Xəbər verdiyimiz kimi, yaranmış vəziyyətlə əlaqədar, mart ayının 15-dən başlayaraq kitabxanalar oxuculara yalnız virtual xidmətlər göstərir: virtual kitab verilişi, virtual səyahətlər, Online aksiyalar və s. Yazıçı-nasir, şair, müğənni, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zəka Allahverdiyev (Zəka Vilayətoğlu) M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına elektron məktub yazaraq, onun kitablarını Azərbaycan ədəbiyyatının virtual kitabxanasında yerləşdirilməsini xahiş etmişdir. Zəka Vilayətoğlunun “Milena”, “Sənə bir söz deyəcəm…” və “Bataqlıq” adlı kitabları virtual kitabxanada yerləşdirilmişdir.. Zəka Vilayətoğlunun “Bataqlıq” adlı kitabına, onun müxtəlif illərdə qələmə aldığı povest və hekayələri daxil edilib. Yüksək koloritli bədii dillə qələmə alınan bu nəsr əsərlərində canlı həyat lövhələri, ictimai-siyasi hadisələrin bədii təsviri, müxtəlif tipli insanların peşəkarlıqla sərgilənən xarakterləri oxucunu həyəcanlandıra və uzun müddət öz təsirində saxlaya bilir. “Sənə bir söz deyəcəm…” kitabı isə Zəka Vilayətoğlunun, nəsr kitablarından sonra ilk şeirlər kitabıdır. Kitaba, müəllifin son illərdə yazdığı şeirlər daxil edilib. “Araz” Nəşriyyatında işıq üzü görən kitab isə “Milena” adlanır. Kitabda “Milena”, “Bağışlayın, cənab” povestləri və “Külqabı”, “Skripkaçı”,”Armanın ölümü” hekayələri yer alıb. Əsərin leytmotivi Rusiyada yaşayan azərbaycanlıların ümumiləşdirilmiş obrazı olan rəssamdır. Kitabların tam mətni aşağıdakı linklərdədir:
Yeni növ koronavirusun (COVID-19) yayılmasının ölkəmizdə arzuolunmaz həddə çatmasının qarşısını almaq üçun Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını davam etdirir. Kitabxana eyni zamanda karantin rejimi müddətində oxuculara virtual xidmət göstərərək #EvdəQal çağrışını dəstəkləyir. Aksiya çərçivəsində tanınmış uşaq yazarı Gülzar İbrahimova uşaqlar uçun yazdığı “Dünyanı yallı getsin və ya arzularım dəyişib” poemasını kitabxanaya təqdim edib. Poema nikbin sonluqla bitir, insanların tezliklə bu bəladan, dərddən qurtulacağını əminlikə söyləyir. Poema oxucuların diqqətinə təqdim edilir. Poema ilə və ona aid şəkillərlə linkdə tanış ola bilərsiniz: http://yasamal.cls.az/front/files/libraries/81/documents/828542573.pdf Gülzar İbrahimova Dünyanı Yallı getsin Və ya Arzularım dəyişib (uşaqlar üçün poema) Nədir bu pandemiya, Ayaq açıb dünyaya, Yayır Koronavirus, Hər yana səpir virus… İnsanları qorxudur, Hamını yoluxdurur, Çarə tapılmır dərdə, Allah, bu nədir belə? Hamı düşüb təşvişə, Camaat getmir işə, Hər kəs evdə oturub, Elə bil həyat durub… Deyir, ölkə rəhbəri: “Virus gəzir hər yeri, Hamı evdə otursun, Virusdan uzaq olsun!” Xəstəlik çox yayılıb, Tibb elmi aciz qalıb, Yoluxaraq nəfəsə, Aman vermir heç kəsə! Sərhədləri o aşır, Qitələri dolaşır, Qoy olmasın o bizdə, Evdən çıxmayaq biz də! “Evdə qal, Azərbaycan!”, Xalqına dəstək olan, Hamı iş görür evdən, Paylaşır İnternetdən. Hətta müəllimlər də, Dərs keçir İnternetdə, Onlar tapşırır bizə, Bax, qulaq asın sözə! Heç vaxt çıxmayın evdən, Virus tutarsız birdən! Otursaz evdə rahat, Qorxusuz olar həyat! Darıxmayın uşaqlar, Pis gün ömrü az olar. Bir gün dərman tapılar, Dünya dərddən qurtular! Dostlarım kimi mən də, Sakit qalmışam evdə. Təhlükə olmayanda, Çölə çıxaram onda. Hər gün evdə də olsam, Gərək eləyim idman. Sonra yuyunum tez-tez, Olum sağlam və təmiz! Evdə qalsam nə qədər, Vaxt itirməyim hədər, Çoxlu kitab oxuyum, Dərsləri təkrarlayım. Baxıram pəncərədən, Yoxdur keçən küçədən, Sanitar işçiləri, Təmizləyir hər yeri. Allahım bu nə işdir, Arzularım dəyişdi?! Kaş bir möcüzə olsun, Viruslar yoxa çıxsın! Dərddən qurtarsın Dünya, Məhv olsun Pandemiya! Xalqlar əl-ələ versin, Dünyanı Yallı getsin! 05.04.2020
Bakı
şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu,
yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) növbəti yeni şeirini təqdim
etdi. Şairə yazdığı şeiri Azərbaycanın igid Alazan oğlu, Basqallı balası Murad
Beydiyevə həsr etmişdir. 50 bənddən ibarət olan şeirdə yazıçının Vətənə bəslədiyi
dərin sevgi hisləri duyulur, Vətən igidləri ilə fəxr etdiyini bildirir. O, həmçinin
şeirində Alazan ləqəbi ilə tanınan Muradın qəhrəmanlığının tariximizdə əbədi iz
qoyduğunu fəxrlə qeyd etmişdir.
Alazan oğlu, Basqallı balası Murad Beydiyevə…
Canıma
can verən ölməz diyarım!
Odlar yurdu! Mübarizlər vətəni….
Tarixdə izi qalan, sözü qalan,
Qoca şərqin qapısı,doğma diyarım.
Sən nə qədər
müqəddəssən, munissən.
Qəhrəman oğullar, mərdlər şəhəri.
Mavi Xəzərimiz, əziz, doğma, Bakımız
Tarixin şahidi, qədim Bakımız….
Səndən ilham alır hər bir övladın.
Ədalət, azadlıq deyən igidlərin.
Vətənçün, torpaqçün candan keçdilər.
Qarabağ uğrunda gözəl məkanın.
Uğrunda ölməyə hey tələsdilər.
Tarix təkrarlanır, söyləyir zaman!
Düşmən Qarabağa
verməyir aman.
Bu çağırışa qoşuldu Basqal gəncləri.
BakIda doğulmuşdu bu gəncdə.
1967-ci il
oktyabr ayının 6-da
Ana-atanın sevinci, muradı o!
Adını elə
də Murad qoydular.
Söylədi ana:-“Yaradan qorusun onu!
Vətən sevgisiylə, döyünürdü ürəyi.
Bu çağırışa qoşuldu el oğlumuz.
Nə qədər ki, ölməmişəm xalqı sevməkdir mənim peşəm.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Daşkəsən rayonuna virtual tur təşkil etdi.
Videoçarxda Daşkəsən rayonunun təmiz dağ havası,
onun əsrarəngiz təbiəti, yaşıllığınının bol olması ilə seçilən zəngin faunası, turizm
üçün xarakterik olan muzeyləri, ziyarətgahları, müasir binaları və parkları, sənətkarlıq
sahələri (dülgərlik, dəmirçilik və s.) və mətbəxinə (göy kətə, quzu buğlaması,
yarpız dovğası və s.) aid fotolar toplanmışdır.
Burada arıçılığa xüsusi yer ayrılmışdır.
Tarixi abidələrdən Tunc dövrünə aid divar
qalıqları, kurqanlar, son tunc – ilk dəmir dövrünə aid Örük daş qalası və nekropol,
monastr (487-ci il), kilsə (1869-cu il) və b. abidələrin fotoları, qalaçaların
siyahısı (Yol yurdu, Çalağan, Daşlıtəpə, Əhmədli, Nağaradağ və s.) izləyicilərə
təqdim olunmuşdur.
Videoçarxda Daşkəsənin ilk qurucularının – İslam Həsənov,
Əhməd Məmmədov, Seyidəmir Ağayev və digər görkəmli şəxsiyyətlərinin adı qeyd
olunur.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Aprel döyüşlərinin dördüncü ildönümü ili əlaqədar kitabxanalar üçün informasiya məktubu hazırlanmışdır. Məktubda hərbi əməliyyatların başlanması və Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələrinin erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, döyüşlərin gedişi, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirə salınmaz cavab tədbirlərinin həyata keçirilməsi əks olunmuşdur.
Materialda qeyd olunur ki, Azərbaycan
Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni
işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz
yaşaması mümkün olmuşdur.
Burada şücaət göstərənlər, itkin
düşənlər, yaralananlar barəsində də məlumat verilir.
Şəhidlərin siyahısı təqdim
olunur, onların Azərbaycanın rayonları üzrə təsnifatı da verilir. Bundan başqa,
2016-cı il 2-5 aprel döyüşləri zamanı şəhid olmuş
Milli Qəhrəmanların fotoşəkilləri və onlar haqqında bioqrafik məlumat təqdim
olunur.
Tarixə “Dördgünlük müharibə” adı
ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.
Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.
İnformasiya məktubu ilə aşağıdakı linkdə
tanış olmaq mümkündür:
Azad mənim uşaqlıq və gənclik yoldaşım idi… Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişik… Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq… İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şey idi…
Yoldaşlar arasında çox vaxt Azadı öz adı ilə çağırmazdılar. Dinməzliyinə görə ona sükuti deyirdilər…
O, dünyaya gəldiyi zamandan xoş bir gün görməmişdi… Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış köhnə həsir… Gözünü açdığı gündən gördüyü bu idi. Azad doğulmamışdan bir ay əvvəl atası ölmüşdü. Anası səlimə xala evdə tək qalmışdı. Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev-eşiyini təmizlər, birinin paltarını yuyar, birinə yun çırpardı. Bu qayda ilə bir qarnı ac, bir qarnı tox o, Azadı böyütmüşdü… Dünyada yeganə ümidi və həyatının məqsədi o idi.
Yaxşı yadımdadır… Bizim beş-altı yaşımız olanda hər axşam səlimə xala yatmamışdan qabaq bizə nağıl danışardı… Onun nağıllarına qulaq asa-asa bizi yuxu aparardı…
Bir dəfə adi payız axşamlarından birində o bizim başımızı dizi üstə alaraq yenə həzin-həzin oxuyur, söylənir, mahnılar deyirdi. Yarpağı tökülmüş ağaclardan, qərib və yuvasız quşlardan, arxlara dolmuş xəzəllərdən danışır, tez-tez Azadın adını çəkir, gah da əyilib üzündən öpürdü. Mən yuxuya getdikcə onun uzaqlardan gələn səsini eşidirdim. Qulağıma kəsik-kəsik sözlər gəlirdi: “Tək balam, yuvamın quşu balam… yurdumun daşı balam…”. Azad isə sakit-sakit yuxulayırdı.
İki il o mənimlə bir yerdə məktəbə getdi. Orada da Azad heç kəsə qoşulmaz, tənəffüslərdə bütün uşaqlar bir-biri ilə oynadığı halda, o, bir küncdə durub baxardı. Müəllim ona bir sual verərsə, qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi. Doqquz yaşı olanda anası onu oxuda bilməyib, məktəbdən aldı. Qonşuların köməyi və yalvar-yaxarla Təbrizin Liləvan məhəlləsində kiçik bir dərzi dükanında şagirdliyə düzəltdi.
İllər gəlib keçdi, mən orta məktəbi qurtardım, o, dərzi dükanında qaldı. Onun dərzi şagirdi olması, təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim dostluğumuz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni qəzəbləndirdiyi halda o, bu hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmazdı.
Acıqlı olduğu günlərdən biri yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab[1] bizi evdən qovmaqla təhdid etmişdi[2]. Pul yox idi. Qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim.
– Azad, – dedim, – dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirrikdir? Azad! İşləməyə yer yox, danişgahda[3] oxumağa imkan yox, oğruluqmu edim, qardaş? Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə gəlməz? Nəyə gücüm çatmaz? Vallah, “Od dəryasını yar keç!” desələr, keçərəm. Bəs indi də işləməyəndə, mən nə zaman işləyəcəyəm?!
O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb, ani olaraq üzümə baxdı, yenə iynəsini götürərək öz işinə məşğul oldu… Söz bura çatan kimi, o, iynəsini yerə qoyub sakit nəzərlərini mənə çevirdi…
– Azad, – dedim, – bizim hərəmizin iyirmi dörd yaşımız var… Kim bilir, bəlkə də ömrümüzün yarısını, bəlkə də çoxunu yaşamışıq… Bu iyirmi dörd ildə biz nə görmüşük? Bir tikə çörək, qışda bir manqal kömür dərdindən başqa, hansı bir fikir, hansı bir əməl qəlbimizi döyündürmüşdür? Məgər həyat budur?.. Yaşaayışın qayəsi budurmu?.. Sən elə bilmə ki, məni danışdıran pulsuzluq və ya aclıqdır… Yox! Azad! Fikrimdə başqa şeylər dolanır. Bizim bu iyrənc mühitə baxıram, ürəyim bulanır. Sahibi-mənsəblərimizi[4] götür… Bir heyvanın həyatı onların həyatından daha faydalıdır. Heç olmazsa heyvanın bir şeyə xeyri olur. Onlar isə yeyir, yatır, işsizlikdən şişir, toxluqdan harınlıq etməyə başlayır, xalqa min cür əziyyət verirlər… Mən ki belə həyatı istəməzdim… Bir iş görmək istəyirəm, Azad!.. Elə bir iş ki, bizdən sonra gələnlər də ondan bir xeyir görsünlər. Kəndə gedəcəyəm. Bir ərbaba nökər olub bağbanlıq edəcəyəm… Heç olmasa ağac əkərəm, bağ salaram, öləndən beş il sonra insanlar bir xeyir görərlər. Adımı rəhmətlə çəkərlər!
Mən bu qədər danışdım. Azad heç dodaqlarını da tərpətmədi. Gözlərini bir nöqtəyə dikib durdu… Mənə elə gəldi ki, o, ömründə bir dəfə də belə məsələlər haqqında düşünməmişdir. Durub dükandan çıxmaq istədim… O, yerindən tərpənmədi, mən onun üzünə baxıb acıqla dedim.
– Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə! Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə sən və mən gəzirik. O, bizdən nə xeyir gördü? Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki, bizcə, həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir. Biz, ölüm qapımızı döyən günə kimi də belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq… Yaşamaq üçün ölən insanlardan xəbərsizik! Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar… səni də, məni də. Yox, bəlkə səni bir yad edən tapıldı… Deyəcəklər ki, dərzi Azad yaxşı yamaq salardı… Allah rəhmət eləsin!
Özümü dükandan küçəyə atarkən onu səsini eşitdim.
– Fərda, Fərda!..
Cavab verməyib çıxıb getdim. Bir müddət sonra bu hərəkətimin peşmançılığını çəkməyə başladım. Mən bu yazığı niyə incitdim?.. Onun təqsiri nədir? Bir könlü ki, tikə bilməyəcəksən, niyə yıxırsan? – deyə düşündüm. Gün batıb qaş qaralana qədər küçələri dolaşdım. Evə qayıdan zaman düşünürdüm ki, yəqin, indi şeylərimizi həyətə atmışlar. Anam astanada oturub məni gözləyirdi.
– Nə var, ana, hələ ərbabın adamı gəlməyib ki?..
– Gəlmişdi, oğul.
– Nə dedi?
– Nə deyəcək, pulunu alıb getdi.
– Pulu haradan tapdın, ana?
– Necə haradan tapdım, oğul! Azad gətirdi, dedi ki, sən vermisən.
Mən barmağımı dişlədim. anamın qolundan tutb içəri apardım. Sonra Azadla görüşdükdə təşəkkür etdim. Keçən günkü kobud rəftarım üçün üzr istədim. O, heç bir söz demədi, gözlərini bir nöqtəyə dikib durdu.
Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Səlimə xala və Azadla halallaşıb Təbrizdən ayrıldıq.
* * *
Tam beş il mən Azadı görmədim. Nə o kəndə gəldi, nə də mən Təbrizə getdim. Buna baxmayaraq Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tutur və özümdən də ona xəbər çatdırırdım. Bu beş ildə çox sular axmış, çox əhvalatlar baş vermişdi. İkinci dünya müharibəsi başlanmış, Azərbaycanın istər şəhər və istərsə kəndlərində camaat hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən başqa, evlərdə, həyətlərdə də azadlıqdan, yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırdılar. Mən günlərimin nə cür gəlib keçdiyini bilmirdim. Biz Azərbaycan üfüqlərində işıqli bir günəş doğduğunu hiss edirdik. Hadisələr də çox sur`ətlə inkişaf edirdi… bir neçə ay sonra biz kənddə mitinq keçirib, Azərbaycan xalq konqresinə nümayəndələr seçdik. Nümayəndələr içində mən də var idim.
Noyabr ayının 18-də biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Küçələrdə qeyri-adi bir canlanma və hərəkət var idi. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü… Elə birinci gün köhnə həyətimizə getdim. Səlimə xalanı gördüm. Alnımdan öpdü, anamı xəbər aldı, ağladı. Azadı soruşdum.
– Təbrizdə yoxdur, – dedi, – Zəncana gedib, demokrat düzəltməyə göndəriblər… Axı indi o da demokratdır. Mən də demokrat olmuşam, oğul. Allaha təvəkkül. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq, hamıya iş verək, hamının çörəyi olsun. Uşaqlar öz dilimizdə oxusun. Xoşuma gəldi. Getdim yazıldım. İndi də komitəmizdə iclas olacaq. Gəl otur, sənə bir stəkan çay verim, sonra gedərəm.
Mən sevinc, heyrət və təəccübümü gizlədə bilməyərək:
– Sağ ol, Səlimə xala, – dedim,–Get, iclasa gecikmə. Təəssüf ki, Azadı görə bilmədim. Məndən ona salam deyərsən.
– Deyərəm oğlum deyərəm. Sən də gecəni heç yerdə qalma. Evimizə gəl. Gözləyəcəyəm, gəl ha… – deyib getdi.
Zəncandan pis xəbərlər gəlirdi. Bir yandan yerli, bir yandan da Tehran mürtəceləri[5] və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda Mərkəzi Komitə bir neçə yoldaşımızı Zəncana göndərməyi qərara aldı. Göndərilənlərin içində mən də var idim. Mən Təbrizdən çıxmamış Səlimə xalaya baş çəkməyi özümə borc bildim. O, Azada salam göndərdi. Bir cüt corab, bir də yun şərf büküb verdi. Soyuqdur, ona yetir, – dedi. Mən də onu anama, anamı da ona tapşırdım. Hər ikisinə ürək-dirək verib yola düşdüm.
Sabahısı günü biz Zəncana çatdıq. Şəhər demokratların əlində idi. Mürtəcelər cənub tərəfdəki kəndlərdə qırğın yaradır, Zəncana hücum etməyə hazırlaşırdılar. Onların bu fikirlərini pozmaq üçün Zəncanın demokrat təşkilatı fədailərdən[6] bir neçə dəstə cənuba göndərmişdi. Azadın bu dəstələrdən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim… Elə bu zaman xəbər gəldi ki, mürtəcelər ilə fədailərin ilk dəstəsi… “X” kəndinin yaxınlığında qarşılaşmışdır… azca atışmadan sonra onlar kəndə çəkilmiş və ətrafı möhkəmlətmişlər. Fədailər dəstəsi kəndi dörd tərəfdən mühasirəyə almışdır… Bu dəstənin başçısı Azad idi.
Həmin gecə biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsinə çatdıq… Azad dörd tərəfdən kəndə hücuma keçmişdi. Bərk atışma gedirdi və fədailərin bir qismi artıq kəndin içinə girmişdi. Qaş qaralana yaxın şərq tərəfdən Azad özü qabaqda olmaqla, fədailər kəndə doluşdular. Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq… Mən tez özümü ona çatdırmağa çalışdım… Bu mənim beş illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu. Onu kənd evlərindən birində bir fərşin[7] üstə uzatmışdılar. Başının altında yastıq var idi. Çuxasını üstünə salmış, beşaçılan tüfəngini yanına qoymuşdular. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi əmrə hazır durmuşdu. Mən içəri girən kimi onun üzünə baxdım… Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı… Mən yavaş addımlarla onun başı üstünə gədim, diz çöküb əlini əlimə aldım, alnından öpdüm:
– Azad, sənə nə olub?
O, heyrət və təlaşla gözlərini açdı… Üzümə baxdı. Bütün siması qəribə bir təbəssümlə işıqlandı. Mühribanlıqla başını dizimin üstə qoyub:
– Bu saat səni düşünürdüm, – dedi. – Nə yaxşı gəldin. Yoxsa bu dünyadan ürəyi nisgilli gedəcəkdim…
– Nə danışırsan, Azad, qardaşım?–dedim.–Biz hələ təzəcə yaşamağa başlayırıq… Dünyadan getmək nədir, bu nə sözdür sən ağzına alırsan? Sənə nə olub, harandan yaralanmısan?
O, əli ilə sağ çiyninin altını göstərdi… Güllə qabaqdan dəyib, daldan çıxmışdı. Ciyərini də zədələmişdi. Mən ona təskinlik vermək istərkən o, sözümü kəsdi:
– Bunlara ehtiyac yoxdur, – dedi. – Mən ölürəm… Artıq ayaqlarımın soyuduğunu hiss edirəm. Sözümü kəsmə, mənə yaxşı qulaq as, mən danışmaq istəyirəm. Yadındadırmı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən “Nə üçün yaşayırıq, həyatın mə`nası nədir?”–deyə soruşmuşdun. Onda mən sənə cavab verməmiş, susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək, acıqlanıb getmişdin. Yadındadırmı?.. Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən düşünürdüm ki, həyatımızın mə`nası vətənimizin səadəti üçün çalışmaqdadır… Amma o zaman mən danışa bilməmişdim… Çünki danışmaqda bir mə`na yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım (o azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm: bizim hamımızın səadəti, bax, bu alçaq daxmaların azadlığında, bu doğma yurdun, bu ana torpağın istiqlaliyyətindədir… Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır…
O, azca udqundu. Yenidən ahəstə-ahəstə davam etdi.
– Anam, yurdum, doğma Azərbaycan, məni bağışla… Sənə az fayda verdim, az yaşadım, tez öldüm! – deyib qalxdı və fərşin ucunu qaldıraraq torpağı öpdü.
– Öpünüz, səcdəyə qapanıb hamınız bu torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz…
Mən onu qucaqlayıb yerində uzandırdım…
– Sakit ol, Azad, özünü üzmə, qardaşım! – dedim.
Özüm də bilmədən gözümdən süzülən yaş damcıları onun alnına düşdü. O, kirpiklərini qaldırıb gözümə baxdı və yenə də gülümsədi:
– Budur, həyatın mə`nası, – dedi. – Dövrəmdə silah yoldaşlarım, başımın üstündə məslək qardaşım, yanımda vətənin azadlığı üçün qaldırılmış silah… Bu, şərəfli bir ölümdür… Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız… Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün. Elə yerdə qazarsınız ki, qəbrimin üstünə gələn adamların nəzərlərində geniş üfüqlər açılsın. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz! Qoy gələcəyin azad nəsillərinin ayaq səsi, qəbirdə də olsa, qulaqlarıma çatsın!
Alnına xəfif bir tər gələndə o, gözlərini bir daha mənə tərəf çevirdi.
– Anamı öp, öldüyümü ona söyləmə, yazıqdır… – dedi və əbədi olaraq gözlərini yumdu.
Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi. Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girmişdi. Qoca, şəhərə düşmən qoşunu doluşduğunu zənn edib hökmdara xəbər aparmaq istədi. Bu anda vuruşanlar həyətdə göründülər. Qoca keşikçi qəhqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız iki nəfərdi. Onlardan biri dalı-dalı çəkilir, o biri isə qabağındakının üstünə ildırım kimi şığıyırdı. Onlar qocanın burada olmasından xəbərsizdilər, onun qəhqəhəsini də eşitmirdilər. Yenicə doğan günəşin qızıl şüaları polad qılınclarda əks edərək parıldayırdı. Vuruşan gənclərin üzü güldü. İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazın oğlu Cavanşir idi. Cavanşir qabağındakı oğlana möhkəm bir zərbə endirərək onun qalxanını yarıya böldü: – At yerə qılıncını, Urmuz! Bununla sən üç dəfədir məğlub olursan… Qoca keşikçini yalnız indi görüb utanan Urmuz Cavanşirin qələbəsinə dözməyib etiraz etdi: – Yox, bu olmadı! Ayağım daşa toxundu. Sən hələ yalnız iki zərbə endirmisən… mən özüm sənin xətrinə dəymirəm… Cavanşirin dodaqlarındakı gülüş izləri silinib yox oldu: – Bu, bəhanədir, dostum, – dedi, – istəyirsən, bir də vuruşaq, bu meydan, bu da mən… Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşikçi Cavanşirə yanaşıb dedi: – Mən davanızı ayırd elərəm. Qılınclar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilmədən oldu. Cavanşir iki addım geri çəkildi. Pərt halda gözlərini döydü: – Bax, buna sözüm yoxdu, – dedi, – vuruş zamanı danışmaq mənə baha başa oturdu. Qoca keşikçinin işə qarışmasına ehtiyac qalmadı. Cavanşir əlindəki qalxanı kənara atıb Urmuzun üstünə cumdu: – Al, bu da üç!.. – deyə sevinclə bağıraraq Urmuza möhkəm bir zərbə vurdu. – İndi razısanmı? Urmuz bu zərbədən güclə özünü doğrultdu. Qılıncının ucunu yerə dayadı, çiyninin ağrısından qollarını dörd-beş dəfə havada fırlatdı. – Çox gözəl, – dedi, – mən sənin məharətini ürəkdən təsdiq edirəm. Böyük hökmdarımız Varaz, doğrudan da, xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir indi Girdmanın igid sərkərdəsi olmağa, doğrudan da, layiqdir… Gəl, gəl, üzündən öpüm! Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdman cəngavərləri böyük meydana toplaşdılar. Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını çağırardı. Girdmanın igid sərkərdəsi dik bir yerdə görünərdi.
