin talehli adamlar olmuşdur. Bu qəhrəmanlar onun çətin həyat yollarında rast gəldiyi, ünsiyyət bağladığı, dərdinə-kədərinə şərik olduğu insanlar olmuşdur. Bir-birinə bənzəməyən bu insanların qayğısını ürəyində dərd edən yazıçı düşünə-düşünə özündə doğmalaşdırıb. Hekayələrinə, povestlərinə, dram əsərlərinin qəhrəmanı edərək onları əbədiləşdirib.
Yazıçının müxtəlif illərdə nəşr etdirdiyi “İlk məktub”, “Ləpələr”, “Dəniz çıraqları”, “Atlas yarpaqlar”, “Zəhra”, “Unutmaram”, “Xatirə”, “Məhəbbət olanda”, “Çilçıraq”, “Xatirənin sorağı ilə”, “Ləpəli sahilin xatirələri”, “Onun taleyi” və s. kitabları həyat materiallarının zənginliyi, yüksək ideya-bədii xüsusiyyətlərinə görə geniş oxucu rəğbəti qazanmış və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.
Xalidə Hasilovanın əsərləri bir sıra SSRİ xalqlarının və eləcədə xarici ölkə xalqlarının dillərinə tərcümə edilərək layiqincə qiymətləndirilmişdir.
Bir sıra tanınmış elm və ədəbiyyat adamları onun əsərlərini qiymətləndirərərk demişlər:- “Hikmət Ziya: Xalidə xanım nəsrimizin daim maraqlı olan hekayə janrına həmişə sadiqdir. Roman və povestlər yazmaq müntəzəm gərgin əmək, vaxt tələb etsə də o hekayələr yazmağa da vaxt tapır”.
“Svetlana Nəcəfova: X.Hasilovanın nəsr əsərlərinə xas olan konkretlik, fikrini mümkün qədər az sözlə ifadə etmək bacarığı onun nə vaxtsa dramatuirgiyaya müraciət edəcəyini əvvəlcədən müəyyənləşdirmişdir. Respublika teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulmuş pyesləri bu fikri bir daha təsdiq etmişdir”.
“Ədalət Mehdiyev:(Polkovnik-Leytenant) X.Hasilovanın hekayələri gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması kimi vacib bir işə əvəzsiz töhfədir. Bu hekayələrlə tanışlıq oxucuda belə bir inam, qənaət yaradır ki, haqq işimiz mütləq qələbə çalacaq, əzabkeş xalq əldə etdiyi müstəqillik yollarında inamla addımlayacaq, özü öz sərvətinin, taleyinin, torpağının sahibi olacaqdır”.
“Əjdər Ağayev: Yazıçı əsasən o həyat faktlarını qələmə alır ki, orada qeyri-adilik, gözlənilməzlik və ibrətamizlik daha çoxdur”.
Əməkdar jurnalist Flora Xəlilzadənin Xalidə Hasilova haqqında geniş və zəngin xatirələrin daha çox diqqəti cəlb edir…
Xalidə xanım xatirələrində yazırdı ki, o lap uşaqlıqdan yaradıcılığa meyl göstərmişdir. Həttda əvvələr şeirlər də yazmışdır. Nədənsə sonralar bu fikrindən daşınaraq nəsrlə məşğul olmağa başlamışdır.
Yazıçının Azərbaycan Nəşriyyatında çapdan çıxmış “Xoruzlu dəsmal” kitabında müharibə mövzusuna aid səkkiz hekayə toplanmışdır. Müllif hər bir hekayədə acı həqiqətləri, müharibənin törətdiyi dəhşətlər, faciələr oxucunu daha dərindən düşündürür, olub keçənləri götürqoy etməyə vadar edir, nankor qonşularla münasibətdə həddən artıq sadəlövh, unutqan olduğumuzu yada salır. Xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsində qanlı səhifə olan “20 yanvar” hadisələrinə həsr edilmiş “Yollara yağan qanlı qərənfillər” hekayəsini həyacansız oxumaq olmur.
