http://s017.radikal.ru/i405/1601/36/333ddbb0f8b0.jpg

Cəmilənin verdiyi suala Lamiyə cavab verə bilmədi, qorxusundan udqundu. Cavab vermək üçün söz tapa bilmirdi. Qızının yerinə Aynur cavab verdi, özünü itirmədi.
Aynur dünyagörmüş, təcrübəli qadınıydı. Əliylə Zamanı göstərib arxayın adamlar kimi dedi:
– Zaman sürücüdür. Çamadanlarım çox idi, daşımağa kömək elədi. Yəqin burda qəbahət heç nə görmürsən.

Cavab Cəmiləni qane etmədi. İkinci sualını verdi.
– Adını nə tez öyrəndin?
– Aeroportdan gəlmişəm Cəmilə xanım. Nəzərə al ki, yolum uzunuydu.

Aynur üzünü Zamana tərəf çevirdi: – Sizə borcum nə qədər idi?
Zaman – İyirmi beş manat.
– Gözlə, pulu gətirirəm.

Aynur ikinci mərtəbəyə qalxdı, qızının otağına keçdi. Çantsasını taxtın üstündən götürüb aşağı düşdü. Cəmilə divanda əyləşmişdi. Bir gözü gəlinində, bir gözü də Zamandaydı. Lamiyə qorxusundan başını qaldırıb onun üzünə baxmırdı.
Aynur Zamanla evdən çıxdı, Cəmilə gəlinini süzüb kinayə ilə dedi:
– Təzə gəlin ədalarını bir kənara qoyub bəlkə çay süzəsən.

Lamiyə elə bil indi qəflət yuxusundan ayıldı: – Hə, bağışla, tamam özümü itirmişəm.
– Özünü niyə itirirsən?
– Gecə gec yatmışam. Yuxulu kimiyəm.

Lamiyə tez mətbəxə keçdi ki, Cəmilə ona əlavə suallar verməsin.

Aynur Cəmiləyə tərs-tərs baxa-baxa qapını örtdü. Cəmilə dilinin altında deyinməyə başladı.
– Özünü elə aparır ki, elə bil manat yox, dollar verir.

Aynur qapının ağzında çantasından çıxartdığı zərfi Zamana uzatdı.
– İki minə yaxın pul var. Dediyin həkimə nə qədər lazımdırsa ver, qalanlarını özünə götür. Amma bir şərtlə…

Zaman Aynurun şərtinin nə olduğunu əvvəlcədən təxmin eləmişdi. Aynur cümləsini aramla tamamladı.
– Nəticəni birinci mənə deyəcəksən. Hər şeyi əvvəlcədən mən biləcəm.
– Narahat olmayın.

Zaman yolu keçənəcən Aynur qapının ağzında gözlədi. Evə girəndə Cəmilə əlində fincan – çayını içirdi.
Cəmilə Aynura – Pul verməyin nə yaman uzun çəkdi?
– Pulu xırdalayırdım.
– Nə əcəb gəlmisən? Qəfildən.
– Qızım üçün darıxdım, gəldim.
– Çox qalana oxşamırsan.
– Bu dəfə çox qalacam. İşlərim uzun çəkəcək.
– Aydındır.

Cəmilə gəlini Lamiyəyə: – Lətafət yoxladı səni?
Lamiyə qorxaraq anasına baxdı: – İki gündən sonra gedəcəm.
Cəmilə təəccübləndi – Başa düşmədim, bugün getməmişdiz?
– Getmişdik . Analizlərin cavabını iki gündən sonra götürəcəyik.

Bu zaman evin qapısı döyülür. Lamiyə qapını açır, Kərim “ salam ” verib içəri keçir. Cəmiləni qarşısında görəndə canına əsəbdən üşütmə gəlir. Aynura görə özünü birtəhər ələ alır. Aynura yaxınlaşır, əlnən görüşürlər.
– Xoş gəlmisiz, Aynur bacı. Necəsiz?
– Çox sağ olun. Siz necəsiz?
– Yaxşı olmağa çalışırıq. Gələcəyinizi gözləmirdim. Lamiyə bizə heç nə deməyib.

Lamiyə – Mən də gələcəyini bilmirdim.
Aynur – Gəlməyim dəqiq olmadığı üçün özüm xəbər eləmədim.

Cəmilə ayağa qalxdı: – Vaxtınız çox olacaq. Sonra istədiyiniz qədər danışarsız. Mümkünsə, Kərimlə tək danışmaq istəyirəm. Lamiyə, ananla ya otağına qalx, ya da evdən bir-iki saatlıq çıxın. Qəşəng hava var.
Kərim etiraz edir – Lazım deyil. Nə sözün varsa, de. Gec-tez onsuzda hamı biləcək.
Aynur – Nəyi?
Lamiyə anasına – Biz yaxşısı budur evdən çıxaq. Gözlə, əynimi dəyişim, gəlirəm.

Lamiyəylə anası evdən çıxanacan Kərim də, Cəmilə də susdular.

***

Eldarla Qadir evləri maklerə göstərdilər. Makler evlərə qiymət qoydu. Əlində olan başqa ikimərtəbəli həyət evini də Eldara göstərdi. Ev Eldarın çox xoşuna gəlmişdi.
Geniş həyətini gəzib, razı halda dedi: – Əla, alıram bu evi. Gedək banka.
Makler – Pulu bugün köçürəcəksiz?
– Hə. Evi təmir etməyə ehtiyyac yoxdur. Həyətə sonra da əl gəzdirərik.

Qadir – Xeyirli olsun.
Eldar – Olsun…Qadir, sənin evini təmizləyən qadını bugün bura gətirə bilərsən? Nə qədər lazımdırsa verərəm. Bir az əl gəzdirsin otaqlara, bəsdi.

Qadir – Yaxşı.

***

Lamiyə anasıyla evə yaxın restorana gəldilər. Nahar üçün Lamiyə anasının da yerinə yemək sifariş verdi.
Aynur – Başa düşmürəm, Cəmilə neçə ildən sonra aləmi niyə bir-birinə qatır?
Lamiyə – Günahlarıdır, yavaş-yavaş qabağına çıxır. Mənim qorxum Cəmilə Lətafətlə danışar, onda aləmi elə qatacaq ki, yansam da külüm ələ düşməyəcək. Zamana nə qədər verdin?
– İki min dollar. Havayı getdi pullarım.

Lamiyə anasından incidi.
– Havayı niyə?
– Guya uşaq Səfərdən olsa neyləyəcəksən? Axmaq qızsan. Fidan sənə uşaq verəndi?
– Verəcək. Ərinə açıb hər şeyi danışsam, qürurlu kişidir, uşağı qaytaracaq.
– Səfər qəbul edəcək, buralarda ol. Uşağı birinci onun əri verməz.
– Verəcək.
– Əslində sənin davan uşaq davası deyil.
– Nədi?
– Onu sən bilərsən.
– Kaş o vaxt səni eşitməyəydim. İndi oğlum yanımdaydı.
– Sən kaş o vaxt ərinə xəyanət etməyədin. İndi Səfərlə səni bağlayan nəysə varıydı.

Lamiyə anasına gözlərini süzəndə qarşıdakı masada onunla üzbəüz əyləşib əriylə şirin-şirin söhbət edən Aybənizi gördü. Aybəniz də Lamiyəni gördü. Lamiyə başıyla baldızına salam verib, gülümsədi.

***

Zaman xəstəxanaya girəndə onu izləyən Qadir də xəstəxanaya girdi. Zaman dəhlizdə əyninə ağ xələt geyinmiş bir kişiylə söhbət edirdi. Zaman cibindən çıxartdığı zərfi kişiyə verdi. Kişi razı halda Zamanla görüşüb ayrıldı. Qadir xəstəxanadan Zamandan əvvəl çıxdı. Telefonunu cibindən çıxardıb nömrələri yığdı.
– Allo. Bacıoğlu necəsən? Şükür, salamatçılıqdır. Sənə işim düşüb. Hə, elə işlədiyin xəstəxananın qabağındayam. Yaxşı, gəlirəm.

Qadir xəstəxanaya girəndə Zaman çıxırdı.

***
Cəmilə pəncərədən həyətə baxan Kərimə oturmağı təklif etdi: – Bəlkə oturasan, üz-üzə söhbət edək.
Kərim Cəmiləyə tərəf baxmadı: – Birdəfəlik sözünü de, çıx get. Üzünü görməyə hövsələm çatmır.
– Səfərə danışmısan?
– Bugün danışacam.Mənim kimi o da anasının kim olduğunu öyrənsin.
– Lazım deyil. Xahiş edirəm, oğlumla aramdakı pərdəni götürmə.

Kərim Cəmiləyə təəccüblə baxdı: – Aradakı bütün pərdələri götürmüsən. Hansı pərdədən danışırsan?

– Səni biabır edərəm. Nəslinin-kökünün üzünə baxa da bilmərsən.
– Buyur. Hər halda qadın zorlatdıran mən olmamışam. İşimdən də ayrılmışam. Daha məmur arvadı deyilsən.

