H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaranma günü münasibətilə «Azərikimya» İstehsalat Birliyinin rəhbərliyi teatrın yaradıcı kollektivi ilə görüşmüşdür.
Qonaqları səmimi salamlayan teatrın direktoru, respublikanın Əməkdar artisti İslam Həsənov 1969-cu il martın 14-də gənclik şəhərinin ilk Dövlət Dram Teatrının yaranma tarixindən, gənc aktyorlardan ibarət yaradıcı truppanın qısa bir zamanda Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun «Müsyö Jordan və Dərviş Məstəli şah» əsərini səhnələşdirməsindən və ilk tamaşanın böyük uğurla keçməsindən söhbət açmış, o vaxtdan bu yana teatrın səhnəsində dünya və Azərbaycan dramaturgiyasının klassik və müasir əsərləri əsasında 200-dən artıq tamaşanın göstərildiyi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Sumqayıt teatrı ötən dövr ərzində özünün bir-birindən maraqlı tamaşaları ilə sumqayıtlılar üçün sevimli sənət məbədinə çevrilmiş, teatrının səhnəsində hazırda Azərbaycan teatr sənətinin ustadları sayılan, bütün xalqımız tərəfindən sevilən görkəmli rejissorlar və aktyorlar yetişmiş, onların böyük bir hissəsi «Xalq artisti», «Əməkdar artist», “Əməkdar incəsənət xadimi” fəxri adlarına, bir sıra orden və medallara layiq görülmüşlər ki, bu da hər bir sumqayıtlıda haqlı olaraq böyük qürur, iftixar hissi doğurur.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt kimyaçılarının sevimli teatrı olan Sumqayıt Dövlət Dram Teatrının kollektivi ilə «Azərikimya»nın sıx əməkdaşlıq əlaqələrindən məmnun olduğunu bildirmiş və sumqayıtlıların, eləcə də kimyaçıların bədii zövqünün, teatr intellektinin, dünyaya və ictimai-siyasi hadisələrə baxışının formalaşmasında böyük rolu olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, zəngin və əlvan repertuara malik Sumqayıt Teatrının hər yeni tamaşasına kimyaçıların kollektiv şəkildə baxışı 7 ildən bəridir ki, bir ənənə halını almışdır. M.Babayev teatrın direktoru İslam Həsənovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 mart 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan teatrının inkişafındakı xidmətlərinizə görə “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülməsi münasibətilə təbrik etmiş, yeni yaradıcılıq uğurları arzulamışdır.
Görüşdə «Azərikimya» İstehsalat Birliyinin kollektivi adından teatrın yaradıcı kollektivinə hədiyyələr təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti