Day: Fevral 18, 2023

  • Məhəmməd NƏRİMANOĞLU.”Unudulmuş unudulmazlar”

    KİTABLARLA KEÇƏN KİTAB ÖMÜR

    Xuraman Hacıyeva Kəlbəcərdə kitabı sevən və sevdirən kitabxanaçıların

    da anası sayılırdı

    …Onun haqqında çoxdan, hələ əlimə ilk qələm alandan yazmaq istəmişəm. Amma, nə bilim, nədənsə, yaza bilməmişəm. Səbəbi-filanı da olmayıb. Bəlkə də haqqında yazdıqlarımdan daha çox mənim üçün əziz olub, mehriban çöhrəsində bir türk xanımının simasını görmüşəm. Xanım-xatınlığı, ziyalılığı, mehribanlığı, yurda, el-obaya bağlılığı, ən əsası isə kitabsevərliyi və sevdirməsiylə qəlbimə yazılıb adı da, fəaliyyəti də.

    …Anamı nə qədər çox istəyirəmsə, onu da o dərəcədə özümə doğma, yaxın, simsar bilmişəm. Axı, ana əvəzi həyətində mənə də doğmalıq göstərib, həm “sultanlıq illərim”də, həm də ailə qurduqdan sonra. Həyətində, evinin bir otağında mənə, sonralar ailəmizə sığınacaq verib. Bişirdiyi nə olubsa, ondan bizim payımızı əskik etməyib.

    İntizarda çox saxlamayacam sizi. Haqqında söz açmaq istədiyim xanım-xatın anamız, bacımız, xalamız, bibimiz Xuraman Hacıyevadır. O Xuraman ki, çoxlarına kitabı sevdirib. Kitabsevərliliyin xeyirni anladıb. Mehr-məhəbbətini qız balalarına və kitablara salmağı ilə yaddaşlara yazılıb.

    Hacı Şirinlər-

    Kəlbəcərdə köklü-köməcli nəsil

    Kəlbəcərdə köklü-köməcli nəsillərdən olub Hacı Şirinlər. Rəhmətlik Hacı Şirin oğlu Müseyib Kəlbəcərdə sayılıb-seçilən kişilərdən biri kimi xatırlanır. Bu nəsil-tayfadan boy atanlar ziyalılıqları, xeyirxahlıqları, alicənablıqları ilə nəinki Kəlbəcərdə, respublikada məşhur olublar.

    Xuraman xalanın qardaşı Cəlal əmi ilə atam Nəriman uzun illər eyni idarədə işləmiş, qardaş qədər dost olmuşdular. Demək olar ki, biz iki qardaş da Cəlal əminin gözləri qarşısında böyümüşdük. Atamızın yerinə idarədə gözətçi də qalardıq dərsdən sonra. Cəlal əmi bizi balalarından seçməzdi… Onun da ailəsini doğmalarımız kimi sevirdik. Cəlal əminin oğlu Mahirlə orta məktəbi bir sinifdə qurtarmışam. Sən demə, sonralar Xuraman xala ilə eyni mədəniyyət müəssisəsində – Kəlbəcər Rayon Mədəniyyət Şöbəsində (mən şöbədə, o isə MKS-də) işləyəcəkmişik.

    Xuraman Hacıyeva Bakı Mədənii-Maarif Texnikumunu bitirdikdən sonra Kəlbəcər şəhərindəki (o zamanlar qəsəbə adlanırdı) Mərkəzi Kitabxanada işləməyə başlayıb. İllər onun ömründən aldıqca, o, bu sadə, lakin çətin, şərəfli peşədə püxtələşmişdi.