Onun bir sözü ilə insan dənizi bir səmtə doğru axırdı. İndi də gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Cavahir xatun da yanında idi. İnsan dənizi sükut içində gözləyirdi. Varaz sözə başladı. Onun səsində qəribə bir titrəyiş vardı. Cəbhələr yarmış bu qocaman sərkərdənin səsini eşidəndə hamı fəlakətin böyük olduğunu anladı. Varaz dedi: – Əziz övladlarım! Bu qocanın sözlərinə diqqətlə qulaq asın! Müqəddəs Girdman ölkəsi bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gəlir. O, çox insafsız düşməndir, çapıb-talayır, vurub-yıxır, insaf deyəndə – qılınc çəkir, namus deyəndə – od yağdırır. Bilin ki, üstümüzə ölüm gəlir. Mən də sizə son borcumu verməyə gəldim. Otuz ildə həmişə ölüm bizdən uzaq olubdur. Girdman adı gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam. Bu gün səhər ox süzdürüb qılınc çalmaq istədim, əllərim titrədi. Sərkərdəniz kim olacaq? Göstərin. Bu anda Urmuzun qılıncı parladı. O, Varazın qarşısında əyildi, qılıncını oynatdı və dedi: – Böyük hökmdarımız! Mən artıq yetkin bir cəngavərəm. Sərkərdəlik qılıncını mənə verin! Varaz onun cəsarətindən razı qaldısa da, fikrinə şərik olmayıb dedi: – İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox, döyüş meydanı verər! Urmuz daha dinmədi, hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı. – Mənim də sözüm var, ata, – dedi, – döyüş meydanında düşmən sərkərdəsinin qılıncını əlindən alacağıma söz verirəm! Varaz oğlunun da cəsarətini bəyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi: – Bəlkə, birdən o, səni məğlub etdi? Cavanşir səsini ucaltdı, böyük bir qürurla cavab verdi: – Kür çayı dayanar, Varaz oğlu Cavanşir basılmaz! O, Cavanşirə diqqətlə baxdı, sonra dönüb Cavahir xatunun fikrini bilmək istədi: – Oğlun sərkərdə olmaq istəyir, sən nə fikirdəsən? Cavanşirin anası dinmədi. Varaz yenə oğluna baxdı. Urmuza dediyini təkrar etdi: – Hələ cavansan, oğlum! Cavanşir, hamı eşitsin deyə səsini daha da ucaltdı: – On dörd yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən sərkərdəsinin başını bədənindən ayırdı. Varaz onun sözünü kəsmək üçün dedi: – Qoşun başçısı ölsə də, möhkəm qoşun dağılmaz. Cavanşir bir qədər susdu, lakin atasının bu fikrini də cavabsız qoymayıb dedi: – Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaqlaşacağam. Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun bu cavablarını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı. – Elə isə tədbirini söylə, oğlum, – dedi. – Vuruşmanın sonuna gözlərsən, ata ,– deyə Cavanşir cavab verdi. Sonra Varaz üzünü xalqa tutdu, insanların rəyini bilmək istədi. – Razıyıq, razıyıq! – dedilər. – Elə isə uğurlar olsun, bala!.. Unutma ki, Girdman torpağının sərhədi Kür çayının o tayından başlanır. – Bunu bilirəm, ata… Qoy mehriban anam mənə xeyir-dua versin! Bütün xalqın gözü Cavahir xatuna zilləndi. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı diqqətlə qulaq asırdı. Cavahir xatun dedi: – İndi də mənim sözlərimi dinlə, oğlum. Bir zaman, sən hələ uşaq ikən, davada düşmənin polad qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım, oğlum! “Cavanşirim sağ olsun!”, – dedim. Evə qayıtdım. Sənin sinəni al qanıma boyadım. Mən davasız-dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinədən aldığın yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz. Ananın sözlərini eşidən Girdman cəngavərləri qılıncları havada oynadıb, ucadan çığırdılar: – Var olsun anamız! Sonra Cavanşirin səsi eşidildi: – İgid dostlar! Anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam bizi imtahana çəkir. Mənim də şərtim var. Hər saatda yeddi çapar müharibə meydanından atama xəbər gətirsin. Bax bu meydanda iki cərgə cavan düzülsün. Bu cərgənin birində yeddi oğlan – əllərində qılınc-xəncər, o birisində isə yeddi qız – əllərində gül-çiçək dayansın. Məğlub olub qayıtsam, qoy o yeddi cəngavərin hərəsi mənə sağalmaz bir yara vursun. Əgər qalibiyyətlə geri dönsəm, yeddi qız üstümə gül-çiçək səpsin. Varaz bu şərtə razı oldu: – Oğlum, – dedi, – düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaralarını sənə yeddi igid yox, bütün Girdman ölkəsi vuracaq, qalib gəlsən, üstünə o gülləri, çiçəkləri bütün Girdman səpəcək! Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı: – Uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata, – dedi. Onun köhlən atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb, cəld ata sıçradı. Köhlən at şahə qalxdı. Hərəkət şeypurları gurladı. Dağlar, dərələr titrədi. Cavan sərkərdənin qoşunu hərəkətə gələndə ata gözlərindən sevinc yaşlarını silərək dedi: – Göylər sənə yar olsun, oğlum! … Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi. – Kim bilir, bəlkə də, bütün qoşun əsir düşmüşdür? Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi: – Səbr et, Varaz! Qocaldıqca, deyəsən, hökmdar olduğunu unudursan!.. Bu anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cavahir xatun onu hamıdan əvvəl gördü və dedi: – Cavanşirin elçisidir!
Hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü, hökmdarla Cavahir xatunun qarşısında baş əyib dedi: – Mərd sərkərdəmizin ilk elçisiyəm. Düşmən Kür çayının bəri tayında idi. İlk həmlədə düşməndən iki yüz, bizdən isə üç yüzə qədər igidin qanı Kür çayının sularını qırmızı rəngə boyadı. Vuruş get-gedə qızışır. Düşmən bizdən on qat çoxdur. Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü. – Get, oğlum, – dedi, – bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin. Bu xəbərdən kədərlənmiş Cavahir xatun hökmdarın ətrafına toplanmış oğlanlara, qızlara üzünü tutub dedi: – Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Girdman igidləri, siz də onun ikinci şərtinə əməl edin! Böyük ananın hökmünə əməl olundu: gənclər iki cərgə düzüldülər. Bir yanda qılınclar parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı. Çox keçməmiş Cavanşirin ikinci elçisi özünü yetirdi: – Böyük hökmdar! – dedi. – Bir Girdman cəngavəri düşmən sərkərdəsinin qarşısına çıxdı, atının qantarğasından tutub saxlamaq istədi. Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. Cavanşir nərə çəkdi: “Eyy, qorx ki, sən başını itirməyəsən!” Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən on dəfə çoxdur. Qan Varazın başına vurdu, gözləri qaraldı, titrəyən əlini qılınca atdı və dedi: – Of, Cavanşir, Cavanşir!.. Mən otuz ildə belə acı xəbər eşitməmişdim. Bu anda üçüncü elçi atdan düşüb səndələyə- səndələyə gəldi. Özünü güclə dikəldib, qılıncına söykəndi və dedi: – Böyük hökmdar! Cavanşir düşmən sərkərdəsi ilə qabaqlaşdı. Düşmən qara dırnaqlı atını Cavanşirin üstünə səyirtdi, əyri qılıncını düz onun başına endirdi. Cavanşirin atı kənara sıçradı və birdən hərlənib, özünü düşmən sərkərdəsinin üstünə atdı. Bir də nə görsək yaxşıdır? Bədəndən ayrılmış bir baş havada fırlanır… Qoca Varazın qəlbində oğul məhəbbəti coşdu və səbirsizliklə xəbər aldı: – Kimin başı idi? Elçi nəfəsini dərdi və gülümsünərək dedi: – Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atının ayaqları altına atdı. İndi bizimkilər düşmən əsgərlərini qırıb tökürlər. Cavahir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq əmr etdi: – Qızlar, bu şadxəbər elçinin yaralarını bağlayın! Yenə şeypur səsləri guruldadı. İndi Cavanşir özü Girdman igidləri ilə bərabər qayıdırdı. Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsindən doğan bir parıltı vardı. Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu: – Söylə, oğlum, söylə, mənim körpə aslanım, düşmən atları Kür çayının suyundan içə bildimi? Hamı od kimi parıldayan qılıncla hökmdarı salamladı. Cavanşir dedi: – Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir damcı da içə bilmədi. Lakin düşmənlər özləri bu sudan doyunca içdilər. Sonra Varazın səsi ucaldı: – Bu ölkə heç vaxt məğlub olmayacaq, övladlarım!
Küçələrdə nə işin var,a bəndə? bütün günü o tindəsən,bu tində! deməyiblər: “Qaxıl otur evində”?! körmürsən ki,dünya qalıb nə hala? “Çıx”-deyəndə,onda çıxaq,a bala.
Keçən gündən Metro-filan bağlanıb, uçan-qaçan hər nə varsa saxlanıb, düşünürdüm-qalınlar da söz qanıb; hörümçəklər torlar çəkir vağzala, “Çıx”-deyəndə,onda çıxaq,a bala.
Bir fikir ver “Virus” gözü qızğına! adam bilmir hansı küncə sığına, “Sulu qəlyan” alan yoxdur ağzına- zərər verər,tüstüsünü ha sula! “Çıx”-deyəndə,onda çıxaq,a bala.
Gör dünyada nə cür canlar üzülür? millət “maska” növbəsinə düzülür, işə bax ki,futbollar da kəsilir; dükanlar da bağlanmaqda az qala, “Çıx” deyəndə,onda çıxaq,a bala.
Dərdə çarə nə mənlikdir,nə sənli, uzağa qaç adam görsən “zökəmlİ”, “İnternetnən” Xalq artisti müğənni konsert verir xalqa müftə-müsəlla, “Çıx”-deyəndə,onda çıxaq,a bala.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Respublikası Prezideti Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanda ATATÜRK Mərkənizinin ictimai-siyasi şöbəsinin müdirini, görkəmli Azərbaycan şairini, publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu
uşaq yazıçısı, professor, Solmaz Amanova aprelin 7-də saat 15.00-da uşaqlarla
canlı yayımda görüş təşkil edəcək.
Solmaz Amanova bu görüşü dünyanı cənginə alan, minlərlə
can alan, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “pandemiya” elan
etdiyi yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması üçün
etdiyi “Evdə qal, həyatları xilas et!” və Baş İdarənin #evdeqal
#pozitivol çağırışına dəstək olaraq təşkil edir.
Canlı yayımda yazıçı yeni yazdığı şeir və
nağıllarını uşaqlara ərmağan edəcək.
Bu elan MKS-in sosial şəbəkələrində də yayımlanıb.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına müntəzəm olaraq şeir və
hekayələr təqdim edən Fəxri oxucu yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı
(Basqallı) 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan
silahlı qüvvələri arasında baş vermiş Aprel döyüşlərinin dördüncü ildönümünə “Şəhidlər
ölməz – Vətən bölünməz” adlı şeir həsr
etmişdir. O, şeirdə mayor Elnur Əliyevin
şücaətini bədiiləşdirilir, qəhrəmanlıq nəğməsinə çevrilir.
(Aprel döyüşlərinin dördüncü ildönümünə ithaf
edilir)
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi KitabxanasıRusiya Federasiyası Orenburq Vilayətinin model
kitabxanası ilə birgə“APREL – 2016” adlı bilinqvistik
virtual layihə reallaşdırıb.
Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş
Azərbaycan və rus dillərində hazırlanmış interaktiv plakat Vikipediyadan
götürülmüş “Aprel döyüşləri” rubrikası ilə başlanır. Burada 2016-cı ildə
işğaldan tam, yaxud qismən azad olunan Azərbaycan kənd və yüksəkliklərinin xəritəsi
verilmişdir.
İkinci sütunda rus dilində Vikipediyadan götürülmüş
“Вооружённые столкновения в Нагорном Карабахе (2016)” (“Dağlıq Qarabağda silahlı toqquşma (2016)”)
sərlövhəli material yerləşdirilib. Həmin sütünda “2016-cı ildə şəhid olmuş Azərbaycan
ogulları” YouTube kanalındakı film də öz əksini tapmışdır.Burada, Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğurunda canından keçən şəhidlərin siyahısı verilmiş, həmçinin aprel
döyüşlərində şəhid olmuş igid Azərbaycan oğulları, onların keçdiyi döyüş
yolları haqqında ətraflı məlumatlar əks olunmuşdur. İnteraktiv plakatda yerləşdirilən
video görüntülər maraq doğurur.
İnteraktiv plakatda Aprel döyüşləri, Aprel müharibəsi
və ya Dördgünlük müharibə haqqında məlumatlar, 2016-cı il 2-5 aprel döyüşləri
zamanı şəhid olmuş Milli Qəhrəmanlar Murad Mirzəyev, Şükür Həmidov və Samid
İmanov haqqında interaktiv plakatda ətraflı məlumat əks olunmuşdur.
Dördüncü sütunda rus dilində YouTube kanalındakı
“Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq” adlı film verilib.
“Aprel döyüşləri – 2016. Lələtəpə” markalar və zərflər
haqqında rus dilində məlumat verilib. Burada qeyd olunub ki, Aprel döyüşlərinə
həsr olunmuş 24 min tirajla marka
buraxılmışdır. Hər markanın ölçüsü 40×28 mm-dir.
İnteraktiv plakat rus dilində “Aprel döyüşləri –
müasir Azərbaycan tarixinin ən uğurlu hərbi əməliyyatlarından biridir” adlı
materialla yekunlaşır. Təqdim olunan material “Azərbaycan ordusu” qazetindən
götürülərək armiya.az saytında yerləşdirilib.
Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş
Azərbaycan və rus dillərində hazırlanmış interaktiv plakat bir sira MDB
kitabxanalarına göndərilib.
İnteraktiv plakatla aşağıdakı linkdə tanış olmaq
olar:
Oğuz elimiz Kəlbəcərin işğala məruz
qaldığı 1993-cü il 02 aprel gecəsi qatarla Bakıya getdiyimdən, rayonun
nankor qonşularımız tərəfindən ələ keçirildiyindən xəbərsiz idim.
Hardasa saat on bir radələrində “Azərbaycan” nəşriyatında əzəli dostum Adil Cəmillə
görüşəndə onu çox məyus halda görüb, səbəbini soruşdum. Adil müəllim üzümə təəccüblə
baxıb: “Xəbərin yoxdumu, mənim beşiyim-ata ocağım Kəlbəcərin damı-daşı uçub
üstümə tökülüb. Görürsənmi, qəddimi də düzəldə bilmirəm” – dedi…
Adı dillərdə əzbər olan Kəlbəcər mənim aləmimdə
yurdumuzun şah damarı, yenilməz qalası-bürcü idi. Onun işğalından üç-dörd ay keçməmiş
növbə Ağdama, Ağdərəyə, Füzuliyə, Cəbrayıla, Qubadlıya və sonra da Zəngilana
çatdı…
Bilənlər yaxşı bilir ki, Qarabağın hər
bir guşəsi insanları valeh edirdi. Kəlbəcərdə olduğu kimi bizim Cəbrayılda da yalçın
qayalar, sərt yoxuşlar, sayı-hesabı bilinməyən bulaqlar, yaşıl donlu meşələr
göz oxşayırdı. Bununla belə, Kəlbəcər ana təbiətin şah əsəri, Ulu Tanrının ən möhtəşəm abidəsi idi.
İlk dəfə 1978-ci ilin iyun ayının əvvəllərində
Kəlbəcərdə, İstisuda, “Taxa düzü”ndə, “Ceyran bulağı”nda, “Bağıtsaq” yaylağında
olmuşam. Elə o vaxtlardan bəri Kəlbəcər mənim yaddaşımda gözəlliklər diyarı
kimi iz salıb. Cəbrayılın işğalından sonra Mingəçevirdə müvəqqəti olaraq məskunlaşdığım
ilk vaxtlardan Kəlbəcər camaatının böyük
bir qismi ilə dostlaşdım. Ulu aşıq sənətinin bölgədə təbliğində böyük zəhmətləri
olan Dumanın, Qoşqarın, Qaraxanın, Fərəcin, Ziyadxanın… adları dilimdən düşmədi.
Bu gün Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinə qələmə aldıqları əsərlərlə
yerli yazarlarla birgə “zinət” verən
Sönməz Ələkbər, Məhyəddin Məhərrəmoğlu, Zümrüd Rəhimova, Elşən Əzim, Mikayıl
Xanlarov, Məhəmməd Nəbiyev… (Allah rəhmət
eləsin!) və Ruslan Ələkbərlinin
uğurlarına həmişə sevinmiş, Kəlbəcər ədəbi mühitinin zənginliyi iləigili qürur
hissi keçirmişəm. Taleyin bəxşişinə bax ki, iyirmi il qabaq kəlbəcərlilərlə
dost olduğum kimi həm də qohum olmuşam…
Kəlbəcər uğrunda gedən döyüşlərdə minlərlə
insanın şəhidlik zirvəsinə yüksəlməsindən, əsir-girov düşənlərin sonrakı talelərindən
də yetərincə xəbərim var. “Zatı-kökü” bilinməyən bir bəlanın dünyamızı
dolaşdığı bir gündə yurd həsrətinin iyirmi yeddinci aşırımını adlayan Kəlbəcər
camaatının hansı iztirablar keçirdiyi hamımıza məlumdur. Bu hüzn dolu bir gündə
tanıyıb-tanımadığımdan asılı olmayaraq Kəlbəcərin ağsaqqal-ağbirçəklərinə, ziyalılarına,
cavanlarına xitabən deyirəm: – “Allah cəmi
şəhidlərimizə, o cümlədən o ulu məkanın ölüm-dirim savaşında ölümün üzünə şax
baxan insanlara Ulu Tanrı qəni-qəni rəhmət eləsin!”” Başınız sağ olsun, Kəlbəcərlilər,
gün o gün olsun ki, doğma ata-baba ocaqlarınıza təzədən qayıdasınız…
Elə bu ovqatla da Kəlbəcərlə bağlı iki şeirimi sağalmaz yurd yaralarınızın üstünə məlhəm kimi yaxmaq istəyirəm…
İSTİSUDA
Dədə Şəmşir, İstisuda Sazın dindi, yaşa-dedim. İlk sözümü Dəlidağda, Sal qayaya, daşa-dedim.
Xoşbəxtlik gələndə yeltək duyulmur, bədbəxtlik gələndə tufantək gəlir… Xalq Şairi Nəbi XƏZRİ
Dərdlər var ki,gələndə bilməzsən necə gəldi? qasırğa gəmiləri lövbər salmağa qoymur! axı-dərd insanları dahaha yaxın edərdi, bu,elə bir bəla ki,yaxın olmağa qoymur.
İlahim,Sənə qurban,bu,neçənci bəlanmış!? bütün ellər,qitələr alovlara qılanmış, doğmam qapıdan dönür–əlcəkli,”maskalanmış”, nəyə görə?!–övladdan onsuz da doymaq olmur!
Məktəblər şagirdlərə öyüdün verə bilmir, yaşlılar,dükan nədir?-Aptekə girə bilmir, analar körpəsinə öz südün verə bilmir– qorxanda anaların südündə qaymaq olmur!
Bundan sonra bəlkə də daş ürəklər yuxalar? Haq bayrağı ucalar,zülmkarlarlar yıxılar! layiq olan döşlərə mükafatlar taxılar– gileylər o qədər ki…çoxunu yaymaq olmur!
Xəstəsinin yanına həkim girib–pərt çıxar, “Korana” adlı cəllad sərhəd pozar,sədd yıxar, Mart çıxdısa,İnşallah,dalınca bu dərd çıxar! yoluxanlar sayı çox,dünyada,saymaq olmur!
İncimiş dostun deyil–könlün alasan, gedə, Şeytan deyil–yalannan heyran olasan,gedə, düşmən deyil–başına mərmi salasan,gedə! elə bir müşgül ki,bu,yoluna qotmaq olmur.
Nə cür vurum?-əlləri,ayağı yalınmışam, doğma ev-eşiyimdə “zindana” salınmışam, çanı qorumaq üçün “çəpərə” alınmışam, məsləhətlər verən çoooox,hər sözə uymaq olmur, gələndə elə gəlir…bəlanı duymaq olmur! 31.mart,2020.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatını, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Əvəzoğlu, çıx dağlarla görüşə, Hər tərəfdən ətir saçır bənövşə… Göy çəməndə yan verməyə bir döşə, Mütəkkənin, döşəkçənin vaxtıdır!..
Ay qadınlar, bayramınız mübarək,
Biz kişilər heç vaxt sizsiz olmasın! Kaş həmişə sizi belə şad görək, Hər gününüz al səhərsiz olmasın; Biz kişilər heç vaxt sizsiz olmasın!
Qadın gülsə gözəlləşər bu dünya, Gözəlliklə əməlləşər bu dünya, Lap yenidən təməlləşər bu dünya, Dodağınız təbəssümsüz olmasın; Biz kişilər heç vaxt sizsiz olmasın!
Qoy Yaradan bəxtinizə yar olsun, Hər arzunuz, diləyiniz var olsun, Zülfünüzə sığal çəkən yar olsun, Daş ürəklər məhəbbətsiz olmasın; Biz kişilər heç vaxt sizsiz olmasın!
Heç bir yerdə görməmişəm bir qəşəng, Yurdumuzun gözəlləri olantək. Hər biriniz bir açılmış tər çiçək – Bülbül olan qızılgülsüz olmasın; Biz kişilər heç vaxt sizsiz olmasın!
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlandı.
Yeni
növ koronavirus (COVID-19) infeksiyasını
Ümumdünya Səhiyyə Təşkilatı “pandemiya” elan edib. Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə
biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib. ÜST bununla bağlı kampaniyaya başladığı #evdəqal
həştəqi ilə insanları evdə qalmaqla həyatları xilas etməyə çağırıb.
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində
hazırlanan videoçarxlar həmçinin “Evdə qal” çağrşına dəstəkdir.
Rayonun
iqlimi – yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl iqliminə aiddir. Təqdim
olunan videoçarxda Ucar rayonu və onun görkəmli şəxsiyyətləri haqqında ümumi məlumat
verilmiş, rayonun təbiəti, mətbəxi, tarixi abidələri, müasir binaları və
parklarına aid fotolar əks olunmuşdur.
Videoçarxda
Böyük Vətən müharibəsində həlak olmuş Ramal kənd sakinlərinin xatirəsinə
ucadılmış abidə, Ucar rayonu 1941-1945-ci illər müharibəsi döyüşçülərinin xatirəsinə
həsr olunmuş abidə, 416-cı Taqanroq diviziyasının şərəfinə ucadılmış xatirə
abidəsi, Ucar rayon Su qülləsi, Bərgüşad kəndi nekropol baş daşı və s. abidələri
əks etdirən fotolar verilmişdir.
Burada
həmçinin Ucarın Qazyan, Qazqumlaq, Qulabənd və başqa kəndlərinin görüntüsü də təqdim
olunmuşdur.
Videoçarx
Ucar rayonunun Bərgüşad kəndində gözaçan el sənətkarı Aşıq Əhlimanın “Ucarım”
mahnısı ilə müşayiət olunur.
Videoçarx
aşağıdakı linkdə yerləşdirilib:
https://www.youtube.com/watch?v=1mUqgH6rNWg
“Vətənimizə virtual səyahət” adlı layihəyə
daxil olan videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube
kanalında da izləmək mümkündür.
Layihə
çərçivəsində Azərbaycanın bir çox
rayonları haqqında silsilə videoçarxlar hazırlanacaq.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində
“Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını davam etdirir. Layihəyə
yazıçı Gülzar İbrahimovanın “Çin hekayəti və yaxud dünyanın koronavirus faciəsi”adlı
hekayəsini təqdim etmişdir.
Hekayə tərcüməçi işləyən azərbaycanlı və çinli ailənin
dostluğundan, onların bir yerdə olduqları müddətdə baş verən maraqlı hadisədən
və son günlər yayılmış koronavirusdan bəhs edir. Simi babanın nəvəsi To Ayailə
dostluq edən Osmanın sapandla sərçəni yaralaması Simi babaya Çin tarixində baş
vermiş hadisəni xatırladır.
Hekayənin tam mətni
aşağıdakı linkdə yerləşdirilib:
İstəkli qələm dostlarım, sözə-sənətə dəyər vermyi bacaran söz sərrafları! Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsində və çoxsaylı oxucular arasında istedadlı şair, nasir və esseist kimi tanınan Namiq Zaman Novruz Bayramı ərəfəsində “Qanun” nəşriyyarının “köynəyindən” çıxan “Səni düşünürəm” adlı şeirlər kitabıyla hamımıza unudulmaz anlar bəxş etmişdir. Bəri başdan deyim ki, redaktoru və ilk xeyir – duaçısı ( “ön söz” müəllifi qismində) olduğum kitab, insanlara bəşəri duyğular, nəcib hisslər bəxş etmək baxımından yüksək dəyər kəsb edir. İllərdən bəri qədim oğuz elimiz Laçının, – bütövlükdə isə düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın həsrəti ilə yaşayan qələm dostum, özünün ilk “poetik vəsiqəsi” ilə yüksək zövqlü söz sərraflarının ürəklərinin sevgi ucalığında dayanmaq haqqına sahibdir.İnşallah, hamılıqla “koranovirus”un üzərində qələbə çalandan sonra, Zamiq müəllimin kitabı ilə ilgili Bakıda, Ağdaşda və çox güman ki, (müəllifin özü arzulayarsa) “Taxta körpüdə” təqdimat mərasimləri sərgiləyəcəyik. Elə bu istəklə də Novruz Bayramı sevincimizə sevinc qatan Namiq Zamanı Mingəçevir yazarları ilə yanaşı, şairin imzasına hörmət və ehtiramla yanaşan oxucular adından təbrik edirəm. Var olun, Namiq müəllim! Sizə cansağlığı, yaradıcılıq uğurları, ailə səadəti arzulayıram!
İSMAYIL İMANZADƏ Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri
Oxuculara təqdim olunan “Sandıq” romanında biz Qalib Şəfahət yaradıcılığının fərqli bir üzünü görürük. Yazıçı bu əsərində Qarabağ məsələsinə fərqli bir rakursdan yanaşmaqda, oxucunu gözlənilməz dramatik həyat hadisələrinin burulğanına salmaqdadır. İlk səhifədən sona qədər “bu hadisələr gerçəkdən baş vermişmi” sualı oxucunu tərk etmir. Roman fərqli bir süjet xətti üzərində qurulub, dili obrazlıdır, üslubu orijinaldır. Hadisələr erməni mühitində baş verir, ermənilərin öz dilləri ilə milli xislətləri təsvir olunur.
“Mütərcim” nəşriyyatı yazıçı Akif Abbasovun“Taxta qaşıq” hekayələr kitabını nəşr etmişdir. Kitabın redaktorları şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Əhməd və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.
Kitaba yazıçının son illərdə qələmə aldığı hekayələr daxil edilmişdir. Həyatdan alınmış hekayələrdə sadəlövh insanların qarşılaşdıqları qəribə hallar təsvir olunur, fırıldaqçılar, yaltaqlar, tamahkarlar tənqid edilir.
Qeyd edək ki, müəllifin “İsmayılın bacısı oğlu”, “Tatanxanım”, “Brejnevin çənəsi”, “Quzu əti”, “Siqaret”, “Kənd toyuğu, kənd yumurtası”, “İynə nə oldu?”, “Aranjiman”, “Möhtərəm hakim, bilsəydim…”, “Sən demə, heç adam deyilmiş”, “Taxta qaşıq”, “Sizin əlinizdən….”, “Yapışqan”, “Bozbaşla peçenye” hekayələri maraqla oxunur.
Kitab yeniyetmə və gənclər, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri, filosof İmadəddin Nəsiminin seçilmiş əsərləri boşnak dilinə tərcümə olunaraq çap edilib. Kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.
Əlyazmalar İnstitutundan bildirilib ki, ön sözün müəllifi elmi müəssisənin direktoru, akademik Teymur Kərimlidir. Nəşrin məsləhətçisi institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovadır.
Qeyd edək ki, şairin əsərləri Sarayevo Universitetinin türkoloq-şərqşünasları tərəfindən tərcümə olunub.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 31 Mart Azərbaycanlıların Soyqrımı gününə həsr olunmuş interaktiv plakat hazırlandı.
İnteraktiv plakatda umummilli lider Heydər Əliyevin
26 mart 1998-ci il tarixli Fərmanı, “1918-ci il Azərbaycanlıların soyqırımı – 100 il”
bölməsində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında“ Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli Sərəncamı verilmişdir.
İnteraktiv plakatda mart soyqırımı haqqında tarixi
faktlara əsaslanmış Azərbaycan və rus dillərində məlumatlar geniş əks olunmuş və
bu hadisələri əks etdirən fotolar verilmişdir.
