Day: Fevral 20, 2023

  • “Seçmə aşiq şeirləri antologiyası” çap edilib

    Azərbaycan Aşıqlar Birliyinin (AAB) həyata keçirdiyi daha bir uğurlu layihə başa çatıb. Layihə çərçivəsində bu günlərdə “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab nəfis tərtibatla işıq üzü görüb.

    AAB-dən AZƏRTAC-a bildirilib ki, saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. Üç bölmədən ibarət olan toplunun birinci bölümündə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və digər klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur. İkinci bölümdə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və digər dastanlarda yer alan məşhur şeirlər təqdim olunur.

    Antologiyanın üçüncü bölümünü aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.

    Antologiya aşıqlar, saz-söz sənəti ilə yaxından məşğul olan elm adamları, yeni nəsil saz-söz ifaçıları, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulub.

    Kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

    Mənbə: https://azertag.az/

  • Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək

    Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək.

    Festivalın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.

    Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.

    Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək  www.uif.az  internet saytı vasitəsilə aparılacaq.

    Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən ediləcək.

    Festival ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək:

    Rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);

    Piano ifaçılığı;

    Klassik simli alətlər ifaçılığı;

    Klassik nəfəs alətləri ifaçılığı;

    Azərbaycan xalq çalğı alətləri ifaçılığı;

    Akademik vokal;

    Estrada oxuma;

    Xanəndəlik sənəti;

    Aşıq sənəti;

    Xor;

    Caz ifaçılığı;

    Solo milli rəqs;

    Milli rəqs ansamblı;

    Solo müasir rəqs;

    Müasir rəqs ansamblı;

    Aktyorluq;

    Bədii qiraət;

    Hekayəçilik (stand-up);

    Dekorativ-tətbiqi sənət;

    Rəssamlıq;

    Heykəltаraşlıq.

    Festivalda hər bir iştirakçı yalnız bir fərdi nominasiyada iştirak edə bilər. Lakin kollektiv nominasiya üzrə festivala qatılanların əlavə bir fərdi nominasiyada da iştirak etməsi mümkündür.  Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

    Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az) rəsmi internet səhifələrindən, 0502880147 mobil, 147 qısa nömrələrindən, həmçinin festivalın rəsmi internet saytı və sosial şəbəkə hesablarından əldə etmək mümkündür:  

    İnternet saytı – https://uif.az/

    Facebook – https://www.facebook.com/uif.az/

    Instagram – https://www.instagram.com/uif.az/

    Youtube – https://www.youtube.com/@uif_az/

    Tiktok – tiktok.com/@uif.az  

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, fevralın 17-də Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Şəki şəhər Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

    Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şəki şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib.

    Gəncə şəhərindən, Şəki, Oğuz, Zaqatala, Qax, Balakən, Zərdab, Ağsu, Ağcabədi və Samux rayonlarından ümumilikdə 64 vətəndaş qəbulda iştirak edib. Onların müraciətləri əsasən işlə təmin olunma, fəxri adla təltif, sahə ilə bağlı təklif və mövcud problemlərlə bağlı olub.

    Qəbul zamanı hər bir vətəndaşın müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

    Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

    Xatırladaq ki, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən bundan əvvəl 26 yanvar 2023-cü il tarixində Sabirabad şəhərində Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhərindən vətəndaşların qəbulu keçirilmişdi.

    Mənbə: https://culture.gov.az/