    Onun kitaba sevgisindən bəhrələnənlər…

    Xuraman xalanın kitab sevdirdiyi Kəlbəcər gəncliyi artıq ömürlərinin ixtiyar çağlarını yaşayır. Neçə-neçə kəlbəcərli gənc məhz onun kitaba sevgisindən bəhrələnib BDU-nun Kitabxanaçılıq fakültəsini bitirmişdi. Mərhum Zimistan Həsənov (sonralar “Yenilik” qəzetinin baş redaktoru, RPK-nın təlimatçısı), Kifayət Cabbarova, İbrahim Atakişiyev, Şəhla İbrahimqızı, Briliyant Hüseynova, Oqtay Salahlı, Qərənfil Əhmədova, Nəcibə Əhmədova, Gözəl Ələkbərova, Məxmər İsmayılova, Miyasət Həsənova və s. kimi peşəkar kitabxanaçılar ondan az şey öyrənməmişdilər.

    Xuraman xala rayon miqyasında həm də bir ailə başçısı kimi də tanınır, sevilirdi. Bir çətən qız külfətini o, İkinci Dünya müharibəsindən qayıdan ömür-gün yoldaşı İsmayıl əmi ilə baş-başa böyüdəcəkdilər, zalım fələk aman vermədi.

    Xuraman xalanın qız balaları da özü kimi, xanım-xatınlıqları ilə seçilirdilər. Bu isə, əlbəttə, nəsildən, gendən gəlmə idi: qürurlu, əxlaqlı, tərbiyəli, mənəviyyatlı, abır-həyalı, ismətli…

    Bura qədər kəlbəcərli günlərimizə boylanmaq istədim. Xuraman xalagilin həyətində mərhum tələbə dostum və iş yoldaşım Mahir Orucovla subaylığın daşını atmamışdan kirayənişin kimi qalırdıq. Kənardan elə bilirdilər. Amma xatırlamıram, nə qədər orada subay qaldıq Mahirlə, amma, ailə qurduqdan sonra da Xuraman xala bizə sığınacaq verdi. Rayon mərkəzində işlədiyimiz üçün piyada kəndə gedib-gəlmək problemimizi bilən bu ana əvəzi xalamız bizə isti qucaq açmışdı.

    İlk xatirə: yaddaşımın boxçasından

    Mahir Orucovla Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evində işləyirdik. İkimiz də Xuraman xalagilin həyətində qalırdıq (yolumuz kəndə uzaq olduğuna görə). Mahir həddindən çox utancaq idi. Əxlaq, mədəniyyət nümunəsi idi. Zəif yox, zərif xarakteri vardı: tez inciyərdi-küsərdi. Xuraman xalanın bir çətən qız külfəti vardı (hər birinin də öz ailəsi-uşaqları). Amma hamımızın anası sayılan Xuraman xalanı tək buraxmırdılar – hər gün bu həyətdən uşaq səs-küyü əskik olmazdı. Qız nəvələri də az deyildi, maşallah olsun, hər biri də mələk kimi saf, gözəl, nümunəvi tərbiyəsi ilə.

    Mahir bu uşaqlardan da utanardı, təsəvvür edin: qızlar, nəvələr nənənin başına toplaşıb həyətdə (ev ikimərtəbəli idi. Taxta pilləkənin aşağısında, giriş qapısının yanında da su krantı) oturanda Mahir yaşadığımız birinci mərtəbədən bayıra çıxmazdı, dünya dağılsa da.

    Bir gün (günorta naharına) işdən evə gəlmişdik. Qızlar da, balaları ilə həyətdə idilər. Çay qoymağa suyumuz yox idi. Dedim ki, çaydanı götür, çıx krantdan su doldur gətir, mən də xörək qızdırım. Dedi ki, özün çıx, mən çıxa bilmərəm, həyət doludu arvad-uşaqla, necə çıxım?! Mən dedim, bu etiraz elədi. Axırda əlacsız qalıb boş çaydanı götürüb həyətə su gətirməyə çıxdı. Kaş, çıxmayaydı. Krantın üstünə sanki gözüyumulu getmişdi, çaydanı yarı doldurmamış geri qayıdanda necə tələsdisə, ayaqları dolaşıb üzüstə yıxıldı. Vaaay! Həyətdə qışqırıq qopdu. Qaçdım həyətə ki, yazığın ayağı iliçib balaca bir daşa, nəyəsə, yıxılıb. Üz-gözü qan içindəydi. Qaldırdım, əl-üzünü yuyub apardım evə. Yıxılmağının səbəbini demədi. Sonralar öyrəndim ki, yazıq qızları görüb tələsik evə qayıdıb ki, onun su gətirdiyini görməsinlər. Onda da ayaqları dolaşıb bir-birinə və yıxılıb. O gün onu da gördüm ki, Xuraman xala bir ana kimi özünü necə atdı Mahirin üstünə.

    Mahiri qaldırdıq. Yüngülcə dizi sıyrılmışdı. Yazıq Mahir düz bir ay məni dindirib-danışdırmadı. Elə-belə, dilucu danışdırdı. İncimişdi ki, onu su gətirməyə qəsdən göndərməsəm, o da qızların yanında büdrəyib yıxılmaz, biabır olmazdı. Belə saf, səmimi idi dostum, Allah rəhmət eləsin!

    Arzu dilimizdə qabar bağladı …

    Bu acılı-şirinli xatirəni yada salmaqda məqsədim həm də kəlbəcərli günlərimizi unutmamaq, Xuraman xalanın özünün və qız balalarını necə başına toplayıb bir ana nəvazişi, qayğısı ilə (hətta, ailələlərini, nəvələrini də) yaşamaqdan zövq almasını oxuculara çatdırmaqdır.

    …Bu da Kəlbəcərdən perik düşdüyümüz sonrakı illər. Kəlbəcərlilərin daşı atıldı ölkənin 56 rayonunun 700-dən yuxarı kənd-kəsəyinə. Ölən öldü, qalanlar isə yarımcan, xəstəhal Kəlbəcəri görmək arzusu dilində qabar bağladı. Kəlbəcərə gedən yollar sinəmiz kimi dağlandı: bircə bəndə yolçusu olmadı. Ölməz Ənvər Rzanın “Kəlbəcərə gedən yollar” şeirinə qabaq-qənşər mən də bir gəraylı yazıb internetdə (focebookda) paylaşmışdım. Şeirə münasibət bildirənlər arasında Xuraman xalanın nəvəsi də var imiş: Kəmalə Hacıyeva. Mən Kəmaləni Kəlbəcərdə uşaqikən görmüşdüm. Elə elektron dünyanın imkanları bizi virtual olaraq qarşılaşdırdı. Nələri itirdiyimizi onunla bölüşdük. Anası, bacım qədər çox istədiyim Solmaz xanımın səsini eşitdim, üzünü də gördüm. Ailənin Bərdədə məskunlaşdığını öyrəndim.

    Və bir gün kəlbəcərlilərin sevimlisi, mənim isə ana-bacım kimi gördüyüm, duyduğum, əllərindən çörək, xörək alıb yediyim, imkansız günlərdə evində, məhləsində gənc ailəmizə sığınacaq verib, balalarından ayırmayan Xuraman xala haqqında indiyə kimi bir sətir fikir, xatirə yazmadığımı özümə bağışlaya bilmədiyimi dedim. Məmnuniyyətlə, məlumat, şəkil-faktlar verdilər qızları Kəmalə ilə Şəlalə.

    Kəlbəcər – həsrətin çəkdiyimiz körpəlik beşiyi

    İlk həmsöhbətim də elə böyük bacı, Bakı Slavyan Universitetinin Filologiya fakultəsinin məzunu, Kəlbəcər 106 saylı tam orta məktəbdə dil-ədəbiyyat müəlliməsi və Təhsil Nazirliyinin xüsusi təlimçi vəzifəsində işləyən Kəmalə xanım Hacıyevadır:

    -Bilirsiniz, Kəlbəcərin əvəzedilməzliyini yalnız biz kəlbəcərlilər, yəni o cənnətdə doğulanlar demir. Orada doğulmayıb, həsrətində yaşayanlar da Kəlbəcər üçün qan-yaş tökür. Axı, Kəlbəcərin tayı-bərabəri (təbiəti də, insanları da) sərvət idi. Bu fikirin müəllifi mən deyiləm. Yaxşı yadımdadır. 1996-cı ilin aprel günlərinin birində Ulu Öndər Heydər Əliyev bir qrup kəlbəcərli ziyalıları qəbul edirdi. Orada Kəlbəcər haqqında çox dəyərli fikirlər səsləndirildi, əvəzedilməzliyi xüsusi vurğulandı. Xatirimdə qalan, sonralar isə müxtəlif kitab və məqalələrdən oxuduğum, yaddaşıma həkk olunan bu oldu ki, Ümummilli Liderimiz Kəlbəcərin insanlarını da təbiəti kimi sərvət hesab edirdi.

    Kəmalə müəllimə ailədən, ata-anasından, Xuraman nənəsindən söz açmazdan öncə Kəlbəcərini – həsrətini çəkdiyi körpəlik beşiyində keçirdiyi günləri xatırladı. Yandı-qovruldu. Bəhməndən, Sücaətdən, Qəmkeşdən bənd-bənd şeirlər dedi. Sonra da keçdi Murovdağdan bu üzdə qələmi dərd yazan kəlbəcərli şairlərdən, buraxılan kitablarından danışmağa. Birdən yadına düşdü ki, bəs, nənəsindən, babasından… danışırdı axı. Beləcə, fikrinə körpü saldı. Döndük ailəyə:

    -Hə, onu deyirdim axı. Böyük xalam Qələnfilin bir oğlu, beş qızı var, maşallah olsun. Hədiyyə nənəmin ilk nəvə hədiyyəsidi.Ondan sonrakılar isə Yasəmən, Mehparə, Təranə, Vüqar, Mehribandır. Vüqar Neft Akademiyasının bakalavr pilləsini, sonra isə magistraturanı bitirib…”

    Telefonun o başında duyulan həyəcan

    Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində 13 ildir mütəxəssis kimi çalışan Şəhla xanım söhbətimizə qoşulur. Əlavə edir ki, Xuraman nənəsinin ikincii övladı anası Solmazdır: “…Anam Kəlbəcərdə Uşaq Xəstəxanasında tibb bacısı işləyirdi. Atam Möhübbət isə 2003-cü ildə Kəlbəcər həsrətinə dözə bilmədi, qəfildən dünyasını dəyişdi. Dörd bacıyıq. Bacım Yaqut ailəlidir, iki oğlu var. Kəlbəcər Rayon Aşıq Şəmşir adına Mədəniyyət Evində işləyir. Bacım Lamiyyə də ailəlidir: bir qızı, bir oğlu var, işləmir. Mən orta məktəbi bitirəndə ölkədə müharibə gedirdi, ali təhsil almaq arzuma çata bilmirdim. Nəhayət, gec də olsa, iqtisadiyyata qəbul oldum. İşimdən və xidmətimdən razıyam. Cənab Prezidentimiz İlham Əliyev demişkən, xalqa xidmət, vəzifəsindən asılı olmayaraq, hər kəsin borcudur…”

    Kəmalə müəllimə bacısının fikirlərini davam etdirir: “Xalam Əsmər nənəmin üçüncü övladıdır. O, əczaçılıq texnikumunu bitirib, üç uşağı var idi: (bir qədər duruxur, telefonun o başında həyəcan duyulur. Hiss edirsən ki, kövrəlib, dili topuq vurur, nəhayət, o, göz yaşlarını silib sözünə davam edir) iki oğlu, bir qızı. Oğlu İlqar qəfil hadisə zamanı həyatını itirdi. Allah rəhmət eləsin dünyasını dəyişənlərin hamısına…”

    Xuraman xalanın ömür yolunda qalan izlər

    -Sahibə xalam gənclik illərindən Bakıda yaşayır, iki qızı, bir oğlu var,- Kəmalə müəllimə, dərindən köks ötürüb sözünə davam edir: – Həyat yoldaşı Miryusifi vaxtsız itirdi, çox cavan rəhmətə getdi. Amma xalam bu çətinliyin öhdəsindən tək və bacarıqla gəldi: üç uşağı ali məktəbdə oxutdurdu, ev-eşik, ailə-uşaq sahibi etdi. Bir şeyi də qeyd edim ki, xalam Sahibə ilə Xuraman nənəmin taleyində o qədər bənzərlik var ki. Nənəm də İsmayıl babamı vaxtsız itirib. Təkbaşına 5 qız böyüdüb, hamısını da oxudub ev-eşik sahibi etmişdi Xuraman nənəm. Mətanət xalam evin beşinci qızı olub. Nənəm ona həm ana olub, həm də ata. Uzun müddətdir ki, Kəlbəcər Rayon Mədəniyyət Evində işləyir. Üç qızı var. Onlar da ailəlidir. Hə, o, həm də nənədir axı, başını qatanları var…”

    …Bu da Xuraman Hacıyevanın ömür yolunda qalan izlər. Beş qız balasının talelərinə yazılanların heç də hamısı ürəkaçan olmayıb. Biz də o qəmli notlara toxunmadıq. Mənnən həmsöhbət olan hər iki nəvəsi sevib-seçdikləri peşələri ilə nəinki analarına maddi dəstək olurlar, həm də xalqımıza xidməti özlərinə mənəvi borc sayırlar. Özgə nələri var ki?! Kəlbəcərlilər yerində olsaydı, onlar da bəxt-talelərindən könülaçan fikirlər söyləyər, daha dərd yumağı sarımazdılar ki.

    Şəhla xanım Yaradanın yazdığı qismətə tale payı kimi baxır. Tanrısına daha çox sığındığını deyir. İnanır ki, əvvəl-axır Kəlbəcər erməni dığalarından azad, Dilqəmlə Şahbaz əsirlikdən xilas ediləcəklər. Qıldığı namazında etdiyi duaların ilkini Kəlbəcərin Tanrı tərəfindən azad olunmasıdır.

    Hicran, ayrılıq və vüsal yaşları…

    .. Bu qızların hər ikisi ilə anaları Solmaz xanım qürur hissi keçirdiyini deyir. Elə qız balalarının hamısını da nəzərdə tutur. Xuraman xalanın el-oba arasında seviləsini əziz və xoş xatirə kimi yaddaşına yazıb:

    -Anamızın Kəlbəcərdə necə sevildiyini gördükcə, vallah, qardaşsızlıq ağrısını unutmuşduq. Qardaşlı bacılara heç vaxt həsəd aparmadıq. Çünki elə qardaş-bacılar görürüdük ki… Anamızın kitablarla keçən ömrü örnək idi. Atamızı erkən itirmişdik. Ailəmizin bütün kişi qayğıları da anamızın üstündəydi. Ona görə biz daha da məsuliyyətlə oxuyur, gələcəyimizi qurmaq üçün öz imkanlarımızdan istifadə etməli idik. İllər gəlib keçdi. Anasızlıq ağrısını da yaşayası olduq. Bu az imiş kimi, Kəlbəcərimizi də itirdik. 30 ilə yaxındır ki, Kəlbəcər həsrəti ilə sabahları açır, Tanrıya yalvarırıq ki, bizim qalanımızı heç olmasa qəribməzar eləməsin. İnanırıq ki, o gün gec-tez olacaq: ağlaya-ağlaya Murovu bu üzə aşan kəlbəcərlilər vüsal yaşları ilə də o tərəfə yol başlayacaq…”

    Ayağı çisginli, başı dumanlı,

    Gəzmək istəyirəm o dağı bir də.

    Bulaq nəğməsinə qarışa səsim,

    Qımışa qönçənin dodağı bir də.

    Qaranquş qayıda qura yuvasın,

    Duyaq bir doyunca bahar havasın.

    Çəkəm o dağların cövrü-cəfasın,

    Olmaya ağzımda dad ağı bir də.

    Duman ötə, zirvələrə, çən gələ,

    Dünya mənə səma kimi gen gələ.

    Alça tumurcuğu açıla, gülə,

    Bəzənə-düzənə budağı bir də.

    Bu şeirlə qızlarla sağollaşıb ayrılırıq. Amma, xəyalımda Murovdağdır hələ də. Xuraman xalanın peşə və qəlb dostu olmuş, doğma bacılar qədər bir-birinə bağlı anam Güllərlə qardaşım İbrahimi Murovdağda axtardığım o müdhiş günlər dumanlı olsa da, canlanır. Daha yaza bilmirəm. Dilimin ucuna o dəhşətli günlərə yazdığım bir şeir gəlir:

    Anam, sənə acı layla çalıram,

    Gecələr sübhəcən, Güllərim mənim!

    Qollarını boynuma da salıram,

    Axır gözlərimdən sellərim mənim.

    Qayıtmır baxışım qızdan-gəlinnən,

    Gözlərim anamı arayır, gəzir.

    Xəyalımda Murovdağdı hələ də,

    Anam, yalın ayağını daş-qaya əzir.

    Başdaşına söykəyəndə üzümü,

    İsitmir yanağın axan göz yaşım.

    Kim verə bilər ki, ana qucağın,

    Qoyum dizi üstə ağrıyan başım?!

    Məhəmməd NƏRİMANOĞLU,

    Bakı, 31 avqust 2019-cu il

  • Məhəmməd NƏRİMANOĞLU.”Şərəfin, şanın ucalığında dayanan varlıq!”

    …Müqəddəs varlıqlardan biri – zərif, incə məxluq epitetləri ilə obrazlaşdırılmış qadın tarix boyu ulu Yaradanın ən gözəl əsərlərindən sayılıb.

    Ana və Vətən!

    Bu iki müqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb. Peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirib, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.

    Ana ailəyə istilik, xeyir-bərəkət gətirir. Ana qardaşa bacı, həyat yoldaşına həyan, simsar, sirdaşdır. Ana yurddaşdır – yurd daşıdır. Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyəndir. Ana kişinin çiyindaşı, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşıdır. Ana varlıqlar içərisində hər kəsdən başdadır: baş tacıdır. Ana həm də el-obada ağbirçək – yolgöstərəndir…

    Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir

    8 Mart tarixi qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə diqqətlə nəzər salsaq, görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu bayramın qeyd olunmasının həm də qədim tarixi var.

    Ötən əsrin 90-cı illərindən Azərbaycan qadınları daha müqəddəs bir obraza çevrildilər, səhnədə deyil, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, Yer üzündən silinən bir yurda, yaddaşlarda daşlaşan Xocalıya dönüb isti qucağında, qundağında körpəsi boğulan, yurdu dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan, balalarına əli yetməyən bir ağbirçək obrazını xatırlatdı analar! Demək olmur ki, əsirlikdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz erməni vandallarının, daşnakların amansız təcavüzünə məruz qaldılar. Namusunu erməni quldurlarından qorumaq üçün qayaların başından özlərini Tərtər çayına atan ana-bacılarımızı unutmaq mümkündürmü?!

    Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

    Analar eyni olurlar…

    8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikirlər bütün zamanlarda aktualdır: “Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”

    Qadınların özünəməxsusluqları odur ki, onlar xarakter baxımından bir-birinə bənzəməzlər: zəif olduqları qədər də güclülükləri ilə diqqət çəkirlər. Onları birləşdirən yeganə bir ad var – ANA! Qadınlar fərqli, analar isə eyni olurlar. Onlar istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birilərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olurlar – gözlərinin nurunu, saçlarının qarasını, gecələrin bal yuxularını balalarından əsirgəmirlər. Beşik başından ayrılmayan ana balasının nağıllı-noğullu dünyasını qurur, onu əzizləyir…

