Qəriblik bəxtimə yazılan yazı,
Qəlbimə kədərlə calandı dünya.
Qürbətdə qədərmiş vətən həsrəti,
Bulud tək boşalıb dolandı dünya.

Dünya duyğuların xəyal aləmi,
Ürəkdə yaşayır sevinci, qəmi.
Daim halal kəsin olub qəmmi,
Düzləri düzlərə salandı dünya.

Xilqəti yaratdı Uca Yaradan,
Ona həyat verdi torpaqdan, sudan.
Gör kimlər bac alıb doydu dünyadan,
Məzar daşlarına qalandı dünya,

Sənə bel bağlayan yığıldı cana,
Ruhun dərinliyi güc verdi qana,
Bir ömür bəxş etdi Xaliq insana,
Nəfsinə qul olub qalandı dünya.

Kimə həqiqətdir, kimə yalandı,
Sözdə gah ucalan, gah alçalandı.
Acdan üz döndərib toxa qalandı,
Dilimin altında ilandı dünya.

Dünya sevənlərə qədərmiş, Çiçək,
Bu fani dünyanı, gəl sevmə, ürək.
Həyat müvəqqəti, ömürsə gödək,
Ömrü girov verib, alandı dünya.

19.09.16.Kiyev.