Taleyin hökmü ilə qürbətdə yaşamağa məcbur olan Nadir kişi vətənini bir anda unutmur, geri qayıtmağa, canından çox sevdiyi nəvəsi ilə görüşməyə can atır. Nəhayət o vətənə dönmək, onun havası ilə nəfəs almaq arzusuna çatır. Nəvəsi ilə görüşmək fürsəti əlinə düşdüyü üçün sevincindən yerə-göyə sığmır. Lakin Nadir kişi küçələrə səpələnmiş al qərənfilləri görəndə sarsılır, yanaqları ilə axan göz yaşlarını saxlaya bilmir. Nəvəsi ilə Şəhidlər Xiyabanında görüşəndə isə gözləri qaralır, bütün aləm zülmətə dönür, keçirdiyi iztirablar belini bükür, qəddini əyir. Qoca xeyli susur birdən başını yuxarı qaldırıb inildəyir:- “Kaşki gəlməyəydim…”
“Xoruzlu dəsmal” hekayəsində yazıçı cəbhə həyatından bəhs edən ayrı-ayrı epizodları qələmə almışdır. Əsərdə Bakıda bizimlə qapıbir qonşu kimi yaşamış ermənilərin bizə qarşı vuruşduqları epizodlar xüsusi ilə təsvir edilmişdir.
“Kaş sən olmayaydın” hekayəsində Azərbaycan qadınlarının ürəyiyumuşaq keyfiyyətlərindən bəhs olunur. Hekayənin qəhrəmanı Şahnaz xala qapılarına atılmış körpə oğlan uşagını götürüb böyüdür. Böyüyüb ərsəyə çatmış oğlan isə yuxusuz gecələr keçirmiş, əzab-əziyyət çəkmiş anaya övladlıq borcunu qaytarmaq haqqında yox, onun var-dövlətini ələ keçirmək barədə düşünür. Bu məsələ kəndə soxulan ermənilər tərəfindən huşu itirilənəcən döyülən Şahnaz ananın xəstəxanada oğlu ilə görüşü zamanı açıqlanır. Sən demə, qundaqda Şahnazın qapısına atılmış uşaq erməni balası imiş. Erməninin bəd niyyəti özünü biruzə verir.
Bu kitabdakı hekayələrdə yazıçının qeyrətli qızlarımızın döyüşlərdə iştirakından, qardaş və nişanlılarından geri qalmadıqlarından iftixar hissi ilə söz açır.
“Kəşfiyyat” hekayəsində tibb bacısı Leylanın ən qorxulu bir döyüş tapşırığını yerinə yetirməsindən, düşmən arxasına kəşfiyyata getməsindən bəhs edilir.
“İntiqam hissi güc gələndə”, “Son nida”, “Məhəbbətdən yoğrulan qısqanclıq”, “Gözlənilməz zəng” hekayələrində isə ermənilərlə ölüm-dirim vuruşmalarında əsl cəsurluq nümunələri göstərən vətən övladlarının sədaqətindən, düşmənə sonsuz nifrətindən bəhs olunur.
Xalidə Hasilovanın hekayələri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması kimi vacib bir işə əvəzsiz töhvədir. Bu hekayələrlə tanışlıq oxucularda belə bir inam, qənaət yaradır ki, haqq işimiz mütləq qələbə çalacaq, xalqımız müstəqillik yollarında inamla addımlayacaq, torpağının sahibi olacaqdır.
Məktəb həyatı, uşaq dünyası hələ gənc yaşlarından Xalidə xanımı uşaqlar üçün hekayələr yazmağa sövq etmişdir. O, “Uşaqgəncnəşr”də çalışmağa başlayanda uşaqların həyatından bəhs edən ilk hekayələrini və povestlərini yazmışdır. Onun bir-birinin ardınca nəşr edilən “Kiçik hekayələr”, “Lalənin kitabı”, “İki yoldaş”, “Ulduzlu papaq”, “Atlas yarpaqlar”, “Yaşıl ayna” və s. kitabları balaca oxucuların marağına səbəb olmuşdur.
