Bu il də qubadlılılar Novruz bayramını qeyd etmək üçün köçkünlərin kompakt məskunlaşdıqları ərazidə, Sumqayıt şəhərindəki 42-ci məhəllədə yerləşən 10 saylı peşə liseyinin həyətinə yığışmışdıar.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Bayram şənliyindən öncə yandırılmış tonqal ətrafında məcburi köçkünlərlə görüşən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov onları bayram münasibətilə təbrik etdi. Qeyd etdi ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Tədbirdə çıxış edən sakinlər ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiq qaldıqlarını, Prezident İlham Əliyevi hər zaman dəstəklədiklərini bildirdilər. Belə bir inam ifadə edildi ki, tezliklə dövlət başçısının apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
Müğənnilərin oxuduqları mahnılar, Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın çıxışları tədbirə xüsusi rövnəq verdi.

http://www.azerbaijan-news.az