    “Qəriblər ağısı oxuyan durna”nın vida nəğməsi

    Bu fikirlər illərlə doğma yurduna həsrət qalan bir ananın son pıçıltılarıdır. 2005-ci ildə, “baharın gülşən çağında” bülbüllər cəh-cəh vurub ötəndə bağda biri də ahu-zar içindəydi, adı Güllər, güllərin ən gözəli-göyçəyi. Sinəsində söz cücərdən, simasından nur, qələmindən və qəlbindən lirik duyğulardan daha çox həsrət, hicran, nisgil, intizar, qəm-möhnət süzülən bir ananı deyirəm. Yuxusuz gecələrinin əsəri olan xalı-xalçalarda barmaqlarının izi, dildə-ağızda şirin sözü qalan Güllər Məmmədqızının ilk kitabının adından da görünürdü ki, qəlbinin göylərini qara bulud alıb. Ona görə də gözlərindən ağ yağış sellənərdi “Qəriblər ağısı oxuyan durna”nın – Güllər ananın! Kəlbəcərsizlyə dözə bilmədi: “Orda açıb, burda solan bir güləm” dedi oxucularına, radio dinləyicilərinə…

    17 il Göyçə, Qarabağ… Kəlbəcər həsrətini böyütdü dərdli sinəsində. Misralarından boylandı yurd ağrıları. 28 ildən sonra “dəmir yumruq” düşmən başına enəndə, Qarabağı – Şuşası, Kəlbəcəri… azad ediləndə anamın da ruhu o gün sevindi…

    “Qaytar ana borcunu”

    Analar balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar. Yuvasından qanad açan balalar, təəssüf ki, heç də həmişə bu müqəddəs varlıqların “kirpikləri ilə od götürmələrini” dəyərləndirə bilmirlər.

    Bədii əsərlərdə obrazlaşdırılmış belə nümunələr az deyil. S.Rüstəmin “Ana və poçtalyon” şeirinin qəhrəman obrazı olan ananın oğul yolu gözləməkdən gözləri tor gətirmədimi?

    Əli Kərimin “Qaytar ana borcunu” şeirində ananın gücü ürəyində onu qınamağa da yetmir. Bircə balasına yalvarır ki, “gümanımı yanıltma…”

    Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün!

    …Ana cəmiyyətdə də öz vacibliyini təsdiqləyən, adilikdən ali kürsülərədək ucalan bir vətəndaş, həm də yaradıcıdır: xalq sənətini yaşadan xalçaçıdır, tikməçidir, əyricidir, toxucudur… Ana müəllimdir, həkimdir, təyyarəçidir, mühəndisdir, nəhayət, şairdir, bəstəkardır, rəssamdır, səhnə xadimidir…

    Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün! Analar zülmə tabedir, düşmən tapdağında qalan, tar-mar edilən yurdu dağıldığına görə! Analar dözümlüdürlər, ağır dərd-sərə, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi sinələrində qaynayan analar səbirlidirlər, atalardan fərqli olaraq! Sinələrinə çəkilən bala dağını sevib əzizlədiklərinə görə analar əbədilik qazanıblar!

    Kim deyil ki, analar?! Sənət dünyasının sevilənləri sırasında, önündə gedənlərdirlər! O, adidir! O, alimdir, o, diplomatdır! O, Koroğluya Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə şəhidlərimizin, qazi və Milli Qəhrəmanlarımızın anasıdırlar!..

    Analar ölməzdirlər, əbədidirlər – şəhidlik zirvəsini qazanan oğulları kimi!

    Məhəmməd NƏRİMANOĞLU,

    “Azərbaycan”

  • Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür

    Bu gün Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, yazıçı, publisist və dramaturq, Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü Şamil Xurşud oğlu Fərzəliyevin (Şamil Xurşud) doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 89-cu ildönümü tamam olan Şamil Xurşud ömrünün 30 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr edib.

    Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olub. Rayonda 1 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universiteti müvəffəqiyyətlə başa vuraraq “Azərbaycan gəncləri” qəzeti redaksiyasının ədəbi işçisi, sonra isə ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967-ci ildə Moskvanın İctimai Elmlər Akademiyasını bitirdikdən sonra Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin təlimatçısı olub. O, 1972-ci ildə “Azərbaycan gəncləri” qəzetinin redaktoru vəzifəsinə təyin olunub. 1981-ci ildə “Kirpi” satirik jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilən istedadlı qələm sahibi ömrünün sonunadək bu vəzifədə çalışıb. Ş.Fərzəliyev 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra 52 yaşında Tbilisidə vəfat edib.

    Təcrübəli jurnalist, tanınmış publisist ötən əsrin altmışıncı illərdən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış edib, hekayələri, povest və pyesləri işıq üzü görüb. Onun “Sizi unutmaram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi” və “Sakitlik olmayacaq” kitabları indi də oxucular tərəfindən sevilə-sevilə oxunur. Müxtəlif illərdə yazdığı dram əsərləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında və İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulub.

    Yazıçının “Səndən sonra” kitabı ölümündən sonra “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Yaradıcılığı haqqında Azərbaycanın görkəmli nasir və şairləri, o cümlədən Xalq yazıçısı Əli Vəliyev, Xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, şairlər Şahmar Əkbərzadə, Məmməd Aslan, yazıçılar Yusif Kərimov, Nahid Hacızadə, Əmir Mustafayev və onlarla digər tanınmış qələm sahibi dəyərli fikirlər söyləyiblər.

    Ş.Fərzəliyev “Qızıl qələm” mükafatı laureatı olub və bir sıra Fəxri fərman və medallara layiq görülüb. Ucarda adını daşıyan küçə var.

    Mənbə: https://azertag.az

  • Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adı sərgisi açılıb

    Ölkəmizin Belçika Krallığındakı səfirliyi Brüsseldə dünyaşöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adlı foto-sərgisini keçirib.

    AZƏRTAC xəbər verir ki, sərginin açılışında əvvəlcə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Səfir Vaqif Sadıqov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri tərəfindən 613 mülki şəxsin öldürüldüyünü, o cümlədən 8 ailənin tamamilə yox edildiyini, 1300 nəfərin əsir götürüldüyünü, yüzlərlə azyaşlının valideynsiz qaldığını bildirib, insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

    Reza Deqati çıxışında bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini söyləyib, həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. O, insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların sağ qalan insanların yaddaşlarında sağalmayan yaralar açdığını bildirib.

    Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.

    Açılış mərasiminə qatılan diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək, hər bir fotoşəkil haqqında məlumat alıblar.

    Vüqar Seyidov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Mənbə: https://azertag.az

  • Beynəlxalq Muğam Mərkəzində şair Davud Nəsibin xatirəsi anılıb

    Beynəlxalq Muğam Mərkəzində şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyinin və şairin ailəsinin birgə təşkilatçılığı ilə hazırlanıb.

    Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan gecədə Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edib. Davud Nəsiblə 14 il bir yerdə çalışdığını diqqətə çatdıran xalq şairi unudulmaz xatirələrini bölüşüb. “Davud Nəsibin şeirlərindəki ədəbi hisslər başdan-ayağa poetik rənglə cilalanıb. Şairin yaradıcılığını oxuduqca onun həm də sözün, ruhun, torpağın keşikçisi olduğunu görürük ”, – deyə Nəriman Həsənzadə vurğulayıb.

    Xatirə gecəsində aktyorların ifasında Davud Nəsibin “Cavanşir” tarixi romanı nümayiş olunub. Şairin şeirləri və sözlərinə yazılmış musiqilər səslənib.

    Qonaqlara Davud Nəsibin “Cavanşir” tarixi romanı və iki cildlik “Ata laylası” kitabı hədiyyə edilib.

    Mənbə: https://azertag.az