Ədəbiyyata əllinci illərdə gəlmiş Famil Mehdi şeirləri ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Şairin “Sevəndən bəri” (1961), “Sadə sətirlər” (1963), “Mənim arzularım” (1964), “Ünvanım dəyişir” (1966), “Ömürdən səhifələr” (1970), “Qarabağ şikəstəsi” (1970), “Sadə sətrlər” (1972), “İllər və talelər” (1974) və s. kitabları oxucular tərəfindən sevilmişdir. Bu kitablarda şairin son illərdə yazdığı şeirləri və “İnsan unudulmur” poeması dərc edilmişdir. Vətən torpağına sonsuz məhəbbət insanlara qarşı həssaslıq və qayğıkeşlik bu kitabların əsasını təşkil etmişdir.

      Kənd həyatının təsviri F.Mehdinin ən çox sevdiyi mövzulardan olmuşdur. Onun şair səsi gah Qarabağdan gah da Mildən Muğandan gəlirdi. “Göyü çiynində saxlayan adam” poemasında onun vətənə məhəbbəti daha qabarıq şəkildə hiss olunur. Heç təsadüfi deyildir ki, kitaba ön söz yazan xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm bu kitabı xüsusi qeyd edir və göstərir ki, Famil Mehdinin gərgin şərəfli əməyinin nəticəsində yazılmış bu iri həcmli əsər həqiqətən ədəbi həyatımıza yaxşı bir nümunədir. Famil Mehdinin əsərlərində həyatilik, canlılıq, təbiilik çox güclüdür. Cünki o gördüyü hadisələri sevərək qələmə alır. O, vətənimizin işıqlı gələcəyinə, yaradıcı adamlarının tükənməz qüdrətinə böyük inam bəsləyir. Bu inam “Göyü çiynində saxlayan adam” poemasında özünü daha qabarıq şəkildə göstərir. Müəllif əsərlərini “İnsan unudulmur”, “Günəş həmişə səmadadır”, “Gəlimli-gedimli dünya” adları ilə üç hissəyə ayırmışdır. Maraqlı məzmunu ilə diqqəti cəlb edən poemanın əsas mövzusu fədakar insanların əməyindən bəhs edir. Burada əsas qəhrəman isə Raykom katibi Müzəffərdir. Əsərdə Müzəffərin xarakteri açılır, onun əsl insani siması üzə çıxır və beləliklə, oxucunun nəzərində xalqına məhəbbət bəsləyən partiya işçisinin surəti canlanır. Belə ki, o cavan yaşında partiya işinə gəlmişdir. Müzəffərin təqaüdə çıxmasını eşidənlərin dodaqlarında həm təbəssüm həm də qəm-kədər oxunurdu. İnsanlar onu gülərüzlə yola salırlar. Lakin çox sevdikləri bu adamdan ayrılmaq da onlara çox çətin gəlir.

       Famil Mehdi həcmcə kiçik əsərlərində də incə mətləblərə toxunur, onu real həyat hadisələri ilə zənginləşdirib qələmə alır. “Dostu özüm qazanmışam” şeiri də bu qəbildəndir.  Sədaqətli dost qardaşdan irəlidir məsəlinə əsaslanan şair şeirində demişdir:

Məni dostun yolunda

İmtahana çəkin ki,

Çox alışıb yanmışam

Dostları bu dünyada

Mən özüm qazanmışam!

      Famil Mehdi Azərbaycan ədəbiyyatı tarixində özünə məxsus yeri olan, eyni zamanda bir sənətkar kimi fərdi xüsusiyyətlərə malik, xalq yaradıcılığına arxalanmış, əsərlər yazmışdır. Bu ənənəyə sadiq qalan şair danışıq dilimizin rəngarəng imkanlarından geniş istifadə etmişdir. O, bütün varlığı ilə inanmışdır ki, sənətkarın müvəffəqiyyəti onun xalq yaradıcılığına bələd olaraq ondan düzgün istifadə etməsindədir. Şair doğma xalqının şifahi ədəbiyyatına məhəbbətini istər şeirlərində istərsə də poemalarında inandırıcı şəkildə qələmə almışdır.

      O, kiçik yaşlarından ağsaqqalların nağıl və rəvayətlərini, şirin söhbətlərini dinləyərək xalq yaradıcılığının incəliklərindən bəhrələnmişdir.  

      Famil Mehdinin yaradıcılığında diqqəti cəlb edən cəhətlərdən biri də Vətən və ana haqqında yazdığı şeirləridir. Vətən ona anası qədər əzizdir. Buna misal olaraq:

Çörəksiz paltarsız yaşamaq olar,

Vətənsiz bir gün də yaşamaq olmaz.