“Tısbağa və əqrəb” dram əsəri xüsusi ilə kiçik yaşlı məktəblilərin çox sevdiyi əsərlərdən olmuşdur.
Hər sənətkarın can atdığı bir zirvə olmuşdur. Xalidə Hasilova da “Cəhrayi rəng” povesti ilə yaradıcılığının zirvəsinə çatır. Bu povestdə qürbətdəki qəriblərimizin vətən həsrəti, oğul gözləməkdən gözləri nurdan düşmüş ananın nisgili, jurnalist qızın vətəndaşlıq borcu fədakarlığı çox təbii və təsirli qələmə alınır. Povest oxucunun ürəyində özünə yer tapan, maraqla qarşılanan nəsr nümunələrindən biri olmuşdur. Təsadüfü deyil ki, respublikanın bir çox dövlət və xalq teatrları bu əsəri səhnələşdirmişdir.
Ədəbiyyata xidmət müəllifin kimliyi ilə deyil ədəbi əsərinin uğuru ilə qiymətləndirilir. İyirminci əsr Azərbaycan nəsrində və publisistikasında Xalidə Hasilovanın da uğuru və özünəməxsus yeri var. Sevimli yazıçımız ədəbi yaradıcılıqda olduğu kimi, Azərbaycan milli mətbuatın inkişafında öz bacarığını əsirgəməmişdir. O, istedadlı yazıçı olmaqla bərabər, peşəkar jurnalist, bacarıqlı rəhbər işçi olmuşdur. Onun imzası ilə çıxan jurnalları vərəqləyərkən Azərbaycan qadının həyatı, mübarizəsi, müdrikliyi, fədakarlığı bu jurnalların səhifələrində dolğun və bitkin şəkildə işıqlandırılmışdır.
Yazıçının “Niyə mənim babam yoxdur?” adlı hekayəsində kiçik yaşlı Altayın anasından niyə mənim babam yoxdur? deyə soruşması təsvir olunur. Anası Altaya bir şəkil verərək deyir: Sənin baban bu idi. Altay şəkili əlinə alıb diqqətlə baxır, başında ulduzlu papaq olan orta yaşlı bir əsgər gülümsəyə-gülümsəyə şəkildən Altaya baxırdı. Bu onun babası idi. Altayın qaşları çatılır, babasını əlindən almış müharibə onun nəzərində dünyanın ən pis hadisəsi idi.
“Nəğməli könül” povestində gənc müğənni Könülün taleyi mənalı ömür tarixçəsi təsvir olunur. Əsərdəki hadisələr Böyük Vətən Müharibəsindən əvvəlki və sonrakı illərə təsadüf edir. Povestdə gənc bir kəndçi qızının məşhur bir bəstəkar tərəfindən məşhur bir müğənniyə çevrilməsi təsvir olunur. Könülün dinc quruculuq dövründəki fəaliyyəti də işıqlandırılmışdır. Kitaba müəllifin dörd hekayəsi də daxil edilmişdir.
Xalidə Hasilovanın yüz illiyi ərəfəsində qardaş Türkiyədə çap olunan Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan “Kardeş Kalemler” dərgisinin 2019-cu il dekabr sayında ədibin həyat və yaradıcılığı haqqında məlumat və yazıçının “Xoruzlu dəsmal” adlı hekayəsi çap olunaraq bütün türk dünyasına ərmağan olunmuşdur. Müasir ədəbiyyatımızın müharibə mövzusunda yazılmış ən yaxşı nümunələrdən biri olan bu hekayədə XX əsrin sonlarında bədnam qonşularımızın – ermənilərin əsassız torpaq iddiaları ilə başladıqları Qarabağ hadisələrindən bəhs olunur.
Xalidə Hasilovanın müasirliyini heç vaxt itirməyən əsərləri və xatirəsi həmişə xalqımızın qəlbində yaşayacaqdır. O, 1996-cı ilin 5 dekabırında Bakı şəhərində əbədiyyətə qovuşmuşdur.
AMEA XX ƏSR şöbəsinin əməkdaşı
Ədalət Rəsulova