rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

ZALİM GƏLİN

Həyat amansızdır.
Gözümlə gördüyüm gəlinin öz qaynatasına zülmü, baldızının az yaşlı uşaqlarının yetim qalmasına sevinməsi,daha nələr.. Bu gəlinin rəzil ədalarına dözə bilməyib yazdım.Qaynnası yox idi.Oğlunun toyunu görməyən ana çoxdan dünyasnı dəyişmişdi.Meydan o zalim ğəlinə qalmışdı…

Lal, sakit çay kimi dinməz axardın,
Naz, qəmzə, ədanla qəlblər yaxardın.
Balamı al dillə başdan çıxardın,
Əfi ilan çalsın dilini, gəlin.

Elə ki, bağlandın kəbin, nigaha,
Sahib, yiyə oldun dəmə-dəsgaha.
Sən demə bitməmiş məqsədin daha,
Niyyətin sındırsın belini, gəlin.

Kirşan altındaymış əsil sifətin,
İrinli çibanı oldun külfətin.
Püskürdü vulkantək kinin, küdrətin,
Sovurdun ocağın külünü, gəlin.

Döndün sən boz daşa, bomboz qayaya,
Ağ oldun qaynata, həm qaynanaya.
Çevrildin vəbaya, qara bəlaya,
Yaradan qurutsun dölünü, gəlin.

Qapın açılmadı dosta, sirdaşa,
Hey dirsək göstərdin qohum-qardaşa.
Gəlinkən dönəydin kaş qara daşa,
Qurutdun bu yurdun selini, gəlin.

Nə əldən buraxdın, nə də ki, doydun,
O, nakam baldızın məzarın oydun.
Bacını-bacıya sən həsrət qoydun,
Yandırdın gorunda ölünü, gəlin.

Dağ kimi ərini mumtək əritdin,
Güllü bağçasında qanqaltək bitdin.
Nə çiçək açdın sən,nə gül bitirdin,
Soldurdun o bağın gülünü, gəlin.

Qəlblərə vurduğun dərin yaradır,
Hamının yanında üzün qaradır.
İndi bəs mənzilin, yolun haradır?
Xərclədin ayını, ilini, gəlin

QİSMƏT OLA

“Vətənimdir” – silsiləsindən

Hər möhnətə dola-dola,
Qarlı qışı saldıq yola .
Bu novruzu Qarabağda,
Kaş keçirmək qismət ola

Çox söylədik Allah Kərim,
Qəribsəyib yurd yerlərim.
Könül istər o dağlarda,
Çəmənlərdən çiçək dərim.

Torpağımda gəzir yadlar,
Dəyişibdir mərhəm adlar.
Dağıdılmış məzarlarda
İncik ruhlar bizi odlar.

Yelkənsizdir gəmilərim,
Çölə dönüb zəmilərim.
Barsız,bəhərsiz ötübdür
Üzü qara,bəd illərim.

Çox gözlədik,bəsdir daha,
Son qoyulsun dərdə,aha.
Dövran,bu gün hamı deyir:-
“Güman vardır xoş sabaha.”