Billuri Hökumə (Həkimə) İbrahim qızı (3.3.1926, Cənubi Azərb., Zəncan-23.11.2000, Bakı) — Azərb. şairi, ədəbiyyatşünas, filol. e.n. (1963), Azərb. Resp. əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi.

Həyatı

Hökumə İbrahim qızı Billuri Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya göz açmışdı. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10-15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı. Lakin duyub, anlayıb görəndə ki, qohum-əqrəbaları pərən-pərən düşüb, bəlkə də özündən asılı olmayaraq gileyləndi: “Dağlar, ox olub gözümə batırsan. Araz, mənim qanım kimi niyə bulanıq axırsan? Üzün dönsün, ay xan Araz, niyə qardaşı qardaşdan ayırırsan?” Gənc Hökumə sevincini, kədər və intizarını poetik formada bildirməyi bacarırdı. Düzdür, o, hələ gələcək qismətini, necə həyat tərzi yaşayacağını bilmirdi. Yalnız xəyalında bu hisslər dolaşırdı: “Zaman, dövran ən ədalətli hökmdar, adil hakimdir. Bu, mütləq qanunlar qarşısında niyə haqsızlıq qalib gəlir?” Nəhayət, Hökumə də Arazın bəri səmtinə təşrif gətirdi. 20 yaşında qız üçün bu, ola bilsin, arzuolunmaz səfər idi. Ancaq o gəlməliydi, başqa əlacı yox idi. Çəkişmələrdən, didişmələrdən can qurtarmalıydı. Qəlbinin kövrəkliyi az keçmiş dil açıb danışdı: Kaş Təbriz olaydı, bir də o günlər, Qalib gəldiyimiz o aydın səhər, Azadlıq olaydı, bir də ki zəfər, Qəlblərdə min ümid yandıran atəş, Üfüqdən bayraq tək enəydi Günəş… Yurd həsrəti insanın dincliyini ərşə çəkir. Elə hey gözləri yolda, qulağı səsdə qalır. Doğrudur, gənc Hökumə sovet Azərbaycanına gəlməyindən peşman deyildi. O, Səməd Vurğundan, Mirzə İbrahimovdan, Süleyman Rüstəmdən daim qayğı görürdü. 1947-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundu. Amma ürəyindən nisgil çəkilmədi. 1952-ci ildə Hökumə Billuri Şərq dünyasının söz, sənət, poeziya korifeylərindən olan Şəhriyara müraciətlə yazmışdı: Qoy zaman dolansın, sənsə belə qal! Şair dəyişməyə tapmasın macal. Təbrizi, Zəncanı sən yadına sal, Gəl öpüm mübarək, odlu sətrini, Səndən Təbrizimin alım ətrini… Zəmanəsinin tanınmış ədəbiyyatşünas alimi, son dərəcə həssas, diqqətçil insan Əli Sultanlı Hökumə xanımla universitetin auditoriyasında tanış olub, onun şeirlərindən məmnun qaldığını bildirib. “Qızım, sənin yaradıcılığından zövq alıram. Getdiyin yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar arzulayıram” deyib. Eyni zamanda Əli Sultanlı gənc şairin ilk “Mənim arzum” və “Ölməz qəhrəman” kitabları haqqında “Ədəbiyyat və incəsənət” qəzetində geniş məqalə də dərc etdirib. Tələbəlik illərini uğurla başa vuran Hökumə Billuri “Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində işə qəbul olundu. Yaradıcılığı məhsuldar oldu. “Şairin yadigarı”, “Məndən uzaqlarda” şeirlər toplusu işıq üzü gördü. Çox keçmədi ictimai-siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Azərbaycan” qəzetinin Baş redaktoru vəzifəsinə təyin etdilər. Təxminən dörd il orada işlədi, ürəyindəki arzuları poetik misralarla, publisistik qeydlər vasitəsilə də oxuculara çatdırdı. Lakin poeziya onun varlığından, damarlarından, qanından süzülüb gəlirdi. İstəsə də, ondan ayrıla bilmirdi. Bəzən düşünərdi: “Nə yaxşı əlim qələm tutur, könlümdən keçənləri yazıb azacıq da olsa, sakitləşə bilirəm. Yoxsa ürəyim qüssədən çərləyərdi”. Yazı üzərində işləyərkən xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşdük. Hal-əhval tutub məqsədimizi ona bildirdik. O, çox məmnun oldu: – Hökumə xanım kövrək şeirlər müəllifi olduğu kimi, həm də son dərəcə mədəni, alicənab insan idi. Onun 20-yə yaxın kitabı yadigar qalıb. Əsl ziyalı əvvəl mənsub olduğu xalqını, sonra özünü düşünməlidir. Billuri məhz belə qələm sahiblərindən idi. Bəxtiyar müəllim Hökumə Billuri ilə bağlı bir xatirəsini də danışdı: “1958-ci ildə “Gülüstan” poemam “Şəki” qəzetində dərc olunmuşdu. Qara qüvvələrin təzyiqinə, təqibinə məruz qalmışdım. Belə dar məqamda qayğıkeş insanlar məni müdafiə etdilər, onlardan biri də Hökumə xanım idi. O, istedadlı şair, geniş bilikli elm xadimi, həssas qəlbli insan kimi hələ də yaddaşımda yaşayır”. Hökumə Billuri 1963-cü ildə “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcə almışdır. Bir il sonra Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunmuş, ömrünün sonuna qədər orada çalışmışdır. Hökumə Billuri əməkdar incəsənət xadimi fəxri adına, müxtəlif fərmanlara, diplomlara layiq görülmüşdür. “Ürək dustaq oldu dərdə, fərağa” desə də, onun ömründən bugünümüzə daim anılan unudulmaz xatirələr yadigar qalmışdır. Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir.