Burada həmçinin Azərbaycan ədəbiyyatının virtual kitabxanasında
yerləşdirilmiş “31 mart soyqrımı: 1918-1920-ci illər mətbuatında” və “Azərbaycanlıların
soyqrımı unudulmamalıdır” kitabları ilə də, tanış olmaq olar.
İnteraktiv plakata çoxlu sayda şəkil və 10 link
daxil edilib. Material İnternetdə yerləşdirilib:
Ölkəmizdə elan olunmuş karantin rejimi ilə bağlı özünü təcrid müddətində oxucuların vaxtlarının dəyərləndirilməsi üçün Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihə həyata keçirir. Şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) da kitabxananın bu layihəsinə qoşuldu. O, “Səndən sonra” və “Pıçıldaş mənimlə çiçək dilində” adlı iki şeirlər kitabının müəllifidir.
“Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına dəstək olan Ə.Əmirov hal-hazırda Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə müdiri vəzifəsində işləyir. İxtiraçı-alim texnika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar mühəndisidir, tərəqqi medalı ilə təltif olunmuşdur.
“EVDƏQAL!” çağırışına əməl edək!
“Çölə çıxma”, – dedilər, hədd qoyub yaşımıza, Gəl, cavanlıq edib, əl gəzdirək üst-başımıza!
Ləzzət ilə necə, gör, ömr edirikmiş, ey dil, Su qatıb, kimdisə dünya da, bizim aşımıza!
Zülm edib çöldə kəbaba, onu şişəçəkdik, Meyl edək, evdə qalıb, xaş ilə bozbaşımıza!
Daha meyxanəyə yol bağlıdı, çün saqi deyib, Məsləhət öyləsə, üzvurmam o qardaşımıza.
Unudar bəlkə gözəllər belə getsə, bizi ta, Sığınıb, ağlayacaqmı biri, başdaşımıza?!
Axtarır, tacı başında, bizi afət, Ələmi, Halımız var, gətirib tacı qoya başımıza?! ____________________ Taclı afət* – koronavirus nəzərdə tutulur Əli Ələmi
Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucuları olan yazıçı və şairlər “Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə qoşularaq “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir. Kitabxana yazıçı və şairləri ətrafına toplayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizə Dəstək Fonduna və #EvdəQal kampaniyasına informasiya dəstəyi göstərir. Aksiya çərçivəsində yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızının (Basqallı) “Sağlam həyat tərzi – hər birimizin devizi olmalıdır” adlı hekayəsi, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı və şairə Gülarə Munisin “Çətin günlərin düşüncələri…” essesi oxuculara təqdim olunmuşdur. M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə keçirilən “Yazıçı və şairlər koronovirusla mübarizə edir” aksiyası davam edir. Kitabxananın Fəxri oxucusu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə-publisist, AYB-nin və AJB-nin “Qızıl Qələm” media mükafatçısı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatı laureatı, “Vedibasar” qəzetinin redaktoru Nəsibə İsrafilqızının “Korona gəlir” şeri oxuculara təqdim olunur.
KORONA GƏLİR
Tanrı bəlasıdı vallah bu bəla… Görün insanları salıb nə hala… Baxmayıb yaşına, başına, bala… İnsanın bağrının başını dəlir, Bağla pəncərəni, korona gəlir…
Restoran,kafelər yeyib-tökdülər… Doyub harınlayıb,tikib sökdülər… Yolları bağlandı, indi çökdülər. Dəyib daşdan-daşa başlar gicəlir, Örtün qapıları, korona gəlir.
Nə məscid, nə molla var, nə QURAN, Nə yaradan, nə yaşadan, nə quran, İki əlli qapaz endirdi VURAN. Dəstəmaz almadın, ruhun dilənir… Sabunlu, spirtli korona gəlir.
Demədilər bu Allahdı, bu pirdi, Soyunub-geyinmək pünhandı,sirdi, Bəla gəldi, hamı yaşmağa girdi. Ağız-burun nə gördüsə,iyrənir, Açın gözünüzü, korona gəlir.
Allah bəla verdi, ağıllan dedi, Bir az kitab oxu, ağıllan dedi, Zəhrimar dadırsan, noğullan dedi. Görüm hansı dərman karına gəlir, Bağla bacaları, korona gəlir.
Ay Nəsibə, duman gələr, çən gedər, Tanrı bir gün bu bəlanı səngidər, Söz oxunar, şeir qalar, sən gedər. Allaha sevgimiz hər an güclənir, -Ya Rəbbim, kömək ol! Korona gəlir, Bu kədər, bu bəla bağrımı dəlir. Allahım kömək ol, korona gəlir.
“Sarıl qələmə, səslən aləmə” çağırışı ilə qələm əhlinə üz tuturam. Xalqımızn birliyi, həmrəyliyi nəticəsində bu bəlaya güc gələcəyik. Nəsibə İSRAFİLQIZI
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) bir çox ölkələri bürümüş koronavirus infeksiyasi ilə bağlı bədii sözün gücünə arxanalaraq əhali arasında təbliğat işini gücləndirmək məqsədilə şair və yasıçıları ətrafına toplayaraq yeni “Kitabxana – koronavirusa YOX deyir!” layihənin həyata keçirilməsinə başladı. Kitabxana koronavirusla mübarizədə ətrafına şair və yazıçıları topladı və Koronavirusla Mübarizəyə Dəstək Fondunun tədbirlərinə qoşuldu. Layihənin “Sağlam həyat tərzi – hər birimizin devizi olmalıdır” adlı ilk hekayəsini kitabxanaya yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) təqdim etdi. İlk “Çətin günlərin düşüncələri…” esseni isə M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü Gülarə Munis kitabxanamıza təqdim etdi. Ümumdünya Səhiyyə Təşkilatı “pandemiya” elan etdiyi yeni növ koronavirus (COVID-19) infeksiyasının dünya gündəmini zəbt etdiyi bir vaxta qələmə alınan bu hekayə oxuculara mənəvi və psixoloji dəstəkdir. Esse http://yasamal.cls.az/front/files/libraries/81/documents/217161714.pdf ünvanda yerləşdirilib.
Bir çox ölkələri bürümüş koronavirus infeksiyası ilə bağlı Azərbaycanda elan olunmuş karantin rejimi müddətində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) oxuculara virtual xidmət göstərməyi davam edir.
MKS “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir. Əhalinin evdə qalaraq sağlam həya t tərzinə davam etməsi üçün tanınmış şairlər, yazıçılar öz şeir və hekayələrini Mərkəzi Kitabxanaya təqdim edirlər. Növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Cəsarətli qələm” mükafatçısı Əfəndiyeva Solmaz Ədhəm qızı (Solmaz Elqızı) mövzuya aid şeirini oxuculara ərmağan edir.
Gəlin gələcəyi birgə qoruyaq
(Koronavirus pandemiyasına həsr olunur)
Alıbdı dünyanı yaman cənginə, Bütün insanlığa kəc baxıb, gəlib. Bürünüb əzazil əcəl rənginə, Başına ölümdən tac qoyub, gəlib.
Böyük dövlətləri iflic edərək, Tanımır uşağı, gənci, qocanı. Nurlu kainatı sanki zəbt edib, Allahım, yox eylə sən bu bəlanı.
Bədniyyət qonağı sevməyir heç kəs, Hamı çalışır ki, tez çıxıb getsin. Allahdan heç zaman ümid üzülməz, Görüm bu virusu Rəbbim yox etsin.
Gəlin həmrəy olub, verək əl-ələ, Bu taclı virusa meydan oxuyaq. Axı xoş gələcək öndədir hələ, Şeirdən, nağıldan çələng toxuyaq.
Hər bir ahıl insan bərəkətimiz, Çox sevib onları, həm də yaşadaq. Uşaqlar və gənclər gələcəyimiz, Gəlin gələcəyi birgə qoruyaq.
Sözümün sonunda demək istərəm, Tezliklə məhv olsun bu taclı bəla. Yenidən hər kəsi görmək istərəm, Sevinsin bu gözəl, bu xoşbəxt hala.
Ş.H.Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
Teymur ƏHMƏDOV AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor,
(Əvvəli ötən sayımızda) … Səhər dan yeri sökülməmiş Lvov hərbi bazasındakı tank korpusu müdafiə mövqeyi tutmaq üçün geri çəkilmişdi. Nəcəf öz vzvodu ilə ön cəbhəyə göndərilməsi haqqında raport vermişdi. Batalyon komandiri, qvardiya mayoru Romanov Nəcəfin şəxsi işində yazmışdı: “Nəcəf Nərimanov “ön mövqeyə göndərilməsi barədə dəfələrlə raport vermişdi. Yalnız özünün təkidli xahişindən və batalyon komandiri kimi mənim şəxsi binagüzarlığımdan sonra ön xəttə göndərilmişdir”. Gülsüm xanım nə edəcəyini bilmirdi. Körpələr evinin Moskvadan Daşkəndə köçürülməsinə ciddi hazırlıq getməsi onun nigaranlığını artırmışdı. İki həftə keçsə də, Nəcəfdən bir xəbər yox idi. Bir gün Gülsüm xanım işdən evə qayıdarkən poçt qutusunda məktub gördü. Bu, Nəcəfin cəbhədən ilk məktubu idi. O, dərhal açıb oxumağa başladı: “Ana, cəbhədən ikinci məktubumdur ki, yazıram. Bilmirəm alacaqsan, ya yox? Lvovdan necə çıxdığından nigaranam. Səhhətin necədir?.. On səkkiz gün ərzində cəbhədə çox şey görmüşəm. Amma indi bir qədər rahatam. Almanların vəziyyəti ağırlaşır. Biz yaxşı müdafiə təşkil etmişik…” Gülsüm xanımda daxilən bir toxtaqlıq yarandı, pillələri tələm-tələsik çıxıb, qapını açdı. Mənzildə divanın üstündə əyləşib məktubu həyəcanla oxudu, öpdü, köksünə sıxıb, Nərimanovun portretinə baxdı, şükranlıq etdi. Ona elə gəldi ki, Nərimanov onun sevincinə şərikdi, məmnuniyyətlə gülümsəyir. Nəcəf məktubunda yazmışdı: “Ümumiyyətlə, sakitlikdir. Biz möhkəm müdafiə təşkil etmişik. Çox şadam ki, alman dilini bilirəm, alman əsirləri ilə anlaşıqlı danışıram. Dünən 5 alman əsiri ilə jurnalistin qəzet üçün müsahibəsini tərcümə etdim. Əsirlər şaddırlar ki, onları güllələmirlər… Onlarla 3 saata qədər söhbət etdim. Hamısı 21, hətta 19 yaşında gənclərdi. Müharibəyə nə üçün gəldiklərini bilmirlər, iki ildir döyüşürlər, cana gəliblər”. 1941-ci ilin son aylarında Cənubi-Qərb istiqamətində alman ordusunun sürətli hücumunun uğursuzluğu Adolf Hitler qərargahında ciddi narazılıq doğurmuşdu. 1942-ci ilin əvvəllərindən, cəbhədə qanlı döyüşlər gedirdi. Düşmən qoşunları Moskvaya doğru can atırdı. Moskvanın müdafiəsi möhkəmləndirilmişdi. Məlumdur ki, bir çox idarə və təşkilatlar Orta Asiya respublikalarının mərkəzi şəhərlərinə köçürülmüşdü. Moskva uşaq evləri və idarə rəhbərləri də, o cümlədən, Gülsüm xanım Daşkənd şəhərinə köçmüş, burada fəaliyyətini davam etdirirdi. O, Moskvadakı qonşusu və rəfiqəsi Feliks Dzerjinskinin bacısı Yadviqa Edmundovna ilə fəal ictimai işə qoşulmuşdu. Leninqraddan və digər şəhərlərdən Daşkəndə köçürülmüş uşaqların qəbul edilib yerləşdirilməsi komissiyasında çalışırdı. O, xəstəlik ucbatından Moskvadan köçə bilməyən qonşusu Kuybışevin arvadı Olqa Nikolayevnaya göndərdiyi məktubunda yazırdı: “Daşkənd ikinci Moskva olmuşdur. Burada xeyli moskvalı vardır. İşim çoxdur. Nə gecəm var, nə gündüzüm. Uşaqlarla məşğul oluram. Müqəddəs işdir. Adam körpələrə baxanda ürəyi ağrıyır. Bu tifillərin günahı nədir? Nə qədər əziyyət çəkmişlər, əzab görmüşlər. Ölkə bu dəhşəti heç bir vaxt unutmayacaqdır”. Gülsüm xanımın Nəcəflə əlaqəsi beş ay idi ki, kəsilmişdi. Cəbhədən ürəkaçan xoş xəbərlər eşidilmirdi. Gülsüm xanımın SSRİ Xalq Müdafiə Komissarlığına göndərdiyi teleqramlar əsasında Ordu siyasi idarələrinin axtarışları da nəticə verməmişdi. Ana sıxıntı və iztirablar məngənəsində idi. Rəsmi sənədlərdən məlum olur ki, ağır döyüşlərin birində iki ayağından yaralanan Nəcəf çoxlu qan itirmiş, zəifləmişdi. Ona görə Saratov hərbi xəstəxanasında bir müddət müalicə olunur, komissiyadan keçəndən sonra Qorki şəhərində bərpa institutuna göndərilir. 1942-ci ilin baharında Moskvaya, evlərinə qayıdan kimi Daşkənddə yaşayan Gülsüm xanıma 30 mart 1942-ci il tarixli məktubunu göndərir: “Əziz ana! Mən çox şadam ki, səndən xoş xəbər eşitdim. Sən artıq bilirsən ki, mən sentyabrın 20-də (1941-ci ildə) hər iki ayağımdan yaralandım, dekabr ayınadək Saratov xəstəxanasında, sonra Qorkiyə göndərildim. İndi martın 10-dan burada, Moskvada bir ay müalicə olunacam…” Nəcəf yeni rütbə alması, paqonlarına “3 kubik” vurması barədə anasına xoş xəbər verir: “Məni yeni rütbəmlə təbrik edə bilərsən. Deməli, indi mən “Baş texnik leytenantam, yadında saxla”. Saratov şəhərindən göndərdiyi məktubun bir yerində yazır: “Ana, mən indi yeni döyüşə hazırlaşıram. Tezliklə, yəqin ki, sentyabrın ortalarında cəbhəyə gedəcəm. Sən eşidibsənmi, Qərb cəbhəsində almanlar darmadağın edilib, Cənub-Qərb cəbhəsində də onları vurmaq lazımdır. Almanları Qafqaza buraxmaq olmaz”. 1942-ci il avqustun axırlarında hərbi xəstəxanadan buraxılan günün ertəsi Nəcəf Nərimanov ölkənin Cənub-Qərb istiqamətində mövqe tutan general-leytenant K.V.Sviridovun mexanikləşdirilmiş korpusuna göndərildi. Həmin korpusun daxil olduğu Cənub cəbhəsi komandanlığının üçüncü qvardiya diviziyası mühüm tapşırığa hazırlaşırdı: Tufandan qabaq dəryada görünən sakitlik kimi döyüş meydanında da əməliyyat səngimişdi. Lakin Stalinqradda qarşı-qarşıya dayanmış hərbi hissələrdə müharibənin taleyini həll edəcək böyük döyüşə hazırlıq gedirdi. General-leytenant K.V.Sviridovun korpusu Stalinqradın yaxınlığında mövqe tutmuşdu. Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanov öz vzvodu ilə yorulmaq bilmədən korpusda tankların texniki vəziyyətini nəzərdən keçirirdi. Bu dövrdə Nəcəf Kommunist partiyası sıralarına qəbul edildi. Bundan xəbər tutan Gülsüm xanım ümumittifaq radiosu ilə çıxışlarının birində öz sevincini bildirdi. Oğluna ürək sözlərini çatdırdı: – Mənim əzizim! Kommunist Partiyamızın üzvü olmağın haqqındakı xəbərin məni çox sevindirdi. Oğlum, səni ürəkdən təbrik edirəm! Vaxtın bu qədər tez keçdiyinə inana bilmirəm. Axı, lap bu yaxınlaradək sən pioner idin… İndi komandirsən, partiya üzvüsən. Sənin atan bu partiyanın sıralarında uzun illər boyu xalqımızın azadlığı və səadəti uğrunda mübarizə aparmışdır. O, gecə-gündüz işləməyi bacarırdı, dincəlməyi məsləhət görən həkimlərə qulaq asmırdı. Nəcəf, yadında saxla ki, sən Nəriman Nərimanovun oğlusan. Bilirəm ki, bunu bir dəqiqə də olsun unutmursan. Sənin öhdənə şərəfli vəzifə – vətəni faşist quldurlarından müdafiə etmək vəzifəsi düşmüşdür. Faşistlərin törətdikləri cinayətlərdən nə qədər qəzəbləndiyimi ifadə etməyə söz tapmıram. Bu vəhşilər bizim xoşbəxt həyatımıza qəsd etmişlər. Mən, Şərqin mənim kimi minlərlə qadını yalnız Sovet hakimiyyəti illərində çadramızı atmış, oxumuş, işləmiş, övladlarımızı tərbiyə edə bilmişik. Sən yaşa dolmusan, mən təhsilimi başa vurmuşam. Deməli, biz uzun zaman xoşbəxt yaşaya bilərik. Müharibə başlandı və bizi bir-birimizdən ayırdı. Lakin düşmən xalqımıza heç vaxt diz çökdürə bilməyəcəkdir. Əzizim, məndən nigaran qalma. Moskvadayam. Hamı qayğı göstərir… Özünü necə hiss etdiyin barədə, işlərin haqqında mənə tez-tez yaz. Döyüş yoldaşlarına məndən salam yetir… 1942-ci ilin sentyabrında Alman ordusunun böyük zirehli dəstələri, yüzlərlə təyyarəsi həmləyə keçdi. Sovet ittifaqı marşalı V.İ.Çuykov yazır ki, çarpışmanın qızğın vaxtında “Alman faşist komandanlığı şəhərə daha üç təzə diviziya gətirdi, güclü zərbə qruplaşması yaratdı. Düşmən təyyarələrinin sayı əvvəllər də hər gün mindən çox olurdu, 1942-ci il oktyabrın 14-də isə rekord rəqəmə – 2540-a çatdı. Ətrafda hər şey alovlanırdı. Düşmən artilleriyası və aviasiyası neft çənlərini yandırırdı. Alova bürünmüş neft axırdı. Alovun hündürlüyü bəzən 800 metrə çatırdı. Elə bil torpaq da yanırdı, Volqa da… Adama elə gəlirdi ki, nəinki torpaq, həm də səma bomba, mina, mərmi partlayışından sarsılır… Toz və tüstü dumanları günəşin işığını kəsir, gündüzü gecəyə çevirir. Bu alov dənizinin ortasında, arası kəsilməyən bombardmanlar içərisində sanki bütün canlılar məhv olmalı idi, insan əsəbləri bu cəhənnəm gərginliyinə dözməyə elə bil daha qadir deyildi. Lakin əsgərlərimiz dözə bildilər. Onlar öz mövqelərində sarsılmaz qala kimi dayandılar”. Bütün dünyanın diqqəti ölüm-dirim müharibəsinə dikilmişdi. Gülsüm xanım da, ölkə vətəndaşları kimi Sovet Məlumat Bürosunun radio verilişlərini həyəcanla dinləyirdi. Nəcəfin bu tufanın mərkəzində olmasından xəbərsiz idi. 1943-cü ilin fevralında faşist strategiyasının iflası xəbəri dünya antifaşist müqavimət hərəkatında qələbəyə dərin inam yaratdı. Müharibənin gedişində dönüş yarandı. Əzilən alman ordusunun geriçəkilmə mərhələsi başlandı. 1943-cü ilin baharında Gülsüm xanım beş aydan sonra oğlu Nəcəfdən aldığı məktubdan onun Stalinqrad döyüşlərində olmasından xəbər tutdu. Nəcəf yazırdı: “Əziz ana, mən də orada idim. Dörd ay orada qaldım. Göndərdiyin bağlamanı qışda, faşistlər bizi lap Volqaya sıxışdıran zaman aldım. Amma axırı yaxşı məlumdur. Biz sarsılmadıq. Stalinqrad alman qoşunlarının böyük bir qrupunun məzarı oldu”. Narahatçılıqla oğlunun intizarını çəkən ananın ağır məqamda bu məktubu oxuduğu anda keçirdiyi hissi təsəvvür etmək çətindir. Gülsüm xanım məktubu oxuyan kimi, Nərimanovun iş otağına keçib Tanrıya böyük şükranlığını bildirdi. Amma qəhərdən özünü saxlaya bilmədi. Donetskdən sıxışdırılıb çıxarılan alman hərbi hissələri geri çəkilirdi. Onların yeganə çıxış yolu Volnovaxa şəhərindən idi. Mexanikləşdirilmiş tank korpusuna alman hərbi hissələrinə ağır zərbə vurub Volnovaxadan çıxarmaq, düşmənin inadlı müdafiəsinə imkan verməmək əmr olunmuşdu. Bu əmrin uğurla yerinə yetirilməsində general-leytenant K.V.Sviridovun mexanikləşdirilmiş korpusu misilsiz qəhrəmanlıq göstərdi. Volnovaxa şəhəri alındı. Alman hərbi hissələri darmadağın edildi. Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanovun vzvodu dəmiryolu magistral qovşağını keçib müdafiə mövqeyi tutmuşdu. Nikolay Sazanov onu görüb maşını saxladı, Nəcəflə səmimi görüşüb tankçıları təbrik etdi. Sonra Nəcəfə dedi: – Səni axtarırdım. Moskvaya göndərilməyin barədə əmr alınmışdır. Tez qərargaha get, general səni görmək istəyir. Nəcəf vağzala çatmamış buludlu, tutqun havada 300 alman təyyarəsi göründü, Volnovaxaya çatar-çatmaz mərmi səpələdi. Ölümsaçan dağıdıcı mərmilər yeri-göyü titrətdi: Ərşə qalxan toz-duman çəkildikcə dağılmış dəmiryolu vağzalının, ətraf küçə və həyətlərin, inzibati binaların və evlərin xarabaları görünürdü. Yüzlərlə mübariz döyüşçü həlak olmuşdu. Volnovaxa şəhəri döyüş meydanında Nəcəfin həlak olması xəbəri Gülsüm Nərimanovanı ildırım kimi vurdu. Böyük ana qəlbinin pünhan acı-ağrısını, zəmanəyə, bəşəri cinayətə, haqsızlığa, zülmə ittiham olan naləsini oxucuya necə təqdim edəsən? Müdrik Mövlana deyir: Şəhidə ağlamazlar!.. Ürək parça-tikə olursa nə etmək lazımdır?! Ana ürəyi dözmədi, o, yataqda yarımcan oldu. Hər şeyi unutdu. Həkimlərin cidd-cəhdi hədər getmədi. Hər gün səhərdən-axşama şəfqət bacısı çarpayıda halsız uzanan xəstə Gülsüm xanıma xidmət edirdi: dərman içirər, təzyiqini ölçər, yeməyinə nəzarət edərdi. Nəhayət, bir az yaxşılaşsa da, bütün günü yatağında susqun, halsız uzanan Gülsüm ana axşam çağları tənha qalanda xalatını geyinər, adyalına bürünüb Nəriman Nərimanovun iş otağına çəkilərdi: olub-keçən hadisələri düşünər, sızıldar, iztirab çəkərdi, için-için ağlardı. “Bundan sonra necə yaşaya bilərəm. Axı, necə yaşaya bilərəm…” Əlinə qələmi alıb nə isə yazmaq istəsə də, fikrini cəmləşdirə bilmirdi. Bir gün için-için ağlaya-ağlaya xatirə dəftərinə taqətdən düşənədək nə isə yazdı: “Həlak olmuşdur… Nə böyük dəhşət. Axı, o, mənim gözümün ağı-qarası yeganə oğlumdur. Cəmi 24 yaşı var. İnsanın həyatının çiçəkləndiyi dövr. Ömründə heç nə görmədi… Qarşımda sual durur: bundan sonra necə yaşamalıyam? Yenidən necə ömür sürə bilərəm? Nəyə doğru can atmalıyam? Həyatımın məqsədi nədən ibarətdir? İndi heç kəsim yoxdur. Mənim üçün heç nə mövcud deyil: nə təbiətin gözəlliyi, nə də adamlar… hər tərəfdə dəhşətli boşluq yaranmışdır, hər şeyi təhrif olunmuş şəkildə görürəm… Məndə nə qədər qüvvə, inam vardı, hər gün nə qədər sevinc gətirirdi. Oğlumu gözləyirdim, səbirsizliklə gözləyirdim. Lakin dəhşətli an gəlib çatdı. Hər şey yox oldu. Sanki dünya qaranlıqlaşdı, dünya mənə dar oldu. Ürəyim ağrıyır, hər tərəfdə gözümə qan görünür… Nəcəf, mənim yeganə oğlum, fərəhim, sən haradasan, bu vəhşilər sənə nə etdilər? Axı, üç ildi ki, gözləyirdim. Sən qayıdacağına söz vermişdin. Məgər anaya verilən vədi bu cür yerinə yetirirlər?.. Oğlum həlak olmuşdur. O, mənim üçün hər şey idi, dost idi, ana idi, ata idi. Ömründə bir dəfə də mənə kobud söz demədi. Cəbhədən həmişə yazırdı: “Anacan, özünə fikir ver, mənə bundan başqa heç nə lazım deyil. Mən səni həmişə gümrah, cavan görmək istəyirəm. Qələbə ilə evə qayıtmaq – yeganə arzum budur”. Uşaqlıqda, atası öləndə demişdi: “Anacan, ağlama, görürsən ki, mən atama oxşayıram. Böyüyəndən sonra atam kimi olacağam. Yaxşımı? İndi məni öp, yoxsa mən də ağlayaram”. Bəs nə oldu, oğlum? Niyə sözünə dönük çıxdın, məni tək qoydun?.. Elə güman edirdim ki, Akademiyanı qurtaracaqsan, evlənəcəksən, mən nəvələrimi bəsləyəcəyəm. Axı, mən öz oğlumla fəxr edirdim, o, adi uşaq olsa da, mənim iftixarım idi. Dəhşətdir…” Gülsüm xanım başını qaldırıb Nəriman Nərimanovun portretində onun qayğılı, kədərli baxışını gördü: fikrinə gəldi ki, Nəriman Nərimanov sağ olsaydı, ötkəm səslə deyərdi: “Gülsüm, özünü üzmə, ağlama. Nəcəfin ruhu yaşayır, onu incitmə”. Gülsüm ananın vəziyyəti “təlatümlü cəmiyyət “dənizində” qayıqda tək qalan insanı xatırladırdı. Lakin o, müdrik, mübariz, möhkəm iradəli qadın idi. Nəriman Nərimanovun və Nəcəfin ruhu, onu əhatə edən qayğıkeş insanlar Gülsüm ananı sınmağa qoymadılar. Kreml həkimlərinin ciddi səyi, qayğısı ilə birtəhər özünə gələn Gülsüm ana yataq xəstəsi olsa da, tək balasının faciəsi sorağında oldu. O, ilk məktubunu çox çətinliklə Nəcəfin cəbhə dostu Nikolay Sazanova yazdı: “Doğma oğlumun həlak olduğunu xəbər verdiyiniz məktubu aldım. Bu zərbə məni əzdi. Əgər yaşayıramsa, yalnız ona görə ki, ətrafımda milyonlarla ananın mənim vəziyyətimdə olduğunu görəndə ölməyə haqqım yoxdur”. Ana öz məktubunda Nikolay Sazanovdan Nəcəfin başına gələn müsibətin təfsilatını öyrənmək istəyirdi: cəbhə həyatı, döyüş epizodları, düşüncələri, fikri və arzuları, hər şey onu maraqlandırırdı. “Əziz Kolya, ola bilər ki, ayrı yoldaşlar da onun haqqında bir söz desin. Siz başa düşürsünüzmü, oğlum haqqında deyilən hər nə varsa, hamısı mənim üçün necə əzizdir? Nəcəf özü barədə çox az danışırdı… Şəxsi dərdim ağırdı. Ancaq dərk edirəm ki, Vətənin mənafeyi hər şeydən üstündür, gərək bütün qüvvəmizi düşmən üzərində qələbəyə həsr edək. Bildiyimiz kimi, ağır xəstələnmişəm, yaza bilmirəm. Ona görə qısa məktubla Sizə müraciət edirəm. Oğlumu unutmayın, onun ölümü haqqında hər şeyi, nə öyrənə bilərsinizsə, hamısını ətraflı yazıb göndərin: o, harada dəfn olunub, kimlər iştirak edib, onun məktubu və bir sənədi qalıbmı? Nəcəfi son anda görən varsa, soyadını, ünvanını öyrənin. Əgər mümkünsə onlardan xahiş edin, oğlum barəsində gördüklərini mənə yazsınlar…” Gülsüm xanım baş vermiş hadisənin təfsilatını öyrənmək məqsədilə Tank korpusunun komandanı, general-leytenant K.V.Sviridova da qısa məktubla müraciətində Nəcəfin məzarının qorunması barədə göstəriş verməsini, məzarın şəklini, dəfn olunduğu yerin ünvanını, əşyalarını (qeyd dəftərini, məktubları və s.), oğlunun təltifi barədə məlumatı göndərməsini xahiş edir. Haşiyə: Tank korpusunun komandanı, general-leytenant K.V.Sviridov xüsusi hərbi poçt kuryeri ilə Gülsüm anaya Nəcəf Nərimanovun “Stalinqrad uğrunda” medalını, “I dərəcəli Böyük Vətən müharibəsi” ordenini və əşyalarını göndərmiş, öz imzası ilə rəsmi məktubunda yazmışdı: “Hörmətli Gülsüm Nərimanova. Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik – almanları qovduq. Zərbəmizdən sonra Stalinqrad yaxınlığında Qızıl Ordunun ümumi geniş hücumu başlandı. Biz düşməni kənddən-kəndə, şəhərdən-şəhərə qovurduq… Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında sizin də oğlunuz vardı… İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün özlərinin həyatını Nəcəf kimi qurban vermiş Vətən oğullarını heç vaxt yaddan çıxarmayacağıq”. Böhranlı, ağır günlərdə Gülsüm xanım tək-tənha qalmadı: dost-tanış, qohumlar ona mənəvi dayaq oldular. Hər gün poçtalyon teleqram və məktublar gətirirdi. Qonaq otağında Nəcəfin hərbi geyimdə qara çərçivəyə alınmış fotoşəkli təzə-tər gül-çiçəyə qərq olmuşdu. Gülsüm xanım orada dəst-dəst yığılmış məktub və teleqramları hər gün gözdən keçirir, qovluqlara yığırdı. Səhhəti yaxşılaşmaqda olan Gülsüm xanımın həyəcanla, göz yaşı ilə oxuduğu təsəlliverici “başsağlıqları” onu həyata səsləyir, mənəvi dayaq olur, möhkəm və mübariz olmağı aşılayırdı. Gülsüm xanıma baş çəkən qohum-qonşu və yaxınlar da onun özünə gəlməsinə, sağlamlaşmasına çalışırdı. Gülsüm xanım Bakıdakı və Tbilisidəki qohumlarına yazırdı: “Mən özüm başa düşdüm ki, yeganə çıxış yolu canını, qanını Vətənin müdafiəsinə Nəcəf kimi qurban verənlərə qayğı və nəvaziş göstərməkdir. Təəssüf ki, indi xəstəyəm. Amma sağalan kimi bu dəhşətli dərd üz verənədək işlədiyim hərbi xəstəxanaya gedəcəyəm”. Kreml xəstəxanasının həkimləri son müayinədən sonra işə çıxmasına icazə verdilər. Həmin axşam Gülsüm xanım Nəriman Nərimanovun iş otağında Tank korpus komandanı, general-leytenant K.V.Sviridova məktub yazıb oğlu Nəcəfin məzarının səliqə-sahmana salınması, abidə qoyulması barədə müraciət edir. Gülsüm xanım ertəsi günü hərbi xəstəxanada onu gözləyən rəfiqəsi Asya Kurskaya ilə görüşür. Onlar döyüş meydanından göndərilən, ağır yaralı döyüşçülərin qayğısına qalır, ağrı-acılarını yüngülləşdirmək, dərdlərinə şərik olmaq üçün bacardıqlarını əsirgəmirdilər: yaralılara konsertlər, əbədi-bədii gecələr; komediya tamaşaları, incəsənət xadimləri, tanınmış yazıçılarla görüşlər təşkil edirdilər. Gülsüm xanım və Asya Kurskaya hamilik xidmətinə görə Moskva Şəhər Səhiyyə Şöbəsinin, Hərbi xəstəxana komandanlığının təşəkkür və fərmanlarına layiq görülmüşdülər. Gülsüm xanım Nərimanova Moskva Şəhər Qırmızı Xaç Komitəsi hamilik komissiyasının üzvü idi. Eyni zamanda, Moskva Uşaq Evi Qəyyumluq Şurasının sədri vəzifəsində çalışırdı. İkinci Dünya müharibəsini qələbə ilə başa çatdıran ölkədə qıtlıq və çətinliklər hökm sürürdü. Bu dövrdə uşaq bağçaları, uşaq evləri, internat məktəblər bərbad vəziyyətdə idi. Gülsüm xanım qəyyumluq etdiyi bütün yerlərdə qayda-qanun yaratmaq üçün səhərdən-axşama dövlət idarə rəhbərləri ilə əlbəyaxa idi. O, tabeliyində olan uşaq evlərini, yetimxanaları təmir etmək üçün inşaat materialları, ərzaq, geyim əşyaları, yeməkxana üçün qab-qacaq və binaları qızdırmaq üçün yanacaqla təmin edirdi. Gülsüm xanım ömrünü bu xeyirxah işə həsr etmişdi. O, böyük hörmət və nüfuz sahibi idi. Səlahiyyəti çərçivəsində çox iş görürdü. Gülsüm xanım həmsöhbəti, yaxın rəfiqəsi, Daşkənddən ardı-arası kəsilmədən ona məktub göndərən Yadviqa Edmundovna Dzerjinskayaya yazırdı: “Bu hərb günlərində Moskva bir qədər sərt, işgüzar görünür. Ancaq Moskva xüsusi cazibədarlığını və əzəmətini saxlayır. Ədəbi və ictimai işə girişmişəm. Oçerklər, məqalələr yazıram. Sovet qadınları antifaşist təşkilatının daimi üzvlərindən biri olmuşam. Bu hadisə çox qəribədir. Uşaq evinə və məşhur Rusakov xəstəxanasına getmişdim. Uşaqların hitlerçilərdən müdafiə olunmasına həsr edilmiş antifaşist mitinqdə həmin xəstəxana haqqında danışıldı. Məndən orada gördüklərim barədə yazmağı xahiş etdilər. Uşaqların vəziyyəti və onlara göstərilən qayğı mənə o qədər böyük təsir etmişdir ki, bu haqda ətraflı yazdım. “Rusakov xəstəxanasında” məqaləsini və İngiltərənin qadınlarına müraciəti xarici dillərə tərcümə edib radio ilə verdilər. Bütün bunlar həyatımı zənginləşdirir. Gördüyüm işdən razıyam”. Bu qayğılar içərisində yaşasa da, Gülsüm xanımı bir an tərk etməyən, həmişə düşündürən Nəcəfin tək məzarı, onun vəziyyəti idi. Bu barədə müəyyən məlumatı olsa da, ana xəyalı pərvanə kimi Nəcəfin məzarı üstündə dolanırdı. Gülsüm Nərimanovanı Volnovaxa Rayon İcraiyyə Komitəsinin işçiləri hörmətlə qarşıladılar. Onu rayon mərkəzindəki parka – Qardaşlıq məzarlığına apardılar. Ukrayna torpağının alman-faşist işğalından azad edilməsi uğrunda şəhid olan Sovetlər Birliyi xalqlarının döyüşçüləri burada dəfn olunmuşdular. Gülsüm xanım “Qardaşlıq qəbiristanlığı”nda – məzarların üzərində təzə-tər gül-çiçək, hər tərəfdə səliqə-sahman, qayğı nişanəsi gördü. Məzarlığa baş əydi, göz yaşı yanaqlarını islatdı. Nəcəf Nərimanovun məzarı qarşısında bir an dayandı, diz çökdü, sinə daşını qucaqlayıb hönkür-hönkür ağladı. Ana hıçqırıqla ürəyindən qopan sözlərlə oğlunu oxşayırdı. Onu müşayiət edən Volnovaxa Rayon İcraiyyə Komitəsinin məsul işçisi Yevdokiya İliniçna ona yaxınlaşıb ayağa qaldırdı, qucaqladı, xoş sözlərlə təsəlli verdi, pərişan saçlarını səliqəyə saldı, öpdü. Gülsüm xanım Volnovaxa yaxınlığındakı Staro-İqnatevka kəndindəki Uşaq Evinə də baş çəkdi. Burada müharibədə valideynlərini itirmiş uşaqlar yaşayırdılar. Yetimxanada binanın təmirə, uşaqların geyimə, ayaqqabıya ehtiyacı vardı, dəftərxana ləvazimatı, mütaliə üçün bədii ədəbiyyat, dərslik çatışmırdı. Bu acınacaqlı vəziyyət Gülsüm xanımı narahat etdi. Gülsüm xanım Volnovaxa rayon mərkəzindən uzaqda yerləşən Staro-İqnatevka kəndində meşəlikdə mənzərəli bir yerdə tikilmiş ikimərtəbəli Uşaq evinin rəsmi himayəçiliyini öz öhdəsinə götürdü. Moskvaya qayıdan Gülsüm xanım uşaq evinin təmiri, maddi təminat problemi (ərzaq, yanacaq, paltar, ayaqqabı), maşın alınması ilə ciddi məşğul oldu. İlk növbədə Uşaq evinə “Nəcəf Nərimanovun kitabxanası”nı hədiyyə göndərdi. Bu hadisə böyük sevinclə qarşılandı. Kitabxanada kitab rəflərinin girişində vurulmuş lövhədə Gülsüm Nərimanovanın uşaqlara müraciəti yazılmışdı: “Nəcəf Nərimanovun sizin kitabxananıza göndərdiyim kitablarına görə sevindiyinizi eşidəndə mən də fərəhləndim. Kitab bilik mənbəyidir, insanın ən böyük və ən sadiq dostudur. Həyatınızda baş verən bütün hadisələr zamanı kitabdan istifadə etməyi öyrənin. Siz kitabdan bilik, müdriklik qazanacaq, həmişə vətənə sədaqətlə xidmət edəcəksiniz”. Uşaq Evi kitabxanasının genişləndirilməsi təkcə Volnovaxa rayonunda deyil, bütün vilayətdə əks-səda doğurmuşdu. Uşaq evində yaşayan uşaqlar Gülsüm xanıma cavab məktubunda yazırdılar: “… Əziz hədiyyəni – oğlunuz Nəcəf Nərimanovun kitabxanasından göndərdiyiniz kitabları aldıq. Diqqətinizə görə çox sağ olun. Hədiyyənizə cavab olaraq dərslərdən həmişə “dörd” və “beş” alacağımıza söz veririk. Bir nəfər də dərsdən geri qalmayacaqdır. Kitabxanamız daha da zəginləşdi. Fəxr edirik ki, orada oğlunuzun oxuduğu kitablar da vardır. Söz veririk ki, Nəcəf kimi olacağıq, Vətəni onun kimi sevəcəyik, bir-birimizə hörmət edəcək, namuslu, igid adamlar kimi böyüyəcəyik”. Staro-İqnatevka Uşaq Evi Gülsüm xanımın qayğısı sayəsində vilayətdə ən nümunəvi tərbiyə ocağına çevrilmişdi. Uşaq Evinin məktəbliləri Volnovaxadakı “Qardaş qəbiristanlığı”nda iməciliyi ənənəyə çevirmişdilər. Nəcəf Nərimanovun məzarı üstündə həmişə təzə-tər gül-çiçək olurdu. Volnovaxa İcraiyyə Komitəsindən Yevdokiya İliniçna Gülsüm xanıma göndərdiyi məktubunda Nəcəf Nərimanovun məzarının qaydaya salındığını, əklillər qoyulduğunu xəbər verir, sonda yazır: “Nəcəf Nərimanov qəlbimizdə yaşayır, onun qəhrəmanlığı unudulmayacaqdır. Volnovaxanın ən yaraşıqlı, geniş küçələrindən biri Nəcəf Nərimanovun adını daşıyır”. Haşiyə: On il ötmüşdü… 1953-cü ildə Ukraynanın sərt dekabrında çovğunlu bir gündə Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanovun məzarı önündə 23 yaşlı, ucaboylu, başı açıq, əynində plaş bir gənc əlində tutduğu vərəqi təngnəfəs oxuyurdu… Bu, Nəriman Nərimanovun 1925-ci ildə 6 yaşlı oğlu Nəcəfə yazdığı vəsiyyətin əlyazması idi. Qadağalar dövründə gənc tədqiqatçı aspirant Vəli Məmmədov Bakı şəhərindən Volnovaxaya gəlib “Qardaşlıq qəbiristanlığı”nda şəhid həmyerlisini ziyarət edirdi”. *** Taleyin dönüklüyü, həyatın sərtliyi və amansızlığı Gülsüm xanımı sındıra bilməmişdi. O, müqəddəs ideallar: vətənin və xalqın azadlığı, müstəqilliyi uğrunda mübarizədə şəhid olan ərinin və oğlu Nəcəfin ruhunu öz qəlbində iftixarla yaşadırdı. Gülsüm xanım Nəriman Nərimanovun şəxsi arxivini sahmana salır, Nəcəfin məktublarını və şəkillərini, rəsmi məktubları ayrıca qovluqlara yığırdı. Gülsüm xanım N.Nərimanovun şəxsi arxivindən bir neçə qovluğu Azərbaycan Dövlət Muzeyinin ədəbiyyat və incəsənət arxivinə göndərmişdi. Gülsüm xanım Moskva şəhərində qəyyumluq etdiyi uşaq evlərində müharibə dövründə ata-anasını itirmiş, sahibsiz qalmış yetimlərin maddi-rifah halının yaxşılaşdırılması, sağlamlığı, təlim-tərbiyəsi məsələlərinə nəzarət edir, çatışmayan hər nə varsa, onun gətirilməsini təşkil edirdi. Gülsüm xanım səlahiyyəti və nüfuzu çərçivəsində gördüyü xeyirxahlıq işləri onu məmnun edirdi. Uşaq evlərində ona ülfət bağlamış körpələr öz tədbirlərində Gülsüm xanımın iştirak etməsinə çalışırdılar. Gülsüm xanımın şəxsi arxivində saxlanılan yüzlərlə dəvətnamə də fikrimizi təsdiq edir. Gülsüm xanımın hərdənbir xəstələnməsi işin ahəngdar ritmini pozmuşdu, ona elə gəlirdi ki, fiziki gücü tükənir. Jurnalistik fəaliyyəti ilə məşğul olmurdu: Ümumittifaq radiosunda çıxışını dayandırmışdı. Mərkəzi mətbuatda ədəbi-publisist yazılarla çıxış etmirdi. Amma hərdənbir uşaq evlərinin vəziyyəti, işin təşkili və görüləcək işlər haqqında məqalələri dərc olunurdu. Böhranlı vəziyyətdən çıxmağın bir yolu vardı: müalicə və pəhriz. Maddi cəhətdən çətinlik çəkən Gülsüm xanım Mərkəzi İcraiyyə İdarəsinə müraciət etməyə məcbur olur: O, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Şvernikə müraciətində 1919-cu ildən V.İ.Leninin sərəncamı ilə N.Nərimanovun ailəsinə Xalq Komissarları Sovetinin yeməkxanasından və poliklinikasından istifadə üçün verilmiş imkanın bərpasını xahiş edir. Arxiv sənədlərindən məlum olur ki, N.Nərimanovun vəfatından sonra 1925-ci ilin yayında Gülsüm xanım və altı yaşlı oğlu Xalq Komissarları Sovetinin yeməkxanası və poliklinikası uçotundan çıxarılmışlar. SSRİ Mərkəzi İcraiyyə Komitəsi dörd il ötəndən sonra – 1928-ci il oktyabrın 28-də N.Nərimanovun himayəsiz qalmış ailəsinə təqaüd verilməsi barədə qərar çıxarmışdı. Gülsüm xanım 1943-cü ildən sonra qıtlıq illəri oğlunun köməyindən də məhrum olmuşdu. Hipertoniya, əsəb pozğunluğu, mədə-ürək xəstəliklərinə düçar olan Gülsüm xanım “çox ağır maddi çətinlik şəraitində” yaşayırdı. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Şvernikə müraciətinin axırında yazırdı: “İlk dəfə olaraq köməklik məqsədilə Sizə müraciət edirəm. Əgər mümkünsə, mənə maddi yardım göstərin və Kremlin yeməkxanasından 19-cu ildən aldığım yardımı bərpa edin. Həkimlər mənim şəhərdənkənar yerdə yaşamağımı məsləhət görürlər. Heç olmasa Moskva ətrafında pulu dövlət hesabına ödənilən 6 kvadratmetrlik bir otaq verin ki, yayda orada olum… Mənə belə yüksək təzyiqlə yayda şəhərdə yaşamaq çox çətindir… Mən ərimin ölümündən sonra onun bütün qiymətli şeylərini muzeyə bağışlamışam. Oğlumun da bütün şeylərini və kitablarını uşaq evinə vermişəm. Mənə belə bir sualla sizə müraciət etmək ayıbdır. Məni bağışlayın, Sizə dərin hörmətlə Nərimanova”. Gülsüm ərinin vəfatından sonra 18 il oğlu Nəcəfə, həm də ata əvəzi olmuşdu: ağıllı-kamallı bir igid böyütmüşdü. Ömrünü oğlu Nəcəfin boya-başa çatmasına qurban verən Gülsüm ana tək qalmışdı: ümidi, pənahı Nəcəf Nəcəfov 24 yaşında müharibədə şəhid olmuşdu. Qəriblikdə əbədiyyətə qovuşan oğlu Nəcəfin xiffətini çəkirdi, onun ayrılığına ana ürəyi dözmürdü. Gözünün işığı, ümid çırağı sönmüşdü. On il mübarizə apardı, Nəcəfin qəbirüstünün düzəldilməsinin nigarançılığını çəkdi. 1952-ci il mayın 1-də Volnovaxa rayon soveti qəbrin düzəldilməsi xəbərini verdi. 1953-cü ildə Gülsüm ana əbədiyyətə qovuşdu. Moskvada Voqankova qəbiristanlığında dəfn olundu. Vətəndən çox-çox uzaqlarda, qəriblikdə Odlar Yurdunun üç müqəddəs şəhidi torpağa tapşırılsa da, qədirbilən xalqımız onları unutmur, əziz xatirələrini ürəklərində yaşadır. Allah onlara qəni-qəni rəhmət eləsin!
Bir mən qalım, bir dərd-sərim, Hədər oldu çəkdiklərim. Pıçıltıyla dediklərim, Yaddaşından çıxdısa, get.
Qaysaqlanar yenə yaram, Sızlamaram, ağlamaram Səni yoldan saxlamaram – Soldusa get, sağdısa get.
Bir sözünlə mənalıydı, Gülüşünlə mənalıydı. Mənə sənlə mənalıydı Sənə məna yoxdusa, get.
SƏNƏ GÖRƏDİR – SƏBƏBİ SƏNSƏN
(Bu şeirə Əməkdar artist Xumar Qədimova musiqi bəstələyib, adını da “Səbəbi sənsən” qoydu. Özü də ifa etdi. Mən də kitabın adını şeirin yeni adıyla adlandırdım)
Özümü hamıdan güclü sanmağım, Durduğum yerdəcə qanadlanmağım, Mənim sevinməyim, ya şadlanmağım Hamısı, hamısı sənə görədir.
İndi ucadadır yeri taxtımın, Qızıl dövranıdır indi vaxtımın Sınıq taleyimin, bağlı baxtımın Açılan qapısı sənə görədir.
Qalmayıb qəlbimin daha gileyi, Qəmli çəmənimin açıb çiçəyi Payızın ortası yazın gəlməyi – Bu bahar havası sənə görədir.
Ancaq uçulur dam – sən olmayanda Dərdə dözmür adam sən olmayanda Hamını sancıram sən olmayanda Ruhumun davası sənə görədir.
Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri
KİMDİ MƏNİ SƏSLƏYƏN
Tanrım, görən mən kiməm, Nəçiyəm bu dünyada?- Bir payı quru torpaq, Üç payı su dünyada!
Adım Peyğəmbər adı, Özüm adi bir adam. Bir də bu adilikdən Bezib çıxan fəryadam.
Qənşərində durduğum, Aynadakı mənəmmi? Ruhum mənə dardımı, Mən ruhuma binəmmi?
Əvvəl-axır deyilən Bir ölçü-biçi varmı? Varsa bəs ölçüsüzlük Nədi, bilmək olarmı?
Bu cismi-can varlıqdı, Yoxluq divanəsiyəm. La İlahə İlləllah!- Kimdi məni səsləyən?!
BU DİVARIN O ÜZÜNDƏ
Bu divarın o üzündə, Bir nazlı mələk uyuyub. Gecə gərib qanadını, Üstündə lələk uyuyub.
O xanədə nə var – oyaq, Döşəmədən tavanacan. Qapı, pəncərə, dörd divar, Çimir almaz sabahacan.
Odasının yörəsində Yüz hoqqadan çıxır külək. Donub qalıb pəncərədə, «Heyrət ey büt!…» – oxur külək.
Tanrı tamaşası nədi – O mələyi görən bilir. Günəş ondan ötrü çıxır, Ay ondan ötrü yüksəlir.
…Divarların bu üzündə, Qismətim qubardı mənim. Hər yan gözəllikdi, Tanrım, Hər yanım divardı mənim.
ÖLÜMƏ SÖYKƏNMİŞ ADAM
Sevgiyə layiq dostun yox, Nifrətə layiq düşmənin. Nə layiqsiz adamsan sən – Bə sənin nəyin var, nəyin?!
Nə dərdindən ölənin var, Nə öldürmək istəyənin. Zalım adam, aciz adam, Bə sənin nəyin var, nəyin?!
Maddım-maddım nə baxarsan, Bu Yer sənin, bu Göy sənin. Səninkilər sənin deyil, Bə sənin nəyin var, nəyin?!
Nə haqqını tanıyırsan, Nə nahaqdan yox köməyin. Haqlı adam, haqsız adam, Bə sənin nəyin var, nəyin?!
Nə ağ bayrağın yellənir, Nə gəlir qanlı köynəyin. Amalın yox, amacın yox, Bə sənin nəyin var, nəyin?!
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
D Ö V R A N S I Z
Açıb doğma yurdda ilk bahar gülü, Nərgizlər bəzəyib çəməni, çölü. Gül- gülü səsləyir, bülbül- bülbülü Açılıb bayram süfrəm sevdasız, yarsız, Qovuşduq Novruza bu il Dövransız.
Hər zaman sevərdi toyu, düyünü, Nəzm ilə söylərdi təbrik sözünü. Sevincdən coşardı hər bayram günü Deyildi bu qədər qəddar, amansız, Necə rəva bildi, qaldıq Dövransız?.
Süfrədə rəsmiylə qaldıq göz- gözə, Bir hacət qalmadı kəlməyə, sözə. Ürək daş ola ki, bu dərdə dözə Bu ömür necə keçsin baharsız, yazsız? Fələk bizi qoydu yarsız, Dövransız…
Təsəlli edər dostlar, bəzən də danlar, Sevdası yarım qalan bu dərddən anlar. Qəlbdə qövr eləyir Onlu anılar Bilsəm də yaşam yox- boransız, qarsız, Hər günüm bir ildir nazlı Dövransız…
TALEHSİZ ŞAİR /”Düşüncələrim” – silsiləsindən/
Bağım, bağçam evim uçdu, töküldü, Təməli boş imiş, kökdən söküldü. Nə qədər arzumun boynu büküldü Bu qada, bu bəla gəldi haradan? Əl üzdü taehsiz, şair dünyadan.
Uymadı əl çirki, dünya malına, Düşmədi var- sərvət qalma- qalına. Heç xilaf çıxmadan saf amalına Qıymadı adına söylənsin- nadan, Əl üzdü taehsiz, şair dünyadan.
Olmadı göz yaşın, qadasın silən, Olmadı doğması, üzünə gülən. Olmadı qədrini, qiymətin bilən Don geyib ismətdən, abır, həyadan, Əl üzdü taehsiz, şair dünyadan.
Bir ömür gecəni- gündüzə qatdı, Səfalət içində yazdı, yaratdı. Illərlə yazdığı sandıqda yatdı Olmadı nəşr edən, dərc edib yayan, Əl üzdü taehsiz, şair dünyadan.
Aldığı təqaüd çatmadı dada, Bitməmiş çox əsər, getdi hey bada. Sədası çevrildi haqlı fəryada Etmədən kimsəyə dərdini bəyan, Əl üzdü talehsiz Dövran dünyadan.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Həqiqət, sadəcə, qavramdır. Biz onu reallıqda görəmmirik, əllə tutammırıq. Ona görə də həqiqət hamı üçün fərqli olur.
Ədəbi əsərdən tam olaraq reallıq gözləmək mümkün deyil. Hadisələrin mahiyyəti real həyatda baş verənlərlə eyni ola bilər, amma ən azından, müəllif adları dəyişmək haqqına sahibdir. Ədəbi əsərdəki istənilən uydurma müəllifin azadlıq ölçüsüdür. Bəzən bu ölçü hüdudsuz görünür, lakin mütləq və mütləq dəqiq xətli bir sərhədi vardır. Bəli, dəqiq xətli. Çünki girinti-çıxıntılar incəsənəti xaosa döndərə bilər. Yaradıcılıq, yaratmaq istəyi məhz kainatın mövcud xaotik nizamından qaçmaq istəyindən doğan təbii instinktdir. Bəzi insanlar üçün yazmaq xarakterə çevrilir və hər əsərdə yenilənir, yenilənir… İnstinktlər bizə yaradılışdan verilən ən böyük hədiyyədir. Xarakteri isə biz özümüz qazanmışıq və qazana-qazana da gedirik. Eynilə immun sistemimizin müxtəlif virus və xəstəliklərə qarşı möhkəmləndiyi kimi…
***
Cerom Devid Selincerin qızı xatirələrində yazır: “Atam düşünürdü ki, istedadsız adam incəsənət sahəsini seçməklə küfr edir, təmiz, müqəddəs bir şeyi korlayır”. Doğrudanmı, ədəbiyyat korlana bilər? Axı, ədəbiyyat adlı həqiqətin nədən ibarət olduğunu, sərhədlərinin harda bitdiyini heç kim bilmir… İtirilmiş krallıq xəzinəsi kimi daim axtarılan “əsl ədəbiyyat”ı kim necə korlaya bilər? Öz hisslərini gündəliyinə yazan yeniyetmə bir qız, yoxsa sınıq-salxaq xəttiylə xaraba qalmış yaddaşında xatirələrini axtaran bir qoca? Məncə, heç biri… Yazmaq onların da haqqıdır və heç kim zəmanət vermir ki, nə vaxtsa onların yazdığı bir-iki cümlə hansısa romanda qarşımıza çıxmayacaq, biz onu sevməyəcəyik…
Ədəbiyyatı “bulvar ədəbiyyatı”, “işsizlərin ədəbiyyatı”, “küçə ədəbiyyatı”, “yeraltı ədəbiyyat” kimi “ayamalarla” təqdim etmək bütün dövrlərdə olub. Amma hələ də bu “ayamaların” konkret olaraq nəyi ifadə etdiyini izah edən tapılmır. Madonna uşaq ədəbiyyatı yazanda da, Sezen Aksu öz şeir kitabını nəşr etdirəndə də üsyançılar və inkarçılar vardı… Amma sevinən, oxuyan, qonşudan borc aldığı pulu o kitablara verən də az deyildi… Bu məqamda Müşfiq Şükürlünün “Yazıçı olmağa iddialı nankor oxucular” adlı yazısını xatırlayıram: “Yazmaq ki yazıçının ibadətidir, necə axı yazma deyər… Yazmaq ki seçimdir. Seçimsə azadlıq deməkdir…” Sonra da düşünürəm ki, görəsən, özünə “elit ədəbi tənqidçi” deyən biri çıxıb Madonnaya “kitab yazma” desəydi, Madonna da onu “azadlığıma müdaxilə edir” iddiasıyla məhkəməyə versəydi, həmin məhkəmədə kim qazanardı?
