“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Əlimdə bir qələm qırıldı, şair, Bir şeir çatmadı mənzil başına… Mən də dərd edirəm, soruşma nəyi, Açıb-bükəmmirəm, bəzək vururam Döydüyüm başımla səbir daşına…
Adını bilmirəm, bircə gülüm var, Sulamaq yadımdan elə çıxır ha… Son dəfə tökdüyüm bir ovuc sudan Yarısı sıçradı şeirimin üstə… Şeirim suya dönüb elə axır ha…
Adını söylədi son hekayəmin, “Bacım da oxuyub…” – yaman sevindim… Bulud gözlərimin, qar əllərimin Sevinci çırpıldı ruhuma, şair, Bacım: “Oxudum da… Unutdum…” – dedi…
“Yazıçı günü”ymüş… Yazıram, şair, Bütöv xoşbəxtlikdi sonuncu abzas. Di gəl, naşükürdü insan ürəyi… Şeirlər yazılmır toy dəftərinə, Hekayə oxumur bank işçiləri… Bir esse boyuyla gülmür ofisiant, Demir ki:” Cibimə iki misra bas.”
…ah, şair, qələmim qırıldı, axı… Daha şeirlərim yadımda qalar? “Tanrı şəfa versin!” – təsəllisiylə Canımda bir susmaz ağrı darıxır… Bir gün bu ağrıya könül bağlayıb Ölsəm, təsəllilər adımda qalar? Şəfa Vəli (2022)
Mən uşaqlıqdan bu yana polislərdən qorxmuşam. Əslində, polislərdən yox, polis forması geyinmiş adamlardan. Nə qədər cəsarətli, mübariz xarakterli olsam da, həmişə polislərdən uzaq gəzmişəm. Səbəb isə… Səbəbinin təxmini 30 yaşı var.
90-ci illər idi- müharibə dövrü. Səfərbərlik elan olunmuşdu deyə şəhərdəki bütün cavan kişilər orduya cəlb edilirdilər…Onda atam da cavan idi və evimizin yaxınlığında dayanmış avtobusa qədər onun boynundan asılıb getmə deyə ağlayırdım. Üzündən o qədər öpmüşdüm ki, elə bilirdim dodaqlarım qopub atamın yanaqlarında qalıb. Avtobusun yanından keçən qadınların “bu yazıqlar da deyəsən müharibəyə gedirlər” pıçıltılarını eşidəndə ürəyimdən atamqarışıq hamını avtobusdan düşürüb qaçırmaq keşmişdi. Mən beş yaşlı uşaq həmin gün, həmin an atam üçün nə eləyə bilərdim ki? Hamı kimi geyinməyən əmiləri isə birinci dəfə idi ki, orda görürdüm. Və onların “Qorxma, biz də atanla gedirik. İnşallah sağ-salamat gedib gələcəyik” demələri, düzü, mənə şübhəli gəlmişdi. Atam: “Milis əmilər olan yerdə bizlərə heç nə olmaz”,-deyib məni anamın qucağına vermişdi…
Avtobus tərpənəndə çox qorxmuşdum, ağlayırdım. Əlimdəki gəlinciyim də düşmüşdü. Əllərimi atama uzadıb “ata, getmə, əmi, atamı aparma”-, deyib var gücümlə qışqırırdım. Səsim avtobusun mühərrikinin səsində boğulmuşdu…
Ancaq atamın gözlərindəki, səsindəki çarəsizliyi heç vaxt unutmadım. Həmin gündən polislərlə ilk və pis tanışlığım başladı. Onlar atamı məndən ayırmışdılar.
Taa ki, karantin başlayanacan.
Mən əslində özümü yetişdirməyi, inkişaf etdirməyi, qorxularıma qalib gəlməyi bacaran biriyəm. Necə olub ki, 30 il bu qorxuyla yaşamışam, hələ də inana bilmirəm.