Bu vaxt evin qapısını tez-tez döyülməyə başladı. Elə bil kimsə tələsirdi. Kərim qapını açdı. Səfər salamsız-kəlamsız evə girdi: – Lamiyə hardadır?
Kərim – Anasıyla getdi. Nə olub?
Səfər təəccübləndi: – Anası?
Cəmilə – Atanla danışırdıq deyə anasıyla getdi.
Kərim – Sualıma cavab ver görüm niyə əsəbisən?
Səfər anasına yaxınlaşdı : – Ana, atamın Təhminəyə zəng etdiyini sənə kim deyib?
Cəmilə – Arvadın. Sənə deyəndə ki, o ilanı vaxtında başından rədd elə, eşitmirsən. Sonra hamilə qalacaq, onda heç getməyəcək. Amma bilməyimdə yaxşı oldu. Kimin kim olduğunu bildik.
Kərim Cəmiləyə – İlk dəfə Lamiyəyə “ sağ ol ” deyirəm. Əsl üzünü indi-indi görürəm.

Səfər – Siz bunun üstündə boşanırsız?
Cəmilə – Hə.
Kərim – Yox, ananın xəyanəti üstündə.
Cəmilə – Nə?
Səfər – Nə xəyanəti? Ana, sən atama….
Cəmilə Kərimə: – Danışığını da bilmirsən. Neçə il mən sənə sadiq qalmışam, oğluma-qızıma ana olmuşam. Xəyanət nədi?
Kərim kinayə ilə gülümsədi: – Ay bədbəxt, elə bilirsən xəyanət ancaq üçüncü adamlarla olur? Sən ərinə xəyanət edən qadınlardan da betərsən.
Səfər atasına əsəbləşir.
– Sən nə danışırsan? Heç olmasa hörmətlə ayrılın.
Kərim – Ananla nə qədər düşmən olsaq, bir o qədər yaxşıdır. Anan dediyin bu qadın Təhminənin də, Fidanın da qaçırılmasını təşkil edib. Təhminəni zorlatdırıb.

Cəmilənin gözləri doldu, divana çöküb, əliylə başını tutdu. Səfər eşitdiklərinə inana bilmirdi. Diqqətlə anasına baxdı, asta addımlarla yaxınlaşdı. Anasının yanında oturub üzünə baxdı.
– Atam düz deyir?
Cəmilə utandığından cavab verməyə söz tapa bilmirdi.
Səfər əsəbləşdi: – Niyə susursan? Cavab verdə.
Kərim – Adamın gərək dili olsun ki, cavab versin.
Cəmilə oğluna – Mən heç vaxt deməmişəm Fidanı zorlasınlar.
Səfər anasının üstünə qışqırdı: – Sən nə danışırsan? Sən o adamları hardan tapmışdın axı? Zorlamaq nədi?
Cəmilə ağlamağa başladı: – Qurban olum oğlum, məni bağışla.
– Daha sən adda anam yoxdur. Yoxsan bizim üçün
– Yalvarıram, bağışla məni.

Kərim Cəmilənin qolundan tutdu, yerdə sürüyə-sürüyə onu qapının ağzına gətirdi.
– Utanmaz-utanmaz bağışla deyir.Dur, dur rədd ol. Gözüm səni görməsin.

Səfər cansız heykəl kimi gözlərini yerə zilləmişdi. Anasının yalvarış dolu qışqırtılarını eşitmirdi, atasının anasına qarşı kobudluğunu görmürdü.Kərim Cəmiləni həyətə itələyib qapını üzünə çırpdı. Cəmilə Kərimə qarğış eləməyə başladı:
– Allah səni necə bilir elə eləsin Kərim. Sən məni bədbəxt elədin. Allah səni bədbəxt eləsin.

Kərim qapının arxasında üzünü ovuclarında sıxıb göz yaşlarını oğlundan gizlətməyə çalışdı. Səfərin də göz yaşı yanağından süzülürdü. Səfər atasına yaxınlaşdı. Əliylə atasının əllərini üzündən araladı. Kərim oğlunu qucaqladı, hönkür-hönkür ata-bala ağladılar.

***

Aybənizin tez-tez qarşı tərəfə baxdığını görən Elçin bir az qəzəbləndi: – Sən bəyaqdan hara baxırsan?
– İlan gəlinimiz də anasıyla burdadı. Səfərə desə, mənim üçün yaxşı olmayacaq.
– Fikir vermə, sabah atanla danışacam. Deyəcəm ki, peşmanam. Bizim qızımız var. Sən heç razı olarsan ki, qızımız atasız böyüsün?
– Atamla özüm danışacam. Mənə bir az vaxt ver.
– Birdə Aybəniz, mənim bir az borcum var.

