Day: Fevral 21, 2023

  • A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 21 fevral 2023-cü il

    Mənbə: https://president.az/

  • Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir

    Əsrlərin sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz yaxınlaşır. Əslində, Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb.

    AZƏRTAC xəbər verir ki, fevralın 21-i Novruzun ilk çərşənbəsi – su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə əzəl çərşənbə də deyirlər.

    Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

    Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

    Əzəl Çərşənbəniz mübarək! Ömrünüz su qədər uzun və pak olsun!

    Qeyd edək ki, fevralın 28-də Od, martın 7-də Yel, martın 14-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.

    Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

    Mənbə: https://azertag.az

  • Azərbaycanın Xalq yazıçısının essesi Türkiyə portallarında

    Türkiyənin “detayhaberler.com”, “erikagacioyku.com”, “dibace.net”, “guvengazetesi.com”, “ığdırım76.com” kimi aparıcı xəbər və mədəniyyət portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun baş vermiş təbii fəlakətlə bağlı qardaş türk xalqına ünvanladığı “Acın acımızdır, Türkiyə” essesinin yayımına başlayıb.

    AZƏRTAC esseni təqdim edir:

    Acın acımız, canın canımızdır, Türkiyə… Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı…

    Nə baş verdiyini anlamayan yaralı körpələr… özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr… körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar… həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata… təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr…

    Bütün bu mənzərələr, ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha sənin yenilməzliyini, qəlbinin nəhəngliyini, gücünü Allaha, insana, həyata olan sonsuz sevgidən alan əbədi qalib ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi… şərəfli Türk tarixinin yeni səhifəsini yazdı…

    Sarsılma, ruhdan düşmə, ey bu dünyanın sarsılmazlıq və yenilməzlik Abidəsi! Var ol, yaşa, ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!

    Mənbə: https://azertag.az

  • Xalq artisti Ramiz Novruz vəfat edib

    Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib.

    AZƏRTAC xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

    Ramiz Novruzov (Ramiz Novruz) 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç (“Maskarad”, M.Lermontov), Məsxərəçi (“Muradın kələkləri”, T.Kazımov), General Şıxlinski (“Bütün Şərq bilsin”, Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən teatrda hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası” (Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə” (Kənan bəy), “Yad qızı” (Nihad) və s. maraqlı rollar oynayıb.

    Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.

    Allah rəhmət eləsin!

    Mənbə: https://azertag.az

  • Ömər Eldarova “Əmək” ordeni təqdim olunub

    Xalq rəssamı, heykəltaraş Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim edilib.

    Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Eldarov 2022-ci il dekabrın 20-də 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi.

    Xalq rəssamı ilə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev iştirak edib.

    Ömər Eldarovun Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzolunmaz xidmətləri, onun əsərlərinin Azərbaycan mədəniyyətinin zənginləşməsində rolu vurğulanıb. Eyni zamanda Rəssamlıq Akademiyasına rəhbərlik etdiyi illərdə gənc kadrların yetişməsində Xalq rəssamının böyük xidmətləri qeyd olunub.

    Mənbə: https://culture.gov.az/