Karantin dövründə polis həyatımızın bir parçasına çevrilmişdi. Onlar əl çatan, ün yetən olmuşdular. Əslində onlar bizi qorumaq üçün hər şeyə hazır idilər. Onların üzündə bizi qoruya bilməmək qorxusu aydınca hiss olunurdu. Çünki karona əzizlərimizi səssiz, sədasız əlimizdən alırdı. Biz qurbana çevrilməyək deyə gecəsini-gündüzünə qatan polisin varlığına alışmağa başlamışdım, ancaq yenə qorxurdum. Pəncərədən baxırdım, həyətdə polislər gəzirdilər. İcazə alıb harasa gedirdim, polislər yoxlayırdılar. Bir dəfə smslə “icazə alıb” marketə düşdüm. Polislər saxladılar. Ad, soyadımı soruşdular. Məlum oldu ki, icazəm keçərsizdi. Nəyisə düzgün etməmişəm, mənə cərimə yazılmalıdı. Polis qorxumun üstünə bir də cərimə gəlmişdi, polis qorxum cərimələnmişdi. Yadıma istər-istəməz 90-cı illər düşdü. Nə qədər yalvarsam da, məni eşitməyən, atamı aparan polis indi də məni eşitməyəcəkdi. Ancaq polis bu dəfə mənim səssizliyimi eşitdi. Elə atam yaşlarında biri mənə “sakitcə get, evdən çıxanda sms-i düzgün göndər”-, dedi. Sadəcə təşəkkür elədim. İstədim deyim ki, sən həmin polislər kimi deyilsən, ancaq gördüm ki, bu polis həmin polisləri tanımayacaq. Onları sadəcə mənim uşaqlığım-5 yaşlı qız tanıyır… Tələsik evə getdim. Evimizin üzü mərkəzi yola baxan pəncərəsindən yola baxdım. Yenə hər tərəf polislə dolu idi. Ancaq mən onlardan qorxmurdum. Mən polis qorxumu karantində yenmişdim.
Xəyalə Sevil,
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Ya ola, ya olmaya.. Naməlum gələcəyin keçmişini keçmişəm Qismətimin süd kimi zəhərini içmişəm, Öz-özünə yol açan,öz-özümə k’öçmüşəm. Ağlım ömrümə əngəl, gümanım gələn yaya.
Çarə çıxar ortaya! Hər gün şükür edirəm,dörd divar bir döşəmə Qəlb qırmamaq adıyla çəkilmişəm köşəmə. Göz yaşımı içirəm, ağrım dolur şüşəmə. Üzərimə dağılır dağ şəklində hər qaya..
Bu zəlzələ olmaya…. Qəlbim qeyrətə gəlib,sevgilərə qol çəkir.. Daxilimə yolçuluq daha uzun yol çəkir.. Ruhum Allah deyəndə,dilim altdan qol çəkir.. Ələnir xəmirimə kömək istəyən maya- Ömrüm dünyaya doya.
Min bir qayğı içində parçalanarkən ətim Arzularım kənd yeri, ümidim yesir, yetim, Nə bədəllər ödədi özgədən, saf niyyətim. İnsanlığım damladı, dəryaya axan çaya! Günümü saya- saya…
Kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir
“Qanun” nəşriyyatında “Cəsur qızların kitabı”nın təqdimatı keçirilib. AYNA xəbər verir ki, təqdimat mərasimində çıxış edənlər kitabın verdiyi mesajların və oradakı rol modellərinin qızlar və ümumilikdə cəmiyyət üçün əhəmiyyətindən danışıblar.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli kitabın ideyası barədə danışaraq, onun geniş oxucu kütləsi üçün əhəmiyyətli ola biləcəyini vurğulayıb. Qadınların ictimai-siyasi həyatda aktivliyini vacibliyini bildirən Köçərli kitabın kiçik yaşlarından qız uşaqları üçün rol modellər tapmaqda kömək edəcəyinə inandığını söyləyib.
Tərtibçi-müəllif Günel Natiq çıxışında bildirib ki, “Cəsur qızların kitabı” olduqca dəyərli, lazımlı və gərəkli layihədir: “Bu təşəbbüs üçün “Qanun” nəşriyyatına öz təşəkkürümü bildirirəm. Kitabda 22 yenilikçi Azərbaycan qadını haqqında hekayətlər toplanıb. Bu qadınların hər biri öz sahəsində çevriliş, inqilab edib, şəriət qanunlarının təzyiqi altında əzilən cəmiyyətə yeniliklər gətirərək zirvələr fəth ediblər. Biz onları fateh qadınlar da adlandıra bilərik. Bu qadınlar köhnəlmiş adət-ənənələrdən doğan stereotipləri qıraraq, öz yolunda inamla irəliləmiş və böyük cəsarət göstərmişlər. Bu xanımların hər biri tarixdə rəğbətlə anılır, hərçənd onlar haqqında bilgilərimiz elə də çox deyil. Tarixdə iz qoymuş bu görkəmli insanlar haqqında bilgiləri yeniləməyə, onları daha oxunaqlı şəkildə təqdim etməyə ehtiyac vardı”.