Aybəniz təəccübləndi: – Nə qədər?
Elçin – Çox deyil, iyirmi min.
– Elçin, nə etmisən ki, bu qədər borcun olub?
– Sən məni atıb gedəndən özümü itirdim. Qumara qurşandım. Qızımızın canına and olsun, bir də oynamayacam.

Bu vaxt Lamiyə Aybənizgilin masasına yaxınlaşdı.
– Nuş olsun.

Aybəniz Lamiyəyə cavab vermədi.
Elçin – Çox sağ ol. Buyurun qonağımız olun.
Aybəniz Elçinə tərs-tərs baxdı.
Lamiyə – Çox sağ ol. Biz doymuşuq. Şadam ki, daha boşanmırsız. Baxmada ailə dağıtmaq asan məsələ deyil.
Aybəniz – Düz deyirsən, bacı-qardaş bağışlamaq işində ustayıq.

Lamiyə nazlana-nazlana Aybənizgilin masasından uzaqlaşdı. Restoranın qapısının ağzında gözləyən anasına yaxınlaşdı.
Lamiyə – Kərimovlar ailəsinin içində babat adam varsa, o da Səfərdir. Taksiylə gedək, görək evdəki abı-hava necədir.

***

Taksi maşını evin qabağında saxladı. Cəmilə hələ də qapının ağzında yerə sərilmiş ağlayırdı. Qonşulardan bir-iki qadın onun başına yığışmışdı. Lamiyə maşından düşüb Cəmiləyə tərəf qaçdı.
– Sizə nə olub? Çəkilin, imkan verin.

Aynur qızıyla birgə Cəmilənin qolundan tutdular.
Lamiyə Cəmiləyə – Evə niyə girmirsiz?
Cəmilə ağlaya-ağlaya: – Məni öz evimə aparın. Öz evimə aparın.

Lamiyəgil Cəmiləni anasıyla birgə gəldikləri taksiyə mindirdilər. Özləri də onunla birgə taksiyə əyləşdilər.

***

Eldar Qadirlə sevinə-sevinə binaya girdilər. Birlikdə liftə mindilər.

Qadir – Bir dəfə də gəlin bacını götür, gəl bizə. Anam səndən bərk inciyir.
Eldar – Camal mikrobundan canımı qurtarım gələrik. Uşaqlara görə narahatam. Onun arxasında kim dayanır, onu kim pulnan təmin edir, bilmirəm. Gərək o vaxt onu öldürəydim. Anasına yazığım gəldi.
– Bizdə bir oğlan var. Adını eşitməmiş olmarsan. Cin Həsən deyir hamı.
– Eşitmişəm. Nə lazım olsa, yerin altında da olsa tapır. Onunla səni tanış edərəm.
– Olar.

Liftin qapısı açıldı. Eldargil mənzilə yaxınlaşanda qapını açıq gördülər. Eldar həyəcanlandı. İçəri girəndə nə Fidanı gördü, nə də oğlunu. Qadir yataq otağına keçdi. Yaşara aid heç nə yox idi. Fidanın çamadanı yerdəydi. Qadir Eldarın yanına qayıtdı. Eldar hirsindən telefonu ovcunda sıxdı: – Zəng çatmır.
Qadir – Fidanın çamadanları yerindədi.
– Bəs uşağın?
– Uşağın əşyaları yoxdur.

Bu zaman Eldarın mobil telefonuna gizli nömrədən zəng gəldi. Eldar telefona cavab verdi.
– Allo.
Qarşı tərəfdən Camalın səsi eşidildi.
– Salam Eldar müəllim.

Eldar əsəbdən dişlərini qıcadı: – Ay səni əclaf!…

– Bu olmadı ki!…Zəng elədim deyim ki, narahat olma. Arvad-uşağın elə bil ki, mənə əmanətdir. Göz bəbəyim kimi qoruyub saxlayacam.

Eldar Camalı hədələdi: – Fidana toxunsan səni diri-diri doğrayacam.
Camal – Dedim axı, əmanətdir. Bilirsən əmanət nədir? İndi əsəbisən, əsəblərini cilovla, səhər yenə yığacam. Polisə-zada zəng eləmə. Onda əmanətini qoruya bilmərəm… Qorxduğun başına gələr…

Ardı var….