… Yaddaşını itirən bir xəstəyə müxtəlif şəkillər göstərməklə nəyisə xatırlayıb-xatırlamadığını test edirlər. Bunu “görsəl yaddaş” adlandırırlar və mütəxəssislər yaddaşın bərpasında əhəmiyyətli olduğunu vurğulayır. Ədəbiyyat da belədir; hansı əsəri zehnində yaşayırsansa, hansı əsərin içində “itib-batırsansa”, onu xatırlayırsan, onunla yaşayırsan… Özünü vərəqlərində itirdiyi kitab oxucunun ehtiyacıdır. Bu gün dünyanın hər yerində nəşriyyatlar məhz oxucunun ehtiyacına hesablanmış kitabları nəşr etməkdə həvəslidir. Tamam, burda iqtisadi maraqlar var, anlayıram. Bəs, nəşriyyatların geri itələdiyi əlyazma qovluqları? Onları yazanların da ehtiyacı düşünülürmü? Məncə, yox… Bu da yazıçının faciəsidir… Yazmaq ehtiyacı ödənməyəndə yazmaq eşqiylə dəliyə dönənləri sağlığında dəliyə, öldüyündə dahiyə döndərən də bizlər deyilikmi?! Elə bizik… “Nə yazıldığının, necə və nəyə yazıldığının önəmi yoxdur çox vaxt. Sadəcə, yazmaq ehtiyacının ödənilməsi vacibdir bəlkə də… Bəli, yazmaq ehtiyacdır, ehtiyacdan ötə əlacdır… Hətta, könlün antibiotikidir… Nizamlı və davamlı olmalıdır”- deyə yazır Kübra Aydın… Haqq verirəm ona… Yazmaq kiminə görə dəlilik olsa da, kiminə görə yaşamağın açarıdır…
***
Günahlandırılan yazıçı olmağı heç kim istəmir. Amma oxucunun şəhadət barmağının ucu həmişə yazıçıya tərəfdir: istər günahkar axtarışında, istərsə də xilaskar axtarışında… Bəzən düşünülür ki, yazıçının tək günahı “yaxşı yazmamağındadır”. Bəzən bu sözü lap kobudlaşdırırlar; “filankəs yazmağı bacarmır…” Alt qata enəndə, Xəstə Qasım demiş, “qəvvas olub dəryaya baş vuranda” “yazmağı bacarmaqdan” daha çox şey tələb olunan yazıçıya adamın yazığı gəlir… Kənan Hacının fikrincə, “yazıçı ideoloq olmazdan əvvəl humanist olmalıdır”. Burda fikirlərin qladiator döyüşünə çıxdığını görməmək mümkün deyil. Zaman-zaman bütün ideologiyalar ədəbiyyatdan süzülüb; ya ideologiyalar ədəbi abidə qazanıb, ya da ədəbi edama məhkum edilib. Bütün bunların arxasında dayanan da yenə insanın “canı yanmağı”, ibarəli desək, empati bacarığıdır. Düzdür, bu gün insanı “bəşərin əşrəfi edən” duyğunun məhz sevgi olduğunu, sevginin də empatinin rüşeymi olduğunu, bütün bunların da ümumi terminlə humanistlik adlandığını bilməyən qalmayıb. Yenə də yazıçı ideologiyasını Femidanın görməyən gözlərinin önündə yelləmək ədalətsizlik olardı…
Ədalət demişkən, görəsən, ədəbiyyat adildirmi? O, öz həqiqət axtarışında nə vaxtsa haqlının haqqını haqsıza qurban verirmi? Təlatümlü düşüncədir… Bəlkə də, qorxunc düşüncədir… “Dünya ədəbiyyatının dünyaları” essesində Deniz Gündoğan İbrişimin dediyinə görə: “…daim bir təxəyyül gücüylə ictimai, mədəni və fərdi çərçivədə oxucunu və dünyanı formalaşdırma gücünə sahibdir ədəbiyyat…” Bəs niyə məktəbin “ən yaxşı oxuyan şagirdi”nin on ildən sonra həbsxanaya düşmə ehtimalı yox deyil? Öz qüdrətiylə ədəbiyyat onu xilas edə bilməzdimi? Məncə, yox… Nə qədər qüdrətli olursa-olsun, ədəbiyyat insanın seçimlərini diqtə eləmək gücünə malik deyil… Özünü “oxucu” hesab edən hər kəs Pompey əfsanəsindən xəbərdardır və “insanın insana olan sevgisinin mücərrədliyə ünvanlanan bütün sevgilərdən daha dərin” olduğunu, bu sevginin öldürmə qüdrətini bilir. Yenə də həyatla savaşda öz sevgisi və ehtirasıyla silahlanır. Həmin an insanlıqdan çıxıb bir ağac donunda olanları seyr etdikdə ədəbiyyat heç də adil təsir bağışlamır… Nə yaxşı ki, ağac deyilik!
***
Oxucu termin kimi ayrıca müzakirə olunmalıdır. Yazılan əsərlərin, nəşr edilən kitabların taleyini “müəyyən etmək” qədər hökmlü olan oxucu kimdir? O, nəyi oxuyur? Niyə oxuyur? Qarşı-qarşıya dayansaq, bu sualları özümə də ünvanlaya bilərəm: Mən nəyi yazıram? Niyə yazıram? Özümün özümə cavablarım çoxdur, ən qısacası isə budur: “Bilmirəm…” Çünki yazmağın mənası da insanın missiyası qədər naməlumluqda çoxdan azıb… Hər gün tapılan yeni cavablar təxəyyülümüzdə yaşayan “böyük həqiqət”ə tərəf sürüklənərkən əlimizə keçənlərdir…
“Ədəbiyyatın ən sadə və çox yayılmış düsturu budur ki, əgər oxuduğu əsər oxucuya tanış gəlirsə, personajları özü kimi hiss edirsə, deməli, əsər alınıb”. Bunu Şahanə Müşfiq deyir… Fikir olaraq doğrudur, hətta illərlə deyilmiş fikirləri sadə bir düstura çevirdiyinə görə Şahanəyə təşəkkür düşür. Bu düsturdakı yeganə naməlum əmsal yazıçının özünü buxovlamasıdır. Oxucuya xoş gəlmək üçün fikirlərini çərçivəyə salmaq, öz-özünə qadağalar qoymaq yazıçıya uğur qazandıra bilər, hətta bu, necə deyərlər, günah sayılmır. Amma yazı alma bağı deyil ki, yazda-payızda budamağa, calamağa ehtiyac duyulsun… Yazı böyürtkən kolu kimi qollarımızı sıyıranda, kol dibindəki bənövşəyə dönəndə, yarpağında şeh düymələnmiş yemlik təki parıldayanda daha dürüst olur. Həyatın hər köşəsində dürüstlük axtara-axtara yazıçıdan fikirlərinə maska taxmağı tələb edən oxucunu qazanmaq faciəm olardı, yoxsa uğurum? Bilmirəm…
Şahanə Müşfiq “Bəzən yazarlar “oxucu yoxdur” – deyib şikayətlənirlər. Oxucu isə susmaqla kifayətlənir” cümlələrini yazmaqda da haqlıdı. Oxuduğunu “vaxt öldürmək”, “gün keçirmək” vasitəsi sayan bir oxucu üçün hayqırmaq, haray çəkmək yazıçının dəliliyidi, cəsarəti yox. O yazıçı qəhrəmandır ki, özüdür, fikirlərini buxovlamır, budamır, sinəsi tənqidçilərin tənqidinə, oxucuların təhqirinə hədəf olanda kürkünə bürünmür… Amma qəhrəmanlar da uzunömürlü olmur… Qısa ömürlərindən geriyə isə əfsanələr qalır. Rəşad Məcidin təbirincə desək, “əfsanələri dəyişmək olmaz”.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
(povest)
I hissə…
Özüm…
– İnsanlar içində yalqızam. Geriyə dönə biləcəyim qədər irəli getməmişəm çünki… Elə bir yerdəyəm ki, daha mənə “həyatı belə yaşamazlar” – deyən yoxdur. Artıq çox adam bilir ki, həyat deyil bu. Əslində “həyat nədir?” sualına o qədər verəcəyimiz cavab var ki… İstənilən rəngdə don yaraşır bu “həyat” adlı gözələ. Onun əyninə biçilən hər donun düyməsi sədəfdən olmur… Naxışı yalandan oyulur, bəzəyi xəyanətdən vurulur bəzən… Və söylədiyimiz bu hallar bəzən faiz dəyərinə görə artır… Həyat özü yüz faiz hesablanırsa, onun göstəricisi 50-ni keçir… Danışdıqca özümə elə qapılmışdım ki, mənə elə gəlirdi dünyada təkəm. Amma həyat deyib izah etməyə çalışdığım anlamda tək deyilmişəm. Elə bu balaca otaqda da… Dayımın qızı yenə astaca pıçıldayırdı nəsə… Bacılarım ona qoşulub gülümsəyirdilər. Düzdü, dayımın qızının səsini eşidə bilməzdim. Lakin nə dediyini əzbərdən bilirdim… Hər dəfə eşitdiyim sözlər idi: – Fəlsəfə…Bu qız fəlsəfədi eee… Mənə elə gəldi ki, doğrudan da, fəlsəfəyəm…
Fəlsəfə varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elmdir. Fəlsəfə ictimai şüur formalarından biridir, nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.
Bu elmi tərifdə mənə aid nə var, görəsən? Özümə və yaşadıqlarıma baxanda fəlsəfə ilə mənim cəmi bir ortaq cəhətimiz vardı: “Nəticə etibarilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir”. Bəli, maraqlıdır… Maraqlı olduğu qədər də gülməli haldı… Nəticə etibarı ilə mən də iqtisadi münasibətlərdən asılı idim… Dünyaya gəlişim belə müəyyən edilməsə də, (Allah hər bir bəndəsini sevərək yaradır) bu günüm sırf iqtisadi münasibətlərdən asılı idi. Nə isə… Doğrudan, fəlsəfə idim, deyəsən… Düşündüklərimə bax bir… Allah, məni özün qoru! Hər gün Allahıma dua edərkən yalnız bir şeyi istəyirəm ondan: “Məni məndən qoru, Allahım!” Bu da qəribə duadır, deyilmi? İnsanlar içində qorxduğun tək özün olasan… Və səni Yaradandan səni özündən qorumağını istəyəsən… Ehhh…. Allah səbir versin!!!! Dünya yaranandan bəri insanlar həmişə bircə şeyi istəyirlər dünyadan, insanlardan, Allahdan: “Xoşbəxtlik!” Əlisa Nicat deyir ki, xoşbəxtlik iki cür olur: heç nəyi dərk etməmək və hər şeyi dərk etmək. Heç nəyi dərk etməyənlər, məncə, dərk edənlərdən daha xoşbəxtdirlər. Məsələn, ağ gəlinliyi geyib ər evinə yol başlayan bir qız özünü xoşbəxt sayır. Çünki ağ gəlinlik geyib… Çünki sevdiyinə qovuşur… Amma dərk edəndə ki, sevdiyi kişi hələ onu “sevməzdən” əvvəl həyatındakı olan qadınla yenə əlaqə saxlayır, “uzaq rayona işə gedəndə” onun evində gecələyir, onun dərketmə qabiliyyətinin olmamasını kənardakı mən belə arzulayardım… Bu da xoşbəxtliyin bir cür izahı… Bəli, xoşbəxtlik… Bu fikirlərdən məni diksindirib ayıldan yenə dayım qızının səsi idi. Bu dəfə o pıçıldamırdı. Ucadan nəsə danışırdı. Eşitdiyim cümlələrdən, həqiqətən, diksindim: – Filarmoniyanın rəqs müəlliminin qızı vardı ey, axşam əri onu bıçaqlayıb… Boğazını neçə yerdən kəsib, özü də 3 yaşlı uşağın gözlərinin qabağında… Qız gəldi gözlərimin önünə. Uzun, qara saçları vardı o qızın. Özü də rəqs edirdi. Həyat yoldaşını özü sevmişdi. Ailəsinin etirazına rəğmən evlənmişdi. Bir gözəl-göyçək oğlu da vardı. Uşaq… Yenə fəlsəfə tərəfim işə düşdü, deyəsən… …Ana olmaq hər bir qadının arzusudur. Təəssüf ki, nikahların ümumi sayında sonsuz nikahların nisbi miqdarının artması ilbəil müşahidə olunur. Bu problemin bir neçə tərkib hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul edilmişdir ki, sonsuzluğun kişilərlə və qadınlarla əlaqədar səbəblərinin nisbəti, təxminən, eynidir və buna görə də ər və arvadın hər ikisi müayinə olunmalıdır. Müasir mətbuat bunu bağırır… Müasir statistika boşanmaların sayının ilbəil yox, günbəgün artdığını deyir. Müasir tibb elmi sonsuzluğu boşanmanın ümdə səbəblərindən biri kimi qəbul edir. Bəs uşaq olan ailədə ər niyə arvadının başını kəsməlidir ki? Niyə? Deməli, uşaq olmamaq, sonsuzluq ən böyük boşanma bəhanəsidir… Bəli, bəhanə… …Keçdim o biri otağa. Balaca bir dəftərçə vardı pəncərənin qabağında… İndi oturub bacılarıma və dayım qızına bu dəftərçədən danışsam, məni “fəlsəfənin atası” edəcəkdilər. Dəftərçəni əlimə aldım. Hər vərəqinə ağladığım bu dəftərçəni yazanı nə görmədiyimi, nə də tanımadığımı sanırdım. Amma oxuyunca, sanki ən yaxınımı görürdüm, duyurdum… Öz ürəyimin yerində iki ürək hesab edirdim… O ürək ki, içimdə özümdən çox dünya üçün, fəlsəfə üçün döyünürdü… Bu, mən idim! Bu dəftərçəni özümə yazığım gəlmədiyi anlarda yazmışdım, deyəsən. Bəs niyə özüm-özümün tanışı olmağa bu ömürdə vaxt tapmamışdım?! İlahi! Dəlimi oluram mən? Məni özün qoru, özün yaşat, Allahım! Yenə üzümü tutdum Allahıma… Yenə üzümü söykədim pəncərənin soyuq çərçivəsinə. Dəftərçəni açdım. Burdakı həyat hekayəsini əzbərləmişdim. Uşaqsız evi tanıyırdım. Övlad həsrətiylə yanan gənc qadını özüm kimi bilirdim…Və qərara gəlmişdim ki, dəftərçəni kitab halına salım. Nəşr etdirim… Ehhh… Arzular… Yenə iqtisadi münasibətlər… Yenə… Zəhləm gedir iqtisadiyyatdan… Niyə pul lazımdı mənə? Niyə mən lazım olan pulu zamanında və məkanında tapmıram? Axı niyə? Bu sualı kimə ünvanlayım, bilmirəm də… Dəftərçə belə başlayırdı: “Bir az vaxtım var…” Elə mənim də bir az vaxtım var idi. Başladım oxumağa… Oxuduqca onu yazanı, cümlələrin arasında, vergüllə nöqtələrin ayrılığında, nida işarələrinin həyəcanında yenə axtarırdım… Özüm özümün axtarışına çıxmışdım…
Sevgi…
***
Gənc qadın körpəsini qucağına elə sıxmışdı ki, elə bil bu an bütün əcinnələr və divlər Qaf dağından aşıb nağıllar diyarından gələcək, balaca qızını əlindən alıb aparacaq, mağarada saçlarından asacaqlar. Yevlax şəhərinin tozlu küçələrini arxada qoyduqca gənc ana sevinirdi. Öz evinə çatmayınca ürəyi rahat olmayacaqdı. Balasını qorumalıydı. Öz həyatı asan deyildi. Doğulmamışdan anası onu bacısına verəcəyini vəd etmişdi. Vədinə xilaf da çıxmadı. “Sonsuz” sayılan bacısına verdi qızını… Və gənc ana zamanında bir evin yeganə uşağı kimi böyüdüldü. Biləndə ki, qucağına sığınıb yatdığı doğma anası yox, xalasıdır, onun kiçik ürəyi sanki qəfəsdəki quşa döndü. Niyə belə olmalı idi ki? Bir müddət özünə gələ bilmədi. Anasından küsdü… Daha doğrusu, “analarından”… Yeniyetməlik çağında “özünün axtarışına” da çıxdı. Tapa bildiyi isə yenə taleyinə üsyan etməmək idi. Etmədi də… İki bacı birləşib onu üçüncü bacının oğluna ərə verdilər. İdeal ailə sayılacaqdı hesabda… Onun yaşamı yenə hesablanırdı… Yenə… Hesabdakı ailə xoşbəxt olmalı idi… Hesabla…
Özüm…
Hesaba bax ey… Kim ödəyəcək, görəsən, axırda bu hesabı? Kimə lazımdı axı bu hesabı ödəmək elə? Ailə də hesablanarmış… Ailə də plana salınırmış… Yaxşı yadıma düşdü, qanun layihəsi də var… Plana baxın da… Mən anlamıram ki, niyə insanın hissləri, həyəcanları, müqəddəs bildiyi nəsnələr bir kənara qoyulur, ancaq iqtisadi münasibətlər nəzərə alınır ailə məsələsində? Niyə oğlanlar düşünür ki, qızların atası varlıdısa, onunla evlənmək olar? Maraqlı bir məsələ də var. Bir şair deyir ki, oğlanların evlənmək fəlsəfəsi fərqlidir. Onun təbirincə, oğlanlar 25 yaşa çatanda anlayır ki, evlənmək lazımdır. Bu zaman ya varlı bir qızla evlənir, ya da, əksinə, sevgi axtarır. Sevir, evlənir, sevgi isə uşaq bezlərinin qiymətində əriyir… Başqa bir yöndən isə oğlanlar düşünür ki, kasıbdırsa, onun sevməyə də haqqı çatmır. Odur ki, qarşısına məqsəd qoyur: 30 yaşadək işləyib pul qazansın, sonra evlənsin. Bəzən bu arzular reallaşır, oğlanlar 30 yaşında ev, pul, avtomobil təşkil edir özünə və 15-16 yaşlı ceyran bulağındakı bir qızla evlənir. Yaxud da, əksinə… 30 yaşında da hələ kasıb olduğunu anlayır, özündən yaşca böyük, bir-iki dəfə ərdə olmuş “xalaşkayla” evlənib “şad-xürrəm yaşamaq”dan başqa çarəsi qalmır. Bəli, bəli, bu əhvalatı öz təbirincə bir şair söyləyib mənə. O şair ki, onu Allah sevərək yaradıb, sevərək dəyərləndirib və şair edib. İlham pərisini ona tanıdıb. Məhz o, “cəhənnəm odunda yanacaq şairlər” kəlməsindən qorxmayan insan bu cür düşünür. Onu düşüncəsinə görə qınamağa dəyməz. Çünki qınayanın başına gələr. Qınamıram da. Amma gəlin etiraf edək ki, bu düşüncə də düzgün deyil. Bu da planlı həyatdır və mən bununla da razılaşmıram…. Niyəsini isə yenə tam özüm belə anlaya bilmirəm. Əslində məntiqlə düşünəndə nəyi pisdir ki, bu planlaşdırılmış ailənin? Zəmanəti də var üstündə. Məsələn: 10 il, ən azı 25 il və s. Ancaq mən düşünürəm ki, ailələr qurulan zaman insanlar bir-birinə ürəyini verəydi… Üstündə də zəmanət kartı. Yazılaydı: “Zəmanəti: bir ömür…” Amma yazılmır. Bəlkə də, belə olsa, insanın robotdan fərqi olmazdı. İnsan elə bu cür yaxşıdı, plansız həyat… Planlaşdırılmamış uğur və uğursuzluqlar, onda həyat daha maraqlı keçir.