“Biz bu kitabı niyə ərsəyə gətirdik? Niyyətimiz mədəniyyət tarixi, sənət tariximizlə bağlı yeniyetmələrimizə bilgi verməklə yanaşı, həm də onlara bu fikri aşılamaq idi ki, heç bir maneə dəf edilməyəcək qədər qorxulu deyil”, – müəllif vurğulayıb.
G.Natiqin sözlərinə görə, çox zaman qızlar peşə seçimində tərəddüdlər qarşısında qalır və bu tərəddüdləri cəmiyyətin önyarğıları yaradır: “Kitabda bəhs etdiyimiz cəsur qızlar da cəmiyyətin qadağalarıyla üzləşiblər, amma bu yolda sınmadan, geri çəkilmədən məqsədlərinə doğru gedib və uğur qazanıblar. İnanıram ki, “Cəsur qızların kitabı” yeniyetmələrin özünü realizə etməsinə kömək edəcək, onlara öz məqsədlərinə doğru gedən yolda dəstək, dayaq olacaq və hər zaman zirvələr fəth etməyə ruhlandıracaq”.
İlk komandir qadın Aida Şirinova da kitabın və ümumiyyətlə, ölkədə qadınların qətiyyətli olmasının vacibliyindən danışıb, həmçinin, özünün həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə kitabın ideya müəlliflərindən olan Lalə Rəhmanova, həmçinin yazar Gülnar Əhməd, Azərbaycanda ilk komandir qadın Aida Şirinova kitabla, həmçinin qadınların cəmiyyətdə rolu ilə bağlı fikirlərini bölüşüblər. L.Rəhmanova kitabın necə ərsəyə gəlməsindən və ondan olan gözləntilərdən də söz açıb.
Qeyd edək ki, kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir.
Martın 10-12-də Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə birinci Lənkəran Kitab Sərgisi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə reallaşacaq sərgi çərçivəsində möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, eləcə də nümayişi nəzərdə tutulub.
Müxtəlif endirimlərin tətbiq olunacağı kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar keçiriləcək.
Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan üç günlük sərgiyə giriş 10:00-dan 18:00-dək mümkün olacaq.
Oxucular sərgi çərçivəsində yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof Mail Yaqub, təlimçi Arzu Paşazadə, eləcə də digər tanınmışlarla görüş imkanı əldə edəcəklər.
Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi, musiqi sənətinə də xüsusi qayğı və diqqət ayırıb. Onun milli və professional musiqinin inkişafına dair sərəncamlar, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı müxtəlif istiqamətlərdə öz əksini tapıb. Belə ki, musiqiçilərin fəxri adlar, orden və medallarla təltif olunması, prezidentin fərdi təqaüdü ilə təsis edilməsi, yubileylərinin keçirilməsi, həyat şəraitlərinin yaxşılaşması üçün lazımi tədbirlərin görülməsi onlarda xüsusi ruh yüksəkliyi aşılayaraq yaradıcılıq ideyalarını daha da rövnəqləndirib. Dünyasını dəyişən sənətkarların da irsini yaşatmaq üçün onların yubiley və xatirə gecələrinin keçirilməsi, ev-muzeylərinin yaradılması, adlarına küçə və mədəniyyət ocaqlarının verilməsi və bu kimi məsələlər daim Heydər Əliyevin diqqət mərkəzində olub. Bu dahi şəxsiyyətin musiqiçilərə göstərdiyi qayğı və diqqət musiqi tariximizə yeni-yeni əsərlər bəxş edib. Çünki o, öz tövsiyələri ilə də bəstəkarlarımıza, ifaçı və musiqişünaslara düzgün istiqamət verib. Bu mənada Heydər Əliyevin 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayında etdiyi məruzəsinin nəşri hazırda da bəstəkarların masaüstü kitabıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev 100” silsiləsindən “Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-konfransda səsləndirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Heydər Əliyevin bəstəkarlarımıza göstərdiyi qayğı və diqqətdən, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla olan səmimi dostluq münasibətlərindən, musiqi janrlarına xüsusi diqqət yetirməsindən, bu istiqamətdə bəstəkarlara verdiyi tövsiyələrdən geniş söhbət açıb. O, çıxışında “Heydər Əliyev 100” silsiləsindən keçiriləcək növbəti tədbirlərdə də musiqişünasların mövzu ilə bağlı tədqiqatlarının və bəstəkarların Heydər Əliyevə həsr olunan əsərlərinin təqdimatlarının, konsertlərinin keçiriləcəyini də qeyd edib. Elmi konfransda çıxış edən digər şəxslər də Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi yüksək əhəmiyyətli xidmətlərindən danışıblar.