Xətai Sənət Mərkəzində həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə “Hisslər və Rəsmlər…” adlı təsviri sənət sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə 150-dən çox müxtəlif təsviri sənət nümunələri sərgilənib.
Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digərləri çıxış edərək ürək sözlərini bölüşüblər.
Sərgidə ən yaxşı əsərlərin müəlliflərinə hədiyyələr verilib və sərgi iştirakçılarına sertifikatlar təqdim olunub.
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgilərinin tarixi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, sərgilər martın 14, 15, 16, 17-də Xətai Sənət Mərkəzində açılacaq.
Sərginin kataloqunda (https://www.yumpu.com/…/read/67594586/baharn-rnglri-2023) adlar və əsərlər elan olunub. İştirakçılar əsərlərini Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər və təqdim olunan əsərlər növbəli sərgilənəcək. Seçim 3 yaş kateqoriyası üzrə – 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası aparılıb.
Uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədilə keçirilən müsabiqəyə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərib və 800-dən çox uşağın hərəsindən bir əsər olmaqla sərgilənmək üçün seçilib.
Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Euronews.com” internet portalında dərc olunan reportajda bildirilir.
Almaniyanın paytaxtı Berlində keçirilən, dünyanın ən böyük turizm yarmarkalarından olan ITB sərgisi ilə bağlı yayımlanan reportajda qeyd olunur ki, ITB 50 ildən artıqdır turizm sektorunda nüfuzlu sərgilərdən biridir.
“Euronews”un müxbiri Siril Fourneris turizm dünyasını bu il üçün nələr gözlədiyini öyrənmək məqsədilə martın 7-dən 9-dək davam edən “ITB Berlin 2023”-də iştirak edib. Sərgiyə qatılan ekspertlər beynəlxalq turizm aktivliyinin pandemiyadan əvvəlki səviyyələrə çata biləcəyini proqnozlaşdırırlar. Siril Fournerisin hazırladığı reportajda Səudiyyə Ərəbistanı, Yaponiya, Mərakeş, Britaniya, Gürcüstan və Azərbaycanın turizm potensialından bəhs olunur. Bildirilir ki, Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidf “Euronews”a açıqlamasında deyib: “Biz Azərbaycandakı biomüxtəlifliklə fəxr edirik. Çoxlu müxtəlif landşaftlar, yeni iqlim zonaları var. Bir çox yeni layihələrə start vermişik, təcrübə qazanmışıq, ötən illərdə yeni otellər açılıb. Buna görə də ölkədə turizm sənayesi çox aktivdir”.
UNESCO-nun rusdilli auditoriya üçün nəzərdə tutulan rəsmi “Twitter” və “Facebook” hesablarında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi ilə bağlı paylaşım edilib. Paylaşımda Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində ilk qızlar məktəbinin və Azərbaycan milli teatrının yaradıcısı olduğu bildirilib.
Paylaşılan məlumatda xeyriyyəçinin “Bir kişiyə təhsil versən təhsilli bir insan, qadına təhsil versən təhsilli bir millət qazanarsan” fikirləri də yer alıb.
10 mart ölkəmizdə Milli Teatr Günüdür. Bu gün eyni zamanda Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 150 illiyi tamam olur.
Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyi ilə görüşüb. Milli Teatr Günü ilə əlaqədar kollektivə xoş arzularını çatdıran Adil Kərimli ittifaqın inzibati binası və yaradıcı proseslə tanış olub.
Görüş zamanı qurumun fəaliyyəti və iş prinsipləri, həyata keçirilən layihələr barədə məlumat verilib. ATXİ-də görülən işlər, teatr tarixi, müasir teatr prosesləri, bu sahədəki çətinliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.