Vətən həsrəti ilə qəlbi döyünən şairənin el arasında məşhur şeirlərindən biridə “Təbriz” şeridir. Səksəninci illərin sonuna yaxın Azərbaycan milli hərəkatının genişləndiyi dövürdə məşhur SSRİ miliyounçusu Cənnət Əliyev tərəfindən həmçinin bu şer əsasında “Təbriz” müsiqisi bəstələnmişdir.

Qollarım dolana boynuna bir gün
Yenə baş qoyaram dizinə Təbriz
Həsrətdən hicrandan cana doymuşam
Doyunca baxaram gözünə Təbriz

Bulanıq suların axsın durulsun,
Təzə güllərindən büsat qurulsun
O gül camalına birdə vurulsun
Bir qubar qonmasın üzünə Təbriz

Gülüstan bağının seyrinə gəlim
Lalə yamacında birdə dincəlim
Ötən günlərimə yetişməz əlim
Düşüm heç olmasa izinə Təbriz

Bulanıq suların axsın durulsun
Təzə güllərindən büsat qurulsun
Ö gül camalına birdə vurulusun
Bir qubar qonmasın üzünə Təbriz

Fəaliyyəti

Azərb. Dövlət Un-tinin filol. fakültəsini (1952) və Moskvada İctimai Elmlər Akademiyasını (1963) bitirmişdir[1].. Cənubi Azərb.-da milli azadlıq və demokratik hərəkatın (1941-45) fəal iştirakçısı olmuşdur. Əsərləri: “Mənim arzum” (1949), “Mübarizə illərində” (1951), “Şairin yadigarı” (1957), “Səndən uzaqlarda” (1961), “Səhər günəşi” (1964), “İstərəm” (1969), “Çinar gözləyir məni” (1975), “Şerlər” (1980), “Bir də bahar gəlsə” (1984) və s. kitabları, “Səriyyə” (“Ölməz qəhrəman”), “Sənin həyatın”, “Məhin”, “O göylərin altında” poemaları. M. Şəhriyarın farsca şerlərini Azərb., Səməd Vurğunun “Zəncinin arzuları” poemasını, C.Cabbarlı. M.Dilbazi, Nəbi Xəzri və b.-nın şerlərini isə fars dilinə tərcümə etmişdir. Müasir Cənubi Azərb. əd-tına, o cümlədən M.Şəhriyarın həyat və yaradıcılığına dair tədqiqatların müəllifidir. Azərbaycan Demokrat Firqəsi MK orqanı “Azərbaycan” qəzetinin baş redaktoru (1956-60), Azərb. EA Şərqşünaslıq İn-tunun baş elmi işçisi (1964 ildən) olmuşdur.