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova – “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev mövzusu”, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov “Heydər Əliyev: “Bəstəkarın yüksək vəzifəsi və amalı” – müasir bəstəkar yaradıcılığının aparıcı istiqaməti kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova “Naxçıvan Bəstəkarlıq Təşkilatının yaradılmasında Heydər Əliyevin rolu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyevin dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında fikirləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova “Cövdət Hacıyevin Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçib” 8 saylı Simfoniyası haqqında” adlı məruzələrlə çıxış ediblər.
Konfrans Xalq artisti Azər Dadaşovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyi qiraətçi və simfonik orkestr üçün 16 saylı simfoniyasının səsləndirilməsi ilə başa çatıb.
Martın 6-dan 9-dək Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən laboratoriyaların “BAXIŞ -3” festivalı keçiriləcək.
Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.
“BAXIŞ-3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunacaq. Dörd gün davam edən festival çərçivəsində 8 tamaşa nümayiş olunacaq. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının böyük və kiçik səhnələrində göstəriləcək.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, “Türkay” aylıq ədəbiyyat dərgisinin yayına məsul katibi, gənc xanım yazar Sona İNTİZARın “Bir qadın” şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin 3-cü yeni sayında işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Arzu Hüseynin “Taxdım inadıma kələpçələri” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin 3-cü yeni sayında işıq üzü görüb.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, gənc xanım yazar Xəyalə Əliyevanın “Sənin tilsimiə düşmüşəm yenə” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin 3-cü yeni sayında işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri, Naxçıvan Dövlət Universitetinin”Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi gənc xanım yazar İlahə ALLAHVERDİYEVAnın ”Əsərləri ilə fikir dünyamızı aydınladan sənətkar“ adlı məqaləsi “Türkay” aylıq ədəbiyyat dərgisinin yeni sayında işıq üzü görüb.
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Vera Xayrutdinovanın “Fərqli dünyalar” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, rəssamın kolleksiyası həyatının müxtəlif dövrləri ilə bağlı texnika, rəng və əhval-ruhiyyə ilə fərqlənən tematik silsilələrdən ibarətdir. Bunlar Şərq akvarelləri, zəngin natürmortlar, Ural mənzərələri, müasir qarışıq texnikada olan əsərlər, çiçəklər və abstraksiyalardır. “Azərbaycan” pavilyonunda təqdim olunan əsərlər arasında fırlanan mexanizmə quraşdırılmış “4 həyat” tablosu xüsusi maraq doğurur.
Vera Xayrutdinova sərginin açılışında çıxış edərək bildirib ki, bu, onun “Azərbaycan” pavilyonunda keçirilən ikinci sərgisidir: “Mən Azərbaycanı çox sevirəm və orada çoxlu dostlarım var. Şadam ki, mənim iki əsərim – Qarabağın simvolu olan “Xarıbülbül” və “Nar” rəsmlərim “Azərbaycan” pavilyonunun kolleksiyasında yer alıb”.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Vera Xayrutdinovanı Azərbaycanın yaxın dostu, Azərbaycanı sevən rəssam kimi təqdim edib: “Vera Xarıbülbülün tarixini eşidəndən sonra məxsusi olaraq bizim pavilyona “Xarıbülbül” əsərini hədiyyə edib. Vera Xayrutdinova çox istedadlı rəssamdır və onun hər bir işində yenilik var. Bu gün açılan sərgi iki ay davam edəcək”.
