Rüfət Axundlu 1983-cü ildə Ağstafa rayonunun Həsənsu kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.İxtisasca teatrşünaşdır.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

***
Yol bir gedir göylərə.
Min sirr gedir göylərə.
Gedən nədir göylərə?
Ona tamahım oldu!

Günah etdim, doymadım,
Min ah etdim, doymadım.
Tamah etdim, doymadım,
Bu da günahım oldu!

Döndü dövran içimdə,
Sindi vicdan içimdə.
Bəlkə şeytan içimdə –
gizlənib… ruhum oldu?!

Vücud kölə, ruh nərə*?
Dedim dayan döz hələ!
Dözdümsə də bir belə.
Səbir silahım oldu!

Gah qaçdım, gah yıxıldım.
Haqq evinə yaxındım.
Çatıb haqqa sığındım,
Rəbbim pənahım oldu!
(* nərə – hara)

BİLMİRƏM

Səni ürəyimin sultanı sanıb,
Gecələr yuxuda yata bilmirəm.
Dərdimin üstünə dərd qalaqlanıb,
Sevinci sevincə qata bilmirəm.

Günəş tək nur tökür, şölə saçırsan,
Mələk tək göylərə qanad açırsan.
Məndən gizlənirsən, məndən qaçırsan,
Əlçatmaz zirvəsən çata bilmirəm.

Sən mənim kədərim, qəmimsən, gözəl!
Sən mənə yar deyil, qənimsən gözəl!
Görən elə bilir mənimsən gözəl,
Bəs niyə əlindən tuta bilmirəm?!.

Görüşünə tələsirəm hər səhər,
Neçə vaxtdır görüşümüz alınmır.
Özümüzü toplasaq da bir təhər,
Dodaqlarda gülüşümüz alınmır.

…Gözlərinə baxmağıma peşmanam,
Min eybimi, günahımı görürəm.
Bu gün ki, gün dünənimə düsmanam.
Gözlərində sabahımı görürəm.

Nəfəsinin soyuğunda üşüyüb,
Baxışının alovunda qızındım.
Min əzabı ürəyimdə daşıyıb,
Səni gülüm, təkcə səni qazandım!