Hər yaşanan eşqdimi?
Eşq köləlik məşqimi?
Əyilməyən şəstimi
Əydin, nə deyim sənə?!

Bir dalana tıxandım,
Bir əlim, bir yaxamdı.
Mən ki, özümə xandım,
Bəydim, nə deyim sənə?!

Çox əlləşmə göylə sən,
Əfv düşmür nə söyləsən.
Mənsiz axı, söylə, sən
Nəydin, nə deyim sənə?!

Tərs üzü qada qanın, –
Yeri var sadağanın.
Nə çoxmuş qadağanın,
Ey din, nə deyim sənə?!