Lüksemburqda “Uşaq ruhunun rəngləri” adlı rəsm sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, uşaqların rəsmlərindən ibarət sərgi Lüksemburqda yaşayan azərbaycanlı rəssam, Lüksemburq Böyük Hersoqluğunun Avropa İncəsənət Akademiyasının (Académie Européenne des Arts de Grand-Duché du Luxembourg) üzvü Aynur Qasımova-Virt tərəfindən təşkil olunub. Lüksemburqda yaşayan azərbaycanlı uşaqların iştirak etdikləri sərgi böyük maraqla qarşılanıb.
Əvvəllər Bakıda Landau məktəbində müəllim işləmiş Aynur Qasımova-Virt uşaqlara rəssamlığın ən incə elementlərini tədris edir. Ölçüsündən asılı olmayaraq, sərgidə nümayiş olunan hər bir əsər xüsusi məna daşıyır. Uşaqların ruhunun məhsulu olan əsərlər ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, hər bir əsərə qəlbi və ruhu ilə bağlanan, təxəyyülünün məhsulunu canlı şəkildə kətana köçürən Aynur Qasımova-Virtin özünün əsərləri bir çox sərgilərdə, eləcə də Lüksemburqda “Xiffətdə olan qadınlar” xeyriyyə assosiasiyası qadın rəssamların əsərlərindən ibarət kollektiv sərgidə nümayiş olunub.
Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil ediləcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihə “Böyük Qayıdış” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.
İlk turist səfərləri Novruz bayramı öncəsi – mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər.
2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev-muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarıbülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa Realnı Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC Azərbaycan xalçalarının sərgisini təşkil edib.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin, böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunub.
Əsas məqsədinin Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdən ibarət olan Mədəniyyət Mərkəzində təşkil olunan xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.
Sərginin açılışına Avstriyadakı Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, diplomatik korpus, Avstriyada yaşayan soydaşlarımız, yerli ictimaiyyətin üzvləri, Türkiyənin Avstriyadakı səfirliyi və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi iştirak edib.
Sərgini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək onu bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sənətlərdən biri olduğu vurğulanıb. Bu baxımdan sərginin həm Avstriyada yaşayan həmyerlilərimiz, həm də avropalı xalçasevərlər üçün maraqlı olacağından əmin olduğunu bildirib.
Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun xeyriyyə xarakterli tədbir üçün minnətdarlığını bildirib, Azərbaycan və Türkiyə xalqlarının həm sevincli, həm də ağrılı günlərdə daim bir yerdə olduqlarını qeyd edib və Türkiyədə baş verən sarsıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında Azərbaycan xilasedicilərinin yorulmaz fəaliyyətini, eləcə də Azərbaycan xalqının maddi və mənəvi dəstəyini minnətdarlıqla vurğulayıb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədr müavini Ceyhun Əlibəyov da tədbirdə çıxış edərək, “Azərxalça” ASC-nin tarixindən söz açıb. Bildirib ki, XX əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. “Azərxalça” ASC-nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC–nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.
Tədbir çərçivəsində 6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş insanlara yardım aksiyası da təşkil olunub. Belə ki, Azərbaycan milli məhsulları, kəlağayı və milli üslubda hazırlanmış zinət əşyaları ilə yanaşı “Azərxalça” ASC-nin təşkil etdiyi xalçaların satışından əldə olunan gəlirin bir hissəsi AFAD-a ianə olunacaq.
Tədbir iştirakçıları açılış zamanı Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun başçılıq etdiyi musiqi qrupunun konsert proqramını dinləmək imkanı əldə ediblər. Konsertdə, həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Musiqi qrupu Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri, eləcə də Ənvər Sadıqov və Emil Əfrasiyabın bəstələdiyi kompozisiyaları təqdim ediblər.
Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları aprel ayının sonunadək avropalı xalçasevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir.
Martın 9-da Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək. Sərgi həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaqla bərabər, ümumən təsviri sənət nümunələrinə ictimai marağın artırılmasına xidmət etmək məqsədi daşıyır. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq. Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.