“Ovu” uğursuz olan ölümə, Pərt olmuş əcələ gülə bilmədim yenə də…
İlahi, sözə bax… Bəs mən? Mən niyə gülə bilmədim pərt olmuş əcələ? Bu şairi bilmirəm, amma mən gülə bilərdim, əgər əcəl tək məni aparmağa gəlsəydi… Amma bu əcəl başına daş düşmüş, (el qarğışı ilə qarğadım onu) balamı da aparmağa gəlmişdi. Apardı balamı özüylə… Məni isə aparmağa gücü çatmadı başı batmış əcəlin. Onun bu pərtliyinə gülə bilərdim əslində, balamı da aparmasaydı… Gülmədim… Balamın yoxluğuna gülə bilmədim… Ehhh…
***
Hesablı evlilikdən karlı çıxmayan hər kəs idi… Övladlarını xoşbəxt görmək istəyən üç bacı da, gənc ana da, dünyaya öz kiçik gözləriylə boylanan qızcığaz da… Üç bacı öz övladlarına görə düşmən olmağı da bacarmadılar, dost olmağı da… Üçüncü bacının oğlu az keçmədən elan etdi ki, iki bacının sevimli qızını sevmir… Sevgi deyə bir şey yoxmuş bu evlilikdə… Hər şey saat dəqiqliyi ilə hesablanan bu evlilikdə təkcə sevgi hesaba salınmamışdı. Elə ona görə də sevgi qisasını yaman pis aldı. Sevginin haqsızlıq etdiyi cəmi bir nəfər vardı. O da balaca qızcığaz idi… Anasının tək sevinci olan bu qızın bundan sonrakı həyatında atasına yer olmayacaqdı. Bunu anası seçmişdi, müəyyən etmişdi, qəti qərara gəlmişdi. Və bacardığı qədər ana bunu etdi də… …Ana öz körpəsinə “ata” kəlməsini öyrətdi. Özü də sevgiylə… Onu ataya olan sevgidən təcrid etmədi. Lakin, ata sözünün yanında daha bir kəlməni də əzbərlətdi qızına: “Ata ölüb…” Evdə – uca və ağ divarların arasında Ayşəbəyim ərköyün böyüyürdü. Evin tək uşağı olduğundan anası da, nənəsi də onun nazıyla oynayırdılar. O bir növ “anauşağı” kimi böyüyürdü. Düşünməzdi ki, nə vaxtsa paltarını da tək geyinə bilər. İki qadın vardı Ayşəbəyim üçün həyatda. Biri illərlə beşiyə hüznlə baxan, övladsızlıq yükündən bükülən nənə, digəri isə ömrü gül açmamış solan, tək təsəllisi yeganə qızı olan gənc ana… Onlar elə düşünürdü ki, hərtərəfli təminat, nazını çəkmək Ayşəbəyimə atasızlığı daddırmayacaq… Lakin qızcığaz üçün atanın yeri həmişə görünürdü. Pəncərədən küçədən keçən uşaqların atasının əlindən tutmasına baxardı. Öz balaca əllərini birləşdirib bunu məşq edərdi sanki… Onun öz balaca dünyası atasızlığı yaşayırdı… Bunu anası və nənəsi hiss etməsə də… Atasızlıq onun üçün dərd olmuşdu. Kiçik ürəyinin böyük dərdi… Ana da işləyirdi, nənə də… Kiçik qızın o qədər paltarı vardı ki, bilmirdi hansını seçsin… Hamısını oyuncaq kimi oynadırdı…
Özüm…
Əslində mən uşaqlıq yaşamamışam… Yaşım uşaq yaşı olub, amma ürəyim uşaq ürəyi olmayıb… Belədirsə, bunun nəyi uşaqlıqdır ki?! Yadımda o qədər şey qalıb ki, uşaqlıq dövründən… “Kaş qalmayaydı” kimi düşündüyüm anlar da olur. Evdə olan yolagetməzlikdən bezmişdim. Bu sözü babamdan eşitmişdim. Hər dəfə evimizdə anamla atam arasında düşən mübahisənin sonu dava olardı. Babalarım qarışırdı işə… İkisi də eyni sözü deməklə kifayətlənirdilər: “Yola getmirlər, eh, bunlar…” Bu sözün mənasını bilmirdim. Elə bilirdim ki, bu söz yalnız dava-dalaş deməkdi… Yadımda qalan zamanlardan dava vaxtı qaçıb içəri gizlənməyim asılıb… Əldamının tavanındakı tirlərdən asılan quru əvəlik torbası kimi yellənməkdən də qorxur uşaqlığımın bu kiçik parçası… Qaçıb gizlənirdim qonaq otağındakı yükün altında. O qədər balaca idim ki, çarpayının altında otururdum, başım çarpayıya dəymirdi. Orada oturub düşünürdüm ki, mən böyüyəndə həmişə “yola gedəcəyəm”. “Yolagetməzlik” nədirsə, onu evimizdən qovacağam. Məni oradan tapıb çıxaran olmurdu. Heç axtaran da. Saatlarla orada otursam da, nə acmırdım, nə də yuxum gəlmirdi. Sadəcə, üşüyürdüm. Bərk üşüyürdüm. Elə ki ara sakitləşirdi, evdə səssizliyi duyurdum, tez çıxırdım ordan. Anamın yanına qaçardım. Anam üzümə baxıb doluxsunmuş gözlərilə oxşayardı məni. Onun baxışlarının həmin ifadəsi bu gün də gözlərimin önündədir… O ifadəni uşaq yaddaşıma elə yazmışam ki… Oyuncaqlarım da az idi… Gəlinciyim heç vaxt olmayıb. Cəmi bir dəfə kimsə mənə böyük, özüm boyda bir gəlincik almışdı, anamın başı qarışan kimi sındırdım, saçını yoldum, aparıb pəncərədən eşiyə atdım. Bununla da gəlincik dövrü bitdi. Bundan sonra heç vaxt heç kim mənə gəlincik almadı… Mən də gəlinciklə oynamadım… Deyirlər, qız uşaqlarına ona görə gəlincik alırlar ki, o analıq duyğusuna alışsın. Körpəni qayğıyla əhatə etməyə öyrəşsin. Deyirlər, guya qız uşaqları analığa hazır olurlar gəlinciklə böyüyəndə… Qucaqlarında gəlincik yatanda ana duyğuları oyanır onlarda… Mənimsə heç vaxt gəlinciyim olmadı. Olmadı… Olmadı!!! Bunun özündə də məntiq varmış… Mən “ana” ola bilmədim… Bilmədim… Bilmədim!!! Əslində, bu, mənim bacarıqlarım xaricində idi. Bu da alın yazısı idi… “Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur. Və çox təəssüf ki, bu anlayışların düzgün qavranılmaması nəticə etibarilə bir çox insanların özlərinə bəraət qazandırmalarına səbəb olur”. Bəs mən? Mən ana olmadım deyə alın yazısını özümə bəraət qazandırmaq üçünmü uydurmuşam? Yox… Çünki ana olmaq əlimdə deyildi… Balamı alan əcəllə savaşmaq da əlimdə deyildi… Bacarmırdım, yox, bacara da bilməzdim… Cəmi iki oyuncağım vardı: bir sarı dələ və bir sarı zürafə… Hər ikisini qarşı-qarşıya qoyub saatlarla onlara baxırdım. Fikrimdə onları danışdırardım. Onların söhbəti mənə o qədər maraqlı gəlirdi ki… Evimizə gələnlər anama deyirdilər: – Bu necə sakit uşaqdır. Elə oturub oyuncaqlara baxır, vəssalam. Bizimkilər evi dağıdır ey bütün. Anam isə mənim bu səssizliyimdən narahat olurdu. Ana idi axı… Balasının səssiz duraraq öz balaca qəlbində nəyi gizlətdiyini ondan yaxşı kimsə bilə bilməzdi… Həm də uşaqlıqdan elə hey ağrıyırdım. Ağrıyan yerimi dəqiq deməyə dilimin gücü çatmadığı vaxtlarda belə ağrıyırdım. Və anamın gözlərindəki təlaş dolu peşmançılığı görəndə anlayırdım ki, mən anamın ağrıyan yeriyəm… Anam mənimlə ağlayır, ağrıyır, göynəyirdi… Mənim oyuncaqlarım danışırdılar ki, bu balaca, qaraca, çirkin qız böyüyəndə daha ağrımayacaq… Özünə sarı rəngli don alacaq, anasına isə qara rəngli corablar… Daha anası corabını yamayıb geyinməyəcək… Onların bu söhbəti mənə elə xoş gəlirdi ki… İndinin özündə də anama azı həftədə bir cüt corab alıram… Anamın donu azdır, amma corabı çoxdur… “Niyə alırsan?” – deyə danlayır məni hərdən… Ancaq bilmir ki, bunu mən o səssiz “danışan” oyuncaqlarıma söz vermişəm… Bunu onlar danışıblar o vaxtlar…
***
Hər nə qədər Ayşəbəyim paltarlarını, evdəki bahalı qab-qacağı oyuncaq etsə də, tək oynamaq onu sıxırdı. Tək oynamaq mənasız idi… Hərçənd, o, öz uşaq ağlıyla sıxılmağın, mənasızlığın nə olduğunu bilmirdi, lakin tək oynamaq istəmirdi. Uşaq ağlıyla bircə şey düşünürdü: tək olmaq da, tək oynamaq da pisdir… Çox pis… Nənə və ana ona başqa uşaqlarla oynamağı qadağan etmişdilər. Qorxurdular ki, uşaqlarla küçədə oynayanda qaçıb tərləyər, soyuqlayar. Evdə olanda qapını içəridən bağlayırdılar ki, birdən başları qarışanda qaçıb eşiyə gedər, xəstələnər… Ayşəbəyim fiziki cəhətdən zəif uşaq idi… Bəlkə də, qorunmasının səbəbi onun zəifliyiydi. Kiçik qızcığaz pəncərədən çölə boylanınca uşaqların oyunlarında, şən səslərində belə bir nisgil duyurdu… Həsrətin nə olduğunu hələ onda anlamışdı… Küçəyə hərdən çıxanda uşaqlar barmaqla onu göstərib deyirdilər: – Baxın, onu anası oynamağa qoymur… Biri əgər onu oynamağa çağırsa, o birisi tez ucadan səslənirdi: – Çağırma… Onsuz da anası icazə verməyəcək… Bu sözlər onu ağrıdırdı… Axı niyə o başqaları kimi olmamalıydı? Niyə fərqli idi? Düzdü, onun da öz şıltaqlığı, nadincliyi, uşaq nazı vardı… Amma yalnız anasına və nənəsinə naz edərdi. Onların sözündən çıxıb uşaqlara qarışmazdı… Zaman keçdikcə Ayşəbəyimin də arzuları irəliləyirdi… Hər şeylə maraqlanırdı, hər şey haqqında bilməyə can atırdı… Arzusu, özü də ən böyük arzusu alim olmaq idi. Balaca qızcığazı evdə tək buraxmağın çətinliyini anayla nənə öz ağrılı ürəklərində daşıyırdılar. Üç yaşlı qızın əlindən tutub bağçaya apardılar. Gülərüzlü, mehribanlığı barmaqlarının toxunuşuna köklənən tərbiyəçi-müəllim Ayşəbəyimin əlindən tutub stolda əyləşdirdi. Saçlarını tumarladı… Hər tumarında bir qayğısızlıq görünsə də, əslində onun ürəyindəki gizli tərəddüdlər barmaqlarında titrəyirdi… Bu titrəyiş körpə qızcığazın tellərini də titrədirdi… Anasının işə getmək saatı çatdı. Qadın başını aşağı salıb hüznlü bir şəkildə otaqdan çıxmaq üçün qapıya yönəldi. Bu an qızcığazın təlaşdan böyüyən gözləri anasının arxasınca boylandı. Və cəldliklə ayağa sıçrayıb kiçicik boyuna uymayan hikkəylə qapıya doğru cumdu. Tərbiyəçi-müəllim hər nə qədər onu qılıqlamağa çalışsa da, anası işə getdiyini desə də, Ayşəbəyim nazik barmaqlarını anasının donundan qoparmadı… O gündən sonra ana və nənə növbə ilə qızcığazı özləriylə bərabər işə aparırdılar. Ana pambıqtəmizləmə zavodunda işləyirdi. Nənə isə camaatın xeyir-şərində “əl-əl axtarılan” aşpaz idi. El məclislərində sakitcə bir küncdə oturan qızın marağını heç nə çəkmirdi. Sadəcə, insanların səs-küyünə alışmışdı. Zavodda isə saatlarla qaranquşun yuvasına baxırdı. Uşaq ağlıyla onun yuvasının içini təxəyyülündə canlandırırdı. Ayşəbəyim üçün qaranquşun yuvasında kiçik taxta stullar, bəzəkli çarpayı, qaranquş balalarının cürbəcür oyuncaqları var idi… Beləcə, illəri yola salırdılar… Artıq Ayşəbəyimin 5 yaşı vardı. Bu gün onu özüylə aparmaq ananın növbəsi idi. İşə çatınca işçilərdən biri zavod direktorunun təcili iclas keçirəcəyini dedi. Anası qızı iclas keçiriləcək zala bitişik otağa aparıb, orada sakitcə oturmasını tapşırdı. Ayşəbəyim buradan direktorun zəhmli səsini eşitsə də, onun çığır-bağırını anlamırdı. Bu səs onu yarıqaranlıq otaqda vahimələndirirdi. Qorxa-qorxa ayağa qalxıb asta-asta yeriməyə başladı. Bura baş mühəndisin təcrübə otağı olduğundan dəzgahlarla dolu idi. Uşaq marağı qorxuya üstün gəlirdi… Və gəldi də! Ayşəbəyim dəzgahların birinə yaxınlaşdı. Üstü bəzəkli, rəngbərəng düymələrlə dolu idi. Bu düymələri yaxşı görmək üçün balaca dabanlarını qaldırdı. Bir az beləcə baxdı, baxdı… Yoruldu. Ayaqlarını yerə ürəklə basıb nəfəsini dərdi. Ancaq baxışları hələ də düymələrdə ilişib qalmışdı. Yenə dəzgaha yaxınlaşıb dabanlarını qaldırdı. Şəhadət barmağından başqa bütün barmaqlarını qatladı. Ehmalca qırmızı düyməni basdı… Dəzgahın dəmir cingiltisinə bənzəyən səsi bütün zavodu bürümüşdü. Direktor qapını açanda Ayşəbəyim əllərini arxasında gizlədib qorxmuş halda divara qısılmışdı. Anası cəld uşağı qucağına alıb təlaşla dillənmişdi: – Bağışlayın, məcbur qalıb gətirmişdim özümlə… Bir daha olmaz… Həmin gün Ayşəbəyimin anası ilə işə getdiyi son gün oldu. Artıq nənə də onu el məclislərinə, xüsusilə, yas çadırlarına aparmaqdan utanırdı. Buna görə də məcbur qalıb uşağı 5 yaşında birinci sinfə apardılar… Ana ilə nənə həyatın bütün rənglərini qıza yaxşı tərəfdən, parlaqlığı ilə göstərməyə çalışırdılar. Ancaq onlar bilmirdilər ki, Ayşəbəyim bu rənglərin solğunluğunu duyur. Onu Yaradan belə yaradıb… Atasızlığı yaşayan qəlbinə, fiziki cəhətdən zəif bədəninə rəğmən onda elə bir qəribə duyğu var ki, Tanrı onu hər bəndəsinə vermir. Bu duyğunun adını hələ Ayşəbəyim özü də bilmirdi… Ana müəlliməyə ilk gündən tapşırmışdı ki, onu uşaqlarla həyətdə oynamağa qoymasın. Çünki yıxılar, üzündə cızıq izi qalar. Bir qədər sadəlövh kimi görünsə də, bu istək səbəbsiz deyildi. Ayşəbəyimin ağ, süd kimi tər-təmiz bənizi anasının aydınlığı idi… Bu aydınlıq ana üçün həyatın bulanıq tufanlarını yuyub aparan dumduru sular idi… Ayşəbəyim heç vaxt uşaqlarla oynamırdı. Daim böyüklərin müdrik kəlamlarını eşidir, onlara riayət etməyə çalışırdı. Hamı onun ağıllı uşaq olduğunu deyirdi. Qonşular, qohumlar öz uşaqlarına onu misal çəkirdilər. Ona isə elə gəlirdi ki, nəsə düzgün deyil. Axı yaşlıların, böyüklərin, müəllimlərin məsləhətinə olduğu kimi əməl edən təkcə o idi. Hətta bir dəfə direktor müavini məktəb kollektivi qarşısında məsələ qaldırmışdı: “VII sinifdə oxumasına baxmayaraq, biz Ayşəbəyimi xüsusi səliqəsinə, nizam-intizamına, davranışına, hətta savadına, VIII sinfin proqramını bildiyinə görə bir sinif yuxarı keçirmək istəyirik”. Amma anası razı olmamışdı. Onsuz da Ayşəbəyim məktəbə 5 yaşında getmişdi. Bir sinif də qabaqlamaq onun cılız bədəninə, dümağ sifətinə yaraşmazdı… Anası belə düşünmüşdü… Özlüyündə isə ana qızıyla fəxr edirdi. Ayşəbəyimi o qədər tərifləyirdilər ki, bütün uşaqlar dərsdə onunla oturmaq istəyir, tənəffüslərdə başqa sinfin uşaqları onunla danışmağa can atır, küçədə qadınlar qucaqlayıb öpürdülər. Bütün bunlar ananın, nənənin, müəllimlərin fərəhinə səbəb olsa da, Ayşəbəyim üçün yenə nəsə tam deyildi… Rayonun işıq-qaz sistemində problemlər yaranmışdı. Sovet dönəmindən qalan işıq xətləri, qaz boruları köhnəlmişdi, təmirə ehtiyac vardı. Təbii ki, təmir başa çatana kimi müəyyən çətinliklər olmalıydı. Oldu da… Ana səhər tezdən oyanır, odun yarır, sobanı qalayıb çayı qaynadır, qızını ev isinəndən sonra yuxudan oyadırdı. Ev tapşırıqlarını isə Ayşəbəyim ya axşamdan neft lampasının işığına, ya da hamıdan bir saat əvvəl gedib məktəbdə hazırlayırdı. Dərd gələndə birdən gəlir… Pambıqtəmizləmə zavodu da fəaliyyətini dayandırdı. Ana artıq işsiz idi. Bütün yük nənənin çiyinlərinə öz ağırlığını salmışdı. Əlbəttə, ana buna dözə bilməzdi. Odur ki, bazardan xırda məişət ləvazimatları gətirib yaxın qonşular arasında satmağa başladı. Beləcə, Ayşəbəyimin gündəlik dəftər-kitab xərcini üstələməyə çalışdı. Zamanla bunu bacardığına evdə hamı-nənə də, Ayşəbəyim də sevinirdi. Qızın sevinməyi də qəribə idi. Hamı kimi sevinə bilmirdi elə bil. Ürəyində həmişə sevincin kölgəsində bir nisgil olurdu. Bu nisgil onu gizlincə otağa çəkilib saatlarla ağlamağa məcbur edirdi. Əvvəllər belə düşünsə də, böyüdükcə Ayşəbəyim gizli ağlamaqlardan ürəyinin boşaldığını, nisgilinin şam kimi öləzidiyini anladı. Və özlüyündə yaxşı oxumaq, ali təhsil almaq, anasına öz savadı ilə dayaq durmaq qərarına gəldi.
Özüm…
Məktəbi bitirəndə sinifdə on səkkiz uşaq idik. Ən kasıbı mən idim. Ən yaxşı oxuyanı da. Məni də Ayşəbəyim kimi hamı öz uşağına misal çəkirdi. Adımı eşidib üzümü görməyənlər də vardı. Bu valideynlər vaxtaşırı atamın yanına düşüb bizə gələr, mənə baxardılar. Ən çox yadımda qalan təəccüblü baxışlar olurdu. Sanki bu baxışların hamısı eyni dildə danışırdılar: “Bir bunun iynə boyuna, bir də dam-dolusu toyuna bax!”. Çox balaca idim. Nəinki balaca, həm də qaraca idim. Sinif yoldaşlarım son zəngdən sonra üzü payıza toya hazırlaşırdılar. Mənsə ali məktəbə. Bütün günü oxuyurdum. Dövlət imtahanına bir ay vardı deyə, son zəng ərəfəsində özümə beş-altı gün istirahət zamanı ayırmışdım. Pilləkənimizin üstündə yarımçıq eyvan vardı. Taxta çərçivələr bir-birinin yanında elə dayanmışdılar ki, elə bil “Günəş krallığı”nı fəth etməyə gedəcək Roma əsgərləri cəngavər əmri gözləyirdilər. Bu taxta çərçivələrdən başımı azca irəli uzadanda evimizlə üzbəüz olan kitabxananın qapısını aydınca görə bilirdim. Bir gün yenə kitabxananın qapısına baxırdım. Dodaqlarımın arasından şeir süzülürmüş, sən demə…
Aradan altı il ötübdür, gülüm, Hələ üstüm-başım idimə düşmür. Yadımdan heç zaman çıxmadığınçün, Yadıma düşdüyün yadıma düşmür.
Misraları təkrar-təkrar pıçıldamağa başladığım anda sinif yoldaşım Minnətin yolayrıcında durub gözünü mənə zillədiyini gördüm. Sinifdə partalarımızın arasında bir addımlıq məsafə vardı. Üz-üzə dayandığımız zamanlar az olmamışdı. İndi isə Minnətin baxışları mənə ayrı cür görünürdü. Başımı geri çəkib aşağı çökdüm. Ayağa qalxdığımda kitaba cumdum. Özümə verdiyim istirahət günlərini tamamlamaq mümkün olmadı. Dövlət imtahanlarının cavabı çıxınca məlum oldu ki, imtahan verən cəmi altı şagirddən yalnız ikisi: mən və daim mənimlə rəqabətdəymiş kimi özünü hər addımda gözə təpən İnqilab tələbə olacağıq. Mən sevinirdim… Hələ də o sevinci bəzəyib-düzəyib anlatmaq üçün sözlər tapa bilmirəm… Tələbə olmuşdum. Dördillik tələbə həyatında cəmi iki cins şalvarım, bir qara, balaca çantam, uşaq mağazasından ucuz qiymətə aldığım üstü “cırt-cırtla” bağlanan bir ayaqqabım qarderobumu tamamlayırdı. Bütün bunlara qarşılıq, olduqca gözəl müəllimlərim vardı… Şair İnqilab İsaq, musiqişünas Şirin Rzayev, professor Qabil Seyidov, professor Kəmalə Seyidzadə… Bu dörd müəllimin qarşısında tələbə kimi oturduğum üçün qürur duyurdum. Və bu qürur hissi mənim duyğularımda öz ömrünün ikinci onilliyinə qədəm qoyub. Böyük oğlan olsun!
***
Zaman öz işini görür, Ayşəbəyim böyüyürdü. Yeniyetmə çağlarında hamı onu qaradinməz, qaşqabaqlı, lakin olduqca gözəl bir qız kimi tanıyırdı. Bəziləri bu qaradinməzliyi gözəllikdən doğan təkəbbür kimi qiymətləndirir, kimisi isə bunu onun “ağıllı”, “yerəbaxan” qız kimi olmasıyla əlaqələndirirdi. Ulu Tanrının Ayşəbəyimə bəxş etdiyi ən gözəl ərməğan onun içində, ürəyində idi. Öz sirrini tül rübəndin altında gizlədən gözəl kimi cilvələnirdi, nazlanırdı onun duyğuları həyat qarşısında. Daxilindəki tufanları sərin mehlə örpəkləyib olmuşlara və olacaqlara üsyan edirdi bu qızın kiçik ürəyi… Ürəyindən pərvazlanan duyğuları qələmdən süzülürdü, misra-misra vərəqlərə axırdı. Məktəbdə yaşıdı olan qızlardan çox fərqliydi Ayşəbəyim. Qızlar bulağından su içən gözəllərin hamısının aşiqi vardı, aşkar, ya gizli. Təkcə onun yox idi. Baxmayaraq ki, bu qızın gözəlliyi Yevlax rayonunun sərhədlərini çoxdan aşmışdı, yenə də adını tutan, “Ayşəbəyim” – deyən gözə görünüb, qulağa dəymirdi. Bütün qızların arxasınca, xəlvətə düşəndə yanınca məktəbə bir oğlan gedirdi. Ayşəbəyimin isə yanınca həmişə anası gedirdi. Məktəbin darvazası yanında da daim onu gözləyən anası idi. Ancaq qıza elə gəlirdi ki, anası “evin kişisi” kimi yaranıb və bu, belə də olmalıdır. Onu qorumalı, evə su, odun daşımalı, həyət-bacanı səliqəyə salmalı, barının sökülən, uçulan yerini təmir etməli, bazarlığa getməli, eyni zamanda, bu bazarlıq üçün pulu qazanmalıdır. Bütün bunların qarşılığında Ayşəbəyim bəzən beyninə dolan fikirlərdən qorxurdu. Bir cümlə isə nə qədər unutmağa çalışsa da tez-tez dilinin ucunda bitirdi: “Tanrı da səhv edə bilir”.
II hissə
Nifrət
***
Ayşəbəyim artıq onuncu sinifdə oxuyurdu. Böyümüşdü. Hər şeyi biləcək qədər böyüdüyündən tale bağlı qapıları onun üçün açmaqda israrlıydı. Gül ləkləri ilə əhatələnmiş bağçaya stol qoyub dərslərini hazırlayırdı. Elə də hündür olmayan barıdan küçədən keçən adamların başı görünürdü. Ayşəbəyim hərdən başını yazıdan qaldıranda bu adamların gah birisiylə salamlaşar, gah da tələsik keçənləri baxışlarıyla ötürərdi. Bir də başını qaldıranda saçlarına təzəcə dən düşmüş bir kişinin diqqətlə ona baxdığını gördü. Qız qorxdu. İçinə dolan bu qorxunun yanıyla gələn şübhələr daha betər idi. Çünki kişinin baxışları maraq dolu olduğu qədər də qıza tanış gəlirdi. Hətta o qədər tanış gəlirdi ki, elə bil hər gün görürdü bu bəbəkləri… Bir neçə dəqiqə bir-birinə kilidlənmiş baxışların sonu tez gəldi. Kişi başını aşağı salıb getdi. Bu hadisə bir ayda dalbaadal, ən azı altı dəfə təkrarlanınca Ayşəbəyim nənəsinə içindəki qorxulardan danışdı. Şübhələrini isə bir sirr kimi qorumağa çalışdı. Ömrünün çoxunu yola salıb arxasınca su atmaq fikrinə düşməyən nənə üçün bu, ürəyindəki yükü artırardı. Daha qız bilmirdi ki, nənə o kişinin gəlməsini eşidəndə onsuz da ömründən ağır yük karvanını hər açılan sabahından keçirərək yuxusu ərşə qaçdığı gecələrə aparır. Və bu karvanın sarvanı elə o, özü olur. Növbəti dəfə Ayşəbəyim nənəsinin mətbəxdə olmasından ürəklənərək cəsarətlə ayağa qalxıb kişidən soruşdu: – Axı siz kimsiniz? Niyə mənə elə baxırsınız? – Tanımazsan… Mən səni görəndə balaca idin, indi böyüyüb gözəl bir qız olmusan. – Elə tanımaq istəyirəm. Kimsiniz? – Anandan soruş, o deyəcək. – Anam evdə yoxdur! – Ayşəbəyim artıq hirslənirdi. Səsinin daha da codlaşdığını hiss edirdi. – Mən sizdən eşitmək istəyirəm. Qohumsunuz? Kişinin dodaqlarının kənarına kinayə dolu təbəssüm yığılmışdı. Həmişə maraq dolu olan bəbəklərindən qəribə bir hiss asılmışdı. Bilmək olmurdu ki, nəyəsə hirslənib, yaxud nəyəsə heyfsilənir. Ya da hər iki hiss orda necə doğmalaşa bilib? Nəhayət, kinayə ilə bükülən dodaqların arasından ikicə kəlmə ilan qayadan sürüşən kimi sıyrılıb çıxdı: – Sənin atanam.
***
Yox, Ayşəbəyim bu kişiyə inanmadı. Onun atası çoxdan ölmüşdü axı. Anasıyla nənəsi ona yalan danışmazlar. Düşündü ki, yəqin, o kişi sərxoşun biridir, nə danışdığını özü də bilmir. Ağlı başında adam nə durub kimsənin uşağına barıdan baxmaz, nə də yalandan “sənin atanam” – deyib uydurmaz. Kişi gedəndən sonra zamanın bir ölçüsündə özünü günahlandırmağı da bacardı. Necə icazə vermişdi ki, yad bir adam atasının xatirəsinə toxunsun?! Bircə şəkli olmasa da, atası onunçün vardı. Onun xəyalında idi… Onun bütün “atalı arzularının” qəhrəmanı idi. Uşaqlıqdan bəzən atasının-xəyali qəhrəmanının şəklini çəkirdi. O qədər hər dəfə daha yaxşı çəkim deyə cəhd etmişdi ki, axırda rəsm müəllimi çəkdiyi şəkillərdən bir neçəsini Bakıya-şagirdlərin sərgisinə aparmışdı. Ayşəbəyimin rəsm çəkməkdə qabiliyyətli olmağıyla hər yerdə fəxrlə danışardı. Amma o, ağlına da gətirməzdi ki, bu qabiliyyət qızda atasının rəsmini daha yaxşı çəkmək cəhdi ilə yaranmışdı. Üstəlik, “ata” kəlməsinin dilinə gəlməsiylə ürəyində özünü qatil sandığı, anasının uşaqlıqda danışdığı daha bir əhvalat da vardı. Eşitdiyi gündən bu yana bir dəfə də olsun anasından danışmasını istəmədiyi, özünü qatil hiss etdiyi əhvalat… Anası danışmışdı ki: – Sən onda çox balaca idin. Bütün gecəni kukla deyib ağladın. Atan da səhər açılan kimi qaça-qaça sənə kukla almağa gedirdi. O qədər tələsirdi ki, üstünə gələn maşını görmədi. Maşın da onu vurub öldürdü. Bu əhvalata inanmışdı. Həmin gün kukla deyib ağladığı üçün özünü olduqca günahkar hiss edirdi. İllərlə içindəki bu özünü bağışlaya bilməmək hissiylə yaşamışdı. Bu necə olur, bilməyi kimsəyə arzulamırdı… İndi isə hansısa danışığını bilməyən bir kişi onun atasıyla bağlı xatirələrini alçaldırdı. Axşam anası evə gələndə xahiş etdi ki, bir dəfə atasının məzarını ziyarətə getsinlər. – Çox uzaqdadı. Məktəbi bitir, instituta qəbul ol, aparacağam. Hər şeyi öz gözünlə görəcəksən, – dedi anası. Danışdıqca bir dəfə də olsun başını qaldırıb qızına baxmırdı. Anası bir də onun gözlərinin içinə bir həftə sonra baxdı… Həmin gün Ayşəbəyim məktəbdə keçirilən tədbirə görə hazırlığa gecikmişdi. Müəllim yanına aparacağı kitablar evdə olduğundan məktəbdən evədək yüyürmüşdü. Təngnəfəs darvazanı açmaq istəyəndə içəridən gələn qarma-qarışıq səslər onu dayandırdı. Anası bir kişi ilə mübahisə edirdi. Dayanıb dinləməyə başladı. – Hər şey boş yerədi! – Bunu anası deyirdi. – Bir səhvlikdi elədim də. Bağışla, – Kişinin səsi də tanış gəlirdi. – Qayıt ailənə. Qızımla öz həyatımızı qurmuşuq. – Mən sizsiz darıxıram… Yenidən… – Gecdir, get, bir də qapıya gəlmə! – Anası kişinin sözünü kəsdi. – Ayşəbəyim heç bilmir ki, onun atası sağdı, – Kişinin səsinə bir az hikkə də qarışdı. – Bəs sən nə fikirləşirdin? Elə bilir atası ölüb. – Niyə ki? Mən onun atası deyiləmmi? Məni niyə gizlətmisən uşaqdan? – Əsəbi qışqırtı qızın tüklərini ürpəndirdi. – Onun həyatını məhv edə bilmərəm. Ali məktəbə hazırlaşır. Get, imkan ver yaşayaq. Dünyaya niyə gətirdiklərini dərk etməyən övlad isə darvazanın arxasında valideynlərinin bu söhbətini eşitdikcə onun üçün həyat məhv olmağa başlayırdı. Elə bil hər şey rəngini dəyişib bozarır, ağaclar əyiş-üyüş olub bir-birinin üstünə yıxılır, quşlar civildəmir, boz-boz ulayırdılar. Ayşəbəyim darvazadan uzaqlaşdı. Yeridikcə yol gözləri önündə gah axır, gah çökəlir, gah da hər bir torpaq dənəsi bir qara qayaya çevrilib getməsinə imkan vermirdi. Geri döndü. Məzarına qoymaq üçün uşaqlıqdan bəri hər yaz çəməndən gül yığdığı atasının üzünü görmək marağı hər şeyə üstün gəlmişdi. Uşaq ağlıyla özünü ölümünə səbəbkar saydığı atası bu dəmir darvazanın o üzündə idi. Darvazanı əli titrəyərək itələsə də, dimdik dayandı. Əvvəlcə düz anasının gözlərinin içinə, sonra da atasına baxdı. Hər gün barının o üzündən ona baxan, “sənin atanam” deyən kişi idi. Dodaqlarının kənarındakı kinayəli təbəssüm bütün üzünü bürümüşdü. Dodaqlarından saxta bir mülayimlik asılıb yıxılacağını gözləyirdi. Ayşəbəyimin ürəyində qəribə sızıltı baş qaldırdı. Qız bu sızıltıyla dorğudan–doğruya qatil olmağı arzulayırdı. Bu kinayəli təbəssümü yarıda qoyacaq bir qatil olmaq arzusu bütün əzalarını gərmişdi. Bu hissin adı nifrət idi. Ayşəbəyim atasına nifrət edirdi…
***
O gün heç nə yeməmişdi Ayşəbəyim. O gecə səhərədək anası ilə nənəsi pəncərənin o üzündə, o isə bu üzündə öz yorğanına bürünərək ağlamışdı. Səhər bitib-tükənmək bilməyən suallarla açılmışdı. Bu suallar anasına ünvanlansa da, cavabları nənəsi vermişdi. Ayşəbəyim bilmişdi ki, atası anasının xalası oğlu imiş. Hələ hamiləykən anası atasının xəyanətini eşidib qızını doqquz ay tamam olmamış dünyayla salamlaşmağa məhkum etmişdi. Hər an ölümlə üz-üzə yaşayan körpə illərdir məhz bu səbəbdən çöl-bayırdan, isti-soyuqdan qorunmuşdu. Övladını itirmək qorxusu anaya doğum sancılarıyla birgə göndərilmişdi. Və bütün bunların günahkarı ata idi… Ayşəbəyimin dünyaya gəlişi də atanı evinə, ocağına bağlamamışdı. Yenə hər gün evdə dava-dalaş, yenə içki şüşələri, yenə xəyanətlər… Bir gün, hətta uşağı qucağına alıb nənəylə ananın qarşısına da çıxmışdı: – Bu uşağın atasız böyüməyini istəmirsinizsə, mənə maşın alın! Bu, ailə adlı sarayın açıq qalan tək pəncərəsi idi. O gün o pəncərə də bağlanmışdı. Bir daha günəş işıqlarına açılmayacağına qərar verilmiş pəncərənin o üzündən görünən keçmişdə nələr olmuşdusa, hamısının günahkarı ata idi. Hardasa bir məzarının olduğunu bildiyi atası daha doğma, daha əziz idi Ayşəbəyimə. Yaşadığına əmin olduğu ata isə onun üçün əsl günahkar idi… O, ata deyildi. Ayşəbəyim ona ata deyə bilməzdi. Onu xəyalına yaxın da buraxmazdı… Lakin həyat öz gerçəkliyini güzgü işığı kimi insanın gözlərinə salıb qamaşdırmaqdan həmişə zövq alıb. Ayşəbəyim gözünə düşən güzgü işığında bütün kişiləri eyni ölçüdə görürdü; elə bilirdi ki, bu dünyada nə qədər oğlan, nə qədər kişi varsa, hamısı onun atası kimidi… Hamısı da yalnızca günahkar olmağı bacarırlar. Onun içində dünyanın bütün kişilərindən qisas almaq kimi bir hayta vardı. Lakin bütün bunlarla yanaşı məktəbi bitirib ali təhsil almaq arzusu da ürəyindən bəbəklərinə yol tapa bilmişdi. Ayşəbəyim kitablara insanlardan daha çox etibar edirdi. Bütün oğlanları acılayır, kiminsə ondan xoşlandığını eşidəndə mütləq onunla dalaşardı. Bunu bütün kişilərdən aldığı intiqam sayaraq rahatlana bilirdi. Üstəlik, eşitmişdi ki, atası ikinci arvadından da boşanıb, hardasa tək-tənha yaşayır. Bu, onu sakitləşdirən daha bir təsəlli idi. Və bu təsəlli onun əla qiymətlərlə məktəbdən məzun olduğu zamanda qulağına çatmışdı. Heç kəs təbrik etdiyi, xoş sözlər dediyi qızın içindəki tükürpədən dəhşətli təəssüfdən xəbərdar deyildi. Qarşıda ali təhsil vardı.