Bu misraları oxuduqdan sonra demək olar ki, şair həqiqətən vətəninə çox bağlı olmuşdur. Onun ana haqqında dediyi:

Ay mənim kişi anam,

Ay şahlar-şahı anam.

kimi misralar da şairin dilində qürur hissi ilə səslənir, ana qəlbinin böyüklüyünü və saflığını bir daha təsdiqləyir.

     Başqa bir şeirində isə şair yaltaqları ikiüzlüləri, riyakarları tənqid atəşinə tutur: gözəlliyi, mərdliyi, saflığı və başqa müsbət keyfiyyətləri ilhamla qələmə alır. Şair paxıllığı insanlığa xələl gətirən mənfi xüsusiyyətli insanları hiddətlə pisləyir, onlara nifrətini bildirir. Famil Mehdi oxucuları da bu cür üzdəniraq adamlardan uzaq olmağa çağırır. Çünki bu cür adamlar aldadıcı və yalançı olurlar. Bu baxımdan “Paxıl” şeiri nümunəvidir.

                                 Başım ağrıyır,                    Şeir qoşuram,

                                 Sevinir paxıl                      Qıvrılır paxıl.

                                 Dişim ağrıyır                      Zirvə aşıram,

                                 Sevinir paxıl                       Qovrulur paxıl.

                                 Dərd məni alır,                   Ancaq bir şeyi

                                 Qımışır paxıl,                     Bilmir ki, paxıl

                                 Dostlar çoxalır                    Dözə bilməyib

                                 Alışır paxıl.                         Qəm-kədərinə

                                                       Bu hünərimə,

                                                       Bu səfərimə,

                                                       Partlayacaqdır

                                                       O, əvvəl-axır.

     Famil Mehdi bir şair kimi öz üslubu, dil xüsusiyyətləri, yaradıcılıq dəsti-xətti ilə seçilən şairdir. Onun neçə-neçə şeirinə nəğmələr qoşulmuşdur. Şairin qabarıq şəkildə nəzər cəlb edən şeirlərindən biri də “Anam elə bilir…” şeirndə səmimiyyəti aşkar görürük…

Deyir ki, gözlərim gözünə qurban,

Baxmırlar, on dəfə demişəm azı.

Bircə yol söz-sözü gətirən zaman

Tapşır, düzəltsinlər yollarımızı!

Famil Mehdi böyük niyyətli qələm sahibidir. Buna görə də onun şeirlərində təbiəti, yolları, sülhü qorumaq uğrunda mübarizənin sədalarını aydın görünür. “Kiçik şəhərlər”, “Qardaş torpağında bir əsgər yatır” şeirləri onun nə dərəcədə vətənə və vətən övladlarına bağlılığını aşkarlayır.

Ünvansız, kimsəsiz yatan əsgəri

Hərkəs öz yurdunun övladı sanır.

       Şair özünün zəif cəhətlərinə qarşı barışmazlığını öz əsərlərində çox gözəl ifadə etmişdir. Famil Mehdi poeziyasının uğuru; saysız həyati təfərrüatları içərisində ən gərəkli olanları canlandırmaq bacarığıdır. Onun canlandırdığı hadisələr yadda qalır və oxucuya təsir edir.

Onların nə gəldi atır üstünə,

Mənimsə üstümə güllü yorğanı.

                                   Yaxud:

Tökür səhər-səhər biz çay içəndə

Südün qaymağını stəkanıma

Başqa bir şeirndə oğluna gözaltı axtaran ana qonşusu Həcərin qızını tərifləyir: Bu hisslər “Duyğular” şeirində bu kimi təfərrüatlar güclü həyat reallıqlarını əks etdirir. Famil Mehdinin məhəbbət duyğuları silsiləsindən olan şeirləri vətəninə və xalqına olan dərin məhəbbətin sonsuz göstəricisidir. O, yüzlərlə oxucu məhəbbətini qazanmış şairdir. Buna misal olaraq Xalq Yazıçısı Mehdi Hüseynin “Ömür təzələnir” poeması ilə əlaqədar Famil Mehdiyə yazdığı məktuba nəzər salaq:

       Əzizim Famil! bir yay günündə Buzovna qayaları üstündə oturub möhtərəm aktyorumuz Ələsgər Ələkbərovla balıq tutarkən radioqəbuledicini işə saldıq. Səhnələşdirilmiş poeziya əsəri verilirdi. Elə ilk dəqiqədən diqqətimizi cəlb etdi. Görəsən kimin əsəri idi? Hərəmiz bir şairin adını çəkdik. Lakin diqqətlə qulaq asıb poeziyanın axırını gözləməli olduq. Axırda biləndə ki, poema görkəmli şairlərin deyil, sənin – cavan bir şairin qələmindən çıxmışdır, ikiqat sevindik. Hər ikimiz səni alqışladıq. Əzizimiz Famil! aktyor dostum kimi mənim də hər şeydən əvvəl diqqətimi cəlb edən bu oldu ki, sən insanların sevinc və istirablarını, daxili sarsıntılarını, həyat eşqini canlı poeziya dili ilə verə bilmisən. Sənin qəhrəmanların sevən, həyatın çətinliklərinə sinə gərən, qələbə çalmaq üçün özündə möhkəm qüvvə toplamağı bacaran real insanlardır. Bu sözlər birinci növbədə Nadirə aiddir: Müharibənin faciəsi onun timsalında ustalıqla ümumiləşdirilmişdir. Sənin təsvirində Nübar həqiqətən də səmimi və qayğıkeşdir, geniş ürəklidir. Adını bilmədiyimiz qadının – balaca Təranəin əsl anasının istirabları təbiidir. Soruşa bilərsən ki, poemada nöqsanlara rast gəlmədinizmi? Sağlıq olsun, bu haqda başqa bir məclisdə əsərindən aldığımız dərin təsiri və sevinc hissini səninlə bölüşməkdir.

Hörmətlə   Mehdi Hüseyn.          20 iyul 1961-ci il  Buzovna.

      Uzun illər bundan əvvəl Xalq Yazıçısı Mehdi Hüseyn gənc şair Famil Mehdinin böyük uğurlarını ürəkdən alıqışlamışdır.

      Biz xalqımıza qəhrəman xalq deyirik. Ancaq bəzən unuduruq ki, hər bir xalqın qəhrəmanlığı öz daxilində illərlə formalaşıb üzə çıxır. Famil Mehdi də bu cür formalaşmış şairlərdəndir. Şairin atıldığı ədəbi mühit böyük yazıçı və şairlərimizin zamanına təsadüf edir. Bu mühitdə öz yerini möhkəmlədən, inamla addımlayan Famil Mehdinin kitablarını xatırladıqca çoxlu dəyərli misralar yaddaşlarda silinməz izlər buraxır:

Dünən kədərinə şərik olmadım,

Bu gün sevincini bölə bilmirəm.

                                  Yaxud:

Unutma, döyüşdə çox vaxt, çox zaman

İlk güllə qabaqda gedənə dəyir.

     Çağdaş Azərbaycan poeziyasının yüksək sıralarında dayanan şairlərimizlə bir sırada addımlayan yüksək ideallar uğrunda mübarizə aparan Famil Mehdi də bu qəbildəndir. Elə buna görə də o oxucuları tərəfindən daim sevilən şairdir. Heç də təsadüfi deyildir ki, bəstəkarlarımız onun şeirlərinə mahnılar bəstələmişdir.

      Şairin şeirlərində Qarabağ motivləri daha çox üstünlük təşkil edir. Çünki Azərbaycanı Qarabağsız təsəvvür etmək mümkün deyildir. Qarabağ Azərbaycanımızın oxuyan qəlbidir. Bu müqqədəs torpağımız tarımızın, kamanımızın, muğamlarımızın zəngulələrindən yaranmışdır.

     Famil Mehdi Qarabağda dünyaya göz açıb, xanəndələrin, ağsaqqalların söz-söhbətlərini aşıqların telli sazını dinləyib. Buna görə də Qarabağ nəğmələri onun qanında çağlayır, ürəyinin döyüntülərində yaranır. Bu onun şeirlərində çox aydın duyulur. Onun dediyi kimi şairin ilk vətəni və son mənzili doğma yurdu olmalıdır:

Səndən üz döndərsəm, sənə yad olsam,

Sınar qələmim də, batar səsim də.

Əgər sənə layiq bir övlad olsam,

Məni dinləyərsən son nəfəsimdə.

Mənə yer verərsən doğma yerimdə,

Uyuyub yataram, ana, ay ana.

Qarabağ, Qarabağ sümüklərim də

Əriyib qarışar torpaqlarına.

Bütöv Azərbaycanı, Qarabağı ürəyində gəzdirən şairin bu sözləri deməyə mənəvi haqqı vardır.

