cenabrafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Şəxsiyyətinə hörmət, sənətinə rəğbət bəslədiyim,
respublikanın Əməkdar artisti Elnarə xanım Abdullayevaya

Tanrının bəxş etdiyi ilahi səsə qurban,
Adam istər canını bu səsə kəsə qurban.

Olanlar çox tapılar fəda qeybdən gələnə, –
Mən razı olarammı özgəsi desə qurban.

Zilində dağ tərpənir, bəmində daş oynayır,
Dünyaya laylay deyən yanıqlı pəsə qurban.

Aman, bu nə hayqırış, aman, bu necə nalə?! –
Bülbül ilə girdiyin eşq adlı bəhsə qurban.

Səbrim yox gendən gələm vəslinə qovuşmağa,
İzin ver qoy yetirim özümü kəsə qurban.

Davud heyran qalardı, olsaydı bu zamanda,
İnan o da deyərdi bu səsə nəsə qurban.

Oday dinləyir səni canında min təlatüm,
Hər dəfə yüz yol deyir o, əsə-əsə qurban.