Özüm…
Bir dəfə qanlı knyaginya Batori haqqında kiçik bir yazı oxumuşdum. Onu qaniçən, kişilərin məhvinə çalışan bir cəllad kimi tarixə salan həqiqətin nə olduğunu bilmək marağı oyanmışdı məndə. Sonra bilmirəm nələr oldu, hansı maraq Batorini kölgədə qoydusa, bir də qanlı knyaginya haqda yeni film çəkildiyini eşidəndə yadıma düşdü. Rejissoru qadın olan iki saatlıq filmə nəfəs çəkmədən baxdım. Əvvəllər oxuduqlarımın üstündən iri bir projektor işığı keçdi kimi təsirləndim. Macar rejissor bu filmdə Batorinin kişilərə olan nifrətinin günahkarını bir-iki epizodda gözəl açıqlayır: knyaginyanın əri… Demək istədiyim odur ki, kişilərin qadın nifrətinin də, qadınların kişi nifrətinin də altında mütləq və mütləq öz həmcinslərini gözdən salan biri vardır. Biz bunu görmürük. Görməyə heç can atmırıq da. “Cinayət psixologiyası” adlı məfhum dünyamızda psixoloqların ən qiymətli tapıntılarından biridir. Hərçənd ki, bu nəzəriyyə ədəbiyyatda Dostoyevski ilə başlayır, lakin Dostoyevski kimi bir yazıçının əsərin yazılma prosesində psixoloq kimi öz obrazı üzərində seanslar aparmasını unutmaq lazım deyil. Amma ədəbiyyatda da, kriminalistikada da səbəblər çox az hallarda axtarılır. Bunun günahkarı, təbii ki, nə yazıçı, nə də kriminal-psixoloq deyil. Əsl günahkar içində mən olmaqla əsərlərin ünvanlandığı və cinayətlərin baş verdiyi andan marağını cinayətkara qarşı itiləmiş cəmiyyətdir. Cəmiyyətdə heç kim öz işindən və həyatının düzənindən ayrılaraq cinayətin səbəbi haqda düşünmür. Onlar nəticəni-cinayəti sevir. Bəli, sevir! Bu sevgi növbəti cinayətin cücərmə səbəbidir. Qadın-kişi nifrətinin də nəticəsi eyni ilə belə maraqlı gəlir insanlara. Çünki qarşı-qarşıya qoyulsa, kişilər mələk, qadınlar məlakə olduqlarını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Təbii qanunauyğunluqla düz edirlər. Axı bütün qadınlar Silviya Plaz, bütün kişilər də Aqata Kristinin obrazı Amyas Krale deyil…
***
Ali məktəb imtahanı yaxınlaşdıqca Ayşəbəyimin cılız bədəni sürətlə cılızlaşmağındaydı. Qıza elə gəlirdi ki, ürəyinin içində boyundan böyük bir hava şarı var və bəzən nəfəs aldıqca o şar şişir, şişir, partlamaq dərəcəsinə gəlir. Bütün günü kitab əlindəydi – yeyəndə də, saçını darayanda da, donunu dəyişəndə də. Ali məktəbə qəbul ola bilməyəcəyindən yaman qorxurdu. Gah imtahan vaxtının gec gəlməsi üçün dualar edir, gah da hər keçən günün bir il kimi uzun olduğunu düşünür, səbirsizlənirdi. Nəhayət, imtahan günü gəldi. Anası onu imtahana bir cümlə və bir dünya təbəssümlə yola saldı: – Qorxma, qızım, bildiyini yaz, keçməsən, gələn il keçərsən. Bu bir cümlə və bir dünya təbəssüm Ayşəbəyimə güc, addımlarına inam verdi. Onu ən çox ürəkləndirən anasının bu imtahanı, Karlson demiş, “adi həyati hadisə” sayması idi. Qızın qulağının dibindəcə imtahan verməyə gələn uşağını hədələyən, danlayan o qədər valideyn vardı ki… – Bax, bir ətək pul tökmüşəm sənin hazırlığına. Hünərin var, keçmiyəsən! – Vaxtında “oxu” deməkdən dilimdə söz cücərdi! Adam deyilsən ha. İndi üzümə yazmamış qayıdasan, gününü görəcəksən! – Əgər yazammasan, evə qayıtma! – və s. və s. Bütün bunların fövqündə anasının təbəssümü onun üçün Tanrının ən böyük mərhəməti idi.
***
Avqustun altısı Ayşəbəyimin ad günü idi. İmtahan nəticələri məhz bu gün açıqlanmışdı. Ayşəbəyim cavabı bilməyə qəsdən özünü gecikdirirdi. “İmtahandan kəsilmək” adlı hədiyyə almaq onun ürəyinin götürə biləcəyi yük deyildi. Ona görə də anasından bu gün imtahan nəticələrini bilmək istəmədiyini dedi. Ana əvvəlcə qaşlarını çatdı, sonra dodaqlarını bir-birinə kip sıxıb başını yellədi, heç nə demədən qapıdan çıxdı. Ayşəbəyim nə çatılan qaşların, nə bükülən dodaqların, nə də sükunətli addımların nə “söylədiyini” anlamamışdı. Başını qatmaq üçün stolun üstündəki ad günü tortuna tərəf əyilib üstündəkiləri oxumuşdu: “Happy birthday” və kiçik smaylik. Gözləri yaşarmışdı gülməkdən. Axı, bu tort bişirən qonşuya nə düşmüşdü ki, ingilis dili bilicisi çıxmışdı?! Eləcə “ad günün mübarək” yaza bilməzdimi?! Gülə-gülə qapıya çatınca anasının əlində kiçik kağız qarşısında dayandığını gördü. Sakit və ciddi duruş ananın əlindəki kağıza böyük əhəmiyyət verdiyini anladırdı. Ayşəbəyim kağızı ehmalca götürüb açanda da üzündəki gülüşü qoruyub saxlamağa cəhd edirdi. Bu gün, məhz bu gün ağlamaq istəmirdi… İmtahanın nəticələrinə əsasən Ayşəbəyim artıq tələbə idi. Gülüşünə qarışan göz yaşlarını ağlamaq adlandırmaq istəməsə də, nənəsi öz təbrikində gecikməmişdi: – Ay səni görüm həmişə sevincdən ağlayasan elə!
Özüm…
Ağlamaq… Əvvəllər ağlamağı çox sevərdim. Çox ağlayardım. Göz yaşlarımın dəyərini anlamırmışam… Sadəcə, gizlin-aşkar ağlamaq mənimçün can rahatlığıydı. Canımın ağrıyan yerini sığallayıb ağladığım zamanlarda uşaq düşüncəmlə böyük-böyük qəhrəmanlıqlar edirdim. Böyüdükcə, ağlamağım mənimlə birgə böyümədi, təəssüf ki… Get-gedə kiçildi, adiləşdi, gözdən düşdü. Ta ki, iyirmi iki yaşımın tamamına kimi. Qoşalaşmış ikiləri öz təqvimin qızıl çərçivəsinə saldığım il göz yaşlarımı ilk dəfə özümə axıtmadım… Mübariz İbrahimov şəhid olanda ağladım… Ağlayaraq yazdım ki,
Bu dünyada candan əziz nə var ki?! Bir ürəkdi, göz yaşıdı, Vətəndi. Bu dünyada səndən əziz nə var ki?! Bir ürəkdi, göz yaşıdı, Vətəndi.
Bu ürəklə sevə bilmişəm səni, Bu vətənin ər igidi, qeyrəti… Axan göz yaşımın hər giləsini Töküm məzarına, yoxdur qiyməti…
Bu dünyada eşqdən uca nə var ki? Sevdiyimsən, tapındığım ərənim… Bu dünyada eşqdən qoca nə var ki? Sevgisini torpağına sərənim…
Bu dünyada candan əziz olanım Bir ürəkdi, göz yaşıdı, Vətəndi. Bu dünyada səndən əziz olanım Bir ürəkdi, göz yaşıdı, Vətəndi.
İndi daha göz yaşlarım hər şeydən ötrü axmır. Mənimlə birgə böyüməyən ağlamağımın məni ötüb keçməsinə baxmaqdan başqa əlimdən nəsə gəlmir…
***
Tələbəlik gözəl keçirdi. Düzdür, hər günü nağıl deyildi, hər ay bir şahzadə at çaparaq eyvanın altından keçmirdi, cəngavərlər divləri öldürmürdü, yenə də tələbəlik öz romantik dumanlığını qoruyub saxlamışdı. Ayşəbəyim xoşbəxt idi. Bütün sıxıntıların, kədərlərin tələbəliyin arxasında qaldığını düşünürdü. Ancaq yanılırdı! Onun xoşbəxt günləri uçuq-sökük binanın sonuncu mərtəbəsindən gələn işıq kimiydi… Həyatın xoşbəxtliyə ayırdığı reklam fasiləsi bitirdi… Bir gün qəfildən nənə xəstələnib yatağa düşdü. Həkimlərin gözlərini yerə dikib, başını bulayaraq çıxdığı otaqda qız nənəsini seyr etməkdən yorulmurdu. Ağ saçları güllü yastığa döşənmiş nənənin sağalacağı ümidini küsdürməmək üçün üçüncü kurs tələbəsi olan Ayşəbəyim institutdan bir həftəlik icazəni güclə almışdı. Qıza elə gəlirdi ki, nənəsi onu yanında görəndə sürətlə sağalacaq, ayağa qalxacaq. Lakin, yaşlı nənə günbəgün Ayşəbəyimin gözləri önündə əriyirdi. Çarəsiz anlarda əlindən heç nə gəlməmək kimi bir duyğunun varoluşunu da o kiçik zaman kəsiyində anlamışdı. Nənəsinə baxaraq… Nənəsinin damarları çıxmış əlini üzünə sürtərək… Göz yaşlarından diksinər deyə, gözünü ovuşdurmaqdan yorulmayaraq… Evdən çıxan tabutun arxasınca baxmaq isə… Yox, Ayşəbəyim o gün yaşadıqlarını bir daha dilinə gətirməmək üçün özünə bərk-bərk söz verdi. Tamam tək qalmağı da bu aralar öyrəndi. Anası xırda alverçilik etdiyindən evdə az olurdu. Ayşəbəyim nənəsizliyini bir də tək boşqablıq süfrələrdə, təkadamlıq mürgülərdə, evdən yalnız televizorun səsi gəldiyində yaşamağa çalışdı. Zamanla yalnızlığa öyrəşə bilmirdi deyə, qorxuları da müxtəlif şəkillərə düşə bilirdi. Gah televizorun arxasından başqa səs gəlir, gah pəncərəyə kölgə düşür, gah yuxusunda dəhşət filminin ssenarisi yazılırdı. Lakin qızın yalnızlığa könül verməsindən savayı çarəsi qalmamışdı. Və bir gün bütün gücünü toplayaraq yalnızlığın qoynuna girdi. Həyat onların başı üzərində dayanmışdı və kəbin duasını tənha hıçqırıqların melodiyası altında zümzümə edirdi. Həmin gün anası Ayşəbəyimə qırmızı don almışdı. Qız donu geyinib güzgünün önündə fırlanınca öz yaraşığından məst olmuş halda demişdi: – Gərək nənəmə də göstərim, deyirdi qırmızı rəng mənə çox yaraşır. Ana qəfil hönkürmüşdü. Ayşəbəyim üçün dünyanın ən güclü qadını olan anası birdən-birə acizliyini göz yaşlarıyla etiraf etmişdi. Qız boynunu bükmüşdü… Ürəyini də bükmüşdü… Həmin qırmızı don əynində yalnızlıqla nigaha girmişdi.
Özüm…
Yalnızlıq… Tənhalıq… Yaxud, heç kimsənin olmaması… Əslində, böyük bir yalan! Milyonlardan biri kimi “OL” kəlməsindən qorxub başımızı dizlərimizə dirəyib, gözlərimizi bərk-bərk yumub, yumruqlarımızı qulaqlarımıza tutub özümüzü zamanın və təbiətin ixtiyarına buraxırıq. Anamızın bətnindən çıxanda isə elə sevinirik ki… İlk olan bu sevincdən bütün həyatımız boyu əsla və əsla bir daha dadmırıq. Çünki bir buğda dənəsi ilə Həvva nənəmizin qazandığı doğum sancısı cəzasını anamıza yaşadıb günahsızlığımızla öyünürük. Bu aralar, doğrudan da, təzadlı fikirlər əlində əsir-yesir olduğumu bilirəm. Yoxsa mənim nə həddiməydi ki, Həvvadan danışam? Anamı günahlandıram, tövbə, tövbə! Yenə üzümü göyə tuturam: – Allahım, sən bildiyin məsləhətdir! Bircə ağlımı alma. Ağlım varmış kimi, sonuncu xahişi elə ürəklə edirəm ki… Kim deyirsə, şairlər, yazıçılar ağıllı adamlardır, yanılırlar. Onlar qədər ağılsız, məntiqsiz, hamının bədbəxt olduğu yerdə xoşbəxt, ən sevincli gündə qaş-qabağı yerlə gedən, min gülüş içində zarıyan ikinci bir insan zümrəsi tapılmaz. Mən də daxil… Yalnızlıq, tənhalıq, kimsəsizlik kimi kəlmələri də şairlər və yazıçılar uydurub. Guya tək bir yerdə oturmağı, tək ağlamağı daha duyğusal sözlə ifadə ediblər. Bilmirəm kim necə yaşayır bu hissləri, mən etiraf edirəm ki, belə hisslərin mövcudluğuna şübhə ilə yanaşıram. Çünki tək ağlayanda da kimisə, nəyisə düşünüb ağlayıram. Tək yemək yeyəndə də həmişə çörək iyləyib anamın, qardaşımın, bacılarımın adlarını sıra ilə sadalayıram, görəsən, ac olanı yoxdur ki? Bu təkliyin özündəki qeyri-humanizmi görürsünüzmü? Təkcə öz doğmalarımın ac olmadığının qeydinə qalmaq istəyirəm fikrən. Bu da dünyaya meydan oxuyan yazıçı humanizmi…
III fəsil
Yenə sevgi
***
Sevgi bu dəfə başqa ləçək bağlamışdı. Bu dəfə başqa qoxudaydı, başqa rəngdəydi… Amma bu dəfə o, hesabdan kənarda qalmamışdı. Əksinə, indi dünyada nə var-nə yox, hamısından haqq-hesab istəyirdi. Bu sevgi üçün ölüm də bir udum nəfəs qədər adi idi. Əlbəttə, belə də olmalıdır! Axı sevgi – bütün dünyanın əzbər bildiyi, lakin oxuyub-oxumamaqda hər kəsin özü qərar verdiyi yeganə nəğmədir… Ayşəbəyim bu nəğmənin varlığından kənddə xəbər tutmuşdu. Xalası onu evinə qonaq çağırmışdı. Uzaq qohumların toyu ərəfəsində bu qonaqlıq lap yerinə düşmüşdü. Qız ilk dəfə kənd toyu görəcəkdi. Üstünə qırmızı lentlər bağlanmış çadır, içəridə yerə basdırılmış ağac dirəklər, əlində bəzəkli çubuq tutmuş tamada, qız toyunda o ki var ağlayıb, bir gün sonra oğlan toyunda gəlinin başından şirni tökən qohumlar… Ayşəbəyim yaxşı bir nağılçı olub bütün bunları nağıl etmək istəyərdi. Bu, sehrli aləmə düşən bir şahzadənin başına gəlmiş ən gözəl macəra idi. Təbii ki, xalasının təzəcə əsgərlikdən gələn baldızı oğlu da bu nağılda yavaş-yavaş öz yerini tuturdu; qızdan oğrunca asılan bərraq baxışlar, üz-üzə gəlincə titrəyən səs, qızaran yanaqlar, sözlərdən qabaq nəyisə anlatmağa çalışan əllər təkcə ağ atın yoxluğuna heyfsilənirdi. Sanki Allah Ayşəbəyimə xoşbəxtlik üçün xeyir-duasını verirdi. O gündən Ayşəbəyimin ürəyində bir sızıltı vardı. Amma bu sızıltı əzab sızıltısı deyildi. Bu, ona tanış olmayan bir incə ağrı idi. Qıza elə gəlirdi ki, bu ağrı kənddə gördüyü oğlanın baxışından, gülüşündən qoparaq onun damarlarına hopub. Günün hansı saatında gözləri önünə o oğlanın baxışları gəlsə, qızın əlləri titrəyər, gözləri buludlanar, dizləri yeriməkçün olan son taqətini toplayırdı. Hərdən ona elə gəlirdi ki, belə anlarda ürəyinin döyüntüsünü bütün dünya eşidə bilir… Zaman sevgi həyəcanlarıyla ayaqlaşmır. Ona görə də iki il sevən bir gənc qızın ömründən başını aşağı salıb dinməz-söyləməz keçməyə cəsarət edə bildi. Ayşəbəyim isə o oğlanı axtarmaq, heç olmasa, adını öyrənmək cəsarətini özündə tapmadı. Sadəcə, hər axşam, yatağına uzanarkən süd rəngdə boyanmış tavana baxaraq o oğlanı xəyal etdi; gah evləndilər, gah küsdülər, gah hərəsi bir kompüter alıb böyük yazıçı oldular, gah da sakitcə ayrıldılar… Ayşəbəyimə elə gəlirdi ki, bu xəyallar onun həyatdan da gizlətdiyi ən böyük sirridir. Bu sirr ilə yaşamaq ona çox xoş idi. Ürəyindəki sızıltı onu xoşbəxt edirdi. Həyat fərqli olmağı bacara bilmişdi. Ayşəbəyim ali təhsili bitirib diplom aldığı gün anası da ona mobil telefon hədiyyə etdi. Qız iki sevinci birgə yaşayırdı. Həm diplomunu, həm də mobil telefonunu göstərməyə, sevincini bölməyə adam axtarırmış kimi bütün qohumları gözləri önündən keçirmişdi. Nədənsə bu sevincli anlarında kənddə-xalasıgildə olmaq istəmişdi. Günortadan sonra Yevlaxdan çıxan günün sonuncu avtobus reysinə çatmaq üçün ana ilə qız əllərinə keçən paltarı geyinib evdən çıxmışdılar. Avtobusda başlarını qaldırıb heç kimə baxmasalar da, kənd dayanacağında onlardan öncə düşən oğlan Ayşəbəyimin gözündən yayınmamışdı. Bu, o idi! Baxışlarıyla, gülüşüylə qıza bir ömürlük incə ağrı hədiyyə edən oğlan! Oğlan da onları tanımışdı, avtobusun yanındaca salamlaşdılar: – Salam, xala. – Salam, qadan alım! – Anası özləriylə götürdükləri yükü aparmaq üçün adam tapdığına sevinmişdi. – Gəlin kömək edim. Mən də dayımgilə gedirəm. Təsadüfə bax. – Yaxşı, qadan alım, bir yerdə gedək. Olaq iki qonaq. – Üç qonaq! – Oğlan bunu deyib başıyla Ayşəbəyimə işarə etdi. Hər üçü güldülər. Yol boyu oğlanın qıza ünvanlandığı bütün suallara ana həvəslə cavab verirdi. Onun təzəcə diplom aldığını, üstəlik mobil telefonu yaxşı işlədə bilməməyini, xalasıgillə sevincini bölməyə tələsdiyini, hətta gətirdikləri yükün içində dadlı şirniyyatlar olduğunu da ana oğlana danışmaqdan çəkinmədi. Nəhayət, oğlan nəfəsini dərməyə dayandığında özünü təqdim elədi: – Adım Qalibdi. Dayım da, dayıdostum da həmişə sizdən danışırlar. Onların qızları oxumadı deyə, Ayşəbəyim xalasının fəxr yeridir. Qız bütün yolu özünü üçüncü şəxs kimi görməkdən də utanırdı. Oğlanın dilindən öz adını eşidəndə isə… Ona elə gəldi ki, bu gündən sonra bir daha güzgüyə baxmağa da cəsarəti çatmayacaq. Qalibin onun adını çəkməsi qızda elə duyğular oyatmışdı ki, sanki indicə yanaqlarından bir çəngə od çıxacaq, hamını, hər şeyi –bu kəndi, Qalibi, anasını, yolun kənarında otlayan inəkləri yandıracaq. Bütün bunlar bir yana qalsın, oğlan bu odun niyə çırtaçırtla yandığını biləcək. Ondan sonra iki il boyunca süd rəngli tavana “yazılmış” xəyalların hamısını oxuyacaq. Və… Və nəticədə Ayşəbəyim ölsə, bundan daha yaxşı olacaq! Xalasıgilə çatan kimi anası çantadan diplomu çıxarıb sevincək özünü bacısının üstünə atdı. Ayşəbəyim isə xalası qızının bükülmüş dirsəyinə dırnaqlarını batıraraq özünü içəri otağa təpdi. Axşam olub, onun şərəfinə düzənlənən qonaqlıq bitənə kimi eşiyə çıxmadı. Pəncərənin o üzündən şəninə deyilən tərifləri də, diplomununun necə əzizlənməsini də eşitdikcə xəyalında Qalibin gülüşünü, sirli baxışlarını canlandırdı. Hətta xalası qızının arada ona baxıb hiyləgərcəsinə gülümsəməsini və eyhamla danışmasını da anlamamazlıqdan gəldi. Xalası qızı demişdi: – Qalib bizə gələndə ən çoxu yarım saatdan sonra babamgilə qaçırdı. Bu gün nədənsə hələ getmək fikrinə düşməyib. Nəhayət, axşam, göylərin öz sevgisini yerə izhar etmək üçün yerə göndərdiyi günəş şüaları qərbdəki Bozdağ silsiləsinin təpəsində yumurtalı təndir çörəyi kimi qızaranda Ayşəbəyim asta addımlarla eyvana çıxdı. Stol başından durmaq istəməyən ailə üzvləri və qonaqlar hamısı maraqla eyvanın o başında dayanmış qıza baxırdılar. Ayşəbəyim özünü cadugərin tilsimiylə nağıllardan qopub insanlar arasına düşən sehrli şahzadə kimi hiss edirdi. Ona görə də utanmış yanaqlarını qəribə, anlaşılmaz baxışlardan qoparıb yenə otağa təpildi. O, bu gün burda ən doğma qonaq olacağı ümidindən əl çəkmişdi. Açıq-aydın görünürdü ki, ailə üzvlərini ondan çox Qalib maraqlandırır. Bu marağın səbəbini yalnız axşam -Qalib babasıgilə gedəndən sonra bildi. Xalası qızı hiyləgər təbəssümünü gizlətmədən sevincdən işıldayan bəbəklərini onun gözlərinə zilləmişdi. Demişdi ki: – Bilirsən, Qalibin səndən xoşu gəlib. Mən də yalandan dedim ki, Ayşəbəyimin də səndən xoşu gəlir… İstədi xalası qızına acığı tutsun, alınmadı… İstədi ona yalan dediyini sübut etsin, mümkünsüzdü… İstədi bu kənddən də, burdakılardan da küsüb birdəfəlik çıxıb getsin, cürəti çatmadı… Başını aşağı salıb ürəyindəki sevgisinə sığındı. Beynində dolanan bütün qarma-qarışıq fikirləri kiçicik bir cümləyə qurban verdi: “Nə olacaqsa-olsun, qismətdir”. Bu qismətin onu nələrə aparacağından xəbərsizcə başını yastığa əmanət etdi, yuxudan öncə duasını da əsirgəmədi: – Allahım, nə xeyirlidirsə, mənə onu ver… O gecə yuxusu da Ayşəbəyimin ürəyinin içindən çıxmışdı. Qız yuxuda görürdü ki, Qaliblə üz-üzə nar ağacının altında dayanıblar. Bir-birlərinə baxmağa utanırlar, amma baxışlar gün işığı kimi arada parıldamaqdan çəkinmir. Onlar iki qərib qürbətdə tapışan kimi sevincliydilər. Həyatın bundan sonrası onlara güvən dolu görünürdü. Qalibin əlləri nar ağacının çatraq budaqları arasından bir ulduz qoparıb qızın saçlarına taxdı və ikisi də gülüşlərinin cingiltisini bir-birinə hədiyyə edə bildilər…
Özüm…
Bizim izahını bilmədiyimiz yuxular ömrümüz boyu axtardığımız həqiqətdən xəbər gətirən carçılardır. Sadəcə, nə biz anlamırıq, nə də anladanlara qulaq asmırıq. Kor-koranə həqiqəti axtarırıq. Dünyanın altını-üstünü bilirmişik kimi hiss etdiyimiz zamanlar da olur, adımızın belə yanlış qoyulduğunu düşündüyümüz anlar da. Üçüncü bir ruh halında isə bu ikisinin hansının yaşamımızda və varlığımızda üstünlük təşkil etdiyini götür-qoy edirik. Nəticə həmişə eyni olur; D=0. Bu sıfırı biz yaradırıq. Bəli, biz! Sən! Mən! Çünki bizə əta edilən 1-i görmürük, görməyə çalışmırıq da. Əgər insan ömründə ona verilən 1-in fərqinə varsa, daha uzaq-uzaq, anlaşılmaz xəyallarda deyil, ovcunun içində, pəncərəsinin o üzündə, oxuduğu kitabın növbəti səhifəsində həqiqətə doğru daha bir addım yerini görəcək. İnamla ayağını həqiqətə doğru gedən pilləkanın növbəti pilləsinə qoyacaq. Və sonunda anlayacaqdır Yaradandan böyük həqiqət olmadığını. Onun öz həqiqətindən yaratdıqlarına necə səxavətlə pay ayırdığını da dərk edəcəkdir. Sonunda həqiqətlə həmişə çiyin-çiyinə yaşadığını biləcəkdir. Axı yaradıcılıq insanı insandan üstün edən ilahi seçimdir. Yuxular həqiqətdən bəhs edən kitabı oxumağı bacarmaq üçün bizə göndərilən ilk hərflərdir. Bəs biz bu hərfləri bir-bir öyrənib, həqiqətin əlifbasını əzbərləyə bilirikmi? Əlbəttə ki, yox! Yoxsa, dünya yarandığı gündən üzübəri hər gün özümüzə bu sualı niyə ünvanlayardıq ki?! “OLUM YA ÖLÜM?”
