rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

HƏR GECƏM

“Könül dəftərim” – silsiləsindən

Aya, ilə bərabər,
Hüzn, kədər, hər gecəm.
Xəyallarla sərasər,
Cövlan edər, hər gecəm.

Nalan könlüm ney çalar,
Köksümdə tonqal qalar.
Ruhumu candan alar,
Sübhə qədər, hər gecəm.

Yuxu nədir bilmərəm,
Göz yaşımı silmərəm.
Yarsız deyib- gülmərəm,
Bada gedər, hər gecəm.

Dəyirman daşı dənsiz,
Bu ömür keçmir sənsiz.
Dövran, günlər düzənsiz,
Fəna, hədər, hər gecəm…

QƏDƏR

“Könül dəftərim” – silsiləsindən

Niyə düşdük aralı, qına sən də özünü,
Gec tanıtdın ay zalım mənə gerçək üzünü.
Hər nə etsən boşuna, mənə təsir edəmməz,
Əvvəl- axır tutacaq haqqım, ahım gözünü.

Bu sevdanın bitməsi fələyin kəc baxışıdı,
Saçlarıma düşən dən, taleyimin naxışıdı.
Artıq mənası yoxdur boş xəyala dalmağın,
Kimdir günahkar gülüm? Allah bilən yaxşıdır…

Yaş öz işin görübdür, ömür keçib yarıdan,
Seçməyi öyrənmişik, artıq ağı- qaradan.
Saf su kimi durulub, axmağa heç tələsmə,
Mən səni əhv etsəm də, bağışlarmı Yaradan?

Haqq bilir ki, mən səni özümdən çox sevirdim,
Çox səddi, çox maneni sevə- sevə devirdim.
Bunca fədakarlığın qarşılığı , de:-nəymiş?
Yanlış sevda üzündən, bir ömür bada verdim.

Kəsilmir xəyalların nə ardı, nə arası,
Sızlayacaq çox illər, canda könül yarası.
Dövran artıq əxz edib, “başa gələn çəkilər”,
Bəxtə düşən qədərin, yoxmuş özgə çarası…