1458045550_yenisumqayit.az-2

Martın 15-də Sumqayıtın Tarixi Muzeyində Novruz bayramı münasibətilə “Sazlı-sözlü novruzum” adlı tədbir keçirilib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən “Yenisumqayit.az”a bildirilib ki, tədbirdə Azərkimya İB-in Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Qızıl Aypara Cəmiyyəti Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, SDU-nun müəllim və tələbə heyəti, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə Muzeyin direktoru Olya İslamova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Daha sonra Millət vəkili Muxtar Babayev çıxış edib. “Novruz sülh, əminamanlıq, bahar təravətli, ruzi bərəkət dolu bayramıdır” deyən millət vəkili qədim tarixi köklərə söykənən, milli mənəvi dəyərlərimizi özündə ehtiva edən belə bir bayramın məhz Sumqayıtın Tarixi Muzeyində təşkil olunmasını yüksək qiymətləndirib. Digər çıxış edənlər, SDU-nun müəllim və tələbələri, Ə.Kərim adına “Poeziya” klubunun direktoru İbrahim İlyaslı Novruz bayramının tarixindən, o cümlədən bayramın atributu sayılan aşıq sənətinin inkişafı haqqında məruzə edib.

F.Əmirov adına Uşaq Musiqi Məktəbinin müəllimləri Qönçə Kərimova, Gülbəniz Əsədova, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Pöhrə” Uşaq Aşıqlar ansamblının yetirmələri – Mahmud Qazaxlı, Arif Qurbanov, Əlövsət İmranov, Anar Laçınlı və Ceyhun Hüseynovun ifaları tədbirə xoş ovqat qatıb.

Qeyd edək ki, tədbirdə “Türbət” Mədəniyyət Mərkəzinin rəhbəri Xatirə Tapdıqovanın əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidə “Muğam”, “Aşıq” sənəti atributları, “Xalçaçılıq”, “Misgərlik” sənəti nümunələri, o cümlədən Azərbaycanın milli geyim nümunələri nümayiş olunub.

http://yenisumqayit.az/