***
Toy gecikmədi. Ayşəbəyim üçün toya hazırlaşdığı günlər əsl itmiş krallıq ehtişamıydı. Sevdasının arxasına düşüb ayaq qoyduğu cığırın o biri başında gözləyən xoşbəxtliyi təsəvvüründə canlandıra bilirdi. Saçlarında ağ lentlər olan kiçik qızcığaz, göy rəngli idman papağını başına tərsinə qoymuş oğlan və balıq tutmaq üçün tilovunu nizamlayan Qalib xoşbəxtlik nağılının qəhrəmanları idi. Ayşəbəyim sevinirdi… Anası da sevinirdi. Bu hissin ölçüsüzlüyünü qadın bütün həyatı boyu yalnız bu gün anlamışdı. Onun üçün ötən günlərin özüylə apardığı gülüşlər, titrək həyəcanlar, kürəyini söykəyib köksünü ötürə bildiyi güvən bu gün birdən-birə geri qayıtmışdı. Tanrı bu qadının gözlərindəki sevinci görüb özü də sevinmişdi, bəlkə də. Uşaqlığından bu yana görmədiyi, tanımadığı bütün qohumlar Ayşəbəyimlə Qalibin toyuna yığışmışdılar. Ağ gəlinliyi geyindiyi gün qız bir daha anlamışdı ki, yaxşı adamlar adamın dar gününə gələr. Şən gündə kimi istəsən, qapında, yan-yörəndə görə bilərmişsən. Ona görə də bibilərinin, əmilərinin, atasının əmiuşaqlarının yaxşı adam olduğuna özünü inandırmağa cəhd də eləmədi. Axı Ayşəbəyim doğmalıq ölçüsündə yalnız iki ad tanıyaraq böyümüşdü: ana və nənə. Çox istərdi ki, bu gün nənəsi də burda olaydı. Onun öz sevdalısıyla muradına yetdiyi günləri görə biləydi… Onunla birgə sevincini necə gizlədəciyini düşünəydi… Axı toyda gəlin çox gülməz. Anası yeganə övladından ayrılıb tək yaşamaq istəmədiyindən valideynlərinin razılığı ilə toydan sonra Qalib onlarla birgə yaşayacaqdı. Bu da Ayşəbəyim üçün sevincə daha bir səbəb idi. Çünki toy həyəcanları başlayan gündən ürəyində anasını tək qoyacağı nigarançılığı da vardı. Bu nigarançılığın qucağında əlini atıb cehiz adına aldığı hər qabın, hər dəsmalın yanında iki gilə göz yaşı yığırdı karton qutulara. Amma anasından ayrılmamaq qərarı verilincə yığdığı bütün cehizləri qutulardan çıxarmış, öz evlərini bəzəməyə bir qucaq fərəhlə girişmişdi. Toy gözəl keçmişdi… Yevlax rayonunun hər inzibati idarəsindən, məktəblərdən, böyük mağazalardan, hətta televiziya şirkətindən də toya qonaqlar gəlmişdi. Hər biri çıxışında Ayşəbəyim kimi ağıllı, ismətli və gözəl bir qızın qohumu olduğu üçün qürur duyduğunu demişdi. Onda qız yenə nəyisə anlamağa çalışmışdı. Nəhayət, özü üçün bir də bunu kəşf etmişdi ki, sən demə, anasının onun balaca əllərindən tutub özüylə işə apardığı zamanlarda, nənəsinin onun oxuması üçün təqaüdünü qəpiyinəcən yığıb saxladığı günlərdə Yevlax şəhərinin ən mötəbər, sayılıb-seçilən adamları Ayşəbəyimin qohumu olduğunu unudublarmış. Ancaq onu bilmədi ki, bu qohumluğu məhz toy günündə bu qədər adam birdən-birə necə xatırlaya biliblər… Bütün olub-bitənlərin başı üstündə bir ovuc narıncı işıq seli bulud kimi topalanıb elədən-elə, belədən-belə elə sayrışırdı; Ayşəbəyim xoşbəxt idi!
***
Xoşbəxtliyin yarımçıqlığını anlamaq insan üçün çox asan olur həmişə. O qədər asan olur ki, barmaqlarını üst-üstə büküb gözlərini o büküyə zilləmək bəs edir. Özünü hər nə qədər xoşbəxt saysan da, bədbəxtliyin burnunun ucundaca bardaş qurub oturduğunu görə bilirsən. Onun niyə gəldiyindən çox, necə gəldiyi düşünmək üçün səbəb ola bilir. Və gələn bədbəxtliyin düz ovcundaca anlatdığın-anlatmadığın hüznlər mövcuddur. Ayşəbəyim də bu vəziyyətdəydi. Toydan keçən yeddi ay ərzində hər həftə qulağına bu sözlər çatırdı: – Gəlinin bir şeyi varmı? – Qızın bir şeyi varmı? – Yeni bir şey varmı? – Bir şey-mir şeydən xəbər varmı? Bu “bir şey ” kəlməsini eşidən kimi onun kədərlərə örtük olmuş baxışları ayaqlarının ucuna dikilər, ordan üzüyuxarı sürünə-sürünə dırmaşar, göbəyinə çatmamış dayanar, susar, susa-susa bağırar, hayqırar, gah naləyə, gah şikayətə, gah da duaya dönərdi. Sonuncu dördcə kəlmə olardı: – Allahım, mənə bala ver. Artıq bu “bir şey” kəlməsi Qalibin iş yerini, uzaq qohumların telefon zənglərini də zəbt etmişdi. Qalibin onun baxışlarının ağladığı yerə aradabir çarəsizliklə yönələn gözlərindəki dumanı görmək Ayşəbəyim üçün daha ağır idi. Sevginin böyüklüyünə, əvəzolunmazlığına hər nə qədər inansa da, yaşadığı cəmiyyətin yazılmayan qanunlarından xəbərsiz də deyildi. Bu qanunlara özlərindən daha çox inanan, güvənən, özlərinə xeyir edəndə aliləşdirib əməl edən, xeyir etməyəndə yaxasını qırağa çəkən insanlardan “bir şey”siz xoşbəxtliyi rəva görmələrini ummaq düzgün deyildi. Bu, Ayşəbəyimin məhkum olunduğu cəmiyyətdə heç də ədalət sayılmırdı.
Özüm…
“Bir az vaxtım var…” Belə başlamışdı dəftərçə, amma bitməmişdi. Cümlə-cümlə, söz-söz axtardığım müəllifi tapmışdım, lakin olmuşların indiki zamanını soruşmağa cəsarətim çatmırdı. Bunu yazan çoxbilmişin biriydi axı, bilirdim. Tanıyırdım… Günahkarların ən günahkarı, məsumluğun şeytani rəmzi idi bunu yazan. Dünyaya gəlişində belə özünü suçlu sayanın bəhanəsi ölümü sevmək olsa da, ölüm hələ onun vüsalına can atmırdı. Bəlkə də, bu çoxbilmişin ölümdən kirayələdiyi ömür müddəti vardı? Kim bilir… Bəlkə, o, bu kirayəni elə bu andaca Ayşəbəyimə kömək etməklə ödəməyə söz vermişdi? Bunu düşündüm… Və telefonu əlimə alıb Ayşəbəyimin nömrəsini yığdım.
***
Ayşəbəyim Gəncəyə gələndə üzü bahara gedən bir zaman kəsiyinin yarıgünəşli günüydü. Nahardan öncəydi. Vədələşdiyimiz kimi Mərkəzi Univermaq Mağazasının qarşısında görüşdük. Onun üzündəki üzgünlüyün kölgəsindən qorxa-qorxa boylanan ümid də mənə tanış idi. Mən o köhnə tanışı illərin o üzündə tərk edib ardıma baxmadan üzü gələcəyə qan-tər içində elə qaçmışdım ki, bir daha onunla rastlaşmağım haqqında düşünməmişdim də. Lakin indi, “uşaq” deyilən möcüzəni gözləyib-gözləməməyə qərar verə bilməyən Ayşəbəyimin özüylə gətirdiyi həmin qorxaq ümid qarşımdaydı. Əvvəllər üzülürdüm bu qorxaqlığa, indi isə hirslənirdim. Az qalırdım tutam o ümidin yaxasından, çəkəm kədərin arxasından bəri, deyəm ki… Deyəm ki… Yalnız indi anlayıram, mənim o ümidlə danışmağa, ona nəsə deməyə üzüm də qalmayıb. Başımı aşağı salıb Ayşəbəyimin əlindən tuturam. Şəhərarası avtobusun həzin-həzin bizə yaxınlaşdığına baxıram. Məni üstələməyə çalışan kövrəkliyimi dişlərimin arasında əzirmişəm kimi çənə sümüyümü əlimlə sıxıram. Və həkimə deyəcəyim sözləri beynimdə səliqə-səhmana salıram.
Özüm…
Həkimimi çox istəyirdim. Ona inanırdım. Biz institutda oxuyanda fəlsəfə dərsində bütün terminlərin adları yalnız və yalnız qərb alimlərinin adları ilə bağlı olurdu. Bir gün dözməyib qrup yoldaşım Sevdaya dedim: – Necə olur ki, fəlsəfə bir elm kimi şərqdə yaranır, bu gün qərbdən qaynaqlanaraq öyrədilir? Həkimə inam fəlsəfəsi sırf şərq təfəkkürünün yaratdığıdır. Bunun içinə qərb nə qədər ədva qatır-qatsın, mən onu bir şərqli kimi doğma mətbəxdə dodaqlarımı yalaya-yalaya qaşıqlayıram. Mən o gecə-balamın məni “mələk” etmədiyi, ölüm başım üstündə dayanıb ətriylə məni bihuş etməyə israrlı olduğunu bütün əzalarımla mənə bildirdiyi gecə inanmışdım ki, həkimim məni sabaha sağ çıxaracaq. Əməliyyat stolundan palataya gedənəcən həkimə qırıq-qırıq sözlərlə, sadəcə, ona inandığımı və Tanrının məni hələ öldürmək istəmədiyini demişdim. Səhər açılanda onun palatanın qapısına söykənib mənə baxaraq ağladığını gördüm. Baxışlarımız toqquşunca əllərini göyə qaldırmışdı: “Şükür, İlahi!” Sonradan bildim ki, mənim kimi qanına zəhərlənmə keçmiş bir insanın sağ qalması da möcüzə imiş. Tanrıdan və məndən başqa kimsə bilmədi ki, o gecə mən Tanrıya və həkimə olan inamımdan yapışıb ölümə qalib gəlmişdim.
*** Bir qadının mələk ola biləcəyinin aksiomudur ana olmaq… Mən bu mələkliyi sevirdim… Şükranlıqla sevirdim… Sevirdim! Və düşünürdüm ki, Ayşəbəyimin düşündüyü kimi “hərdən səhv edən” Tanrı insanları sevərək yaradanda heç vaxt səhv etmir. Məhz buna görə biz insanlar sevginin səhv olmadığını Tanrıdan öyrənməliyik. Əslində Tanrıdan öyrənəcəyimiz bütün həyatımızdır. Bəlkə də, elə biz bu öyrənmək missiyası üçün doğulmuşuq?! Bəlkə, bu səbəbdəndir, nəyisə bildiyimizi sananda tez-tələsik Tanrının özünün axtarışına çıxmağımız. Onun yaratdıqlarının bir ovucunu görməyə bəsirət gözü istəmək əvəzinə, onu yaratdıqlarının hər birində görə bilmək əvəzinə, biz dərk etmədiyimiz həqiqətin axtarışına çıxırıq. Bu isə insanlığın diləgəlməz faciəsidir. Məncə, Tanrıdan sevgini öyrənmək də çətin deyil. Onun bizə göndərdiyi möcüzələr bəs edir ki, sevək… Sevə bilək… Bütün ruhumuzla və bütün ömrümüz boyu sevməyi bacaraq. Mən möcüzə deyəndə suyun günəşin yanına qalxıb rəqs etməsini, yaxud da ayın adam dilində danışıb rok oxumasını nəzərdə tutmuram. Mən möcüzəni gördüyüm kimi təsvir edərək fikrimi anlatsam, daha yaxşı olar. Bir dəfə səhər tezdən işə gedirdim. Hava alaqaranlıq olduğundan anam məni ötürürdü. İşə çatmağıma bir neçə küçə qalanda təsadüfən dilimdən çıxan sözlərə sonra özüm peşman oldum: – Heç olmasa, bircə manat pulum olsaydı, bir neçə gün axşamlar avtobus pulu verərdim. Axşam çox yoruluram, piyada gələmmirəm. Dediklərim anamın üzündəki qırışları alnına toplamışdı. Gözlərini uçurumun dibinə itələmişdi. Dizlərindən ömürdən böyük yük asmışdı. Əllərini mənim paltomun qolundan çəkib çənəsinə dayamışdı… İçimdəki peşmanlıq anamın bu kədərinin bir damcısına da dəyməzdi. Özüm-özümü danlamağa cəsarətim çatmırdı. Başımı aşağı sallayıb addımlarımı yeyinlətmişdim. Anam mənə çatmaq üçün var-gücünü toplamışdı, bəlkə də. İş yerimə çataçatda ikimiz də dayandıq. Məni dayandıran yolun kənarında bükülü halda duran bir manat pul idi. Başımı qaldırıb anamın üzünə baxınca onun da eyni səbəbdən ayaq saxladığını anladım. Bir manat əsl möcüzə idi… Möcüzə bu idi!
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Mənim nə gülüşüm, nə göz yaşım var, Doğru bildiyiniz yalan adamam. Sevincin, şadlığın tamına baxıb, Özünə tamarzı qalan adamam.
Hər gün əlçim-əlçim buluda dönüb, Özü-öz başına yağan yağışam. Bayırdan qurulu saray görünüb, Könlü içəridən talan adamam.
Məni tanımağa çalışma, adam, Sənə tanışamsa, özümə yadam. Nə qoruya bildim, nə də saxlaya, Bir ömrü əlindən salan adamam.
Geriyə dönməyə yolmu qalıb ki?! Bütün körpüləri oda atanam. Sevinci əlindən havayı verib, Qəmi qucaq-qucaq alan adamam.
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Bütün sətirlərim incidi məndən, Bir şair qəlbini sındırdığım gün. Didildi, dağıldı ruhum içindən, Bir şair qəlbini sındırdığım gün.
Nə dedin bal dilim acıya döndü, Getdiyim düz yollar əyildi bütün. Dünyanın mən adlı işığı söndü, Bir şair qəlbini sındırdığım gün.
Mən ki istəməzdim qəlbini yorum, Bənd oldu dilimə atdığın düyün. Yarandı içimdə dibsiz uçurum, Bir şair qəlbini sındırdığım gün.
Bilirsənmi, darıxmağın yöntəmini, İçin boyda çöl olarsan. Qaldırırsan saatları başın üstə Bir gecəni nuş etməyə yad gəzərsən, Çölündəki özgələrdə od gəzərsən, Çölündəki özgələrdən əl umarsan. Bilirsənmi, Darıxanda Bir baxışda min ah olar, Bir ümiddə neçə-neçə günah olar. Bilirsənmi, darıxanda cığır düşər yanağından bir işığa, o işıqda güzgülənər xəyal-xəyal sevişmələr, puçurlanar saçlarında bir gecənin min günahı, puçurlanar buxağında bir öpüşün bir ah boyda min tamahı. “Ah” səsinə bədən-bədən uçunarsan, bir ah boyda savab edən günahkarsan! Bilirsənmi, Darıxınca bir gecədən bir səhərə kölgə düşər, O kölgədən pəncərənə Neçə-neçə dalan düşər, şəhər düşər, ölkə düşər… Adam-adam, əlsiz-əlsiz qol açılar, əl uzanar, uzun-uzun yol yeriyən baxışların yerə düşər, bir ürəkdən, bir bədəndən, bir torpağa yol salınar. Bilirsənmi, darıxınca için-için sökülər, Göz yaşında gülər adam Bilirsənmi, Qara gecə bəyaz olar O bəyaza bükülər, Bir gecədə ölər adam! Bilirsənmi, darıxmaqdan ölər adam! Bilirsənmi, darıxmaqdan ölər adam!
İnqilab İsağın “Canım sənə desin” şeirlər kitabını oxuyandan sonra…
Oyatdım canımdakı Ağrıların şahını. Anamın göz yaşını, Atamın günahını…
Canındakı ağrıları, anasının göz yaşını və atasının günahını oyadaraq söz-söz əriyən, misra-misra dirilən İnqilab İsaqdan danışmaq xoşdur. Çünki İnqilab müəllim mənə çox doğma olan Gəncə Ədəbi mühitinin özündədir. O mühitdə sevilən şairin şeirləri sərhədlərini aşaraq ərazisini genişləndirməyi də bacardı.
Bu yaxınlarda müəllifin yeni kitabı – “Canım sənə desin” şeirlər toplusu işıq üzü gördü. Bu kitab da əvvəlki poeziya nümunələri kimi oxucuların və söz adamlarının diqqətini cəlb etdi.
“Canım sənə desin” də İnqilab İsağın əvvəlki kitabları kimi uğurlu oldu, oxucu diqqətini özünə çəkə bildi. Lakin bu kitab əvvəlkilərdən fərqli olaraq ağrıyla, həsrətlə daha çox yükləndi. Bilmirəm, bu ötən illərin yanğısıdırmı, ya ümidini yollarda gecikən görən bir ürəyin fəryadıdırmı, ya ümumiyyətlə insan müdrikləşdikcə, yaşa dolduqca daha kövrək olmasındandırmı… ortadakı həqiqət isə bu; “Canım sənə desin”dəki şeirlərin əksəriyyəti kədərlidir:
Mənim ümidlərim gecikən yola, Mənim ağrılarım əlli çatacaq.
O şeirlər ağrılarla elə yüklənib ki, bu yükün altındakı şair ürəyi sızıldamaya, göynəməyə bilməz. O ürək təkcə öz dərdini, öz ağrısını yaşamır. O ürək bütün bəşəriyyətin, insanların iztirabına yanır. O ürək qara günlərində qara çörəyini dilim-dilim edərək, qara günlülərin gününü özününküləşdirir, özünü əridir:
Bölərdim qara çörəyimi Qara günlərimlə Dilim dilim…
O ürək içində bahar gəzdirsə də çölündəki xəzana tapınır, ondan imdad diləyir, o bahar yaralansa belə baharının xatirinə yaralarını gizlətməyə çalışır, ağ-qara, adi günlərinə sözlə boyaq vuraraq al edir, yaşıl edir (yaxud etməyə çalışır), içindəki löyün-löyün (löyün-löyün nə gözəl sözdü deyilmi. Bu səmimi, şirin, lakın artıq arxaikləşmiş ifadəni poeziyaya gətirərək yenidən diriltmək nə gözəldir. Bunun üçün də İnqilab İsağı alqışlamağa dəyər) ümidləri oyatmağa çalışır. Fəqət o ümidlər oyandımı, göyərdimi, bunu oxucu sonda görür və göyərməyən ümidlərə təəssüf edir:
Xəzan yeli, baharımı darama, Öz içimdə ögey oldum yarama. Söz boyadım hər ağıma, qarama, Löyün-löyün ümidləri oyatdım.
Ölümə tapınmaq, çarəni ölümdə bulmaq hər bir yazarın yaradıcılığında əks olunub. Lakin İnqilab İsaq yaradıcılığında ölümü arzulamaq kimi pessimist duyğulara rast gəlmirik. Aşağıdakı bənddə isə o, ölümü arzulayır, ancaq elə gözəl, elə cilalı arzulayır ki, ölüm gözümüzdə ölümsüzləşir. O Torpaq evinə, qəbirə anamgil deyir. Burada oxucu məzardan irpənmir, hətta məzarı sevir, axı ora anagildi….
Loğman olsa, çarə qılmaz Hər dərdimi bilə-bilə. Dünya mənə ana olmaz, Durum gedim anamgilə…
Aşağıdakı misrada isə şair bədii dillə dərdinə elə gözəl sığal çəkir ki, onun sükut içərisindəki dərdini də sevməyə bilmirik:
Dərdlərim hardadı, sükütüm orda, Məni axtaranlar sükutda tapar.
“Düşüncə” şeirinə nəzər salaq:
Unudulmaz sevdalar Həsrətinə boyanıb. Bir körpə yuxusunda Köhnə divar oyanıb.
Burada mücərrədlik hökm sürsə də, körpə yuxusundakı ecazkarlığa heyran qalır, susan, köhnələn daşı-divarı dilə gətirməsinə inanır, eyni zamanda mışıl-mışıl yatan körpənin bütün sevdaları, həsrəti kölgədə qoyaraq, işıqlı bir sabahı gətirəcəyinə ümid edirik.
Ömür yoldaşına yazdığı şeirdə isə müəllifin xanımını Vətəninə, məmləkətinə bənzədərək Vətəni, məmləkəti kimi əzizləməsinə, oxşamasına heyran qalırıq:
Və bu heyranlıq aşağıdakı misrada zirvəyə çatır. O sevdiyi insanın gözlərindəki kədəri söküb atmaq, silmək istəyir. Lakin bir həqiqəti də bilir ki, bir ana ürəyi kədərsiz, bir qadın siması qəmsiz ola bilməz. Elə buna görə də şair ömür yoldaşını qəmi ilə bahəm sevir, qəmi ilə oxşayır, onun üzündəki qəmi öpüşlərə qərq edir:
Heç bilmirəm baxışından Necə söküm kədəri. Bir nişanə qalmasın bu kədərin izindən. Həsrət işığı sönməz, Buludlar yaman dolub, Gözlərini yum daha, Öpüm qəmin üzündən.
Bəzən bir ömrü bir romana, poemaya sığışdırmağa çalışan yazarlar bu istəyinə nail ola bilmir. əslində bir insan ömrünü sətirlərə sığdırmaq elə də asan deyil. “Neyləyim” şeirində isə İnqilab İsaq bir ömrü bir bəndə sığışdırmağı bacarıb:
Saçının rəngini gecə hörərdi, Heyif, boyağını payızdan alıb. Elə bil, dünyanın acığı tutub Bütün heyifini bu qızdan alıb.
İnqilab İsağın bir özəlliyi də şeirdəki qohum sözləri (qafiyələri) ustalıqla sıralaması, yan-yana düzməsi, cilalamasıdır:
Qara günüm yazılsa da ağ şama, Demə, yolum daha düşüb axşama. Bu sevdanı təsəlliylə oxşama, Ovcumdakı çiçəyə bax bu yaşda. Bu nübarı kim saxladı son aya, Nə söyləyim o gözələ, sonaya. Nə çatacaq bu ömürdən sonraya? Ovcumdakı çiçəyə bax bu yaşda.
Burada “ağ şama”, “axşama”, “oxşama”, “son aya”, “sonaya”, “sonraya” həmqafiyələrinin harmoniyası şeirə lətafət verir, sözü dildə pərvazlandırır.
“Qafiyəsiz baxışlar” şeirinin adı bir poeziyadır, poetik nümunədir. Baxışları məhz qafiyəylə müqayisə etmək məncə İnqilab İsağın poetik kəşfidir. Həm də gözəl kəşfdir, baxış dalğalanır, fikrə yollanır, dağılır, düzülür, qafiyəsini itirir.
Həm də burada metafora artıq metanomiyaya keçir, fərqli bir metanomiyaya.
Eyni dalan, eyni künc, Qafiyəsiz baxışlar. Çirkablarda boğulur, Heyif, körpə yağışlar. Yalan öpmüş yanaqda, Körpə günah közərir. Aldanmış görüşləri, İndi ayrılıq dərir.
İnqilab İsaq tənhalığını sevir, tənhalığını qoruyur. O, bilir ki, Öz olması, yaratdığı şeirləri, dünyaya fərqli baxışı… məhz tənhalığının bəhrəsidir. Ona görə də hamıya çatmaq, hamıyla bir sırada durmaq istəmir, tənhalığını puç etməkdən çəkinir:
Hamıya gedib çatsam, Tənhalığım puç olar, – deyir.
Elə mən də şairin bu arzusuna qoşuluram, tənhalığınızı qoruyun, qoruyun ki, hamıdan biri olmayasınız, deyirəm. Və İnqilab İsağın yeni yazılacaq şeirlərini, kitablarını gözləyirəm.
Təbiət qonaq gözləyən ev sahibi kimi tədarükdə, var – gəldədir ağacların qarasını çırpıb tökən külək də, qar yükünü atmış göy üzü bəyaz tül, buludlar ağlayıb ürəyini boşaldan adam kimi yüpyüngül, oturub elçi daşı üstündə günəş açılıb eyni, gözləri yanır bulaqların eşqə düşən gənc kimi, qucağı dolu dərələr qayaların təbəssümünə əzilib-büzülməkdə, ağaclar düyün – düyün, qoca ağacların quruyan budaqları yaşlanan gözəlin üzündəki qırış kimi sezilməkdə, qış uzunu lüt budaqları dayanacaq yeri seçən sərçələr sevincək. … demək, bahar gəlir, bahar gəlir demək…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Bu karona çaşdırıbdı tay bizi, Qarşısında boynun büküb yer üzü, Daha bezdik eşitməkdən bu sözü; Gecə-gündüz hamı deyir,evdə qal, Maska ilə gəzib, dolalan, nəfəs al.
Gücü çatmır tay duanın, dərmanın, Vallah hamı çox istəyir öz canın, Sözü keçmir nə sultanın, nə xanın, Gecə-gündüz hamı deyir, evdə qal, Doyunca ye, çəkərbura, püstə, bal.
Bu virusun yoxdu dərman , davası, Zəhərlənib yerin göyün havası, Səngiməyir olum, ölüm davası, Gecə-gündüz hamı deyir, evdə qal, Yorulmuşuq, qalmayıbdı bizdə hal.
Hər kəs indi bizə verir məsləhət, Qorxudadı bütün ölkə, məmləkət, Gündə neçə qərar verir hökumət, Gecə-gündüz hamı deyir, evdə qal, Bütün bunlar boş sözlərdi, boş xəyal,
Toylar yasaq, ölənin yox urvatı, Yaşa görüm bu əzablı həyatı, Pozulubdu sevənlərin ovqatı, Gecə-gündüz hamı deyir, evdə qal, Hicran gülür, ümid sönüb, yox vüsal.,