     Famil Mehdi poeziyasında Cənubi Azərbaycan mövzusuna da tez-tez rast gəlirik. O, Cənublu qardaş və bacılarımızın dərdini şeirlərində dilə gətirmişdir.  

Aha, görüşünə gör kim gəlib, kim,

Dünyanın, taleyin işinə bir bax.

Mən səni Təbrizdə görə bilmədim,

Barı Lissabonda gəl qucaqlaşaq.

Sən hara, əzizim, buralar hara!

Sən deyən olmadı, niyə olmadı?

O qədər göz dikib baxdın yollara,

Gözündə ağ itdi, qara qalmadı.

Naxış o naxışdır, incədən incə,

Fəqət demirəm ki, heç solmamısan.

Bəs necə dözmüsən, qürbətdə necə,

Nə yaxşı alışıb kül olmamısan.

Dünya da böyükdür, dərdi də böyük,

Təsadüfi deyildir ki, bu şeir İran İnqilabından az sonra Təbrizdə ana dilində çıxan jurnallardan birində dərc edilmişdir. Şairin eyni adlı “Təbriz xalısı” kitabı da Arazın o tayında maraqla qarşılanmışdır.

    Famil Mehdi poeziyasında vətənpərvərlik, beynəlmiləlçilik əsas yerlərdən birini tutur. Bu poeziyaları poetik dildə əks olunduğundan oxucularında mübariz duyğular aşılayır. Şairin yaradıcılığında kor-koranə yazılması məlum olmayan şeiri yoxdur. Onun şeirləri oxucuya konkret bir fikir aşılayır. Bu hisslər yüksək bəşəri hisslərdir. Ümumiyyətlə F.Mehdi poeziyası səmimi hisslər poeziyasıdır. Onun hər bir şerinin arxasında sanki ürək çırpıntılarını hiss edirik. Bu şeirlərdə publisistik ruh yüksəkliyi hiss olunur. Şairin məhəbbəti və nifrəti də bütün şeirlərində özünü göstərir. Qələmə aldığı müharibə mövzusuna həsr etdiyi şeirnə nəzər salaq:

Bir yay arabada sübh çağı erkən

Tarlada qızlara su daşıyarkən

Öldü… hamı dedi qəlpədən öldü,

Cəbhədə aldığı zərbədən öldü.

Bircə ana torpaq bildi bu dərdi:

Faşist qəlpəsindən ölsəydi əgər,

Çoxdan ölərdi, öz qəlpəmizdən,

Laqeyidlik qəlpəmizdən, söz qəlpəmizdən.

Şairin şeirlərində insanı uca tutmaq, qədrini bilmək, duyğularının inkişafına adət-ənənəyə məhəbbət hissləri aydın sezilir. O, kəskin tənqidi elinə-dilinə biganələri, başqlarının taleyi ilə oynayanlara qarşı öz fikrini bildirir, əsl vətəndaşlıq mövqeyində dayanır:

Məni təsdiqləyər dünya görənlər,

Bu dünya tərsinə dolana bilməz.

Dar gündə ölümə sinə gərənlər

Xoş gündə əl açıb dilənə bilməz.

Famil Mehdinin həyatı geniş poetik lövhələrdə, insan xarakterlərində də canlandırmağı sevən və bu yolda ardıcıl, dönmədən çalışan sənətkardır.

     Şairin poemalarında ciddi problemlərə toxunularaq müəyyən mübahisələr də olmuşdur:  “Göyü çiynində saxlayan adam” kitabının ilk poeması 1972-ci ildə Xalq Yazıçısı Mirzə İbrahimovun sədrliyi ilə geniş iclasda müzakirə edilərək əsər uğurlu hesab edilmişdir. Sənət yoldaşları Nəbi Xəzri, Süleyman Vəliyev, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Məstan Əliyev və başqaları poemanı bəyənib şairə öz irad və qeydlərini bildirmişdilər. 

    Famil Mehdi gecə-gündüz yorulmaq bilmədən yazıb-yaratmış, yazdıqlarının arxasında möhkəm dayanmış, bu inam ona güc-qüvvət vermiş yeni-yeni əsərlər yazmağa ruhlandırmışdır. Onun əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır.

 Arxiv materialları və kitabları:

“İnsan unudulmur” – 1976 Gənclik

“Ömür keçir gün keçir” – 1983 Yazıçı

“Borc” – 1984 Gənclik

“Seçilmiş əsərləri” – 1989 Azərnəşr  və s.    

AMEA Nizami adına Ədəbiyyat İnsititunun əməkdaşı

Ədalət Rəsulova